ArticlesCorner articlesStatements

Qarabağda müharibənin başlaması nə Azərbaycan, nə də Ermənistanın əlindədir

Razi Nurullayev, "Region" Beynəlxalq Analitik Mərkəzin (RBAM) təsisçisi və eksperti
Razi Nurullayev, “Region” Beynəlxalq Analitik Mərkəzin (RBAM) təsisçisi və eksperti

Rusiya politoluqu Stanislav Tarasovun bir neçə gün əvvəl Qarabağla bağlı proqnoz verib:
“Regional partlayış Qarabağda baş verə bilər və silahlı konflikt yalnız Qarabağda mümkündür”.

Mən nə düşünürəm?

Rus politoloqlarının Qarabağla bağlı açıqlamaları çox zaman Azərbaycan və Ermənistan mətbuatında geniş müzakirələrə, tanınmalarına gətirib çıxarır. Həmin politoloqlarla dövlət nümayəndələri, QHT-lər, media maraqlanmağa başlayır. Rusiya politoloqlarının indiyə qədər Dağlıq Qarabağ konflikti barədə verdiyi proqnozlar heç zaman özünü doğrultmayıb. Onlar Kremlin siyasətinin əsiri olan politoloqlardır.

Hər kəs bilir ki, Qarabağda müharibənin başlaması nə Azərbaycan, nə də Ermənistanın əlindədir. Hazırda, münaqişə ilə ATƏT-in Minsk qrupu məşğuldur. Müharibənin başlanmasının mümkünlüyü barədə anons vermək, vəziyyətin ağırlaşdığını bəyan etmək həqiqəti əks etdirmir.

Ümumiyyətlə, yaxın illərdə Qarabağda savaş gözlənilmir. Bu il Azərbaycanda birinci Avropa Yay Olimpiya Oyunları keçiriləcək. Belə bir şəraitdə Azərbaycanın müharibəyə başlaması inandırıcı görünmür. Həmçinin, ölkəmizdə 2015-ci ildə şahmat üzrə dünya kuboku, 2016-cı ildə şahmat olimpiadası, 2017-ci ildə IV İslam həmrəyliyi oyunları keçiriləcək. Azərbaycana on minlərlə turist, idmançılar gələcək. Bu baxımdan hesab etmirəm ki, hakimiyyət müharibəni başlamaq marağındadır. Hətta marağında olsa belə, bu, beynəlxalq aləm tərəfindən birmənalı qarşılanmayacaq. Bu halda Azərbaycan izolyasiya da oluna bilər. Təbii ki, Ermənistan da eyni aqibətlə üzləşə bilər.

Yalnız, Rusiyanın maraqları çərçivəsində və məhz bu dövlətin əli ilə Dağlıq Qarabağda qısamüddətli müharibə başlaya bilər. Ümumiyyətlə, Qarabağla bağlı birmənalı fikir söyləmək qeyri-legitim və qeyri-məntiqi olardı. Ancaq qeyd etdiyim kimi, münaqişənin həlli istiqamətində heç bir işartı görmürəm. Çünki Rusiya problemin həllində maraqlı deyil. Bu, o zaman ola bilərdi ki, Azərbaycan birbaşa Rusiyanın orbitinə qayıtsın.
Amma, Azərbaycan həm Rusiya, həm də Avropa İttifaqı (Aİ) ilə balanslı siyasət yürütməyə çalışır. Diqqət yetirsək, artıq həmin balanslı siyasət də özünü doğrulda bilmir. Aİ və ABŞ Azərbaycandan avrointeqrasiya ilə bağlı konkret addımlar gözləyir. Rusiya isə Azərbaycandan onun yanında olmasını və gələcəkdə Avrasiya İttifaqına qoşulmasını istəyir.

Hələ ki, Kreml Qarabağ problemindən ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edir. Düzdür, ola bilsin ki, hazırda Azərbaycanın öz hərbi və maliyyə gücü Qarabağ münaqişəsində vəziyyəti dəyişməyə kömək etsin. Lakin dediyim kimi, beynəlxalq şərait buna imkan vermir. Beynəlxalq aləm status kvonun qalmasında, münaqişə tərəfləri arasında danışıqların davam etməsində maraqlıdır. Yəni məqam yarananda danışıqlardan istifadə edərək, Qarabağla bağlı hansısa müsbət nəticə ortaya qoya bilsin.

 

Related Articles

Back to top button