Corner articlesStatements

2014-cü ildə Azərbaycanda demokratiya ciddi zərbə aldı

Razi Nurullayev, AXCP sədrinin xarici əlaqələr üzrə müavini
Razi Nurullayev, AXCP sədrinin xarici əlaqələr üzrə müavini

24 dekabr 2014. Azərbaycanın 2014- cü ildə həyata keçirdiyi xarici siyasət xəttini dəyərləndirdim.
Bu barədə “Qafqazinfo”ya danışdım. Dediklərim burada:

2014-cü ildə Azərbaycanın xarici siyasətini ciddi uğurlarından danışmaq və ona inanmaq üçün YAP yetgilisi olmaq gərəkir. Mənim isə belə lüksüm yoxdur.
Zənnimcə, Dağlıq-Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə etmədən uğurlardan danışmaq qeyri-ciddi məsələdir. 2014-cü ildə nəinki irəliləyiş olmayıb, hətta geriləmə olub da demək olar. Çünki, Rusiyanın səyləri və Ukraynanın ərazisini işğal etməsi nəticəsində Dağlıq-Qarabağ münaqişəsinin həllində də durğunluq və hətta təhlükə yaranıb.

2014-cü il Azərbaycanın müstəqillik tarixində iqtidarın ən çox tənqid olunan ili kimi yadda qalmaqdadır. İqtidar ola bilsin ki, Avropa Şurası Nazirlər Komitəsinə 6 aylıq sədrliyi Azərbaycanın uğuru kimi təqdim edə bilər, lakin bu imkandan ölkənin demokratik imicinin yaxşılaşdırılması üçün nəinki istifadə olunmadı, əksinə bu müddət ərzində onlarla vətəndaş cəmiyyəti üzvləri və siyasətçiləri həbs edildi. QHT-lər və qrant haqqında qanunlara məhdudlaşdırıcı sərt əlavələr və düzəlişlər edildi. Bu Venesiya Komissiyasının çox mənfi rəy verməsinə gətirib çıxardı.

2014-cü ildə Azərbaycanda demokratiya ciddi zərbə aldı. Ölkənin müstəqilliyinin əldə olunmasında və inkişafında yer alan şəxslər “5-ci kolon” adlandırıldı. Ölkənin dünya imici ciddi zədələndi. Demək olar ki, əksər beynəlxalq təşkilatlar və dünya hökumətləri hesabatlarında Azərbaycanı ciddi tənqidlərə məruz qoydular.

Azərbaycan 2014-cü ildə Avropaya inteqrasiya sahəsində geriyə addım atdı. Avropa Birliyi ilə Assosiasiya Sazişinin imzalanmasından imtina etdi. Yeganə, müsbət hal kimi Azərbaycanın enerji resurslarının Türkiyə üzərindən Avropaya nəqli sahəsində TANAP və TAP layihələrinin həyata keçirilməsi sahəsində atılan addımlar ola bilər. Bu layihələrin isə Azərbaycan üçün iqtisadi göstəricələri tam olaraq bizə aydın deyil və bu baxımdan da bunun da uğur kimi qeyd olunmasına şübhə ilə yanaşırıq.

 

Related Articles

Back to top button