Statements

Müxalifət YAP-ın hazırladığı bəyanatdan “layiqincə” sözünü çıxartdırdı – “Stəkanda fırtına”

17.09.2012 | 17:30

“Ramil Səfərovu müdafiə etmək eyib deyil. Biz doğru olanı etdik”

“Əfsuslar olsun ki, Ramil Səfərovun müdafiəsi ilə bağlı toplantıda iştirak edən və Avropa Parlamentinin qətnaməsinə qarşı bəyanata AXCP və Müsavatın YAP-la birlikdə imza atması “stəkanda fırtına” yaradıb”.

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri AXCP sədrinin müavini Razi Nurullayev “Facebook” profilində həmin görüşə etiraz edənlərə münasibət bildirib: “AXCP hər zaman Ramil Səfərovu müdafiə edib və hər zaman milli maraqlar uğrunda mübarizə aparıb. Avropa Parlamentinin Ramil Səfərovla bağlı qətnaməsi ədalətsiz idi və bu ədalətsizliyə biz də etiraz etdik. Çünki, ASALA terrorçusu Ermənistana ekstradisiya olunursa və əfv edilirsə, Avropa isə buna göz yumursa, affekt vəziyyətdə erməni zabitini öldürən Azərbaycan zabitinə isə ədalətsiz ömürlük qərar çıxarılırsa və bu ədalətsizlik Azərbaycan xalqının iradəsi ilə aradan qaldırılırsa, niyə biz susmalıydıq?

Bəli, qəbul edirəm ki, YAP-ın hazırladığı qətnamədə “nüfuzlu qurumlarda layiqincə təmsil olunmuş” ifadəsindəki “layiqincə” sözü nəzərimizdən qaçmışdı. Bu bir sözdən başqa o qətnamədə bir xəta yox idi. Bu gün YAP görüşdə təklif olunan son varıantı göndərdi və AXCP “layiqincə” sözünün çıxarılmasına israr etdi. Bu məsələ də həll olundu və mətndən çıxarıldı. Artıq son variantda “layiqincə” sözü yoxdur.

Nəzərdan qaçırılmış bir sözə görə bu qədər “fırtına” yaratmağa dəyərdimi? Dostlarımızın bu “firtına”ya qoşulmasına isə üzülürük. Sadəcə üzülürük. Amma, biz o qətnaməyə prinsipial əlavə təqdim etmişdik. AXCP-nin təklifi ilə qətnaməyə Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Cənubi-Qafqaz ölkələri ilə Assosiativ sazişə Azərbaycan sadiqliyini bəyan etməsi əlavə edilib. Bu əlavənin özü çox mətləblərdən xəbər verir. Azərbaycanın iqtidar partiyası olan YAP bu sazişə sadiqliyini bəyan edir. Bu saziş isə Azərbaycanın tam demokratikləşməsini, iqtisadiyyatının liberallaşmasını, azad və şəffaf seçkilərin keçirilməsini nəzərdə tutur.

Hələ toplantıda da çıxışımda dedim ki, AXCP Avropa parlamentinin insan hüquqları və demokratiya sahəsində qəbul etdiyi qətnamələri birmənalı qəbul edir.

Çox üzülürəm ki, bir çox dostlarımız və həmkarlarımız yanlış mövqe ortaya qoyurlar. Ramil Səfərovu müdafiə etmək eyib deyil. Biz doğru olanı etdik”

Related Articles

Back to top button