ArticlesCorner articles

Milli Şura xaric, siyasi qüvvələrlə birliyə hazırıq

Yəqin ki, bu hekayəni çoxunuz bilir. Bir nəfər üzərində xəncər gəzdirir və soruşanlara deyirmiş ki, “qara günün yarağıdır”. Bir gün onun küçədə bir dəstə ilə sözü düz gəlmir və dava düşür. Əks tərəfdəkilər xəncərlə gəzən adamı yerə yıxıb ölümünə döyürlər. Camaat görür ki, adam öləcək, deyirlər ki, a kişi, xəncərini unutma, belə getsə səni öldürəcəklər. O da, yenə cavabında deyir ki, o qara günün yarağıdır. Ahıl bir kişi deyir ki, “ay başın batsın, o gün bu gündür, bundan da qara günün olacaq?”.

Bu gün ölkədə sosial-iqitsadi durum çox ağırdır. Bu həm müxalifət, həm də özünə müxalifət deyərək meydanda olanlar üçün bir fürsətdir. Çünki xalq narazıdır və etiraz gözləyir. Müxalifət olaraq faəliyyət göstərməyimiz üçün bundan da əlverişli şəraitmi gözləyirik?

Tarixi xatırlamaqda fayda fayda var ki, bu gün səhv etməyək.

1998-ci ildə gərəksiz siyasi dartışma, liderlik davası müxalifəti birləşməyə qoymadı, bu da  AMİP-in təkbaşına mübarizə aparmasına və önə çıxmasına imkan yaratdı. Etibar Məmmədova qardaş deyənlər, onunla birgə siyasi yol keçənlər və ən əsası özünə müxalifət deyənlər az qala əllərini göyə qaldırıb dedilər ki, “ay Allah, Etibar uduzsun, qoy onu sıradan çıxarıb o dünyaya göndərsinlər, təki hakimiyyətə gəlməsin”. Bu adamlar müxalifəti hakimiyyətə gətirə biləcək rəhmətlik Elçibəyə belə şans vermədilər. Elçibəyə şans tanımayanlar, hər zaman onun ayağının altını qazanlar yenə də siyasi meydandadırlar  və öləziyə-öləziyə olsa sa sürünürlər, müxalifətin ürək bulantısına çevriliblər.

Xalqın şurası adı altında Milli Şura yaratdılar. Amma bu şura nəinki xalqın heç onu yaradanların da deyildi. “Yurd” sədri Əli Kərimli xalqın olmayan bu qurumun yaradılmasında belə əməyi olanları dışlayıb çöldə qoyub, özü üçün kiçik, cılız və mənasız siyasi klub formalaşdırıb.

Bu gün heç zaman olmadığı kimi sağlam müxalifətin birləşməsinə real imkan yaranıb. Amma hələ də fərqində olmayanlar var. Guya ki, hər kəs təkbaşına nəsə etməyə çalışır. Fəqət dərindən düşünən bir kimsə yoxdu ki, hadisələri, imkanları analiz edib düşünsün, “partizançılq”la nəyəsə nail olmaq mümkün deyil. Dəyişikliyə nail olmaq, iqtidarın siyasətinin axarını dəyişməyə yetərli güc yoxdur. Bunu görmək üçün nə siyasi elmlər üzrə doktor olmağa, nə akademik olmağa ehtiyac var. Hazırkı durumda, indiki sosial baza ilə təkbaşına nəticə göstərə biləcək siyasi təşkilat yoxdur. Hərdən toplaşıb bir şəkil çəkdirib görüntü yaratmaqla, xalqı aldatmaqla müxalifətçilik olmur. Azərbaycanda xalqın görmək istədiyi müxalifət birləşməli, vahid platforma ilə çıxış etməli və şəxsi ambisiyalarını, korporativ maraqlarını, fərdi iddialarını kənara qoymalıdır.

Bu gün həm də ehtiyac yaranıb ki, hər kəs sözünü açıq desin. Bu, AXCP olaraq bizim mövqeyimiz, müxalifətə baxışımızdır.

Neçə illərdən bəri gələn və öndə deyildiyi iddia olunan müxalifət partiyaları və birlikləri xalqın dəyişiklik ümidini qırıb. Varlığı və fəaliyyəti ilə xalqın önündə sədd olub. Xalq isə sadəlövhcəsinə ümidini onlara bağlayıb və düşünüb ki, onlar edəcək. Əks halda, xalq 1998-ci ildə olduğu kimi öz içindən yeni bir lider yetişdirərdi.

Xalqın olduğu iddia edilən Milli Şura antimillidir. Bu, faktdır və mübahisə predmeti deyil. Onun varlığı müxalifətin birləşməsinə bir maneədir. Məsələ burasındadır ki, Azərbaycanda siyasi partiyalar və siyasətçilər var ki, onların davranışı “Axırıncı Aşırım” filmində bir epizodu xatırladır: Qəmlonun “Kərbəlayı, Əbülfəzl Abbas haqqı, o Şura höküməti bizdən qorxur” sözünə Kərbəlayi cavabında deyir ki, “qorxur da sözdür, lap üyüdür”. İndi, bir çox siyasi partiyalar müxalifətin birləşməsi və dəyişiklik yaratması önündə “Yurd” sədrinin və onun himayə etdiyi Milli Şuranın dayandığını çox gözəl bilirlər. Bu fəlakəti öz dərilərində hiss edirlər, amma yenə də nə açıq danışa bilirlər, nə də hərəkət edirlər. Təşəbbüslərə isə qısqanclıq və qorxu ilə yanaşırlar. Bu bizə düşünməyə əsas verir ki, onlar “Yurd” sədrindən nəinki qorxurlar, həm də “üyüdürlər”. O bağlı kluba nə özünüzün girmək istəyiniz var, nə də sizi ora buraxan var. Elə isə daşı tökün ətəyinizdən, sağlam düşünün və oturub danışaq, yeni birlik formalaşdıraq.

Məsələlərə ardıcıllıqla nəzərdən keçirəndə aşağıdakı mənzərə görünür:

2003-cü ildə Müsavat başqanı İsa Qəmbər hər kəsdən bir neçə addım öndə idi. O zaman “Yurd” sədri nə etdi? Dəyişiklik naminə gücə güc qatmaqdansa, gücləri parçalayıb Etibar Məmmədovun yanında dayandı. Topladıqları səs səhv etmirəmsə 3%-ə yaxın idi. İddia etməsinlər də ki, səslər saxtalaşdırılıb. Hakimiyyət heç vaxt quyruqda gələnlərin səsinə toxunmur. 2003-cü il yada düşəndə, çoxları İsa Qəmbəri günahlandırır, amma bəs seçkiyə qədər olan tarixi niyə unudaq? Bu tarixi gömənləri niyə unudaq?

2005-ci ili çoxumuz dəyişiklik ili kimi görürdük. 26 noyabrda “Yurd” sədri yenə də sayın İsa Qəmbərlə höcətləşib, bildiyini etdi. Dedi ki, oturaq aksiya keçirək. Özü çox ziyan görmədi. Meydanda axıra kimi oturan Liberal Partiyanın hazırkı sədri Əvəz Temirxan oldu və ölümcül döyüldü. Oturaq aksiyanı o keçirdi, bu işi təşkil edənlər və qol qoyanlar qaçdı. Nəticə nə oldu, müxalifət ən ağır məhrumiyyətlərə düçar oldu və bu günə kimi özünə gəlməyib. 2005-ci ildən 2010-cu il Parlament seçkilərinə kimi səs-səmirləri kəsildi, qəbirdən səs gəldi, bunlardan yox. Hamı başını girlədi… Budurmu siyasət və xalqa verilən vəd?

2008-ci il prezident seçkilərində iştirak etməyə də cürətləri çatmadı. Hansı ki, mübarizə davamlı olmalıdır. Elə 2008-ci ildə göstərilməyən mətanət, ardıcıllıq siyasi prosesləri tam iflasa uğratdı. Çünki 2005-ci ildə “Yurd” sədrinin intiqam hissi ilə alışıb yanması bütün siyasi prosesi polis dəyənəyi ilə məhv etmişdi.

2013-cü il Prezident seçkilərinə ümid böyük idi. Hər birimiz bu gün “Yurd” sədrinin oyuncağına çevrilən Milli Şurada birləşmişdik. Bunu da oyunsuz buraxmadı “Yurd” sədri. Özünün namizəd olmağa cəsarəti və inamı çatmadı, İsa Qəmbərin önünü isə kəsmək üçün qurmadığı oyun qalmadı. Ziyalı kimi bu gün də hörmət bəslədiyim Cəmil Həsənli xalqı səfərbər edə bilmədi. Mübarizə, əslində Azərbaycan kimi ölkələrdə seçkidən sonra başlayır. Bir siyasətçinin, bəlkə də İsa Qəmbərin namizəd olması hər şeyi dəyişə bilərdi. Təəssüf ki, “Yurd” sədrinin və onunla eyni düşüncəni bölüşənlərin sayəsində Milli Şura yarandığı gündən oyunlara vəsilə oldu və 2013-cü il şansını da xalqın, müxalifətin əlindən aldı.

Budur siyasi fəlakət!

Biz hamımız hər gün tənqidlər yazırıq, iqtidarı, İlham Əliyevi tənqid edirik, bəzən kim daha çox tənqid edər deyə yarışa da giririk. Amma bunun faydası xalqın gözləntisi qədər deyil, bəzən isə çox azdır. Xalq artıq düşünməyə başlayıb ki, müxalifətin işi İlham Əliyevi haqlı və ya haqsız olaraq tənqid etməkdən ibarətdir. Sanki  İlham Əliyevi tənqid etmək və daha çox sərtlik göstərmək elə əsl müxalifətçilik deməkdir. Müxalifətçilik xalqın gözləntisinə uyğun dəyişiklik yaratmaqdır. Biz bu yol ilə gedirik.

İnşallah Azərbaycanda normal və müsbət dəyişikliklər yarada biləcəyik. Biz buna inanırıq. AXCP olaraq bunu bacarağımızdan əminik. Amma daha tez və yetərli qələbələr naminə birlik istəyirik.

Müxalifəti birliyə və həmrəyliyə səsləyirik!

Related Articles

Back to top button