Analysis

Azərbaycanın Şanxay perspektivi – ANALİZ

sco-india-modi759“Region” Beynəlxalq Analitik Mərkəzin rəhbəri, politoloq Razi Nurullayev Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatındakı perspektivlərini analiz edib.

Başqırdıstanın paytaxtı Ufa şəhəri Azərbaycan tarixinə yazıldı. Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq istəyən ölkələr sırasında Azərbaycanın da adını çəkdi. Azərbaycan siyasi tələblər qoymayan Asiya qitəsi ilə əməkdaşlığa meyllənir. Çünki, Avropa Birliyi liberal iqtisadiyyat, azad cəmiyyət, insan hüquqları və demokratiya barədə danışdıqca, Azərbaycan hökuməti bir o qədər də diksinir və Qərbdən uzaqlaşır.

Buna baxmayaraq, Azərbaycan Qərblə də ikitərəfli əməkdaşlığını saxlayacaq və hətta daha yüksək inkişaf mərhələsində maraqlı olacaq. Sadəcə olaraq, üzərinə öhdəlik qoyan heç bir sənədi imzalamaq fikrində deyil. Siyasi, iqtisadi, sosial və ticari cəhətdən tam bərabər hüquqlu əməkdaşlıq. Amma, Qərb isə bişim-bişim oyununu davam etdirəcək. Başqa yol da yoxdur. Azərbaycana müharibə elan edəsi deyil ki…

2001-ci ildə əsası qoyulan və Çin Xalq Respublikası, Qazaxıstan,  Qırğızıstan,  Rusiya, Tacikistan, Özbəkistanı sıralarında birləşdirən ŞƏT indiyə kimi 1.5 milyard əhalisi olan bir məkanı özündə birləşdirirdi. 10 iyulda isə Ufada keçirilən zirvə toplantısında Hindistan və Pakistanın da bu sıraya qoşulması onu dünyada ən böyük təşkilatlardan birinə çevirdi. Belə demək olar ki, dünya əhalisinin yarıya yaxın bir hissəsi bu təşkilatda birləşmiş oldu.

Rusiya prezidenti Putin və Çin prezidenti Xi Jinping ABŞ-a “təkpolyarlı” dünyanın sonu olduğunu xatırlatdılar. Doğurdan da bu təşkilat qarşısına qoyduğu məqsədlərə çatarsa, o zaman 5-6 ildən sonra dünya düzəninin əsaslı şəkildə dəyişdiyinin şahidi ola bilərik.

Azərbaycanın perspektivləri

ŞƏT-də Azərbaycan tərəfdaş ölkə statusunu aldı. Bundan sonra nə baş verəcək? Təbii ki, Azərbaycan hökuməti var gücü ilə özünü dünyada güc mərkəzi və söz sahibi kimi göstərməyə çalışır. Elə buna görə də “tərəfdaş” ölkədən üzv ölkəyə çevrilmək üçün bütün resurslarını işə salacaq. Azərbaycanın ŞƏT-da ciddi iqtisadi göstəricilər əldə etməsi o qədər real görünmür. Həm də ŞƏT-də ciddi iqtisadi mənfəətlərin olması məsələsi də yoxdur. Bu qurum, əsasən hərbi və geosiyasi bir qurumdur. Azərbaycan hakimiyyəti üçün dünya gücləri ilə bir sırada durmaq çox önəmlidir. Təbii ki, Çin, Rusiya, Hindistan və Pakistan kimi böyük dünya dövlətləri ilə bir yerdə əl sallamaq da az iş deyil.

Digər tərəfdən, ŞƏT Azərbaycanı Avrasiya İttifaqı ilə bir az da yaxınlaşdırır. Azərbaycan Asiya ilə yaxınlaşdıqca, ictimai rəydə də müəyyən immunitetlər əmələ gəlməyə başlayıb. Sabah Azərbaycan Avrasiya İttifaqına qoşulsa da bir il bundan qabaq yaranacaq xaos və çaşqınlıq yarada bilməz. Artıq bu “xəstəliyə” qarşı millətə zərrab vurulub.

Burada, əsas olan digər amillər də var. Dağlıq-Qarabağ münaqişəsinin həlli istiqaməti də dəyişəcək. Artıq bu sahədə önümüzdəki illərdə daha çox söz sahibləri Rusiya və Azərbaycanın Asiya qitəsində yaxınlaşdığı ölkələr olacaq.

Asiya qitəsinin perspektivləri

Artıq Asiya qitəsi iqtisadi möcüzələr yaradan bir məkana çevrilib. Asiyanın iqtisadiyyatı 4.4 milyard əhalini əhatə edir ki, bu da dünya əhalisinin 49 müxtəlif ölkəsində yaşayan 60%-i deməkdir. Asiya hazırda dünyada ən tez böyüyən iqtisadi bölgədir və təbii ki, Azərbaycan həm də iqtisadi cəhətdən çox böyük mənfəətlər əldə edə bilər. Bu bölgə Yaponiya, Cənubi Koreya, Çin və Hindistan kimi güclü iqtisadiyyata və iqtisadi möcüzələr yaratmış ölkələrə malikdir. Bu ərazidə yerləşən və günü-gündən dünya düzənində çəkisini artıran Türkiyə artıq dünyanın 17-ci ən böyük iqtisadiyyatıdır və 2023-cü ilə kimi dünyanın 10 ən böyük iqtisadiyyatı siyahısına daxil olmağı planlayıb. Asiya qitəsi hazırda dünyanın xarici valyuta ehtiyatlarının yarısından çoxuna malikdir və təbii ki, Azərbaycan Asiya ilə iqtisadi əlaqələrini ixrac məhsulları üzrə genişləndirə bilərsə, ciddi mənfəətlər əldə edə bilər.

Asiya qitəsini heç də qeyri-demokratik bir məkan kimi də qələmə vermək olmaz. Artıq Asiyada da özünəməxsus və bəzən ifrat demokratik ənənələr formalaşmaqdadır. Yaponiya. Hindistan və Cənubi Koreya demokratiyası bəzən ifratçılığa da vara bilir. Bu o deməkdir ki, demokratik inkişafa nail olmaq istəyiriksə, Asiya ilə daha yaxın əməkdaşlıq demokratik inkişafa sədd çəkmək deyildir.

Azərbaycanda asan və ağrısız demokratik ənənənin formalaşması isə Avropa Birliyi ilə Assosiasiya Sazişini imzalamaq olardı. Amma, Azərbaycan hakimiyyəti belə görünür ki, demokratik inkişafı hakimiyyət bölgüsü və hakimiyyətin itirilməsi kimi dəyərləndirir. Lakin, ən qəddar ölkələr belə demokratik inkişafa nail olublar. Azərbaycan isə müəyyən demokratiya ənənəsi olan ölkədir və sonunda Azərbaycan yaxın onillikdə tam demokratiyaya mənsub bir ölkəyə çevriləcək.

Related Articles

Check Also
Close
Back to top button