Statements

Şəhid olan Çingizin nəşinin Ermənistan tərəfindən qaytarılmaması cinayətdir

Azərbaycan əsgəri Qurbanov Çingiz Salman oğlunun meyiti hələ də erməni qəsbkarları tərəfindən girov saxlanılır. Beynəlxalq Qırmızı Xaç Komitəsi, BMT, ATƏT, sonuncunun Minsk Qrupu, Minsk Qrupu həmsədrlərinin təmsil etdikləri ölkələrin – ABŞ, Fransa və Rusiyanın siyasi rəhbərliyinin bəzilərinin tam səssizliyi, bəzilərinin isə sadəcə ağzını sürüyə-sürüyə mızıldanması doğurdan da dəhşətdir. Bu barədə yazmışdım və mətnlə bu keçiddə tanış ola bilərsiniz. http://www.cebhe.info/oxu.php?id=46680

Bu gün AXCP olaraq bəyənat da vermişik. Bu bəyənatımız məsələnin mahiyyətini çılpaqlığı ilə ortaya qoyur. Mətn bu keçiddə: https://www.facebook.com/photo.php?fbid=10155072492492845&set=a.148125457844.142194.513327844&type=3&theater

İndi isə, dediyimiz və demədiyimiz digər məqamlara daha çılpaq şəkildə nəzər salaq.

Birincisi, Azərbaycan da Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın, o cümlədən digər ölkələrin çağırışına qoşularaq BMT Təhlükəsizlik Şurasının yenidən qurulması çağırışına qoşulmalıdır. Əgər, BMT-nin Təhlükəsizlik Şurası öz qətnamələrinin, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz azad edilməsi barədə qəbul etdiyi 822 (30 aprel 1993), 853 (29 iyul 1993), 874 (14 oktyabr 1993) və 884 (12 noyabr 1993) saylı qətnamələrinin icrasını təşkil edə bilmirsə, yaxud etmək istəmirsə o zaman Azərbaycan hökuməti çəkinmədən bunu edə bilər və etməlidir. Əsgər meyitini qaytarmayan ölkəyə qarşı dözümlülük nümayiş etdirən bir quruma biz dözümlü ola bilmərik.

Bununla bərabər, Azərbaycanın Diaspora Komitəsi, Xarici İşlər Nazirliyi bütün dünya azərbaycanlılarını, dost ölkələrin – Türkiyə və Pakistanın təşkilatlarını cəlb edib Beynəlxalq Qırmızı Xaç Komitəsi, BMT, ATƏT, Avropa Birliyi və ATƏT Minsk Qrupu həmsədr ölkələrinin – ABŞ, Fransa və Rusiyanın bütün dünyadakı səfirlikləri önündə davamlı etiraz aksiyası təşkil etməlidir.

Ikincisi, elə yuxarıda adı çəkilən Azərbaycanın dövlət qurumlarının qınanması prosesi başlamalıdır. Niyə, Diaspora Komitəsi, XİN, xarici ölkələrdəki missiyalarımız Ermənistan səfirliklərinin, beynəlxalq təşkilatların qarşısında etiraz aksiyaları keçirməyiblər və keçirmirlər? Bəs, onların vəzifələri nədən ibarətdir? Onlar hesabat versinlər ki, bu məsələ ilə bağlı sözçülükdən başqa hansı praktiki addımları atıblar…

Üçüncüsü, Azərbaycanın siyasi təşkilatları, vətəndaş cəmiyyəti təmsilçiləri, qurumları, hərəkatları da səs-küy salmalı, gücləri çatanı etməlidirlər. Bu gün bütün dünyaya səpələnən milyonlarla həmvətənlərimiz var. Bəs, onlar niyə susqundur? Onlar niyə əlaqədar qurumların qarşısında etiraz piketləri keçirmirlər?

Biz xalq kimi, millət kimi tam formalaşmaq üçün vətənimizin uğrunda ölməyi, vuruşmağı və məhrumiyyətlərə məruz qalmağı öyrənməliyik. Bu təlim isə bu kimi hadisələrdən keçir – torpaq uğrunda şəhid olan Çingiz Qurbanovun nəşinin ölkəyə gətirilməsinə nail olmaqdan və haqq etdiyi ləyaqətli dəfnini həyata keçirməkdən!

 

Related Articles

Back to top button