Articles

Ölü yuyanla araq içən məktəb direktoru

Rayonların birində palçığı dizə çıxan bir kənd var. Ö kənddə, məktəb də var, onun direktoru da. Amma, əfsuslar ki, təhsil yoxdur. Bu kənddən son zamanlar instituta girən olmayıb. Amma, texnikumlara girənlər var. Öyrəndim ki, testdən əvvəl kimlərəsə görüm-baxım ediblər, əvəzində də hazır cavabları imtahan vərəqələrinə doldurublar. İndi tələbədirlər. Valideynlər mənə yaxınlaşaraq, onların uşaqlarını imtahansız instituta salmağımı xahiş edirdilər. Bir anlıq elə başa düşdüm ki, cənab Misir Mərdanovla, xanım Məleykə Abbaszadəni işdən çıxarıblar və hər iki qurumu birləşdirib, rəhbəri də məni qoyublar. Doğrusu, bu hisslərin şirinliyi az qala məni məst etmişdi. Birdən ayıldım ki, yox, mən AXCP üzvüyəm, o da ki, indiki halda nazir ola bilməz. Düşündüm ki, ən yaxşısı, uşaqlara bir-iki sual verim, biliklərini yoxlayım. Suallar cavabsız qaldı. İngilis dilindən də sual verdim, dedilər ki, kitabdan oxuyaq, sonra cavab verək. Oxudular, amma ingilis dilini bizim latın əlifbasını oxuduqları kimi. Məsələn; “night” (nayt) sözünü niqht kimi oxudular. Dedilər ki, müəllim də elə oxuyur. Sonra ən çətin söz birləşmələrini də latınca oxuyub mənasını düz dedilər. Gördüm ki, səhifənin yuxarısındakı şəkillərə baxıb refleksiv olaraq cavab verirlər. Şəkilləri əlimlə tutdum. Elə bil qurbağa gölünə daş atdılar.

Sonra dərslərin gedişi ilə maraqlandım. Məlum oldu ki, hər bir dərs teleserialların müzakirəsi ilə başlayır. “Bəs məktəbin direktoru buna necə göz yumur?” – dedim. Söylədilər ki, ölü yuyan, yasda və toyda samovar qaynadan, çay və yemək paylayanla yoldaşlıq edən və onunla hər gün araq içən məktəb direktorundan nə gözləyirsən? İnanın, məktəbin direktoru ölüyuyanla hər gün araq içir… Ən azından buna məni inadırdılar…

…Bakıya qayıdırdım. Kənd yolunun kənarında həmin yemək paylayanı gördüm. Şalvarının hər ikisinin kənarını corablarının içinə salmışdı, ağzında siqaret tüstüləyirdi, üzünü bəlkə də iki həftə əvvəl “niva” ülgücü ilə qırxmışdı… Salam verdi və mən də onun salamını ədəb-ərkanla aldım. Çünki, o,  kənddə və az qala bütün rayonda tanınan və haqqında danışılan bir “ulduz” idi. Ən azından ona görə ki, bir neçə seçkini saxtalaşdırmış, rüşvətə həyat tərzi kimi baxan, kəndin uşaqlarının gələcəyini məhv edən və bununla bərabər özünə hörmət tələb edən “alkaş” məktəb direktorunun “butılka” dostu idi…

Related Articles

Back to top button