Proposals

Xocalı Soyqırım Parkı yaradılsın – AXCP təklif edir

xocali abidesiDüşünürəm ki, hər bir siyasi partiyanın ümummilli faciəmiz olan Xocalı Soyqırımı ilə bağlı MÖVQE SƏNƏDİ olarsa, işin xeyrinədir. Biz Xocalı Soyqırımı ilə bağlı Mövqe Sənədi hazırladıq.

Dörd mövqe müəyyən etdik. Mövqelərdən doğan təkliflər əmələ gəldi. Vacib təkliflərimizdən biri XOCALI SOYQIRIMI PARKININ yaradılmasıdır. Daha ətraflı Mövqe Sənədimizdə.

Xocalı soyqırımı ilə bağlı MÖVQE SƏNƏDİ

Qətliam tarixi

XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı hələ də tam hüquqi qiymətini almamışdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Rusiya hərbi birləşmələrinin birbaşa iştirakı ilə Ermənistan silahlı qüvvələri Azərbaycanın Xocalı şəhərini işğal etmiş, azərbaycanlılara qarşı dəhşətli soyqırım törətmişdir.

Həmin gün Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal edib. 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı olub. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb.

Mövqe

AXCP Xocalı Soyqırımını ümummilli faciə və azərbaycanlılara qarşı əsrin ən böyük cinayəti hesab edir. Bu qətliamın tanıdılmasında və bütün dünyada hüquqi qiymətini almasında mövqeyindən asılı olmayaraq hər bir siyasi təşkilat, o cümlədən hökumətlə əməkdaşlığa hazırdır.

Əlavə olaraq, AXCP Xocalı qətliamı ilə bağlı tutduğu mövqeyə aşağıda verilən münasibəti sərgiləyir və təkliflər irəli sürür:

1. AXCP “Xocalıya Ədalət” kampaniyasını hakimiyyətin və tərəfdarlarının ən uğurlu təşəbbüslərindən biri sayır və bu çərçivədə aparılan işlərə dəstək verir və verəcəkdir. Təbliğat nəticəsində dünyanın bir çox ölkələrində Xocalı faciəsi anılır, xaricdə yaşayan azərbaycanlılar bu prosesə cəlb edilir, müxtəlif dünya ölkələrində təbliğat xarakterli tədbirlər – filmlər, sərgilər nümayiş etdirilir, erməni cinayətkarlarının iç üzü açılır. Bununla bərabər, xarici ölkələrdə də Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılır, o cümlədən bu günə qədər bir sıra beynəlxalq təşkilatların, bir sıra dövlətlərin Xocalı qətliamının soyqırımı kimi tanınmasına nail olunub.

2. 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti zamanı Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün Bakının Xətai rayonu ərazisində “Ana harayı” abidəsi ucaldılıb. Sonrakı illərdə hakim Yeni Azərbaycan Partiyası iqtidarı tərəfindən abidə abadlaşdırılıb və təkmilləşdirilib. Hər il 26 fevralda yüz minlərlə azərbaycanlı bu xatirə kompleksini ziyarət edir və dəhşətli soyqırımı həmrəyliklə qeyd edir.

Lakin, “Ana harayı” abidə kompleksi Xocalı Soyqırımının bütün dəhşətlərini tam olaraq özündə ehtiva edə bilmir. Buna görə də AXCP abidə komleksinin daha da təkmilləşdirilməsini – Xocalı Soyqırımı Parkının yaradılması təklifini irəli sürür. AXCP təklif edir ki, 5 (beş) hektar ərazidə Xocalı Qətliamı Parkı yaradılsın. Təklif edirik ki, 613 nəfər soyqırıma məruz qalmış şəxslərin abidələri ucaldılsın. Bu Soyqırım Parkının Xocalı qətliamının bütün dünyada tanıdılmasına səbəb olacaq. Bu parkı ziyarət edən hər bir qonaq, xarici missiya, beynəlxalq təşkilatlar qətliamın təsiri altından uzun müddət çıxa bilməyəcəklər. Təklif edirik ki, abidələr mövcud video-görüntülər və əldə olan fotolar vasitəsilə şəkilləndirilsin. Əlavə olaraq, Xocalı Soyqırım Parkı turizm bülletenlərinə və turizm informasiya kitabçalarına əlavə edilsin. Bununla yanaşı, daha üç abidənin – 8 ailənin tamamilə məhv edilməsi, 25 uşağın hər iki valideynini və 130 uşağın valideynlərindən birini itirməsini təcəssüm etdirən abidələrin qoyulması da Xocalı Soyqırım Parkının ürəkləri fəth etməsində böyük rol oynayar.

Təklif edirik ki, hakimiyyət Xocalı Soyqırım Parkının tikintisi ilə bağlı gecikmədən müsbət qərar qəbul etsin və xalqımız 2018-ci ildə Xocalı qurbanlarının xatirəsini yeni məkanda – Xocalı Soyqırım Parkında qeyd etsin.

3. Xocalı qətliamına milli və beynəlxalq səviyyədə hüquqi qiymətin verilməsi mərhələsi konkret günahkar şəxslərin adının çəkilməsi olmalıdır. Bu o zaman uğur sayıla biləcək ki, Xocalı qətliamını tanıyan dövlətlərin qəbul etdikləri sənəd və qətnamələrdə günahkar şəxslərin adı çəkilsin. AXCP hesab edir ki, bundan sonrakı təbliğat mərhələsinin bu istək üzərində qurulmasında böyük fayda var.

4. Xocalı faciəsinin tamamını özündə əks etdirən və dünyaca məşhur şirkətlərin və kino ulduzların iştirakı ilə bədii filmin çəkilməsini zəruru hesab edirik. Bu filmin ərsəyə gəlməsi Xocalı soyqırımın dünyada tanınmasına və təbliğatına əvəzsiz töhfələr verəcəkdir.

Back to top button