Public speakingStatements

“İsa Qəmbəri hədələmək ağlımdan belə keçməz”

30.08.2012 | 22:56

“AXCP-dən hələ heç kim Müsavat başqanına qarşı qeyri-adekvat hərəkət etməyib, onun xətrinə dəyəcək ifadə də işlətməyib. ”

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Facebook profilində AXCP sədrinin müavini Razi Nurullayev paylaşıb: “Bir sıra qəzet və elektron media vasitələrində mənim “APA”ya müsahibəmə müxtəlif cür başlıqlar seçilib və bu məsələdə gunteleqraf.az daha önə gedərək “Razi Nurullayev Müsavatı hədələdi” başlığını verib. Aydınlıq gətirmək istəyirəm: mənim heç vaxt İsa Qəmbəri hədələmək ağlımdan belə keçməz. Ümumiyyətlə, hədə mənim təbiətimə ziddir. İsa bəy müxalifət liderlərindən biridir və bu cür başlıq vermək və bunu mənə yazmaq etikadan kənardır. AXCP-dən hələ heç kim Müsavat başqanına qarşı qeyri-adekvat hərəkət etməyib, onun xətrinə dəyəcək ifadə də işlətməyib. Bir sıra Müsavat üzvləri tərəfindən, AXCP sədrinə və rəhbərlyində təmsil olunan şəxslərə qarşı isə zaman-zaman, hətta aşırı ifadələr də işlədilib. Bunu problemə çevirməmişik. AXCP ittihamlara etika və siyasi mədəniyyət çərçivəsində cavab verib.

Müsavat AXCP-nin müttəfiqidir və İsa Qəmbər AXCP-nin ən yaxın dostudur. Bu ifadəni biz açıq və qapalı toplantılarımızda tez-tez işlədirik və mən bunu çox səmimi deyirəm.

Ümumiyyətlə, açıqlamamda yer alan “amma, bizim də səbrimizin həddi var” kəlməsi, müxalifətə yox, yaranan vəziyyətdən istifadə edib, AXCP ilə Müsavatın arasını vurmaq istəyənlərə yönəlib. Əlbəttə, əgər sən 100 cümlə danışırsansa, və ondan yalnız 20-si çapa gedirsə, çaşqınlığın yaranması labüddür.

Bəli, mən indidən namizədlik məsələsinin gündəmə gəlməsinin əleyhinəyəm. Çünki, elə vəziyyət yaranır ki, müxalifətin bəzən nəzarətindən çıxır və müttəfiqlər arasında sıxıntlar yaranır. Buna da səbəb, görünür ki, Müsavatla AXCP-nin müttəfiq olmasını və İctimai Palata tərkibində 2013-cü ildə birgə iştirakı çoxlarını narahat edir. Məhz, bunun üçün, namizədlik məsələsi hələ ki, gündəmə gəlməsə bu çətin zamanı daha ağrısız yola verə bilərik.

Fikrimdə qalıram ki, əsas prioritet məsələ Əli Kərimlinin də dediyi kimi hakimiyyət dəyişikliyinin olmasıdır. Qalan məsələlər ikinci dərəcəli işlərdir.

Mən siyasətə gələn zaman özüm üçün meyar müəyyən etmişdim. Jurnalistlərə “yox” deməmək və onlarla dostluq etmək. Amma, dostluq da gərək qarşılıqlı olsun. Xahiş edirəm, əziz jurnalistlər, bizim dediyimizi yazın və icazə verin öz yerimizə özümüz düşünək. Ümid edirəm ki, bir daha siyasətçiləri layiq olmadıqları durumlara salmayacaqsınız!”

Related Articles

Back to top button