Interviews

“Azərbaycan Gürcüstanı ölümdən və fəlakətdən xilas edib” – Müsahibə

20.06.2012 | 15:32

Region” Beynəlxalq Analitik Mərkəzinin İdarə Heyətinin sədri, AXCP sədrinin xarici əlaqələr üzrə müavini Razi Nurullayevin azpolitika.com-a müsahibə verib. “Qafqazinfo” müsahibəni təqdim edir:


– Azərbaycanın xarici siyasi kursundakı çatışmazlıqlar nədən ibarətdir?

– Ilk öncə, ədalətsiz görünməmək üçün xarici siyasətdəki müsbət məqamları qeyd edim. Azərbaycan BMT-nin TŞ-da qeyri-daimi üzvlüyə nail oldu və bir aylıq da sədrlik dövrünü arxada qoydu. Uzun müddət Azərbaycan regionda balanslı siyasət yeridib və nəticədə həm Rusiya, həm də İranla isti münasibətlərini qoruya bildi. Üstəlik, İsrail, ABŞ və Avropa Birliyi ilə də strateji əməkdaşlığını sürdürdü. Zaman o vaxt tam fərqli idi. 2001-ci il 11 sentyabr terroruna qədər və sonra isə terrorun yaratdığı dalğada 2008-ci ilə kimi Azərbaycan iqtidarı özünü suda balıq kimi hiss edirdi. Gələcəklə bağlı dünyada dəyişən cərayanlar isə izlənmirdi. Həmin dəyişən cərayanların izlənməməsi və ona uyğun adekvat önləyici tədbirlərin görülməməsi xarici siyasətdə deyəcəyim boşluqlara gətirib çıxardı.
– Boşluqlar nədir?
– Regionda bütün dövlətlərlə eyni səviyyədə əməkdaşlıq etmək istəyidir. Amma, region dövlətləri ayrı-ayrı qütblərə malik ölkələrdir. Gürcüstanla Azərbaycanın əməkdaşlığı Rusiyanı qıcıqlandırır. Faktiki olaraq Azərbaycan Gürcüstanı ölümdən və fəlakətdən xilas edib. İranla əməkdaşlıq İsrail, ABŞ və Avropa dövlətlərini narahat etməkdə idi. İran isə Azərbaycanın həmin dövlətlərlə əməkdaşlığından əndişələnirdi. Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi ucbatından dalana dirənib. Türkiyə təzyiqlərə hələ ki davam gətirir və bununla bərabər Türkiyənin özəl sektoru və dövlət şirkətləri Azərbaycandan daha çox iqtisadi güzəştlər qoparmağa çalışır. Belə qütbləşən regionda hamı ilə dost olmaq sonunda mümkün olmadı. Artıq Azərbaycanın Rusiya ilə, İran və bədnam qonşumuz olan Ermənistanla ciddi problemləri var. Üstəlik Azərbaycan son bir ildə beynəlxalq gündəmin diqqətindən düşməyib, sağdan və soldan, yuxarıdan və aşağıdan olan hücumların qarşısında çətin həqiqətlə üzləşib. Artıq indiyə kimi enerji siyasəti üzərində formalaşan xarici siyasət bir neçə yerindən ciddi çat verib. Bundan sonra Azərbaycan enerji siyasətini demokratiya, insan hüquq və azadlıqları ilə paralel balanslaşdırmalı olacaq. Digər boşluqlar çılpaq həqiqətə don geyindirmək istəyidir. Əgər görünən “Eyfel Qülləsi”dirsə, ona “Qız Qalası” demək qeyri-ciddilik və qeyri-səmimilik yaradır. 2 aprel məhbusları ilə bağlı ortada real həqiqət var. Dünya bu məhhbusları vicdan məhbusları kimi tanıyıb. Azərbacyanın xarici siyasət idarəsinin bu suallar qarşısında pat vəziyyətə düşməsi və sonra özlərini duru suya çıxarmaq cəhdləri gülünc görünür. Çılpaq həqiqətdən doğan soyuq problem ona həqiqətdən don geyindirməklə soyuqdan qoruna bilər.
– Rəsmi Bakı bu kursu balanslaşdırılmış siyasət adlandırır. Bu nə dərəcədə düzgündür?

– Əvvəlki sualda problemləri sadaladım. Azərbaycan bu siyasəti balanslaşdırılmış siyasət 2011-ci ilin ortalarına kimi adlandırırdı. Indi isə belə sözü heç bir siyasi isteblişmentə məxsus rəsminin dilindən eşidə bilməzsiniz. Əgər eşidirsinizsə, demək ki, hələ də çılpaq həqiqətlər soyuqdan donmaqdadır. Artıq Azərbaycanın Rusiya ilə balanslaşdırılmış siyasəti o zamankı Rusiya prezidenti Medvedevin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən Kazan görüşünün uğursuzluğundan sonra daha da böyük çatlar verməyə başladı və Qəbələ Radiolokasiya Stansiyasının istifadəsi üçün icarə haqqının qaldırılması ilə tam pozuldu.

Iranla balanslaşdırılmış siyasət Azərbaycan-İsrail münasibətlərinin daha da dərinə getməsindən və Azərbaycanın İsrail dövləti ilə milyard dollarlıq hərbi müqavilə bağlaması, İranın Azərbaycandakı dini-siyasi dayaqlarına ağır zərbə vurulmasından sonra pozuldu. Artıq balanslaşdırılmış siyasət demək olar ki, yoxdur.


– Bu günün balanslaşdırılmış siyasəti Azərbaycana nə verir?

– Bu sual felin keçmiş zaman formasında verməli idiniz. Azərbaycana çox şey verib. Ən azından Gürcüstanın başına gətirilən 2008-ci ilin avqust hadisələri kimi talatümlərdən Azərbaycan qorunub. Irandan gələn təhdidlər açıq olmayıb. Müəyyən mənada balanslaşdırılmış siyasət Azərbaycanda “idarəolunan demokratiya” formalaşdırıb. Azərbaycan karbohidrogen ehtiyatlarını dünya bazarına çıxarmağa və bu sahədə nəticədə, hətta müstəqil siyasət də yeritməyə nail olub.


– Necə fikirləşirsiniz hadisələrin bu istiqamətdə cərəyan etməsi Azərbaycanı Rusiya və İran süfrəsinə gətirib çıxarmırmı?

– Bunu birmənalı demək mümkün deyil. Ən azından onlar istəyir ki, Azərbaycan bu süfrəyə gəlib çıxsın. Amma, süfrədə bərabərhüquqlu oturmaq şansı Azərbaycana verilməyəcək. Azərbaycandan süfrədə qarson kimi istifadə olunmaq niyyəti ortadadır. AXCP sədri iki həftə öncə İctimai Palatanın Avropa Parlamentinin Azərbaycanda insan hüquqlarına dair qətnaməsinin müzakirəsinə həsr edilmiş dəyirmi masasında belə bir cümlə işlətmişdi ki “Avropa Birliyi Azərbaycanı yanacaqdoldurma stansiyası kimi yox, tərəfdaş kimi görmək istəyir”. Elə Azərbaycan 70 il ərzində də Rusiyanın yanacaqdoldurma məntəqəsi kimi fəaliyyət göstərib və elə özü də həmin məntəqədə baklara benzin vuran qarson olub. Bunu ona görə deyirəm ki, Azərbaycan avro-atlantik məkandan kənar ancaq bu tipdə nəzərdən keçirlir.
Məntiqdən belə çıxır ki, Azərbaycan özünü mümkün hədə və təlatümlərdən sığortalamalıdır. Bunun da yolu daha sürətlə avro-atlantik məkana inteqrasiya etməkdir. Bilirsiniz ki, Azərbaycan İsrail ilə 1.6 mlyd dollarlıq hərbi müqavilə bağlayandan və ABŞ-ın “Foreign Policy” jurnalında guya ki, Azərbaycanın hərbi aerodromlarını İsrailə İrana zərbə endirmək üçün verməsi iki dövlət arasındakı münasibətlərin gərginliyini pik nöqtəsinə çatdırıb. Azərbaycanın təhlükəsizlik orqanlarının 22 nəfəri İranın göstərişi ilə terror törətməyə cəhddə ittiham edərək həbs etməsi də sonuncu nöqtəni qoyub. Rusiya ilə də münasibətlər çox gərgindir. Azərbaycanın Qəbələ Radiolokasiya Stansiyası ilə bağlı müqaviləni 7 milyon ABŞ dollarından 300 milyona qaldırması münasibətləri gərginləşdirib. Üstəlik, Azərbaycan tərəfinin Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə tutduğu mövqedən ciddi narahatlığı var və Kazan görüşünün iflasa uğraması hər şeyi tam aydınlaşdırdı. Rusiya bu münaqişəni Azərbaycan və Ermənistana təzyiq vasitəsi kimi əlində saxlamaqda davam edir.

Digər narazılıqlar da var. Bakıda “19-cu Beynəlxalq Xəzər Neft və Qaz, Neftayırma və Neft kimya” konfransında ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri xüsusi nümayəndəsinin baş müşaviri Daniel Steyndin “Azərbaycan və Türkmənistan “Transxəzər” qaz boru kəməri barədə razılığa gəlsə, digər ölkələr buna mane ola bilməyəcək”, o cümlədən “Türkmənistan və Azərbaycan kəmərlə bağlı razılığa gəlsə, bu layihəni öz ərazi suları ilə yerinə yetirmək qərarı versə, başqa ölkələrin veto hüququ olmayacaq” deməsi Rusiyanın narazılığını ortaya qoyub. Bu açıqlamalardan dərhal sonra Rusiya prezidenti Vladimir Putin Rusiya-Avropa İttifaqı sammitində bəyan edib ki, Moskva Xəzər dənizi ilə bağlı konsensus olmadan qəbul edilən istənilən qərarı legitim hesab etməyəcək.


– Əgər həqiqətən də Qərb Azərbaycanın bu siyasətini dəstəkləyirsə bəs nədən Qarabağ münaqişəsinin həllində ona yardımçı olmur?

– Kim deyir ki, Qərb Azərbaycanın balanslaşdırılmış siyasətini bəyənib və bəyənir? Tam əksi. Avropa Birliyi və ABŞ Qarabağ münaqişəsinin həllində maraqlıdır. Amma, görünür ki, hələ də bu məsələdə Rusiya öncüllüynü əldən verməyib. Rusiya istəməyincə, münaqişənin həlli uzanacaq. Münaqişə o zaman həllinə yaxınlaşar ki, Azərbaycan daha tez Avropanın bir parçasına çevrilsin. Müharibə variantını istisna etməklə, Avropa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını təmin edə bilər.


– Necə fikirləşirsiniz, torpaqları işğal altında olan və onun geri qaytarılmasında gücsüz olan bir dövlət regionun lideri ola bilərmi?

– Azərbaycan özünü pulunun sayına görə lider ölkə sayır. Lider olmaq üçün hər bir sahədə liderlik əldə edilməlidir. Lider dövlət ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Fransa, Yaponiya və s. ölkələrdir. Onlada iqtisadi-siyasi azadliq, sosial bərabərlik və oturuşmuş demokratik ənənə və problemlərini hərbi yolla əldə etmək gücü var. Onlar liderliyin bütün mərhələlərinə cavab verirlər. Azərbaycan isə demokratik quruluşuna və səviyyəsinə, iqtisadi-siyasi azadlıqlarına, və zəif demokratiyasına görə liderlikdən çox uzaqdır. Azərbaycan Gürcüstan və Ermənistana nisbətdə daha çox pul ehtiyatına malikdir. Ciddi enerji layihələrinin birbaşa iştirakçısı, təminatçısı və tərəfdaşıdır. Buna görə də Azərbaycan lider ölkə sayıla bilməz. Gərək yuxarıda sadalanan elementlərin cəmini müsbət yönləndirsin ki, liderlik cığırına düşə bilsin. Dediyiniz kimi, 20% torpağın da işğal altında olması da bizi lider olmaqdan uzaqlaşdırır. Bununla bərabər, Azərbaycanın lider olmaq üçün ciddi potensialı var. Bunun üçün Avropanın demokratik dəyərlərii Azərbaycanda bərqərar olmalıdır. Azərbaycan Avropa Birliyində üzvlüyə nail olmaq üçün də ən real şansa malikdir. Azərbaycanın Avropanın varına-dövlətinə ehtiyacı yoxdur. Azərbaycanda sosial ədalət bərqərar olsa, Azərbaycan vətəndaşı avropalılardan daha yaxşı sosial yaşayış qazana bilər. İqtisadi firavanlıq və sosial ədalət olan ölkədə isə ermənilər də yaşamaq istər.

Related Articles

Back to top button