Interviews

Ankara Suriyada Kürd dövlətinin yaranmasına icazə verməyəcək

razi suriya“Dünya praktikasında belədir ki, məğlub və qeyri-populyar hökumətlər hər zaman əhalinin ən çox simpatiyası olan milli məsələlərdə önə gedərək populist addım atmaqla reytinqini qaldırmaq istəyir. Təbii ki, Sərkisyanın da ürəyindən bu keçir. Hətta o istəyərdi ki, Dağlıq Qarabağda iki-üç gün müharibə şəraiti yaransın. Bu, onun populyarlığını artırardı. Eyni zamanda, erməni cəmiyyətində mitinqçilərə qarşı kampaniya başladılardı ki, Sərkisyan Qarabağda irəliyə gedir, İrəvanda isə bir qrup onun ayağının altını qazır. Beləcə, indi etiraz edənləri xain, satqın adlandıra bilərdilər. Ancaq indilikdə Ermənistanın belə bir gücü və imkanı yoxdur. Ermənistan belə bir gücü Rusiyadan ala bilərdi. Amma Rusiyanın Azərbaycanla münasibətləri normal şəkildədir. Hətta Azərbaycan Rusiyadan istifadə etməklə işğal edilən ərazilərin bir hissəsini geri qaytarmaq əzmindədir”.

Bunu Teleqraf.com-a müsahibəsində politoloq Razi Nurullayev bildirib. Müsahibəni təqdim edirik:

– Razi bəy, neçə gündür ki, İrəvanda aksiyalar başlayıb. Düşmən ölkədə nə baş verir?

– Təbii ki, Ermənistanın iqtisadi vəziyyəti acınacaqlı durumdadır. Bunun da fonunda sosial vəziyyət ağır olaraq qalır. Ermənistan Avrasiya İttifaqına daxil olduqdan sonra erməni cəmiyyətinin Rusiyadan müəyyən gözləntiləri var idi. Lakin bu gözləntilər təhlükəsizlik və hərbi baxımdan qarşılanır. Amma artıq bu proses də ikinci plana keçir. Çünki xalqı daha çox sosial problemlərin həlli maraqlandırır. İndilikdə ac, işsiz və zəif olan erməni xalqı heç də təhlükəsizliyi birinci prioritet məsələ kimi qəbul etmir. Hazırda Ermənistanda sosial-iqtisadi məsələ önə çıxdığı üçün bu ixtişaşlar yaranır. İkinci məqam kimi Ermənistan Avropa Birliyi ilə assosiativ saziş imzalamalı idi. Lakin rəsmi İrəvan bu sazişi bağlamaqdan imtina etdi və Avrasiya İttifaqı ilə əməkdaşlığı əsas yol olaraq seçdi. Bu iki yol arasında qalan Ermənistan cəmiyyəti iki hissəyə bölünüb: Avropaya inteqrasiya etmək istəyənlər, öz gələcəyini, hobbisini Avropada axtaranlar və müəyyən qədər dayaqlara malik olan və öz gələcəklərini Rusiyada görənlər. İkinci qrup hesab edir ki, Rusiyaya mümkün qədər yaxınlaşmaqla Ermənistanın problemlərini həll etmək mümkündür. Amma Sərkisyanın apardığı ikili oyun erməni cəmiyyətini qane etmir. Çünki o, nə qərbyönlü, nə də Rusiyapərəstdir. Əslində, Sərkisyanın bu siyasətindən Moskva da narazıdır. Odur ki, Ermənistanda bu cür ixtişaş və aksiyaların olması müəyyən mənada Moskvanın da maraqlarına uyğundur. Bu, həm də Sərkisyana cəza tədbiridir. Eyni zamanda, Ermənistanda müəyyən mənada oyanma prosesi gedir, əsas mübarizə qərbpərəst və ruspərəstlər arasındadır. Məncə, zaman keçdikcə, bu mübarizə daha da dərinləşəcək. Nəticədə Sərkisyanın dayaqları zəifləyəcək.

– Bu prosesin arxasında görünməyən qüvvələr var?

– Ermənistanda baş verən mitinqlərin və ixtişaşların arxasında hansısa qüvvələrin durması o qədər də real deyil. Əlbəttə, Moskva tərəfindən idarə edilən qüvvələr var və onlar bu ixtişaşlardan Rusiyanın lehinə yararlanmaq istəyirlər. Yəni, etiraz aksiyalarının başlanması hansısa düymənin basılması ilə baş verməyib. Əslində, maraqlı olan qüvvələr bu proses başlayandan sonra işə düşüblər. Qərbpərəst qüvvələr bu hadisədən Qərbin xeyrinə istifadə etmək istəyir. Burada müəyyən mənada Qərbin barmağı ola bilər və bununla da çalışılar ki, Ermənistan Avropa Birliyi ilə assosiativ sazişi imzalasın. Rusiyaya meyl edən qüvvələr isə bu prosesdə maraqlıdır ki, Ermənistanın Avropa ilə bütün əlaqələri kəsilsin. Yəni hər iki qüvvə prosesdən bəhrələnmək istəyir. Təbii ki, Azərbaycan cəmiyyəti və dövləti üçün Ermənistanın zəifləməsi daha məqbuldur. Ermənistan işğalçı dövlətdir. Azərbaycan bu məsələlərdən öz xeyrinə bəhrələnmək istəyir. Təbii ki, İrəvanda ixtişaşların böyüməsi, Ermənistandakı hazırkı irtica rejiminin devrilməsi bizim marağımıza daxildir.

– Erməni hakimiyyəti İrəvanda baş verən aksiyaya gah müdaxilə edir, gah da narazılarla danışıqlar aparır. Sanki erməni hökumətinin aksiyaçılarla bağlı qəti qərarı yoxdur. Bunu necə anlamaq olar?

– Gözü çıxmış qardaşdan dərs götürmək məsələsi var. İstər Ukraynada, istərsə də digər ölkələrdə belə aksiyalar sonda böyüyüb ixtişaşlara çevrildi və mərkəzi hökumətlər bunun qarşısını ala bilmədi. İndi erməni cəmiyyətində bu aksiyalar daha geniş miqyas ala bilər. Ermənistan hökuməti də bu məqamı nəzərə almaya bilməz. Odur ki, iqtidar birbaşa aksiyaya hücum edib dağıtmağın mənasız olduğunu anlayaraq mitinqləri zəiflədərək idarə edilən hala gətirmək xətti yürüdür. Beləcə, aksiyaçıların nə zamansa bezib geri çəkiləcəyini düşünür. Bu mənada, Sərkisyan müəyyən mərhələdə aksiyaya müdaxilə edərək onun böyüməsinin qarşısını alır, parçalayır, sonra isə geri çəkilərək liberal obraz yaradır. Çünki beynəlxalq təzyiqlərdən də ehtiyat edir. Hazırda beynəlxalq təşkilatlar, hökumətlər Ermənistanla bağlı sərt və qəti tənqidlər səsləndirir. Bu mənada, erməni hakimiyyəti liberal xətlə qəddar siyasətini balanslaşdırır və barəsində liberal hakimiyyət obrazını yaradır. Hesab edirəm ki, burada məqsəd mitinqlərin daha əhatəli olmasının qarşısını almaqdır.

– Son zamanlar erməni tərəfi cəbhədə atəşkəs rejimini pozur. Bu, Ermənistandakı daxili durumdan qaynaqlana, erməni hökumətinin diqqəti cəbhəyə istiqamətləndirməsi üçün düşünülən addımlar ola bilərmi?

– Təbii ki, Ermənistanda baş verən aksiyalar fonunda erməni hakimiyyəti anlayır ki, bu hal cəbhədə əsgərlərin əhval-ruhiyyəsinə ciddi şəkildə təsir edir. Və bu təsir neqativ xarakterlidir. Bu mənada, hökumət gücünü də cəbhə bölgəsinə yönəltmək istəyir. Həm də dünya praktikasında belədir ki, məğlub və qeyri-populyar hökumətlər hər zaman əhalinin ən çox simpatiyası olan milli məsələlərdə önə gedərək populist addım atmaqla reytinqini qaldırmaq istəyir. Təbii ki, Sərkisyanın da ürəyindən bu keçir. Hətta o istəyərdi ki, Dağlıq Qarabağda iki üç gün müharibə şəraiti yaransın. Bu, onun populyarlığını artırardı. Eyni zamanda, erməni cəmiyyətində mitinqçilərə qarşı kampaniya başladılardı ki, Sərkisyan Qarabağda irəliyə gedir, İrəvanda isə bir qrup onun ayağının altını qazır. Beləcə, indi etiraz edənləri xain, satqın adlandıra bilərdilər. Ancaq indilikdə Ermənistanın belə bir gücü və imkanı yoxdur. Ermənistan belə bir gücü Rusiyadan ala bilərdi. Amma Rusiyanın Azərbaycanla münasibətləri normal şəkildədir. Hətta Azərbaycan Rusiyadan istifadə etməklə işğal edilən ərazilərin bir hissəsini geri qaytarmaq əzmindədir. Bu məsələ də masadadır. Odur ki, erməni hakimiyyətinin bu şansı aradan çıxıb.

– Ermənistanda baş verən bu aksiyalar böyüyərək hakimiyyət dəyişikliyini şərtləndirə bilərmi?

– İndilikdə bunu gözləmək tezdir. Çünki hazırda Sərkisyan yolunu azanda Moskva onu doğru hesab etdiyi yola qaytara bilir. Bu baxımdan, hesab etmirəm ki, Moskva Ermənistanda hakimiyyət dəyişikliyində maraqlı olsun. Qənaətimcə, Moskva indilikdə Sərkisyanın hakimiyyətdə qalmasında maraqlıdır. Bu mənada, indi Ermənistanda hakimiyyət dəyişikliyi prosesi real görünmür.

– Ancaq bu müddət həm də Sərkisyanın sonuncu prezidentlik müddətidir…

– Bəli, tamamilə haqlısınız. Moskvanın özünün müəyyən planları var və hazırda Sərkisyanın istefaya göndərilməsi onun maraqlarına cavab vermir.

– Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün hazırlanması haqda xəbərlər yayılıb. Bu görüş Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından irəliyə doğru addım ola bilərmi?

– İndilikdə belə bir xəbər yayılıb. Bu görüşün baş tutmama ehtimalı da çoxdur. Erməni tərəfinin məqsədi odur ki, belə görüşlərlə vaxtı uzatsın. Azərbaycan Prezidenti də bunu çox gözəl bilir. Amma müəyyən bir irəliləyiş olacağı ümidi, eləcə də, Rusiya və həmsədr ölkələri tərəfindən verilən qarantiya nəticəsində Azərbaycan tərəfi bu görüşə qatılır və nəticəyə ümid edir. Lakin son zamanlar belə görüşlər yoxdur, çünki Azərbaycan tərəfi indiyə qədər olan görüşlərdə konkret nəticənin olmadığını görür. Bu mənada real bir nəticə olmazsa, Azərbaycan Prezidenti təbii ki, bu görüşə qatılmayacaq. Amma son zamanlar Rusiyanın ətraf rayonların Azərbaycana qaytarılması ilə bağlı müəyyən planlara malik olduğu gündəmdədir. Bu haqda müəyyən söhbətlər var və mən bu söhbətlərə inanıram. Əgər belə bir razılaşma olacaqsa, bu zaman görüş baş tuta bilər. Bəllidir ki, Dağlıq Qarabağdan kənar rayonların geri qaytarılmamasını Ermənistan təhlükəsizlik məsələləri ilə əlaqələndirir. Hesab edir ki, de fakto Qarabağın ətrafında bufer təhlükəsizlik zonası yaradıb. Rusiya bu missiyanı üzərinə götürsə və Azərbaycan buna razılıq verərsə, bu zaman Ermənistanın bəhanəsi əlində çıxacaq. Hesab edirəm ki, belə halda erməni tərəfi 6-7 rayonu geri qaytara, Dağlıq Qarabağda isə sülhməramlı tabor yerləşdirilə bilər. İndilikdə bunlar yalnız söz-söhbət mövzusudur, amma həm də reallığa uyğundur.

– Türkiyə ordusunun Suriyaya daxil olacağı məsələsi də gündəmdədir. Aydın görünür ki, Ankara Kobani istiqamətində ordu toplayır. Bu müdaxilə mümkündürmü?

– Son günlərdə dünyanın və Türkiyənin bir sıra mətbuat orqanlarında Ankaranın Suriyaya hərbi müdaxilə edəcəyi ilə bağlı yazılar yer almaqdadır. Türkiyənin cənub sərhədində, xüsusən də Suriya ilə sərhəddə yaranmış vəziyyət rəsmi Ankaranı ciddi narahat edir və burada baş verən proseslər ölkənin təhlükəsizliyinə ciddi təhdidlər yaradır. Yəni, kürdlərin aktivləşməsi və orada kürd dövləti yaratmaq niyyəti, İŞİD terrorçularının aktivləşməsi, Suriyadan olan qaçqınların artması kimi amillər rəsmi Ankaranı əndişələndirir və Türkiyə bu təhlükəni aradan qaldırmaq üçün müəyyən planları həyata keçirməyə məcbur edir. Türkiyənin bu planlarından biri və ən realı da Suriya ərazisinə 50 km-dək daxil olaraq burada təhlükəsizlik bufer zonası yaratmaqdır. Türkiyə yəqin ki, bu planı reallaşdıracaq. Sadəcə, zamana ehtiyac var. Türkiyə bu təhlükəsizlik kəməri yaratmaqla həm suriyalı qaçqınları ora yerləşdirəcək, həm də özünü təhlükədən qoruyacaq. Ankara bu prosesə hətta beynəlxalq gücləri də cəlb edə bilər. Bu yolla Ankara həmçinin kürd dövlətinin yaranması prosesini əngəlləyəcək. Məncə, kürd dövlətinin yaranması reallaşarsa, Ankara beynəlxalq təzyiq və təhdidləri göz önünə alaraq vaxt gözləmədən Suriya ərazisinə girə bilər.

– See more at: http://teleqraf.com/news/62188#sthash.3ovFj8n5.dpuf

 

Related Articles

Back to top button