Hakimiyyətdə kim olur-olsun, Türkiyə-Azərbaycan qardaşlığı davam edəcək

Posted by on 21 June, 2015
This post was filed in Müsahibələr and has no comments yet
-1

razi nurRazi Nurullayev: “HDP-nin hədəfi ona gətirib çıxaracaq ki, sonda Türkiyə cəmiyyətində belə kürd dövlətinin qurulması məsələsi gündəmə gələcək və ictimai rəydə özünə geniş yer alacaq”

7 iyun Türkiyə Böyük Millət Məclisinə keçirilən parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyası (AKP) 10% səs itirərək, təkbaşına hökumət qura biləcək qədər yer qazana bilmədi. Bu ölkədə tarixdə ilk dəfə olaraq kürd siyasi hərəkatı kimi tanınan Xalqların Demokratik Partiyası (HDP) seçkidə 12 faiz səs qazandı. Seçicilərin təxminən 5 milyon nəfərinin HDP-yə səs verməsi bu partiyanın parlamentdə 80 millət vəkili ilə təmsil olmasına imkan yaratdı. Seçkilərin nəticələri fonunda Türkiyədə proseslərin sonrakı inkişafını “Region” Beynəlxalq Analitik Mərkəzinin rəhbəri Razi Nurullayevlə şərh etməyə çalışdıq.

– Razi bəy, kürd terrorunun mövcudluğu şəraitində sizcə, HDP nədən bu qədər yer qazana bildi?

– Adətən HDP nümayəndələri seçkilərə müstəqil namizəd kimi qatılıblar və ötən çağırışda parlamentdə 30-a yaxın millət vəkili ilə təmsil olunub. Budəfəki seçkilərdə isə HDP vahid formada iştirak edərək, 80 mandat qazandı. Xatırladım ki, bu partiya yarandığı ilk zamanlarda kürdlər tərəfindən birmənalı qarşılanmırdı. Hətta o vaxt PKK da onu özünün siyasi qanadı kimi tanımırdı. Amma son 4-5 ildir HDP həmin təşkilatın siyasi varisi rolunda çıxış edir. Və artıq PKK-nın beynəlxalq aləmdə qəbul olunan daha sivil, daha mədəni və daha legitim bir forması kimi yaddaşlarda oturuşa bilib. Bununla yanaşı, HDP-nin siyasi təşkilat olaraq ortaya çıxmasında qurumun həmsədri Səlahəddin Dəmirtaşın da kifayət qədr rolu var. Ötən dövr ərzində HDP özünü müxalif siyasi güc kimi sübut edərək, kəskin mövqe, fərqli proqramlar ortaya qoya bildi. Nəticədə isə parlamentdə 80 yer qazandı. İndiyə qədər hakim AKP-ni dəstəkləyən bir çox kürdlər HDP-yə meyl edərək, səslərini ona verdilər.hdp

– HDP-nin parlamentdə elə Milliyyətçi Hərəkat Partiyası (MHP) qədər yer alması fonunda Türkiyənin gələcəyini necə görürsünüz?

– Mən düşünmürəm ki, HDP hər hansı münaqişənin başlamasında maraqlıdır. Əgər belə bir situasiya baş verərsə, Türkiyə qanunvericiliyənə görə HDP ləğv olunacaq və mandatları əlindən alınacaq. Bu halda HDP hətta beynəlxalq dəstəyi də itirə bilər. Çünki indiki dünya sivil mübarizə tələb edir. Fikrimcə, bundan sonra HDP Türkiyədə tərəddüd içində olan digər kütlələrin və qüvvələrin də səsini qazanmaq üçün daha geniş, daha müstəqil fəaliyyət göstərməyə çalışacaq. Sonda onların hədəfi ona gətirib çıxaracaq ki, artıq Türkiyə cəmiyyətində belə kürd dövlətinin qurulması məsələsi gündəmə gələcək və ictimai rəydə özünə geniş yer alacaq, ən radikal qüvvələr arasında müəyyən yumşalmalar əmələ gəlməyə başlayacaq. Görünən budur ki, artıq Türkiyənin siyasi cameəsində kürd məsələsinə münasibət dəyişib. Hazırda kürd dövlətinin qurulmasına, AKP-nin irəli sürdüyü “barış sürəci”nə (Türkiyə dövləti ilə silahlı PKK təşkilatı arasında gedən danışıqlar – red.) qarşı çıxan yalnız Milliyyətçi Hərəkat Partiyasıdır.

– Kürd seçiciləri mediaya açıqlamalarında HDP-yə inandıqlarını, bu partiyanın bir çox problemləri çözə biləcəyini bidiriblər. Məlumdur ki, indiyə qədər Türkiyə dövləti ilə PKK arasında gedən münaqişədə 40 min insan həyatını itirib. Bəs bu ölkədə terror aktları, silahlı qarşıdurmalar necə, səngiyəcəkmi?

– Qeyd edim ki, “barış sürəci” başlayandan sonra Türkiyədə partlayışlar, insan ölümləri, silahlı qarşıdurmalar xeyli azalıb. Hətta İraq Kürdistanı ilə Türkiyə dövləti arasında isti münasibətlər, iqtisadi əməkdaşlıq yaranıb. İraq Kürdistanı neftini məhz Türkiyənin köməyi ilə dünya bazarına çıxarır. Məncə, Türkiyə dövləti, oradakı qüvvələr kürd probleminin həllində maraqlıdırlar. Hətta ən radikal mövqe sərgiləyən MHP də münaqişənin yenidən başlamasına razı ola bilməz. Ümumiyyətlə, artıq şüurlarda irəliləyişlər əmələ gəlib. Yəni bu gün həm kürdlər, həm də türklər barış istəyir. Sadəcə, ortada olan müəyyən stereotipləri həll etmək lazım gələcək. Məsələ burasındadır ki, Türkiyə öz ərazisində kürd dövlətinin qurulmasına psixoloji cəhətdən hazır deyil. Elə türk xalqının psixoloji durumu da hələ ki buna imkan vermir. Çox güman ki, bunun üçün müəyyən bir zamanın keçməsi tələb olunacaq. Türkiyədə koalisiyon hökumət qurularsa və müxtəlif məsələlərdə ciddi fikir ayrılıqları yaranarsa bundan sui-istifadə halları istisna deyil. Bu zaman kürdlərlə türklər arasında barışı pozmağa cəhd göstərən qüvvələrin fəaliyyətə keçməsi də mümkündür. Bir türkün, yaxud bir kürdün öldürülməsi və ya hər hansı hücumun təşkili, bilərəkdən insanların mənəviyyatına, heysiyyatına toxunulması kütlələr arasında asanlıqla təlatümə, çaxnaşmaya səbəb ola bilər. Odur ki, baş verə biləcək hadisələri önləmək üçün Türkiyədə güclü dövlətin və güclü hökumətin olması lazımdır.

– Sizcə, Türkiyədə seçkilərin nəticələrinin Azərbaycan-Türkiyə münasibətlərinə mənfi təsiri gözləniləndirmi?

– Türkiyədə kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, ölkələrimiz arasındakı münasibətlərə xələl gəlməyəcək. Hakimiyyətə gələn istənilən qüvvə Azərbaycanla isti münasibətləri qoruyub saxlamağa çalışacaq. Hətta HDP gücləndikcə onun da ölkəmizlə münasibəti müsbət yöndə inkişaf edəcək. O baxımdanAzərbaycan-Türkiyə münasibətlərinə zərbə vuracaq heç bir mənfi təsir gözləmirəm.

 “Yeni Nəbz”/Əsmanur

0
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

Leave a Comment