Corner articles

Dağlıq-Qarabağ azad ediləcəkmi? Görüşlər nə vəd edir?

Razi Nurullayev, "Region" Beynəlxalq Analitik Mərkəzin sədri
Razi Nurullayev, “Region” Beynəlxalq Analitik Mərkəzin sədri

Reallıq

Azərbaycan və Ermənistan prezidentləri Vyanada görüşdülər. İndiyə kimi keçirilən görüşlərdə bir damla olsun belə irəliləyiş əldə edilməyib. Bu tip görüşlərin keçirilməsi ən çox Ermənistana (status-kvonun saxlanması) və onun ardınca isə həmsədr ölkələr olan ABŞ, Rusiya və Fransaya sərf edir. Hər görüş keçiriləndən sonra Minsk Qrupunun ömrü uzanır və danışıqların davam etdirilməsinin vacibliyi vurğulanır.
Dolayısı ilə, Minsk Qrupunun işinin davam etdirilməsinin vacibliyi önə çəkilir. Zatən, qeyd edim ki, bu formatdan başqa formatın olması da o demək deyil ki, münaqişə avtomatik olaraq həllini tapacaq. Əslində, bu gün üçün Minsk Qrupundan uyğun variant görünmür. BMT çərçivəsinə qayıtmaq bir sıra beynəlxalq manevrlər imkanı tanısa da sonuç fərqli görünmür. Ermənistan çətin ki, mövqeyindən geri çəkilsin.
Demək ki, heç də hər şey Minsk Qrupundan asılı deyil. Sadəcə, onları sıxmaq lazımdır ki, işlərinə daha məsuliyyətlə yanaşsınlar və ikili standart prinsiplərini tətbiq etməsinlər. Onların Azərbaycan və Ermənistana eyni müstəvidən yanaşması düzgün deyildir. Çünki, onların təmsil etdiyi dövlətlər Ermənsutanın Azərbaycan torpaqlarını işğal etdiyi faktını təsdiqləyiblər. Demək ki, işğalçı ilə başqa dildə danışmaq haqqını da istifadə etməlidirlər.

Fayda və vasitə

Ümumiyyətlə, bu görüşlər Azərbaycan üçün heç bir fayda gətirməyib. Azərbaycan tərəfi sadəcə olaraq Ermənistanın bu məkrli planlarında zorən və ya diplomatik etika xatirinə istifadə olunan oyunçuya çevrilib. 5-6 il bundan öncəyə qədər Dağlıq-Qarabağ münaqişəsi Ermənistan və Azərbaycanda hakimiyyətə gəlmək və getmək üçün bir alət olaraq da istifadə edilirdi. İndi bu cəhdlər, demək olar ki, çox aşağı enib. Əksinə, münaqişə artıq Rusiya tərəfindən çox ciddi bir təzyiq alətinə çevrilib. Heç zaman bu bu dərəcədə vasitəyə çevrilməmişdi.

Vyana görüşündən nəticə gözləməyə dəyərmi?

Görüşün baş tutmasına səbəb, bəlkə də Azərbaycan tərəfinin pərdəarxası danışıqlarda müəyyən pozitiv məqamların olmasından ümidlənməsi olub. Amma, unutmaq olmaz ki, Ermənistan heç zaman işğal etdiyi torpaqları əlini-qolunu sallayaraq tərk etməyəcək. Bunun üçün Fransa və ABŞ xaric, Azərbaycan Kreml ilə razılaşmalıdır. Əslində, Kreml Qarabağ məsələsini zamanın taleyinə buraxmışdı və arada yaranan fasilədən istifadə edərək Azərbaycan tərəfi nələrsə edə bilərdi.
Amma, son 5-6 ayda Kreml dirnaqları ilə Qarabağı pərçimləyib və onun iradəsindən kənar irəliləyişin olması real görünmür. Belə çıxır ki, Azərbaycan Gömrük İttifaqına qoşulmalıdır ki, Dağlıq-Qarabağa daxil olmayan rayonlar azad edilsin. Rusiya Azərbaycana bu sözü verə bilər. Ümumilikdə isə, bütöv Qarabağın azad edilməsi isə real deyil. Hətta, Azərbacyan Putinin bütün tələblərini yerinə yetirsə belə.

Aysberqin görünən və görünməyən tərəfləri

Yazdıqlarımız aysberqin görünən tərəfidir. Görünməyən və hələ ki, nəticəsi bəlli olmayan tərəfləri də mövcuddur. Azərbaycan prezidentinin Ermənistan prezidenti Serj Sarkisyanla yenidən üz-üzə oturaraq müzakirələr aparması və danışıqların dalana dirənərək heç bir nəticə verməməsi bizim üçün yaxşı hal deyil. Bu, ictimai rəydə də mənfi bir cərəyan yaradır. Bizim üçün görünən tərəflər fayda gətirə bilməz. Onlar sadəcə qəzet və jurnalların manjet verməsi və tarım çəkilən əsəblərin yumşaldılması üçündür. Xalqımızın isə əsəbləri o qədər tarım çəklib və boşalıb ki, artıq lazımi gərginlik yarada bilmir.
Buna görə də aysberqin görünməyən tərəfləri ilə ictimaiyyət nə qədər tez tanış olarsa, bir o qədər yaxşıdır. Aysberqin görünməyən tərəfləri isə iradəmzidən kənar təkliflərin və həll yollarının bizə sırınmasıdır. Biz bir problemi həll edib, digər problemin içinə girə bilmərik. Dağlıq-Qarabağı yarımştat qazanmaqla, müstəqilliyimizi yarımştat halına da gətirə bilmərik.

Related Articles

Back to top button