Interviews

Ehtiyat namizədin olması hakimiyyətə seçim imkanı verir

«İbrahimbəyovun qeydiyyata alınmaması da ölkədə siyasi situasiyanın dəyişməsinə səbəb ola bilər»

Razi Nurullayev: «Bəri başdan YAP namizədinin qalib gələcəyi bəlli olarsa, beynəlxalq aləmin seçkinin nəticələrini də tanıması şübhə altına alına bilər»

Milli Şuranın sədri, prezidentliyə vahid namizəd Rüstəm Ibrahimbəyovun ölkəyə qayıdışına bir neçə gün qalıb. Bir çox ekspertlər R.Ibrahimbəyovun qayıdışının ölkədəki siyasi proseslərə ciddi təsir edə biləcəyi fikrindədir. AXCP sədrinin müavini Razi Nurullayevə ilk sualımız bununla bağlı oldu.

– Razi bəy, Rüstəm Ibrahimbəyovun vətənə qayıdışı ölkədə hansı siyasi situasiyanı yaradacaq?
– Rüstəm Ibrahimbəyovun ölkədən getməsindən xeyli zaman keçib. Artıq Rüstəm Ibrahimbəyovun ölkəyə qayıdışı ilə bağlı nəinki Azərbaycanda, ölkədən kənarda da ciddi ajiotaj yaranıb. Son zamanlar xarici mətbuatda Rüstəm Ibrahimbəyov, Milli Şura ilə bağlı geniş və ətraflı məqalələr dərc olunub. Bunun da nəticəsində də Milli Şuraya, Rüstəm Ibrahimbəyova qarşı daxildə və xaricdə ciddi maraq yaranıb. Rüstəm Ibrahimbəyov artıq Azərbaycan cəmiyyətinə bir xilaskar, iyirmi ildən sonra müxalif baxışlı insanların vahid namizədi kimi təqdim olunub. Rüstəm Ibrahimbəyov ictimai fəalları, siyasi partiya rəhbərlərini, QHT təmsilçilərini bir araya toplayan insandır. Rüstəm Ibrahimbəyovun Azərbaycana qayıdışı bir hadisə ola bilər. Artıq hakimiyyətin Rüstəm Ibrahimbəyovun həbsiylə bağlı planları bu cür situasiyada nəticə verə bilməz. Rüstəm Ibrahimbəyovun ölkəyə qayıdışı ilə bağlı böyük maraq var. Beynəlxalq media da baş verən prosesləri diqqətlə izləyir. Bu isə Milli Şuraya diqqəti daha da artırır.

– Hakimiyyətin son zamanlar Rüstəm Ibrahimbəyova qarşı təbliğatda qabartdığı məqamlardan biri də onun namizədliyinin qeydə alınmayacağı və ümumiyyətlə, ölkəyə qayıdışı zamanı həbs oluna biləcəyi ilə bağlıdır. Bu addımların hər hansı birinin reallığa çevrilməsi hansı vəziyyəti yarada bilər?
– Rüstəm Ibrahimbəyovun həbs olunmasını istisna edirəm. Hesab edirəm ki, Rüstəm Ibrahimbəyovu həbs etməyə hakimiyyət cürət etməz. Bu nəinki daxildə, beynəlxalq aləmdə qalmaqal yarada bilər. Digər tərəfdən, Rüstəm Ibrahimbəyovun həbs olunmasına cəhd Azərbaycanda 2013-cü il prezident seçkilərinin bəri başdan demokratik keçirilməyəcəyinə dəlalət edəcək. Bu isə demokratik düşərgənin əlinə əlavə arqumentlər verəcək ki, beynəlxalq aləmdə Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsinə şəraitin olmadığını bəyan etsin. Bunu Azərbaycan hakimiyyəti də bilməmiş deyil. Rüstəm Ibrahimbəyovun həbsi yüzlərlə Oskar mükafatçılarının müxtəlif ölkələrdə dövlət başçılarına müraciətləri ilə müşayiət olunacaq. Nəticədə 2010-cu il “Eurovision”da Azərbaycana olan maraqdan daha yüksək maraq meydana gələcək. Bu da hakimiyyəti çıxılmaz vəziyyətə sala bilər. Bu addım siyasi anlamda canlanma yaratmaqla yanaşı, Rüstəm Ibrahimbəyovu qəbul etməyən insanların da müxalifət düşərgəsi ətrafında birləşməsinə səbəb ola bilər.
Rüstəm Ibrahimbəyovun qeydiyyata alınmaması da ölkədə siyasi situasiyanın dəyişməsinə səbəb ola bilər. Hətta seçkilərə qədər Azərbaycanda kütləvi siyasi aksiyaların baş verməsi ümumi situasiyanı dəyişə bilər. Bu isə Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsinə şəraitin olmadığını deməyə əsas verəcək. Müxalifətin əsas namizədinin qeydə alınmaması beynəlxalq aləmdən hakimiyyətə qarşı sərt reaksiyalara səbəb olacaq. Hakimiyyət güzəştlərə getməyə məcbur ediləcək.

“Seçkilərin nəticələri tanınacaqmı?”

– Bir müddət əvvəl Avropa Parlamenti, daha sonra ABŞ Konqresinin Helsinki Komissiyası Azərbaycandakı durumu təhlil edərək ölkənin iki – demokratiya və avtoritarizmin -yol ayrıcında olduğunu vurğulayıblar. Sizcə, qarşıdakı aylarda hazırkı yanaşma təkrar oluna bilərmi?
– Təbii ki, sərt mövqeyi gözləməyə dəyər. Indiyə qədər Azərbaycanda keçirilən seçkilərdə belə fikir formalaşıb ki, budəfəki seçkilərdə müəyyən dəyişiklik olacaq. Amma Azərbaycanın qeyri-demokratik olması, seçkilərin saxtalaşdırılması, ölkədə siyasi azadlıqların olmamasıyla bağlı nə Avropada, nə də ABŞ-da birmənalı fikir olmayıb. Qərb heç bir zaman Azərbaycanın qeyri-demokratik olduğunu, bu ölkədə siyasi problemlərin mövcudluğunu vurğulamamışdılar. Amma artıq Azərbaycanda demokratik seçkinin keçirilib-keçirilməməsi müzakirə mövzusu deyil. “Azərbaycan hakimiyyəti normal seçki keçirəcəkmi?” əsas məsələ artıq budur. Azərbaycanda demokratiyanın olmaması, Milli Şuranın vahid namizədinin sıxışdırılması, bərabər şəraitin yaradılmaması Avropada və ABŞ-da ölkəmizlə bağlı qəti mövqe formalaşdıracaq. Nəticədə Azərbaycana ciddi sanksiyalar tətbiq oluna, beynəlxalq təşkilatlar səviyyəsində Azərbaycana təzyiqlər güclənər. Eyni zamanda bu cür davam edərsə, bəri başdan YAP namizədinin qalib gələcəyi bəlli olarsa, seçkinin nəticələrinin tanınması şübhə altına alına bilər. 2010-cu il seçkilərində ABŞ-da ciddi müzakirələr gedirdi ki, parlament seçkilərinin nəticələri tanınsın, yoxsa yox. Əksəriyyət bəyan edirdi ki, seçkinin nəticələri tanınmasın. Amma daha sonra bu və ya başqa formada parlamentlə əməkdaşlıq edildi. Amma nəticələrin tanınmaması 2013-cü ildə baş verə bilər.

“Xalq Milli Şuranı dəstəkləyir”

– Milli Şuradakı ehtiyat namizədlə bağlı məsələ mətbuatda ciddi müzakirə olunmaqdadır. Və bu müzakirələrin nəticəsi olaraq ACP ilə Müsavat Partiyası arasında başlanılan qarşılıqlı ittihamlar cəmiyyət tərəfindən birmənalı qarşılanmır. AXCP olaraq bu xoşagəlməz tendensiyanı necə dəyərləndirirsiniz?
– AXCP rəhbərliyinin həmişə bu məsələlərlə bağlı aydın mövqeyi olub. AXCP-yə görə, Milli Şuranın vahid namizədi olmalıdır və məhz həmin namizəd ətrafında bütün müzakirələr aparılmalıdır. Əsas namizəd təbliğ olunmalıdır. Ehtiyat namizədin olması isə hakimiyyətə seçim imkanı verir. Bu gün əfsuslar olsun ki, Milli Şurada ehtiyat namizədin olması təşkilatın daxilinə narazılıq toxumu səpib. Eyni zamanda Azərbaycan cəmiyyəti də əvvəlki toplum deyil. Insanların artıq siyasi yetkinliyi kifayət qədər artıb. Insanlar əyrini düzdən seçə bilirlər. Bu baxımdan cəmiyyətin də mövqeyi mənfidir. Onlar istəyir ki, Milli Şuranın bir namizədi olsun. Çünki Milli Şuranın qayəsində dayanan proses nədən ibarət olub? Azərbaycan xalqı seçkilərdə müxalifəti günahlandırırdı ki, siz birləşə bilmirsiniz. AXCP-nin mövqeyi bundan ibarət oldu ki, müxalifətdaxili intriqalardan kənar dayanmaq, iddiaları kənara qoymaq və xalqın yanında olmaq lazımdır. Xalqın yanında olmaq isə o deməkdir ki, Milli Şuranın vahid mövqeyi, vahid namizədi olmalıdır. Bu baxımdan AXCP yenə bu mövqeyində dayanır. Hesab edirik ki, əgər vahid namizəd qeydə alınmayacaqsa və ehtiyat namizəd irəli sürüləcəksə, bu seçkilərin azad və ədalətli keçirilməsinə dəlalət edə bilməz.

– Hakimiyyət Milli Şura üzvlərinin son zamanlar xarici səfərlərini xaricdən dəstək əldə etməyə çalışmaqla əlaqələndirir. Halbuki, Milli Şura təmsilçiləri bu səfərlərin ölkədəki seçki prosesinə marağın artırılmasına xidmət etdiyini bildiriblər. Iqtidar nümayəndələri isə öz növbələrində Azərbaycanın təbii sərvətlərindən istifadə edərək beynəlxalq səfərlərində mübadilə predmetinə çevirirlər…
– Xalq artıq əyrini düzdən seçməyi bacarır. Əlbəttə, hər kəs görür ki, hakimiyyət administrativ resurslardan istifadə edərək özünün siyasətini aparır. Burada məqsəd beynəlxalq dəstəyə nail olmaqdır. Amma hazırda xalq indiki hakimiyyətdən kifayət qədər narazıdır. Bu xalq müxalifətin tərəfdarıdır, Milli Şuranı və onun yürütdüyü siyasəti dəstəkləyir. Xalqın bir hissəsi kənardan prosesləri seyr etsə də, onlar da hakimiyyətin yürütdüyü siyasətdən məmnun deyil. Kənarda dayanan kəsim də gözləmə mövqeyindədir. Artıq bu kəsim Milli Şuraya və onun namizədi istiqamətinə meyillənməyə başlayıb. Proses bu cür gedərsə, kənarda qalan insanlar da son seçimlərini müxalifətin üzərində dayandıracaqlar. Xalq narazıdır və narazılığa qarşı mübarizə aparan insanların yanında olmaq istəyir. Xalq müxalifəti dəstəkləyir və bu dəstək özünü seçki öncəsi aksiyalarda göstərəcək.

“Hakimiyyət namizədini son anda dəyişə bilər”

– Hazırda mətbuatın gündəmində olan daha bir məsələ YAP sədrinin müavini Mehriban Əliyevanın prezidentliyə namizədliyi ilə bağlıdır. Maraqlıdır ki, artıq uzun müddət bu məsələ müzakirə olunsa da qarşı tərəfdən heç bir reaksiya və ya məlumatın təkzibi gəlmir. Sizcə, hər hansı bir anda hakimiyyətin əsas namizədi dəyişə bilərmi?
– Bu, hakimiyyətdə əsas müzakirə olunan məsələlərdən biridir. Hakimiyyətin namizədinin dəyişdirilməsiylə bağlı son anda qərar qəbul edilə bilər. Amma bu zaman bir neçə faktoru da nəzərə almaq lazımdır. Hazırda bir çox beynəlxalq təşkilatlar tərəfindən müzakirələr aparılır, müxalifətin beynəlxalq təşkilatlara çeşidli müraciətləri olub ki, Ilham Əliyevin 3-cü dəfə namizədliyi hüquqi cəhətdən nə dərəcədə düzgündür? 2009-cu ildə referendum nəticəsində iki dəfədən artıq dövlət başçısı seçilmək imkanının Konstitusiyadan götürülməsini Venesiya Komissiyası alqışlamamışdı. Bu baxımdan mənə elə gəlir ki, hakimiyyətdə belə düşünən insanlar var ki, beynəlxalq aləm 3-cü dəfə namizədliyə isti yanaşmaya da bilər. Əgər bu özünü pik nöqtəyə çatdıracaqsa, xalqın da bununla bağlı sərt reaksiyası olacaqsa, ola bilsin ki, hakimiyyət seçimini dəyişsin. Bu dəyişiklik daha çox Azərbaycanın daxilində baş verən proseslərdən və beynəlxalq aləmin təpkisindən asılı məsələdir. Bu tendensiyanın yekunu avqustda tamamilə bəlli olacaq.

– Hakimiyyət müxalifətin xalqın dəstəyini ala bilməyəcəyini iddia etsə də, digər tərəfdən nəzarətində olan KIV-lərdə Milli Şuranı sərt tənqid edir. Hakimiyyətdəki bu təlaş nədən qaynaqlanır? Hətta hakimiyyət belə bir fərziyyə də ortaya qoyub ki, müxalifətin cəmiyyətdəki dəstəyi 4 faizə qədərdir. Əgər normal seçkilər keçirilərsə, hakimiyyət real olaraq neçə faiz səs ala bilər?
– Indiyə qədər keçirilən seçkilərdə 2013-cü ildəki kimi açıq situasiya heç zaman olmayıb. Bu gün artıq iki qütb mövcuddur. Bir qütbdə Milli Şura dayanır. Milli Şura bütün Azərbaycan müxalifətinin, narazı elektoratın təmsilçisidir. Ikinci qütb isə hazırkı iqtidardır. Bu iki qütbdən kənarda siyasi proseslərə təsir göstərə biləcək ciddi elektorat yoxdur. Bu baxımdan hakimiyyət çox narahatdır. Çünki Milli Şura Azərbaycanın bütün narazı elektoratını öz ətrafında birləşdirə bilib. Buna görə də Milli Şura hakimiyyətin hədəfindədir. Real seçki keçirilərsə, bu zaman düşünürəm ki, əsas mübarizə YAP ilə Milli Şura arasında gedəcək. Bu seçkilərdə isə Milli Şura namizədinin qələbə qazanmaq şansları daha çoxdur. Sadəcə olaraq YAP-ın administrativ resursları, büdcə təşkilatları var. Hakimiyyətin bu strukturlara təsir etmək imkanları daha böyükdür. Seçkilərdə Milli Şuranın namizədinin qələbə çala biləcəyinə əmin olsam da, əgər inzibati üsullar tətbiq olunarsa, zorən ikinci tur baş verə bilər. Amma Azərbaycanda belə bir ənənə yoxdur. Birinci mərhələdə demokratik seçkilər keçirilərsə, Milli Şuranın vahid namizədi qələbə çalacaq.

Şənbə, 27 İyul 2013 08:40 (Azadlıq qəzeti)

Related Articles

Back to top button