AnalysisCorner articlesStatements

Altı rayonun azad olunması danışıqlar masasındadır

EU AZERBAIJANAvropa İttifaqının Azərbaycandan, Azərbaycanın isə Avropa İttifaqından (Aİ) ciddi gözləntiləri olsa da, bu gözləntilər özünü doğrultmadı. Nəticədə Azərbaycan Aİ-yə sıx inteqrasiyadan vaz keçməli oldu və bu da özünün Aİ Şərq Tərəfdaşlığına üzv ölkələrin Riqa sammitində özünü açıq biruzə verdi. Çünki Aİ-nin Azərbaycanın tələblərinə cavab vermək iqtidarı yoxdur.

Aİ-nin də öz növbəsində Azərbaycandan gözləntiləri var və rəsmi Bakı bu tələbləri yerinə yetirmək iqtidarında deyil: Bu baxımdan tərəflər arasında ciddi fikir ayrılığı mövcuddur. Digər məsələ Dağlıq Qarabağla bağlıdır. Belə ki, Aİ-nin Moldova, Ukrayna və Gürcüstanın ərazi bütövlüyü məsələsində konkret mövqeyi var və onlar bu mövqeyin reallaşması, həmçinin bu ölkələrin ərazi bütövlüyünün  təmin olunması, işğalın aradan qaldırılması istiqamətində sonadək əlindən gələni edəcəklərini üzərinə öhdəlik kimi götürüb. Dağlıq Qarabağ məsələsində isə Aİ-nin mövqeyi fərqlidir və struktur Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ideyasından imtina edir.

Aİ-nin Azərbaycana qarşı sərgilədiyi bu mövqe rəsmi Bakını Rusiya istiqamətinə meylləndirən əsas amillərdəndir. Məhz bunun nəticəsidir ki, son dövrlərdə Rusiya ilə Azərbaycan  arasında ciddi yaxınlaşma var və bu əlaqələr getdikcə daha da dərinləşir.  Azərbaycan tədricən Rusiya tərəfə meyllənməyə başlayıb. Rusiya da çox yaxşı başa düşür ki, Azərbayacanı əldə etmək üçün Qarabağ məsələsində irəliləyiş olmalıdır. Ancaq, Ermənistan onun forpostu olduğu üçün Rusiya bu ölkəyə birbaşa təzyiq göstərib torpaqları işğaldan azad etmək iqtidarında deyil. Burada yeganə variant var: Dağlıq Qarabağ ətrafındakı işğal edilıb bufer zona kimi saxlanılan  6 rayonun işğaldan  azad edilməsi. Hazırda danışıqlar masasında da bu təkliflər var. Rusiya buna nail olmaq istəyir. Ermənistana öz adından və Azərbaycanın adından təminat verəcək ki, bu rayonlar işğaldan azad olunandan sonra yerdə qalan torpaqlar müharibə yolu ilə azad olunmayacaq. Dağlıq Qarabağla bağlı münaqişənın həlli danışıqlar masasının predmeti olaraq qalacaq. Yəqin ki, Rusiya bu məsələdə  qarant kimi çıxış edib erməniləri inandıracaq. Bu ideya ortadadır. Prosesin nəticəsi olaraq Azərbaycan Avrasiya Birliyinə qoşulmaqla bağlı konkret addımlar atacaq.

Avropa Birliyindən fərqli olaraq Rusiya Azərbaycandan  insan haqlarını, demokratiyanı, iqtisadiyyatın  liberallaşmasını, Dünya Ticarət Təşkilatına üzvlüyü  tələb etmir. Rusiyanın əsas istəyi sadəcə Avrasiya və Gömrük İttifaqı ilə bağlıdır. Bu da yeri gələndə Azərbaycan hakimiyyətinə sərf edir. Azərbaycan xalqı üçün Avropaya inteqrasiya vacibdir. Düşünürəm ki, sonunda Azərbaycan Avropa Birliyindən imtina etməyəcək. Sadəcə, indiki məqamda Azərbayacan hökumətini Dağlıq Qarabağ probleminin həlli daha çox düşündürür və bunun həlli variantı da Rusiyadan keçir. Çünki Aİ-nin bu məsələ ilə bağlı mövqeyi artıq ortadadır və Qərb Azərbaycanın ərazi bütövlüyü məsələsində fərqli mövqe nümayiş etdirir. Ona görə də Azərbaycan Avrasiya Birliyinə yönələ bilər.

Azərbaycan Aİ ilə ikitərəfli strateji əməkdaşlıq sazişini imzalamaq niyyətindədir ki, bu da Rusiyanın maraqlarına zidd deyil. Bununla da Azərbaycan Rusiya və  Aİ-ni razı salmaq istəyir. Tərəflər münaqişəyə  getmək  niyyətində deyil. Əslində bu doğru siyasətdir.

Azərbaycanın Aİ ilə assosiativ əməkdaşlıq haqqında saziş imzalaması ciddi proseslərə səbəb ola bilər ki, bunu da proqnozlaşdırmaq mümkün deyil. Assosiativ sazişin imzalanması Rusiyanın qıcığına səbəb ola bilər. Rusiyanın təhdidi nəticəsində Azərbaycan bir neçə Dağlıq Qarabağ tipli bir neçə münaqişə ocağı qazanar. Bu təhükə var. Onun üçün də Azərbaycan hazırda  Rusiya ilə məsafə saxlamaqla maraqlarını uzlaşdırıb problemlərini həll etməyə üstünlük verir.
http://sputnik.az/politics/20150527/400151453.html

Related Articles

Back to top button