InterviewsStatements

Azərbaycan və Türkmənistan savaşı

21 Jun, 2012

Razi Nurullayev“KƏPƏZ” YATAĞI TƏRƏFLƏR ARASINDA MÜNASİBƏTLƏRİ DAHA DA GƏRGİNLƏŞDİRİR

RAZİ NURULLAYEV: “BAKI İLƏ AŞQABAD “KƏPƏZ” YATAĞININ BİRGƏ İSTİSMARI İLƏ BAĞLI RAZILIĞA GƏLƏ BİLƏRLƏR”

Azərbaycanın daha bir qonşusu ilə münasibətləri hərbi qarşıdurma həddinə çatıb. Xəzərin Azərbaycan sektorunda yerləşən, lakin Türkmənistan tərəfinin mübahisəli hesab etdiyi “Kəpəz” yatağına görə (türkmən versiyasında “Sərdar”) iki ölkə arasında növbəti toqquşma baş verib. Toqquşma barədə məlumat tərəflərin bir-birilərinə təqdim etdikləri hədələyici notalardan bəlli olur. Belə ki, iki gün öncə Azərbaycan tərəfi Türkmənistana nota təqdim olunduğu haqda bəyanat yaydı.

Orada deyilirdi ki, iyunun 18-də Türkmənistanın Azərbaycandakı səfiri Toylu Komekov Xarici İşlər Nazirliyinə dəvət olunub. Səfiri nazir müavini Xələf Xələfov qəbul edib. Ona xatırladılıb ki, 2008-ci ildə Azərbaycan və Türkmənistan prezidentləri arasında razılaşma əldə olunub. Həmin razılaşmaya görə, Xəzərin Azərbaycan və Türkmənistan sektorlarının kəsişdiyi sahələrdə dənizin dibinin bölgüsü ilə bağlı məsələlər aydınlaşmayana qədər, burada heç bir kəşfiyyat və hasilat işi həyata keçirilə bilməz. Səfirin diqqətinə çatdırılıb ki, bu razılaşma pozulub, belə ki, Xəzərin Azərbaycan və Türkmənistan sektorlarının kəsişməsində yerləşən “Kəpəz” yatağında Türkmənistan tərəfi seysmik işlər aparmağa cəhd göstərir. Bununla əlaqədar olaraq Türkmənistan tərəfinə qəti etiraz bildirilib: “Qeyd olunub ki, Türkmənistanın hüquqa zidd fəaliyyəti qəbuledilməzdir və Azərbaycan tərəfi Xəzər dənizində öz suveren hüquqlarının müdafiəsi ilə bağlı müvafiq tədbirlərin görülməsi hüququnu özündə saxlayır”.

Region” Beynəlxalq Analitik Mərkəzinin İdarə Heyətinin sədri, AXCP sədrinin xarici əlaqələr üzrə müavini Razi Nurullayev, XalqXeber.İnfo-nun əməkdaşı ilə söhbətində bildirdi ki Türkmənistan və Azərbaycan arasında “Kəpəz” yatağı ətrafında yaşanan münaqişə hərbi qarşıdurmaya çevrilməyəcək.

Onun fikrincə, Azərbaycan Türkmənistanla münasibətlərin pozulmasında maraqlı ola bilməz və bununla bərabər, bu qarşıdurmadan nə ABŞ, nə də Avropa Birliyi şaddır: “Güman edirəm ki, həm ABŞ, həm də Avropa Birliyi iki ölkə arasında münasibətlərin normallaşması üçün əllərindən gələni edirlər. İki ölkə arasında yaranan mübahisə ABŞ və Avropa Birliyinin həm siyasi, həm də iqtisadi maraqlarına böyük zərbə vurur. Xəzərin dibi ilə çəkiləcək və Türkmən qazının “Transxəzər” qaz boru kəməri vasitəsilə Azərbaycan ərazisindən Avropaya nəqli layihəsi birbaşa ABŞ tərəfindən dəstəklənir. ABŞ bu layihənin həyata keçirilməsində siyasi iradəsini ortaya qoyub.
Bakıda “19-cu Beynəlxalq Xəzər Neft və Qaz, Neftayırma və Neft kimya” konfransında ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri xüsusi nümayəndəsinin baş müşaviri Daniel Steyndin “Azərbaycan və Türkmənistan “Transxəzər” qaz boru kəməri barədə razılığa gəlsə, digər ölkələr buna mane ola bilməyəcək”, o cümlədən “Türkmənistan və Azərbaycan kəmərlə bağlı razılığa gəlsə, bu layihəni öz ərazi suları ilə yerinə yetirmək qərarı versə, başqa ölkələrin veto hüququ olmayacaq” deməsi bu iradənin nə qədər güclü olmasındna xəbər verir”.

Müsahibimizin dediyinə görə, iki ölkə arasında münaqişənin yaranmasında, təbii ki, İran da maraqlıdır: “Çox güman ki, Türkmənistanın mövqeyinin sərtləşməsində və 2008-ci ildə iki ölkə prezidenti arasında razılaşdırılmış protokolun pozulması digər Xəzəryanı dövlətlər İran və Rusiya tərəfindən cızılıb. İran və onun təhriki ilə Türkmənistan Xəzərin milli sektorlara bölünməsinə qarşıdır və əgər bu bölünmə baş verərsə, o zaman bir çox mübahisəli yataqlar, o cümlədən İranın iddia etdiyi yataqlar Azərbaycana düşə bilər”.

Rusiyanın bu məsələyə mövqeyinə gəldikdə politoloq, Moskvanın dənizin milli sektorlara bölünmə məsələsində razı olduğunu qeyd etdi: “Azərbaycan və Qazaxıstanla ikitərəfli razılaşması var. Amma, Rusiyanı qıcıqlandıran Transxəzər layihəsidir. Bu layihə reallaşacağı təqdirdə Rusiyanın Orta Asiya və Qafqazlarda mövqeyi zəifləyəcək. Məntiqi nəticə budur ki, ABŞ və Avropa Birliyi Bakı və Aşqabadı barışdıracaq. Türkiyənin də bu barışın əldə olunmasında çabaları az deyil”.

Bəs bu gərginliyin sonu nə ilə bitəcək? Ümumiyyətlə, tərəflər razılıq əldə edə biləcəklər?

Ekspertin fikrincə, tərəflər razılığa gələcəklər: “Müharibə istisnadır. “Kəpəz” yatağının birgə istismarı barədə razılıq əldə edilə bilər. Bildiyimə qədər, əslində Azərbaycan bu yatağın birgə istismarına razıdır. Türkmən tərəfi isə yatağın yalnız Türkmənistana aid olması iddiasındadır. Razılıq bu və ya digər şəkildə əldə ediləcək. Məsələnin həlli Türkmənistanın İran və Rusiyanın qızışdırıcı hərəkətlərinin yedəyində getməsindən imtinadadır”.

Bəs, Türkmənistan bu yedəkdən imtina edə biləcəkmi?

Politoloq, Türkmənistanın yedəkdən tam imtina etmək iqtidarında olmadığını vurğuladı. Onu da qeyd etdi , amma, müəyyən balansı təmin edə bilər: “Türkmənistan Rusiyaya qaz satır və iki dövlət arasında bir sıra vacib əməkdaşlıq tellərri var. Türkmənistan Rusiyanın və İranın da maraqlarının bir qismini öödəməklə, bır sıra müstəqil adımlar da ata bilər. Bu addıma Transxəzər layihəsi də daxildir. Bundan başqa, ABŞ və Avropa Birliyi Türkmənistana Rusiya və İranın təzyiqləri nəticəsində dəyəcək ziyanın ödənilməsi və təhlükəsizliyinin qorunması üçün zəmanətlər verməlidir”.

Related Articles

Back to top button