AnalysisCorner articles

Demokratiyasız Körfəz Ərəb ölkələrində lüks həyat – 250 min dollar faizsiz kredit

bahrain-manama-cityKörfəz Ərəb ölkələri, onların iqtisadiyyatı, neft siyasəti və digər məsələlər barədə analiz apardım. Oxuyun və paralel olaraq Azərbaycanla müqayisə aparın. Şəkil isə Bəhreyn Krallığıdır.

Azərbaycanda bahaçılıq olması sirr deyil. Təmirsiz və əyri-üyrü tikilmiş evlərdəki mənzillər digər ölkələrdə təmirli və mebelli mənzillərdən baha satılır. Obyektiv səbəblər olsa da, subyektiv səbəblər daha çoxdur. Benzin də bahadır. Özümüzü Avropa ilə müqayisə etməməliyik. Çünki, Azərbaycan Avropa dəyərlərinə söykənən bir topluma və dövlətə sahib deyildir. Ən yaxşısı, ərəb ölkələri ilə müqayisə aparaq.

Ərəb ölkələrində benzin qəpik-quruşdur. Ölkədən ölkəyə bu 0.20 qəpikdən 0.30 qəpiyə qədər dəyişir. Ərəb inqilabları zamanı çaxnaşmaya düçar olan Bəhreyndə gəlir və əlavə gəlir vergisi yoxdur. Pensiyanın aşağı həddi 3,000 ABŞ dollarıdır. Cavan ailələr ipoteka ilə ev almaq üçün böyük məbləğdə pul götürə bilirlər. Əgər ailədə ikinci uşaq dünyaya gəlirsə, o zaman ipoteka borcu iki dəfə azalır. Yəni götürmüşdün 300,000 min dollar. Onun 150,000 ABŞ dollarını hökumət güzəşt edir. Təhsil və tibb pulsuzdur. Əgər bir vətəndaş xaricə oxumağa və ya müalicəyə getmək istəyirsə, sənədlərini təqdim etməklə 30,000 ABŞ dolları pulu yardım kimi götürə bilər. Hər bir vətəndaşın bu hüququ var. Bu yaxınlarda, Bəhreyndə hökumət əhalinin bütün bank borclarını silib. Benzin isə 0.20 qəpikdir.

Belə demək olar ki, Bəhreyn əhalisi Sovetlər dövründə arzuladığımız Kommunizm cəmiyyətində yaşayırlar. Amma, haradasa 40 il əvvəl neft pulları əmirlərin cibinə axırdı, əhali isə kasıbçılıqdan başına çəkməyə yorğan tapmırdı. Elektrik qonşuluqda yerləşən Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 1967-ci ildə çəkilib. Ona qədər isə neftlə işləyən və hər tərəfi hisə bürüyən çıraq işığında oturublar. Nə xəstəxana olub, nə də avtomobillər. İndi isə BƏƏ, Qətər və Kuveytdə ən yaxşı həkimlər çalışır və onların minimal əmək haqqı 15,000 ABŞ dollarıdır. Kuveytdə təzə evlənən cütlük 250,000 ABŞ dolları həcmində faizsiz kredit götürə bilər. Bir manat belə faiz ödənilmir. Çörək, düyü və bitki yağlarına qiyməti dövlət tənzimləyir. Körfəz ölkələrində ərzağın qiyməti 70-ci illərdən bəri dəyişməz olaraq qalır. Azərbaycanda pişik asqıran kimi qiymətlər qalxır. Kuveytdə də minimal pensiya 3000 dollardır. Əgər qadın ərindən boşanıbsa, iş tapana qədər dövlət ona aylıq 1400 dollar müavinət ödəyir.

Oman Sultanlığında da gəlir vergisi yoxdur. Beş il bundan öncə hökumət sosial proqram tətbiq edib və hər bir vətəndaş pasportunu təqdim etməklə hər gün maqazinlərdən 1 kq düyü, 1 kq un, 1 kq toyuq əti və avtomobilinə 10 litr benzin tökə bilər. Körfəz Ərəb ölkələri içərisində ən xəsisi Birləşmiş Ərəb Əmirlikləri hesab olunur və orada da faizsiz kredit verilir. BƏƏ-də hər doğulan uşağa görə valideynlərinə 25,000 ABŞ dolları mükafat verilir. Bu ölkədə vətəndaşlar işıq və suya görə pul ödəmirlər.

Körfəz Ərəb ölkələri neftdən sonra düşəcəkləri vəziyyəti də qiymətləndirməyə başlayıblar. Artıq neftdən asılılığı aradan qaldırmaq üçün turizm sahəsinə böyük önəm verməyə başlayıblar və nəticə də ortadadır. Əmirlikdə yetişdirilən çiyələk dünya bazarına da çıxarılır. Hətta, Birləşmiş Ərəb Əmirliklərində pivə istehsalı ilə bağlı müzakirələr gedir. Hətta, zarafatla qeyd edirlər ki, neft qurtarandan sonra pivə satacayıq. İkisi də mayedir.
Birləşmiş Ərəb Əmirliklərində qum ölüdür. Ancaq və ancaq xurma bitir. Hazırda BƏƏ istixanalar ölkəsi kimi də tanınır. Artıq əhalinin 7%-i kənd təsərrüfatı ilə məşğuldur. 30% ərzaq məhsullarını özləri istehsal edirlər.

BƏƏ-nin 1980-ci ildə bütün gəlirlərinin 93%-ni neft təşkil edib. İndi isə bu 48%-ə bərabərdir. Hazırdakı inkişaf tempi yaxın illərdə neftdən bütün asılılığı aradan qaldıracaq kimi götrünür. Hər il bu ölkəyə 10 milyon turist gəlir. Ölkə əhalisinin böyük bir hissəsi otel və digər xidmət sahələrində çalışır. BƏƏ və Bəhreyn günəş enerjisinə də böyük yatırımlar qoyurlar. Yaxın illərdə bütün ölkənin 5% enerji təminatının günəş enerjisi ilə təmin edilməsi vəzifəsi qarşıya qoyulub.

Bəhreyndə demək olar ki, neft 15 il bundan öncə qurtarıb. Neft artıq son akkordlarını vurur. Amma, Bəhreyn çox böyük Neft Emalı Zavodu tikib. Hazırda Səudiyyə Ərəbistanından gələn neft, əsasən burada emal olunur və bu da Bəhreynə böyük gəlirlər əldə etməyə imkan verir. Ölkədə çox böyük alüminium kompleksi də tikilib. Zavod Avstraliyadan gələn xammalla işləyir. Hazırda, Bəhreyn dünyada əsas alüminium istehsal edən ölkələrdən biridir. Ada ölkəsi olan Bəhreyn həm də dünyanın maliyyə mərkəzinə çevrilib. Ölkədə dünya banklarının 200 yaxın nümayəndəliyi fəaliyyət göstərir. Bunun nəticəsində Krallığın 20% gəliri bank sektorunun payına düşür.

Azərbaycana neft gəlirlərinin gəlməsindən çox zaman keçib. Bu illər ərzində daha geniş iqtisadiyyata malik bir ölkə qurmaq olardı. Bu gün isə belə çıxır ki, ölkənin milyardlarla sərvəti zavod və fabrik tikmək adı ilə villalar, malikanələr və nağıl kimi həyat qurmağa yönəlibmiş.

Hələ də gec deyil. Neftin qiymətinin aşağı düşməsi çox ciddi dərs kimi nəzərdən keçirilərək, ölkə iqtisadiyyatınının səmərəli və neftdən asılı durumdan qurtaracaq sahələrə yönəlik fəaliyyət üzərində qurulmalıdır. Ən azından tikintisi sual altında qalan neft ayırma zavodunun tikintisi yenidən gündəmdə olmalıdır.

Related Articles

Back to top button