Interviews

Ateistləri qəbul etmirəm

Razi Nurullayev, “Region” Beynəlxalq analitik Mərkəzin rəhbəri

06.11.2012

“Əli Kərimli nə səbəbə iqtidara xidmət edəni yanında saxlasın ki?” – Müavin


“YAP-da heç kəslə yaxınlıq münasibətim yoxdur”

“Bu yolu müxalifətçilik meyarı kimi qəbul etmirəm. Kim inciyir, incisin”

Bu gündən “Qafqazinfo”da “Qapı” adlı yeni rubrika fəaliyyətə başlayır. Bu rubrikanın qonağı olanların həyatlarındakı açıq və bağlı qapıları tapıb göstərmək niyyətindəyik. Rubrikaya tuş gələnlər həyat yollarında açdıqları qapıları və qapı arxasında üzləşdikləri hər anı bizim “Qapı”dan keçəndə danışacaqlar…

İlk olaraq, AXCP sədrinin müavini Razi Nurullayevin “Qapı”sını döydük.

-Neçə ildir müxalifətdəsiz?
– Universitetə qəbul olandan. 1991-ci ildən müxalif düşüncəli insanam, amma aktiv siyasətlə məşğul olduğum tarix 2003-cü ilə təsadüf edir. Arada müəyyən fasilələr olsa da, 2008-ci ildən tam aktiv siyasətdəyəm.

– Amma çoxları hələ də sizin müxalifətçi olduğunuza inanmır
– Mənə belə gəlir ki, bunu deyənlər müxalifət daxilindədir və gözü götürməyənlərdir. Həmin insanlarda müxaliftəçiliyin nə olub olmamasının bir meyarı varsa, ona uyğun test keçirək. Bu sözü deyənlərin içində və şəxsiyyətində, bilik və bacarığında, qabiliyyətində, danışığında problem var. O insanlar siyasətdə, ümumiyyətlə ictimai və siyasi həyatda öz həyatını qura bilməyən insanlardır. Uğuru və perspektivi olmayan insanlardır. O insanların yanında kimsə parlayıb önə çıxanda, uğurlara imza atanda onlara qarşı bu cür qısqanclıqlar olur və onlara satqın, xəyanatkar, iqtidarın əl altısı, agent kimi müxtəlif adlar verirlər. Bunlara fikir vermirəm. Bu natamamlıq hissinə malik insanların düşüncəsidir.

– Müxalifət daxilində sizə bu cür münasibətlər bəsləyənlər və sizin haqqınızda bu fikirdə olanlar çoxdurmu?
– Hələ tələbə vaxtlarından bu cür insanlarla rastlaşmışam, həmin insanlar bu gün də var. Heç bir insan küçədə tanımadığı bir insanı saxlayıb ürəyini ona açmır. Buna görə də bir insan haqqında informasiyalar həmişə onun yaxın çevrəsindən, dostlarından qaynaqlanıb. Yəqin ki, Razinin müxalifətdə olmasına şübhəmiz var deyənlərlə ola bilsin ki, hər gün bir neçə dəfə görüşürəm, hətta qucaqlaşırıq, oturub yemək yeyirik, gözəl-gözəl sağlıqlar deyirik və arxama keçib bu cür sözlər də deyirlər. Şükürlər olsun ki, onların dediyi kimi deyiləm. Göründüyüm kimiyəm. Səmimiyyətimi heç vaxt itirməmişəm.

– Əli Kərimlinin bir neçə müavini var, amma niyə məhz sizi iqtidara yaxınlıqda ittiham edirlər?
– Düzü, bunu üzümə deyən olmayıb. Hesab etmirəm ki, bizim partiyamızda ciddi qəbul etdiyim insanlar və sədr mənim barəmdə bu cür düşünür. Əli Kərimli bu cür düşünsəydi nə səbəbə iqtidara xidmət edəni yanında saxlasın ki? Bu absurd düşüncədir. Hamı elə bilir ki, müxalifət olmaq üçün çox sərt ifadələr işlətməlisən. Birbaşa İlham Əliyevin adını çəkərək onu kəskin şəkildə tənqid etməlisən, nazirləri, məmurları, YAP funksionerlərinin işlətdiyi ifadələrdən bir neçə dəfə sərt sözlər deməlisən. Bəzi yerlərdə sətiraltı da olsa, onları təhqir etməyə cəhd etməlisən. Bu yolu müxalifətçilik meyarı kimi qəbul etmirəm. Kim inciyir, incisin. Mən belə deyiləm. Hər bir şəxsin daxili bir düşüncə tərzi, eyni zamanda böyüdüyü mühitdəki aldığı tərbiyə və təhsil öz rolunu oynayır. Təbiətən də sərt insan deyiləm. Əlimdə sübutum olmursa, heç kimə qarşı fikir səsləndirə bilmərəm. Hesab etmirəm ki, Əli Kərimlinin bütün müavinlərinin hamısı eyni qaydada olmalıdır və hər biri eyni leksikondan istifadə etməlidir. Bu partiyamızın düşüncəsi də deyil. Sadəcə bunu bu yöndə vermək istəyən insanlar var və onlar iflasa uğrayır. Əlbəttə, partiyada müxtəliflik olmalıdır. Mən də AXCP-də müxtəlifəm və cəbhəçilərdən istəyimin dışında fərqliyəm. Mənim əsas işim beynəlxalq təşkilatlarla işdir və hesab edirəm ki, uğurlu bir iş qura bilmişəm. Sadəcə olaraq obyektiv və subyektiv bir sıra məsələlər var ki, onlardan keçib partiyanın bu sahədə işini daha da uğurlu apara bilmirəm. Bu da ki, partiyada müəyyən məsələlər var ki, həmin o amillərə bağlıdır. Bunu partiya sədri də bilir, digərləri də. Bu baxımdan öz işimin öhdəsindən gəlirəm.

– Tutaq ki, partiyadaşlarınız iqtidarın hansısa qərarına sərt reaksiyalar verir, siz isə çox soyuqqanlı şəkildə müşahidə edirsiz. Bu reaksiyanızı onlar necə qarşılayır?
– Doğrusu, təbiətən soyuqqanlıyam. Yanımda çox hadisələr baş verə bilər və laqeyd qala bilərəm, amma daxilən isti insanam. Bu içimdə olan siyasətçi tərzimdən irəli gəlir. Həmişə özümü öndə olan siyasətçi kimi görmək istəmişəm. Siyasətçidə isə soyuqqanlılıq olmalıdır. Hisslərlə qərar verib yaşaya bilmərəm. Bu siyasətçiyə yaraşan hərəkət deyil. Əgər kimsə haqqımda o cür düşünürsə, yanlış fikirdədir. Bu gün partiyanın sərt siyasətini mən də beynəlxalq sahədə davam etdirirəm və bu gün partiyadaşlarım da, müxalifətdə olan insanlar və arxamca danışanlar da bilməlidir ki, mən də ciddi təzyiq altında oluram. Mənə də hədələr gəlir, zənglərlə qorxudurlar, e-mail ünvanımda, Facebook səhifəmdə bu cür hədələrlə qarşılaşıram. AXCP-nin sərgilədiyi sərt ifadələri, sərt bəyanatı ingilis dilində bütün dünyaya yayıram. Bunu gizlətmirəm. Artıq bu deyilən məsələlər mənə yapışmaz, əfəndim. Əgər AXCP-nin sərt münasibətini ingilis dilində, bəzən fransız dilində yayımlayıramsa, bunlar mənə keçməz. Mənim müxalifət üçün gördüyüm işin dəyəri daha çoxdur. Özümü tərifləmək üçün demirəm. Hər aksiya və proseslərdən sonra mənə müxtəlif ölkə və təşkilatlardan çoxlu zənglər gəlir. Dünən Londondan iki təşkilatdan zəng almışam. “Amnesty İnternational” və başqa bir təşkilata aksiya ilə bağlı məlumatları çox sərt şəkildə vermişəm, yəqin telefonum dinlənilib və hakimiyyət də bundan xəbərdardır. Mənə qarşı böhtanlar isə şişirdilmişdir.

– Razi bəy, müxalifəti təmsil etsəz də mətbuata çox açıq birisiz. Sizin üçün medianın müxalifi, iqtidarı yoxdur. Sirr deyil ki, Azərbaycanda əks qüvvələrin liderləri qarşı tərəfə informasiya verməkdə maraqlı deyillər. Elə müxalif liderlər də hər mətbuata açıqlama vermirlər. Sizin mətbuata qarşı bu cür münasibətiniz partiya sədri Əli Kərimli və ya silahdaşlarınızın etirazına səbəb olmurki?
– Gizlətmirəm. Bu məsələlər bəzən olub. Mənə bu barədə deyilib və bunları səmimi şəkildə qəbul etmişəm. Partiyanın vəzifəli şəxsi kimi başa düşürəm ki, bir sıra hakimiyyətə yaxın qəzetlər məndən münasibət alarkən özlərinə sərf edən variantda təqdim edirlər. Bəzən bu partiyaya qarşı yönələ də bilir. Bu məsələlər müzakirə olunan zaman bunu boynuma da almışam. Amma sadaladığım səbəblər məni yenidən jurnalistlərə bərabər münasibət bəsləməkdən saxlaya bilməz. Bu gün də onlara bərabər baxıram. Bəzən elə olub ki, fikirlərimi kontekstdən çıxarıblar. Sonra mədəni şəkildə oturub həmin jurnalistlə bu barədə danışmışam və ona izah eləmişəm ki, məni zərbə altında saxlamağınız sizinlə əməkdaşlığımıza son qoya bilər. Onlarda mənim səmimiyyətimə inanırlar, artıq həmin mətbu orqanlar da fikirlərimi olduğu kimi verirlər.

– Ümumiyyətlə əks qurumlardan transferə necə baxırsız? Tutaq ki, 5 il əvvəl müxalifətdə iqtidarı söyürdü, indi eyni işi iqtidarda görür. Bu cür dəyişikliklər sizi təəccübləndirir?
– Başqa ölkələrdə buna çox normal yanaşırlar. Azərbaycanda olan siyasəti qonşu Türkiyə və Gürcüstanla müqayisə eləyirəm. Gürcüstan böyük bir siyasi mədəniyyət ortaya qoyub. Sovetlər ölkəsində ilk dəfə olaraq Gürcüstanda dinc yolla hakimiyyət başqa bir partiyaya transfer olundu. Türkiyədə görürük ki, qalib gələn partiya uduzan partiya tərəfindən təbrik olunur. Onlar bir-birlərini təhqir etsələr də sonradan bir araya gələ bilirlər. Bu siyasətin anatomiyasıdır və normal ölkələrdə bu cür olur. Amma Azərbaycanda normal siyasət və iqtidar yoxdur və bunun əsasında nomral müxalifət də yoxdur. Azərbaycanda azad və demokratik seçki keçirilərsə, xalqın iradəsi tam ortaya qoyularsa, Azərbaycanda siyasi mədəniyyətin formaları təmərküzləşməyə başlayacaq. Azərbaycanda həm də müxalifətlə iqtidar arasında fərdi, şəxsi mənada, siyasi ideoloji məkanlarda mübarizə gedir. Bu getdikcə fərdləşməyə başlayır. Buna görə də müxalifəti tərk edən insan satqın obrazı yaradır. Siyasəti bu həddə çatdırıblar. Hesab edirəm ki, siyasətdə satqın, xəyanatkar ifadələri olmamalıdır. Əgər hər hansı bir siyasətçi normal olaraq öz ideoloji düşüncəsini dəyişirsə, öz perspektivini burada yox, qarşı tərəfdə görürsə, buna normal yanaşmaq lazımdır. Əfsuslar olsun ki, Azərbaycanda bunun adı satqınçılıqdır.

– Niyə Azərbaycanda müxalifət və iqtidarı təmsil edən şəxsləri bir yerdə görsələr, o an düşünürlər ki, bunlardan hansısa digərinə “işləyir”. Bəs sizin iqtidarda hansısa məmurla yaxınlıq münasibətiniz var?
– Mənim YAP-da heç kəslə yaxınlıq münasibətim yoxdur.

– Siz də o “işləmək” sözündən ehtiyat edirsiniz?
– Açığını deyim ki, AXCP-yə qoşulan zaman nəzərimdə tutmuşdum ki, hansısa tədbirdə naziri, məmuru, hətta prezidenti görərəmsə, gedib salamlaşaram, oturub söhbət də edərəm. Bu cür cəhdlərim düzü, 1-2 il davam etdi. Tutaq ki, ATƏT və ya hər hansı xarici səfirlərliklər tədbir keçirəndə orda YAP-ın nümayəndələri varsa, gedib görüşürdüm. O zaman buna təbii yanaşırdım, düşüncə tərzim bu idi. Sonradan cəbhədə oturuşa-oturuşa, bu müzakirələr məni dəyişdirdi. Hiss elədim ki, YAP-çılarla görüşsəm, sabah jurnalistlər şəklimi çəkib qəzetdə verəcək və üstəgəl yazacaq ki, Razi YAP-ın funksioneri ilə zarafat edib gülürdü. Onun üçün bunlardan çəkinməyə başlamışam. Əgər istəsəydim birbaşa gedib perspektiv gördüyüm başqa partiyaya qoşulardım. Yəni bu qədər zəif bir insanam ki, gəlib müxalifətə qoşuluram, burada tramplin edib nəyəsə nail olmağa çalışıram. Şükürlər olsun ki, bir neçə Avropa dillərini mükəmməl bilirəm, xaricdə təhsil almışam, dünyanın yarısını dolaşmışam. Mənə böyük təkliflər olub. Bu an Avropa Şurasında böyük vəzifədə işləyə bilərdim.

– Bəs YAP-dan təklif olub?
– Yox YAP-dan olmayıb. Xarici şirkətlərdən iş təkliflərim olub. Hesab etmirəm ki, bu gün mənim bilik və səviyyəmdə, təcrübəmdə olan çox insanlar var. Hələ ki, aldığım biliklərimi reallışdıra bilmirəm. Bunun üçün bir müstəvidə yoxdur. Azərbaycandakı siyasi şərait də bunu diqtə etmir. Onun üçün bu çərçivədən kənara çıxa bilmirəm. O çərçivə içində bu gün boğuluram. AXCP böyük bir partiya olsa da, nəyisə reallaşdırmaq istəyirəm, amma burda da boğuluram. Hiss edirəm ki, çərçivələr olmasa böyük potensialım var və böyük işlər görə bilərəm. Çərçivələr bizi sıxır, çünki Azərbaycanda siyasət bağlıdır, açıq deyil. Bu baxımdan bağlanmışam. Bunu belə geniş açıqlamağımda səbəb odur ki, natamamlıq hissim yoxdur. Bilik, bacarığım da var, geniş əlaqələrim də. İstənilən ölkəyə gedə bilərəm, başqa nəsə yaradıb axıra qədər çatdıra da bilərəm.

– Razi bəy, parlamentin son iclasında qanunsuz aksiyada iştirak edənlərin cəriməsi 30 dəfə artırıldı. Demək olar bununla da aksiya dalğasına nöqtə qoyuldu? Hər halda vətəndaşın o qədər pulu yoxdur o cəriməni ödəsin, İsa Qəmbər və ya Əli Kərimli bu qədər hesabı necə ödəyəcək?
– Məncə, hər bir addımın müsbət və mənfi tərəfi olur. Burada mənfi odur ki, bir çox insanlar cərimədən çəkinərək aksiyada iştirak etməyəcəklər və ya partiyalar daha çox qanuni aksiyalara cəhd edəcəklər. Bu eyni zamanda partiyalarda insanlarla işləmək, onları daha da səfərbər edərək razılaşdırılmış aksiyalarda iştirak hissi oyadacaq. Ola bilsin ki, bu qanunun özü müxalifətin daha da birləşməsinə səbəb olacaq. İtirilən bu yolla bərpa olunacaq. Bu qanunun özü müxalifətin daha çox xalqın içinə inteqrasiya eləyib onlarla birbaşa işləməsinə kömək edəcək. Beynəlxalq təşkilatlar bunu heç cür qəbul etməyəcək.

– Bəs siz icazəsiz aksiyalarda iştirak etmisiz?
– Etmişəm.

– Buna görə həbs olunmusuz?
– Həbs olunmaq deyəndə saxlanılmışam.

– Nə zaman?
– 2009-cu ilin aprelin 26-da baş tutan aksiyada mən də saxlanılmışdım. 5-6 saat Səbail Rayon polis İdarəsində saxlanıldım.

Amma son illər İctimai Palatının aksiyalarında görünmürsüz
Daha sonra 2010-2011-ci illərdəki aksiyalarda evdə həbs olunmuşam, 3 dəfə isə məhkəmə məni 25 AZN məbləğində cərimə edib. Hətta aksiyaya getməyim deyə binamızın qarşısında 30-a qədər polis var idi. Məni aparanda gördüm ki, insanlar çox maraqla bu mənzərəni seyr edirlər. Doğrusunu deyim ki, polisin məni qolumdan çəkib dartmağını, sürüməyini özümə sığışdırmıram. Bunu ürəyim qəbul etmir, özümü təhqir olunmuş hiss edirəm. Az qalır ki, ondan sonra insanların içinə çıxmayım. Bu qədərmi biz zəif olduq ki, başımıza, gözümüzə yumruq vursunlar, bizi yerlə sürüsünlər. Bunamı layiqik? Bu qədər çalışmışıq. Bu tip hadisələr mənə çox pis təsir edir, özümlə bacara bilmirəm. Xatırlayıram ki, ikinci dəfə polis məni həbs edən zaman əyildim, o, qolumdan tutub vurmaq istəyirdi ki, reaksiya verim ki, əllərində bəhanə olsun. Mən isə ona dedim ki, xahiş edirəm insanlar baxır nə desən edəcəm, hara desən gedəcəm. İtələmə məni. Daha sonra həmin şəxslər məndən bir neçə dəfə üzr istədilər. Elə yalvarırdılar ki, çox pis vəziyyətə düşmüşdülər. Özüm utandım ki, onlar da insandır. Bəzən onları qınaya bilmirəm. Bu cəhətdən özümü qorumaq istəmişəm. İnsanların gözü qarşısında bunu şouya çevirmək istəməmişəm.

– Qonşuların maraqla izlədiyi bu şou sizin ailənizin yəqin ki dəhşətli anları olub. Bir siyasətçinin ailəsi olmaq bütün bu çətinliyə hazır olmaq deməkdir? Evdə vəziyyət necədir? Qızlarınız nə deyir sizin siyasi statusunuza?

Ailəmlə bağlı bir şeyi demək istəyirəm. 2005-ci ilin may ayında ölkə xaricində çox böyük tədbirdə iştrak etmişdim, əsas spikerlərdən biri idim. Onda “Yox” hərakatının lideri kimi çıxış edirdim. O zaman “Yox” Avropada daha məşhur idi, nəinki Azərbaycanda. Həmin tədbirlərdə çox sərt ifadələr işlətdim və Bakıya qayıdanda ailəmlə parka getmişdim. Bakıda məni isə onların gözü qarşısında həbs etdilər. Qızlarımın gözü qarşısında məni kobud şəkildə maşına salıb apardılar. İndiyə qədər də yoldaşım o şokdan ayılmayıb. Bizim həyatımızda belə bir şey olmamışdı.

O hadisədən, qızlarım polislərdən çox qorxur və onlara çox qəzəblidirlər. Çox ağır günlər idi. Açığını deyim ki, həyat yoldaşım bu gün də məni məcbur edir ki, siyasətdən gedim. Deyir ki, mən qorxuram, heç olmasa qızları düşün. Bu məsələ bizim evdə daim müzakirə olunur. O mənim siyasətdə olmağımdan tam narazıdır və onu bu günə qədər də öyrəşdirə bilməmişəm. Bilmirəm bu mənim zəifliyimdir, yoxsa onun tərsliyi. (Gülür) Qızlarıma gəlincə isə biri 5-ci sinifdə, digəri isə 3-cü sinifdə oxuyur. Onları başqa cür böyütməyə çalışdım və rus dili məktəbinə qoydum. Siyasi həyatımdan uşaqlarımı uzaq və gizli saxlamağa çalışıram. Zamanında gördüm ki, onların uşaq psixologiyasına bu ziddir. Onlar mənə görə hələ də narahatdırlar. Qızlarım nənə və babalarından çoxlu dualar öyrəniblər. Mən isə evdən çıxarkən həmişə dua oxuyurlar. Elə gün olmaz ki, mən gedəndə, onlar lift bağlanana qədər məni gözləməsinlər.

– Dua demişkən, bu gün islamdan imtina etmək dəbə düşüb. Siz də ateislət qrupuna aidsiz?
– Əstağfurullah. Əfsuslar olsun ki, bu dəbə çevrilib. Ateistləri qəbul etmirəm və onlara münasibətim çox mənfidir. Ateist olmaq olar, obyektiv şəkildə elmi cəhətdən yanaşıb bunu qəbul edən, ancaq özünə sirayət edən, başqalarını isə öz yoluna çəkmək istəməyən insanlara münasibətim normaldır. Amma kiminsə heç nəyə əsaslanmadan kor təbii dəbə uyaraq, mən də ateistəm deyib digərlərini də bu yola dəvət edib, islama inananları təhqir edirsə, onlara aşağıdan yuxarı xor baxırsa, bunu qəbul edə bilmərəm. Hesab edirəm ki, o insanlar natamam və dərviş kimi bir insanlardır. Onları cəmiyyətdə normal insan və cəmiyyətə xeyirli bir insan kimi qəbul edə bilmərəm. Özüm isə konstruktiv, reformist bir islamçıyam. İranın praktika etdiyi islamın lehinə ola bilmərəm, Türkiyənin qəbul etdiyi islamın tərəfdarıyam. Mən Allaha inanıram. Eyni zamanda dinlə bağlı kitablar oxumuşam. Məhəmməd peyğəmbərin həyatını, Quranı oxumuşam. Əsaslarım var ki, nə səbəbə dinə inanıram. Bu gün elə insanlar var ki, Allahı tanısa da, islamı qəbul etmirlər. Böyük din mütəfəkkiri Cəmaləddin Əfqanidan misal gətirmək istəyirəm. Onun islam barəsindəki fikirlərini qəbul edirəm. O deyirdi ki, bir çox insanlar islam dinindən öz şəxsi nüfuzunun artmasına, avtoritetinin güclənməsinə, insanları əsarət altına almaq üçün istifadə edir. Bunu isə qəbul edə bilmirəm. Düşünürəm ki, islam dini çox təmiz, sülhpərvər, radikalizimin olmadığı dindir. İslama inanıram, islam mənim dinimdir. Bütün varlığımla, ailəmlə Allaha inanıram və varlığına şükür edirəm. Çətinliyə düşən zaman da Allaha sığınıram.

– Razi bəy, az əvvəl bir cümlə işlətdiz. Dediz ki, özümə təhqir hesab edirəm ki, mənim qolumu tutub zorla maşına əyləşdirsinlər. Necə olur ki, özünə sığışdırmadığınızı bu gənclərə sığışdırırsınız? Onların döyüləcəyini bilə-bilə, niyə onları küçələrə göndərirsiz? Hətta ötən aksiyada Facebookda iştirak edəcəyinizi tədiqləmişdiz.
– Əlbəttə, əsaslarım var. Onları çağıranda demirəm ki, gəlin, polis sizi döysün.

– Amma bilirsiz ki, polis mütləq onları döyəcək…
– Bunu özümə yaraşdırmıram deyəndə öz statusuma, nüfuzuma təhqir hesab etdiyimi nəzərdə tuturdum. Kənardan baxanlar deyəcək ki… Biz nə üçün mübarizə aparırıq, gör bizi hansı kökə qoyurlar? Hesab etmirəm ki, orda polis kimisə sürüyüb döyürsə, onlar təhqir olunur, bunu özlərinə sığışdırırlar və pisdirlər. Ona görə bunu deyirəm ki, o qədər mübarizə aparmışıq, biz haqq yolundayıq və bizi bu şəkildə “urvatsız” eləyirlər. Onu özümə sığışdıra bilmirəm ki, məndən qat-qat aşağı səviyyədə olan, bəlkə də adını yaza bilməyən, mədəniyyəti olmayan tərbiyəsizin biri gəlib, məni sürüsün, təhqir eləsin, yumruq vursun. Buna dözə bilmirəm. Mənə yumruq vursa, gərək mən də onu yumruqlayam. Bir dəfə belə olub. 2005-ci ildə bir polis məni vurdu, BBC-nin jurnalistləri onu mənim əlindən güclə aldı. Dirəniş göstərənlərə də mənim böyük hörmətim var, onların cəsarətini alqışlayıram. Doğurdan da onlar nümunədirlər. Onların bu cəsarətinin qarşısında baş əyirəm və onlara çox sağol deyirəm.

– Razi bəy, xatırlayıram ki, təxminən bir ay əvvəl Facebook hesabınızda neçə ilin mahnısı olan “O şimdi əsgər” mahnısını yeni mahnı kimi təqdim etmişdiz. Ümumiyyətlə, nə tip mahnılar dinləyirsiniz?
– Daha çox xalq mahnılarını sevirəm. Nümunəvi bəstəkar mahnıları var, onları da dinləyirəm. Amma Azərbaycanın bəzi müğənnilərinin şit hərəkətlərini görəndə onlara ikinci dəfə baxa bilmirəm. Hesab edirəm ki, artist gözəl oynamalı, rəqs etməlidir. Açıq-saçıq geyinirsə də mənim üçün problem yoxdur, bunu da alqışlaya bilərəm. Heç bir problem görmürəm, dəbdi edirlər. Bəzən elə şit işlər görürlər ki…Daha çox gözəl rəqsli olan mahnılara qulaq asıram. “O şimdi asger”də də gözəl rəqs gedir, ona görə bəyənirdim. Amma köhnə mahnı olduğunu bilmirdim.

– Onda Şakirani siz çox bəyənərsiz
Hə bütün mahnılarına qulaq asıram. Ümumiyyətlə xarici pop mahnıların hamısını bilirəm, oxuyuram.

-“Aləm gözəl”i dinləmisiz?
– Bu mahnını xüsusi olaraq dinləməmişdim. Sonra bildim ki, o mahnı mənim maşınımda olan diskdə var. Mədəniyyət xəbərlərini yaxından izlədiyim üçün bu mahnının taleyi ilə tanış oldum. Ramal İsrafilovun məsələyə nöqtə qoyduğunu da gördüm.

– Siz o mahnının Anar Məmmədovun yazdığına inanırsız?
– Daha çox ona inandım ki, Ramal mahnını yazıb, bəstələyib, nöqtəsini qoyaraq Anar Məmmədova bağışlayıb. Ramalın səmimiliyinə inandım. Anar Məmmədov da musiqi təhsili olduğunu, tar sinfinə getdiyini deyib. Anası da konservatoriyada dərs deyir. Deməli, musiqi kökəni var. Mənə belə gəlir ki, o da yaza bilər. Bu mahnı daha professional olduğu üçün ola bilsin ki, Anar Məmmədovun mahnının yazılmasında köməyi olub. Ramal özü də deyib ki, bu mahnını Anara hədiyyə edib. Anar Məmmədov da bu baxımdan çıxış edib deyir ki, mahnı mənimdir. Burda Ramalın addımı müəyyən mənada düzgün deyil. Əgər sən mahnını ona bağışlamısansa, onu pis vəziyyətdə niyə qoyursan? Verdiyin nə, dediyin nə? Sən bağışlamısan, o da öz adına yazıb. Niyə bunu təzədən onun başına vurursan? Hər ikisinə uğur arzulayıram. (Gülür)

– Bu cür qalstuklu geyim tərzi sizi narahat edir? Yoxsa vərdiş etmisiz rəsmi geyimlərə?
– Qalstukda, kostyumda özümü rahat hiss etmirəm.Bu mənim tərzim deyil, amma iclaslara geyinirəm. Başqa vaxt isə mənim çoxlu cinslərim var, onları geyinirəm. Dostlarım həmişə irad tuturlar ki, bəzən görüşlərə gedirsən, səni kimin qarşılayacağını bilmirsən. İdman geyimində isə qeyri-ciddi görünürsən. Deyirəm ki, rahat olmaq istəyirəm. Bunu da qəbul edirəm ki, Azərbaycada insana görkəminə, kostyumuna, saatına, ayaqqabısına görə qiymət verirlər.

Söhbətləşdi: Günel Əbilova

qafqazinfo.az

Related Articles

Back to top button