2015-ci il Azərbaycanda bütün sahələrdə dəyişiklik ili olmalıdır

Posted by on 4 December, 2014
This post was filed in Müsahibələr and has no comments yet
0

Razi Nurullayev, AXCP sədrinin xarici əlaqələr üzrə müavini

AXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini, politoloq Razi Nurullayevin “Qafqazinfo”ya müsahibəsi

– Milli Şuranın üzvüsünüz. Amma, bu ilki fəaliyyəti iki mitinqlə yekunlaşdı. Milli Şuranın işi mitinq keçirməkdən ibarətdir?

– Təbii ki, yox. Milli Şura tədbirlər keçirmək istəyir. Dəyirmi masalar, seminarlar və hətta konfranslar üçün kifayət qədər mövzular var. Jurnalistlər üçün də ayda bir dəfə mətbuat konfransı keçirilməsi yaxşı olardı. Amma, harada? Yer yoxdur. Əvvəllər, Müsavat partiyasının qərargahında toplanırdıq. İndi isə münasibətlər yoxdur və yaxın gələcəkdə normallaşması da görünmür. Hotellər bir qayda olaraq yer verməkdən imtina edir. Öz yerimiz isə yoxdur.

Bu normal hal deyil. Müxalifəti bu şəkildə resurslardan məhrum etmək dözülməzdir. Əslində, Azərbaycan cəmiyyəti günümüzlə müqayisədə əvvəllər daha maraqlı və rəngarəng idi. Ölkədə müsbət dinamika vardı, debatlar keçirilirdi, tədbirlər təşkil olunurdu, mətbuatla müntəzəm təmas olurdu, iqtidar və müxalifət nümayəndələrinin canlı debatı olurdu və təbii ki, insanlara da onları dinləmək daha maraqlı idi.

Bu gün isə hər şey monoloq üzərində qurulub. Bütün düşərgələrdə hər kəs tək danışır və onlara anında canlı cavab vermək imkanları aradan qalxır. Təbii ki, sosial şəbəkələr bu imkanı verir, amma Facebook dinamikası TV, radio və qəzetlərin yerini verə bilmir. Vətəndaşların müxtəlif mövqeləri əks etdirən debatlar üçün burnunun ucu göynəyir.

Bələdiyyə seçkilərində iştirak etməmək yanlış qərar deyilmi? Ən azından seçicilərlə təmas üçün hüquqi imkan qazanacaqdınız.

Partiyanın qərarına hörmətlə yanaşıram. Təbii ki, iştirakı əngəlləyən kifayət qədər səbəb var idi. Artıq sirr deyil ki, bələdiyyə seçkilərində yerlərin satılması ilə bağlı çoxlu fikirlər səsləndirilir. Seçkilədə iştirak, digər tərəfdən ona legitimlik qazandıra bilərdi. Zəmanət də yoxdur ki, seçkilər azad keçiriləcək və namizədliyini verənlər səs alaraq seçilə biləcəklər. Bu inam partiyada “0” rəqəmli faizlə ölçülür.

Lakin, açığını söyləsəm, zənnimcə seçkilərdə iştirak da etmək olardı. Təbii ki, bu mənim subyektiv yanaşmamdır. Bu da ondan qaynaqlanır ki, seçkidə iştirak bizə imkan verə bilərdi ki, kəndbəkənd işləyək, seçicilərlə təmasda olaq və təbliğat apara bilək. Əfsus ki, bu şans əldən verildi. Digər yandan, hakimiyyətin üzərimizə ildırım sürəti ilə gəlməsi, partiyaya məhrumiyyətlər yaşatması, həbslər və imkansızlıq da bu qərarın verilməsində rol oynadı. Amma, üzvlərimizin fərdi qaydada da iştırakı yasaq edilməyib.

– Bəs parlament seçkiləri necə? Qatılacaqsız?

– Gələn ilin Parlament seçkilərinə, təbii ki, qatılmaq şansını əldən vermək olmaz. İnanıram ki, istər Milli Şura, istər də AXCP gələn ilə kimi özünü ciddi şəkildə toparlaya biləcək. Çünki Parlament seçkiləri hər zaman fərqli ab-hava yaradır. Minlərlə insan namizəd olur və minlərlə maraqlar birləşir.

Əminliklə deyə bilərəm ki, Parlament seçkiləri dəyişiklik üçün daha ciddi imkanlar yaradır. Prezident seçkilərində bir nəfər ətrafında təbliğat qurulursa, Parlament seçkilərində bu min nəfərdən çox olur. Belə demək olar ki, Parlament seçkilərinin cəmiyyətin oyanmasında, dəyişiklik tələb etməsində təsiri digər seçkilərdən ən azı 10 dəfə çoxdur. Buna görə də 2015-ci ilin heç də sakit bir il olmayacağıdüşüncəsindəyəm. İqtidar indiki kimi qılıncını sağa-sola endirə bilməyəcək. O, çox ciddi təzyiq və güclə qarşılaşmalı olacaq. Hər kəs gücünü gələn il üçün saxlayır və səfərbər etməkdədir.

Azad və ədalətli seçkilərə imkan verilməsə, yaranacaq xaos və çaxnaşmadan qorxmaq lazımdır. 2015-ci ili bildiyimə görə çox insanlar, namizədlər və siyasətçilər özü üçün son tarix kimi müəyyən edib. Bizim üçün 2015 var. 2016 və sonrakı illəri unutmaq lazımdır. Məsələn, mənim üçün 2015-dən sonrakı zaman hələ ki, dayanıb. O tarixdən sonraya heç bir plan qurmamışam və qurmaq da fikrim hələ ki, yoxdur. Hədəf 2015-ci ildir.

– Belə çıxır ki, hədəfə nail olmasanız siyasətdən gedəcəksiniz?

– Bu haqda düşünmək belə istəmirəm. Bir neçə hədəf də qarşıma qoymaq niyyətim də yoxdur. Fikrim bir səmtə yönəlib. 2015-ci ildə Azərbaycanda bütün sahələrdə dəyişiklik ili olmalıdır. Parlament seçkisi siyasəti kökündən dəyişməli və yeni səhifə açmalıdır. Bilirsiniz, hər kəs yorulub və mübarizənin də məntiqli sonu olmalıdır. Zənnimcə, bu son gələn ildir. 20 ildir yol gələn cəbhəçilər var, müxalifətçilər var, 20 ildir dəyişiklik gözləyən və bu ruhla yaşayan mübariz insanlar var, 20 ildir məhrumiyyətlər yaşayan, meydanlarda qocalan, döyülən, söyülən, həbs həyatı yaşayan, sınmayan, amma həyatını təmənnasız fərqli Azərbaycan ideyasına bağlayan insanlar var. Onların qarşısında öz səlahiyyətim və siyasi çərçivəmdə bir məsuliyyət hiss edirəm. Onun üçün də 2015-ə ümid və qətiyyətlə baxıram. 2015-dən o yana heç bir siyasi plan qurmuram.

– Razi bəy, AXCP, Milli Şura olaraq vəziyyəti dəyişə biləcəksinizmi?

– Üzr istəyirəm, amma məncə bu suala dolğun cavabı bundan əvvəlki sualda artıq səsləndirmişəm. 2015-dən sonrakı tarix mənim üçün maraqlı deyil. Bu bir cümlə sizin dediyiniz suala konkret cavabımdır.

– AXCP hədəfdədir. Üzvləriniz həbs olunur, təqiblərə məruz qalır. Müxalifətin digər hissəsindən də ittihamlar söylənilir AXCP-yə...

– Bütün deyilənlər şər-böhtandır. İstər hakimiyyətdən, istərsə müxalifətdən. AXCP xalqın təşkilatıdır. Elçibəy zamanında olduğu kimi, indi də AXCP-yə inanan çox insan var. AXCP-nin kütləvi təşkilat olması, gənclərin AXCP-ni seçməsi iqtidarda qorxu, siyasi opponentlərdə isə təbii qısqanclıq yaradır. AXCP-yə hücumun arxasında mərkəzdən idarə olunan “uzaqdan komandan” var. Amma, gərək unutmayaq ki, Yazovun top-tüfənglə, Sovet “KQB”-sinin həbslə, hədə-qorxu ilə dağıda bilmədiyi Xalq Cəbhəsini nə bu qanunsuz həbslər, nə də kənardan edilən hücumlar dağıda bilər.

– Əli Kərimli çox sərt tənqid olunur, onun hər kəsi sıradan çıxarması və meydanda tək qalma istəyi vurğulanır. Siz müxalifətdə olan opponentlərinizi sıradan çıxarmaq istəyirsiniz?

– Əsla yox. Bilirsiniz niyə belə görünür? Əli Kərimli apardığı siyasətdə sağa-sola baxmadan irəli gedir. Başında qarma-qarışıq fikirlər yoxdur. Getdiyi yola əmindir. Apardığı mübarizəyə inanır. Bu inamı ətrafına da aşılamağı bacarır. Artıq onun nüfuzu cəmiyyətə də sirayət etməyə başlayıb. İnam olan yerdə qələbə olar. Məhz, bu gün demək olar ki, apardığı ardıcıl və prinsipial mübarizə ilə AXCP çox önə çıxıb. Bu bizim başımızı gicəlləndirmir. Əksinə, önə çıxmaq və mübarizənin ağır siyasi yükünü üzərinə almaq həm də qurbanlar tələb edir. AXCP, görün nə qədər qurbanlar verib? Rəyasət Heyətinin iki önəmli fiquru Seymur Həzi və Asif Yusifli həbs edilib, Natiq Adilovun qardaşının həbs edilməsi və ona edilən misli görünməmiş təzyiqlər fəaliyyətini iflic edib. Təşkilat Şöbəsinin sədri Rafiq Daşdəmirovun oğlunun həbsi ona pis təsir edib və təbii ki, fəaliyyətində də özünü biruzə verir. Bu məsuliyyəti bölüşmək istərdik. Təbii ki, birlik qapısı biz tərəfdən açıqdır. Birgə hərəkət etməyə hazırıq. Amma, bizim bəlli prinsipial və ədalətsizliklərə qarşı barışmaz mübarizə üsulumuz var. Bu çərçivə daxilində hər kəsə “xoş gəldin” etməyə hazırıq.

– Sizə elə gəlmir ki təklənmisiz? Müxalifətdən ayrı düşmüsüz. AXCP və Milli Şura adları fərqli olsa da, eyni adamların təşkilatıdır. Bir az da bu adla manipulyasiya edirsiniz. Yəni, eyni adamlar həm AXCP-nin, həm də Milli Şuranın üzvləridir?

– Yanlış məlumatdır. Uzun izahatlara ehtiyac yoxdur. Milli Şura Kordinasiya Mərkəzi tərəfindən idarə edilir. Kordinasya Mərkəzində isə, yeganə olaraq AXCP sədri təmsil olunur. Məncə, bu fakt sizin sualınıza cavab verir. O ki, qaldı təklənməyə, bu da düzgün deyil. Milli Şuranın tərkibinə baxmaq yetərlidir.

– Siyasətdə nəticəsiz fəaliyyət sizi bezdirmir? Bəlkə, nəticə ala biləcəyiniz sahəyə baş vurasınız. Məsələn, elmi fəaliyyət sizə uyğun gələr…

– Məni siyasətdən qovmaq istəyirsiniz? Siyasət çox maraqlıdır. Həm də işim, əsasən siyasətin beynəlxalq tərəfi ilə bağlıdır. Diplomatlarla sıx təmasda oluram və bu mənə zövq verir. Sevdiyim işlə məşğulam. Əminəm ki, nəticə olacaq. Yalnız, nəticəni hər kəs üçün istəyirəm.Səbr etməliyik. Moskva da bir günə tikilməyib, deyərlər. Hz. Əli (ə) gözəl deyib: zaman geciksə də, nəticə geciksə də, səbr edən mütləq zəfər çalar… Səbrimizin də sonu 2015.

 

0
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

Leave a Comment