Niyə mitinqə qoşulmuruq, yaxud nədən mitinq keçirmək ziyanlıdır

Posted by on 8 September, 2016
This post was filed in Analizlər and has no comments yet
0

fngteakNiyə mitinqə qoşulmuruq, yaxud niyə mitinq keçirmək olmaz – ANALİZLƏRİM VƏ FİKİRLƏRİM

Niyə mitinq taktikasına üstünlük vermirik? Nədən mitinqlərin keçirilməsinin əleyhinəyik? – suallarına cavablar!

Ərəb Baharı başlayanda bu baharın bizim ölkəmizə də gəlməsinə çox ümidli idik. Hətta, hamı 2013-cü ilin dəyişiklik ili olacağını və müxalifətin hakimiyyətə gəlməsi üçün tarixdə bu qədər əlverişli şansın olmadığını vurğulayırdı. Nə baş verdi? Sıfır dəyişiklik və yaranan siyasi fəallığın tam ölümü. Səbəb nə idi, əcaba?

2011-ci ildə o zaman siyasi qüvvələrin yaratdığı və mənim də təmsil olunduğum İctimai Palata mitinq qərarı verdi. Yadımdadır ki, əvvəllər Müsavat partiyasının qərargahında olan kiçik zalı doldurmaq üçün problemlər olurdu. Dəhlizdə dayanan adamları içəri doldururduq ki, boş yer qalmasın. Amma, Ərəb baharından sonra tədricən nəinki zal, həm də dəhlizlərdə yer olmurdu. Mart ayının əvvəllərində artıq İctimai Palatanın qərargah kimi istifadə etdiyi Müsavat partiyasının qərargahının çölündə də adamlar topa-topa görünməyə başladı. Say günü-gündən o qədər artırdı ki, bəziləri belə getsə dəyişikliyin may ayında olacağını düşünürdülər. İctimai Palatanın Kordinasiya Şurası sə əmin idi ki, maksimum oktyabr ayına kimi siyasi hakimiyyət məsələsini həll etmək olar.

Bu düşüncə tərzi doğru idi. Çünki, 2005-ci ildən bəri ilk dəfə idi ki, dəvət etmədiyimiz, tanımadığımız adamlar prosesə qoşulmağa başladılar. İllərdir siyasi mövqe sərgiləməyən ziyalılar yavaş-yavaş danışmağa başlayırdılar. Bütün qurumlar fəallaşmışdı, iclaslar dalbadal keçirilirdi. Rayonlarda siyasi qüvvələrin təmsilçiləri birləşərək Bakıya – siyasi partiyalarına mesaj göndərirdilər ki, sizdən öncə biz birləşirik. Bölünməyən bir şeyimiz yoxdur.

Proses elə gözəl gedirdi ki. Fəallıq şaquli və üfiqi olaraq elə gözəl qalxırdı ki… Uzun müddət passivlik burulğanında boğulan və hakimiyyətin sərt üzü ilə üzləşərək zoran gücünü itirən müxalifət olaraq, balaca başımızı qaldıran kimi bədənimizdən böyük iddilara düşdük. Bəlkə də bu iddia deyildi. Siyasi oyunun – bəlkə də razılaşdırılmış çirkli siyasi oyunun bir parçası idi.

Müsavat mart ayının 11-nə mitinq qərarı verdi. Gözlənilmədən və ehtiyac olmadan. İctimai Palatada öyrədilmiş adamlar mitinq lehinə çıxış etməyə başladılar. Aləm dəydi bir-birinə. Mitinq əleyhinə olanları, güclənərək daha böyük izdihamla mitinqə çıxmaq tərəfdarlarını isə düşmən və xain etmə tapşırığı verildi. Müsavat özü mitinq keçirdi. Gücsüz və zəif. Müxalifətin yeni birliyinə, yeni rüşeym atmış siyasi fəallığa, Bakıya çatmasına ümid etdiyimiz Ərəb Baharına qurşaqdan aşağı zərbə endirildi.

İctimai Palata dəhlizlərdə və çöldə dayanan adamların izdihamını görüb müdrik düşüncə tərzini və yaxud bəlkə də aldıqları tapşırığı yerinə yetirərək aprel ayının 2-nə mitinq təyin etdi. Mitinqin aqıbəti sizlərə məlumdur. Onlarla həbs, döyülmə, azadlqıdan mərhum etmələr, məşəqqət və məhrumiyyətlər. İnkişaf etməkdə olan siyasi fəallıq rüşeymi ilk böyük zərbəsini aldı. Xalqın gözü qorxdu. Açıq və bir az da sərt danışmağa başlayan ziyalı təbəqələri sözünü dəbbələməyə başladı.

Amma, proses ölmədi, hələ yaşamağa ümidi var idi. Prosesi öldürmək lazım idi. Tapşırıq belə idi, yoxsa şan-şöhrət, ağalarının gözündə qəhrəman görünmək cəhdi, yoxsa elə siyasi səbatsızlıq üzündən bu dəfə “Yurd” sədri Əli Kərimlinin israrı və əsaslandırması ilə növbəti mitinq 17 aprelə təyin edildi. 17 aprel mitinqi tam iflasa uğradı, 2 aprelə qatılanlar meydana çıxmadı və proses dəfn edildi. Onu yuxarıda adlarını çəkdiyim siyasi səbatsızlar və bu gün də duru yerdə suyu bulandıran siyasi oyunbazlar etdilər.

Hazırda ölkədə siyasi fəallıq çox zəifdir. Amma, narazılıq isə çoxdur. Sosial vəziyyət acınacaqlıdır. Belə bir siyasi şəraitdə xalqın fəallığı kifayət qədər olsa, dəyişiklik etmək olar. Amma, xalq hələ özünə gəlməyib və tam da qərar vermiş kimi görünmür. Bununla bərabər, siyasi fəallıq yavaş-yavaş gəlməkdədir. Yazmayanlar, susanlar belə danışmağa başlayıb. Biz buna zərrə-zərrə, qram-qram nail oluruq.

Amma, yenə də 2011-2013-cü illərdə etdikləri səhvi və xalqın başına açdıqları oyunu yenidən onun başına açmaq istəyirlər.
Yuxarıda dediklərimə əsaslanaraq indiki durumda mitinqlərin keçirilməsinin əleyhinəyik. Digər arqumentlər isə bunlardır.

Birincisi, müxalifətin və narazı siyasi və ictimai qüvvələrin inteqrasyası yoxdur. Müxalifət dağınıq və parçalanmış vəziyyətdədir. Xalq müxalif qüvvələrdən inteqrasiya gözlədiyi halda, Milli Şura ayrı, Müsavat ayrı mitinq elan edir. Bu o deməkdir ki, xalq acından ölür, bunlar isə onun başının altını gəzir. Bu hərəkətiniz xalqa təhqirdir, onu aşağılamaqdır. Bunlar öz aralarında kiminsə qabağında sanki öhdəlik yerinə yetirmiş kimi görünürlər. Bu xalqa xidmət yox, siyasi mübarizəni körükləmək yox, onu məhv etməkdir. İnsanları ruhdan salmaq, parçalanmış obrazını gücləndirmək və prosesi rüşeymində boğmaqdır. 2011-ci ildə olduğu kimi.

Ikincisi, əsasən, mitinqlərə zorla, gecə-gündüz “sən öl, mən ölüm” ilə adamlar çıxarılır. Xalq mitinqlərə hələ ki, qoşulmur. Çünki, qorxur. İndi də mitinqə ancaq bir neçə yüz nəfər çıxacaq və bununla da mitinqə çıxmaq barədə düşünən və gözləmə mövqeyi tutanların da ruhu sınacaq. Xalqın gözü qorxacaq, ümidi puç olacaq. Xalq o zaman dəstək verəcək ki, müxalifət olaraq meydanlara ən azı 15-20 min adam çıxaraq. Ruh yüksəkliyi bu zaman yarana bilər. Bu yoxdursa, sizin hərəkətiniz prosesi boğmaqdır və biz bu zaman haqlı olaraq düşünməliyik ki, siz yuxarıdan aldığınız tapşırğı yerinə yetirirsiniz. Yaxud da, kiminsə önündə olan öhdəliyinizi edirsiniz. Başqa arqumentləriniz varsa deyin.

Üçüncüsü, mitinqlər niyə təşkil olunur? Referendumu dayandırmaq və etiraz etmək üçün. Hamımıza bəllidir ki, referendumu dayandırmağa siyasi və maliyyə gücümüz yoxdur və prosesi dayandırmaq, ya da ləngitmək də iqtidarında deyilik. İstəyimiz etiraz etməkdirsə, bunu onsuz da etmişik və edirik. Daha insanlara gücsüzlüyümüzü nümayiş etdirməyin anlamı nədir? Niyə hər kəs görsün və ruhdan düşsün ki, xalq mitinqə dəstək vermir? Niyə çoxları düşünsün ki, əgər xalq müxalifətin mitinqinə qatılmırsa, demək ki, iqtidarın yanındadır. Niyə sizlər iqtidarın dəyirmanına su tökürsünüz?

Dördüncüsü, regionda baş verən hadisələr və geopolitik gedişlər Azərbaycan müxalifətinin hələ ki, xeyrinə deyil. Gördüyümüz kimi, dünyanın başı Suriyaya, Türkiyəyə, Ukraynaya və Rusiyaya qarışıb. İŞİD təhlükəsi bütün dünyanı demokratik dəyərlər uğrunda mübarizə məsələsində tərddüdə salıb. Artıq ABŞ prezidentliyinə real namizəd Hillari Klinton deyir ki, 2002-ci ildə ABŞ-ın İraqa girməsinə senatda səs verməklə səhv edib.

Bu gün demokratiya dəstəyi gözlədiyimiz ABŞ və Avropa Birliyi siyasi gündəmlərini dəyişiblər. Avropa Birliyi Böyük Britaniyanın qurumdan çıxması ilə bağlı bərk təşvişdədir. Digər ölkələr də çıxmaq bəyanatı səsləndirirlər. Məsələn, Fransa prezidentliyinə namzidlərdən biri seçilərsə Fransanı da AB-dən çıxaracağını deyir. Dünyanın düzəni, maraqları və ehtiyacları dəyişir. Demokratiya da deformasiya olunur.

Belə bir halda, biz sərhədlərin o tayından da ciddi dəstək gözləyə bilmərik. Bunun üçün də yeni reallıqları analiz edib, onun üzərində yeni siyasi gündəm formalaşdırmaq və xalqla başqa formatda işləməyin mexanizmlərini qurmaq lazımdır. Bunun üzərində iş aparırırq və inşallah nəticəsi də olacaq. Amma, bizim işimizə, bizim kimi düşünənlərin fəaliyyətinə sapı özümüzdən olan baltaların zərbə vurmasının qarşısını ala bilsək.

0
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

Leave a Comment