AnalysisCorner articles

Ukraynada siyasi vəziyyət Azərbaycanın 90-cı illərinə bənzəyir

wpid-20150604_085831.jpgUkraynada əvvəllər də olmuşdum. Amma, bu səfərimdə daha çox araşdırma və müşahidə apardım. Bir məsələ tam dəqiqdir. Ukrayna xalqı səmimi olaraq Avropa Birliyinə inteqrasiya etmək istəyir. Bunu onların davranışında, yazı və verilişlərində, üz ifadəsində və hətta həyat tərzlərində belə sezmək mümkündür.

Gedişimin məqsədi Şərq Tərəfdaşlığı ölkələrində təhlükəsizlik məsələləri idi. Bütün konfrans ərzində məlum oldu ki, yeganə təhlükə şimal qonşumuz olan Rusiyadan gəlir. Mən və digər azərbaycanlı iştirakçılar da bu barədə fikirlərini bölüşdülər. Azərbaycanın da təhlükəsizliyi və müstəqilliyinin qorunması üçün Avropa Birliyinin zəmanəti lazımdır. Ümumiyyətlə, Şərq Tərəfdaşlığı ilə bağlı Avropa Birliyinin konsepsiyası yoxdur. Bu da narahatverici amildir. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də ikili standartlar olduqca, Azərbaycan üçün təhlükə hər zaman qalacaq və Avropa Birliyi ilə səmimi siyasət də alınmayacaq.

Səfərimizin ilk günü Ali Radanın – Ukrayna parlamentinin dörd nəfər üzvü ilə müzakirələr oldu. Elə ilk baxışdan onların küçədən – Maydandan gəldiyi hər türlü hallarından məlum olurdu. Pafos və inamla danışırdılar. Onlar həvəs və səmimi olaraq fərqli, dəyərlərə söykənən və korrupsiyadan uzaq bir Ukrayna yaratmağın mümkünlüyünü deyir və bunun üçün qarşılaşdıqları problemləri sadalayırdılar. Gözümün qabağına Azərbaycanın 90-cı illəri gəldi. Səmimi istək, təcrübəsizlik və kəsad maliyyə vəsaiti. Elə cavan oğlan və xanım deputatlar da islahatların keçirilməsi üçün vəsaitin olmamasını söyləyirdilər. İnandım ki, bu cavan təcrübəsiz deputatlar və onların parlamentdə təmsil etdiyi otuz nəfərlik “avro-optimist” qrupu çox işlər görməyə nail olacaq. Əgər, Qərb ciddi maliyyə və texniki dəstək versə.

Keçək Ukrayna barədə müşahidələrimizə.

Ukraynalılar inanır ki, ruslar monqol-tatarların tör-töküntüsüdür. Əsl slavyan xalqı və Rus dövlətinin banisi Kiev knyazlığı olub. Hətta, daha uzağa gedərək Rusiya və Ukraynanın dövlət atributlarını müqayisə edirlər. Ədalət naminə demək lazımdır ki, keçmiş monqol-tatarların simvolları ilə bu günkü Rusiyanın dövlət simvolları heyrətamiz şəkildə eynilik təşkil edir. Eyni ibrətamiz şəkildə də Qədim Kiev Rus dövləti ilə indiki Ukrayna dövlətinin simvolları demək olar ki, eynidir. Bunun isə həqiqət olub olmamasını gərək tarixçilər araşdırsın. Bizə düşməz.wpid-20150605_131323-1.jpg

Kiyevdə qiymətlər Bakıdan ucuzdur. Şəhərdə isə heç bir süni gözəlləşdirmə aparılmayıb. İnfrastruktur da köhnədən qalmadır. Amma, hər kəsin bildiyi kimi Kiyevin təbii gözəlliyi var. Cah-cəlallı restoranlar da o qədər çox deyil. Mağazalar da Bakı supermarketləri kimi bol deyil. Elə bil 80-ci illərdəki qastranomdasan. Hətta, bazarlar da kasaddır. Kasıbçılıq hər tərəfdə özünü biruzə verir. Mərkəzi küçə olan və Maydanın da yerləşdiyi Kreşatikdə olan Bassarabskiy bazarda 2004-cü ildə olmuşdum. O zaman bazarda olan çeşidlər göz qamaşdırırdı. Bal sevdiyim üçün fikir vermişdim. O zaman bal çeşidləri hər tərəfə düzülmüşdü. İndi isə o boyda bazarda cəmi 4-5 litr bal varıydı. Onun da yarısını biz aldıq. Digər məhsullar da bol deyildi. Müştəri də yox dərəscəsindəydi. Gördüyüm və daxil olduğum maqazinlər içində keçmişdə Prezident Poroşenkoya məxsus Roşen dükanları az-çox qələbəlik idi. Şokolad və şirniyyat çeşidləri bol idi və Ukraynalılar dünya şöhrətli Roşen şokolad şəbəkəsi yaratmaqla fəxr edə bilərlər. Heç bir turist Roşen mağazasına girib nəsə almamış Ukraynanı tərk etmir. Məhsullar da keyfiyyətli. Bakıda da Roşenin çox çeşidləri satılır, amma Bakıda olmayan onlarla dadlı çeşidlər də var.

wpid-20150603_120507.jpgKiev metrosu böyükdür və çox ərazini əhatə edir. Metroya girişlər və çıxışlar alış-veriş mərkəzləridir. Az qala bizim 20 yanvar stansiyasındakı giriş və çıxışa bənzəyir, lakin bir neçə dəfə böyükdür. Təmizlik də zəifdir. Hər stansiyanın da ciddi təmirə ehtiyacı var. Bakı metrosu daha təmiz və daha gözəldir.

Əsas məsələyə keçid alaq. Mübahisəyə də girişə bilərəm ki, Kiyevdə hazırdakı siyasi vəziyyət daha çox Azərbaycanın 90-cı illərinin vəziyyətinə bənzəyir. Əslində, hər cəhətdən. İqtisadi və sosial vəziyyət də bənzərdir. Siyasi və hərbi vəziyyəti isə tam oxşar kimi görünür. Donbassda müharibə gedir və hər gün insanlar ölür. 7 minə qədər insan ölüb və milyona yaxın insan məcburi köçkünə çevrilib. Paytaxt Kiyevdə isə müharibə abi-havası yoxdur. Parklarda gənclər uca musiqi altında pivə içir, rəqs edir və şadyanalıqla qışqırırlar. Heç elə bil müharibə vəziyyətində olan ölkə deyil. Bakı da belə idi, Qarabağda minlərlə insan ölürdü, Bakıda isə insanlar eyş-işrət məclisləri qurur və bütün avtobus dayanacaqlarında uca səslə maqnitofonlar oxuyurdu. Xəstəxanalarda isə yaralılar ah-nalə çəkirdi. Kiyevin bu halı xoşuma gəlmədi. Çox narahat oldum ki, hələ də Ukraynalılar yetişkin bir toplum ola bilməyiblər. Yəqin ki, hələ onilliklər lazımdır ki, fərqli bir Ukrayna yaransın. Belə çıxır ki, indiyə kimi olan hakimiyyətlər daşı daş üstə qoymayıblar. Ukrayna 90-cı illəri təzədən yaşamalı olur. Ümidverici məsələ budur ki, Ukrayna Avropaya inteqrasiya edir və daha ciddi maliyyə dəstəyi də qazanacaq. Buna görə də yeni sistemə keçid dövrü iki dəfə qısala da bilər.

Kiyevdə tramvaylar mənə keçmiş Bakını xatırlatdı. Sovetlər dönəmindən qalan tramvaylar Kiyevin küçələrində tak-takını davam etdirir. Bakıdakı kimi nə relsi söküb satıblar, nə də tramvayları. Hacıbala müəllim tramvayların kökünə daş atdı. Çox heyf.

Kiyevdə yol mədəniyyəti Bakıdan çox üstündür. Qayda-qanunu pozan sürücü azdır. Bakı Qalenvagenlə doludur, amma Kiyevdə cəmi iki dəfə gözümə sataşdı. Dəbdəbəli imarətlər, binalar və avtomobillər də azdır. Kiyevi iki yerə parçalayan Dnepr çayının sağ sahili çimərlikdur. Nabrana oxşayır. Fərq bundadır ki, Nabranın yaşıllığını məhv edib obyektlər tikiblər və sahil zolağı da turizm fəlsəfəsindən çox uzaqdır. Amma, Dneprin sağ sahilinin böyük hissəsi isə çimərlik və piknik üçün çox yararlıdır.

Kiyevdən xoş əhvalla ayrıldıq. Ölkəni tərk edən sərnişinlərdə yeni tikilən və istifadəyə verilən beynəlxalq hava terminalı xoş hisslər oyadır. Gözəl, səliqəli və bol maqazinli.

Related Articles

Back to top button