Interviews

“İnsanların ürəyində bir SSRİ niskili var” – Müsahibə

22.10.2011 | 10:15

“Azərbaycanda müxalifətin tanklarla, BTR-lərlə silahlanıb hakimiyyətin üzərinə getməsi mümkün deyil”

AXCP sədrinin müavini, politoloq Razi Nurullayevin Unikal qəzetinə müsahibəsi:

– Qəddafi axır ki, öldürüldü. Bu hadisə regiondakı proseslərə necə təsir edəcək?

– Qəddafinin dirəniş göstərməsi mövcud “ərəb baharı” dalğasının genişlənməsinə bir sədd qoymuşdu. Bu cür dirəniş digər ölkələrdəki diktatorlarda da kifayət qədər özünə əminlik yaratmışdı. Onlar belə düşünürdülər ki, NATO və Liviya üsyançıları Qəddafi ilə bacara bilmirlərsə, deməli, NATO-ya daxil olan ölkələrdən siyasi dəstəyi təmin etmək şansı var. Qəddafinin bu şəkildə açaldılaraq öldürülməsi, mal-mülkünün talan olunması və diktatorluq dönəminin bitməsi Suriya kimi ölkələrin arzularının üstündən xətt çəkdi. Baş verənlərin nəticəsində Suriyadakı proseslər dərinləşəcək, NATO və bura daxil olan ölkələr, o cümlədən ABŞ, Fransa və İngiltərə artıq bütün güclərini Suriyaya yönəldəcəklər.
Suriya xalqı da Qəddafinin taleyindən həvəslənərək Bəşər Əsədə də onun taleyini yaşatmaq istəyəcəklər. Suriyada artıq belə çağırışlar var. Qəddafinin öldürülməsinin təsiri təkcə Suriya ilə məhdudlaşmayacaq. Yaxın aylar ərzində Yəməndə də prezident Abdullah Saleh ya istefaya gedəcək, ya da onu istefaya getməyə məcbur edəcəklər. Saleh Yəməndə qalmaqda davam edərsə Qəddafinin taleyini yaşamalı olacaq. Əlcəzairdə də proseslər genişlənə bilər. Ola bilsin ki, Mərakeşdə Kral Məhəmmədin də devrilməsi prosesi başlasın. Çünki Mərakeş xalqı kral Məhəmmədin apardığı islahatlarla razılaşmır. Buna görə də Məhəmməd islahatların dairəsini genişləndirməyə başlayıb. Məcburiyyət qarşısında o da xalqına fundamental azadlıqlar verə bilər. Səudiyyə Ərəbistanında da vəziyyət dəyişə bilər. “Ərəb baharı” prosesinin nəticəsidir ki, artıq bu ölkədə qadınlara avtomobil sürməyə icazə verilib. Bunun ardınca da kralın xalqa müəyyən azadlıqlar verməsi gözləniləndir. Bütün bu hadisələrin fövqündə Suriyada gedən proseslərin tədricən İrana keçəcəyi də gözlənilir.

– Yaxın Şərqdə inqilabların qalib gəldiyi ölkələrdə stabil dövlət formalaşdırmaq mümkün olmur. Bu cür inqilabların əhatəsinin genişlənməsinə maneələr yaradılır. Buna necə baxırsınız?

– Məsələnin kökündə iki amil var: ya azadlıq, stabillik şəraitində, ya da diktatura altında əzilərək yaşamaq. Heç kim gözləmir ki, inqilabların axırında ölkə xoşbəxtliyə çıxacaq. Əsas yol dinc mübarizə vasitəsilə, seçkilər yolu ilə diktatura rejiminin devrilməsidir. Bunun ardınca görülən əsas iş isə stabilliyin saxlanılmasıdır. Məsələn, Gürcüstan və Ukrayna kifayət qədər demokratik dəyərlərə malik ölkələrdir. Bu dəyərlər Şvardnadzenin və Kuçmanın dönəmində də nisbətən yüksək idi. Amma buna baxmayaraq, hakimiyyət inqilab yolu ilə devrildi və bu ölkələr hələ də tam stabilliyə qovuşa bilməyiblər. Amma zaman keçdikcə demokratiya ənənələri oturuşacaq. Ona görə də inqilablardan 1-2 il sonra yaxşı həyat və stabillik gözləmək heç kimin ağlına gəlmir və gəlməməlidir. İnqilab edən ərəb xalqı çox gözəl bilir ki, yaxın illər ərzində inqilabların baş verməsi ilə onların həyatları tamamilə dəyişməyəcək. Məsələn, Liviyada hansısa stabillikdən, demokratik dəyərlərdən danışmağa dəyməz. Bunu üçün Liviyada təsisat yoxdur. Bu ölkənin demokratik dəyərlərə keçid alması yəqin ki, onilliklər tələb edəcək. Qanunlar dəyişməli, yeni konstitusiya yaradılmalıdır. Eyni zamanda Yəmən, Misir və Tunisdə də demokratik ənənələrin əsası ilk demokratik seçkilər keçiriləndən sonra qoyula bilər. Burada lider məsələsi də var. Lider ölkəni düzgün idarə etməzsə, xalqı demokratik yolla aparmazsa, stabil dövlətə qovuşmaq mümkün olmayacaq.

– Razi bəy, son vaxtlar ABŞ və Fransadan İrana qarşı çox sərt açıqlamalar verildi. İrana hərbi müdaxilələrin olması necə, gözlənilirmi?

– Hazırda İrana müdaxilə istisnadır. Çünki İran hərbi cəhətdən kifayət qədər inkişaf etmiş gücə və müharibə aparmağa malik bir ölkədir. Bu baxımdan yaxın zamanlarda İrana hərbi müdaxiləni istisna edirəm. Amma Suriya tam olaraq Türkiyənin nəzarətinə veriləndən sonra ABŞ və NATO ölkələri Türkiyənin Suriyada möhkəmlənməsini istəyəcəklər. Türkiyə də öz növbəsində Suriyanın demokratikləşməsində bir çox məsələləri öz üzərinə götürəcək. Suriya məsələsi həll olunandan sonra bütün nəzərlər və bütün istiqamətlər ox şəkilində İrana doğru yönələcək. Bu artıq qaçılmazdır. Bu zaman İranın iki yolu olacaq. İran daxildə demokratik dəyişikliklərə qucaq açıb, iddia və sübut olunan terror qruplarını dəstəkləməkdən, nüvə silahını zənginləşdirməkdən vaz keçəcəksə Avropa və Yaxın Şərqdə onun müdafiəçiləri tapıla bilər. Yəni, İran müdaxilədən canını qurtara bilər. Amma Suriya hadisələrindən sonra İran dünya üçün yenə də təhlükə mənbəyi olaraq qalacaqsa və indiki ideyalarından əl çəkməyib israrlı mövqeyini davam etdirəcəksə bu həm ABŞ-a, həm də İsrailə imkan yaradacaq ki, onlar hərbi müdaxilə haqqında düşünsünlər. Çünki Suriyadan sonra regionda real təhlükə mənbəyi olaraq İran qalacaq. Ona görə də bütün güclər, bayaq da dediyim kimi, İrana istiqamətlənəcək. Bu zaman xarici güclər tərəfindən İran müxalifətinin və ya İrandakı müəyyən qüvvələrin maliyyələşməsi baş verə bilər. Bununla da İrandakı daxili stabilliyin tamamilə pozulma ehtimalı artacaq. İran da regionda baş verən hadisələrdən nəticə çıxarır və çox güman ki, atacağı addımlarda müəyyən demokratik dəyişikliklər etməyə məcbur olacaq. Əgər İran bu dəyişikliklərə getməsə, gələn ilin may ayına kimi yeni hadisələr baş verə bilər. Orada inqilabın olması ehtimalını irəli sürərək Corc Soros da deyib ki, İran gələn ilin mayına qədər inqilabi dəyişikliklərdən qaça bilməyəcək.

– Bildirilirdi ki, Yaxın Şərq inqilabları postsovet məkanına da müəyyən formada öz təsirini göstərəcək. Amma görürük ki, Putin Avrasiya İttifaqını yaratmağı planlaşdırır. Bu dəyişikiliyi necə qiymətləndirirsiniz?

– Rusiyanın son vaxtlar fəallıq göstərməsində ABŞ-ın və Avropa Birliyinin günahları var. Rusiyaya düşmən ölkə kimi baxmıram. Tarix boyunca bizi koloniyada saxlasa da, bu ölkə bizim düşmənimiz deyil. Rusiyanın düşünərək Avrasiya İttifaqı ideyasını ortaya atması və bununla bağlı cəmiyyətlərə kök salacaq təkliflər səsləndirməsi bütün MDB ölkələrini şirnikləndirəcək. Bu gün Avropa və ABŞ postsovet məkanına nə vəd edir? Azadlıqlar, demokratiya və s. Bütün bunlar sadəcə söz şəklində, hesabat kimi çatdırılır. Düzdür, ABŞ və Avropa ölkələri də postsovet ölkələrində müəyyən qədər iqtisadi işlər görürlər. Amma bunlar yetərli deyil. Rusiyanın təklif etdiyi bu ideya məhz həmin ölkələrə qarşıdır. Rusiyanı maraqlandırmır ki, Avrasiya İttifaqı ilə biz siyasi məkanda formalaşaq, siyasi gücümüzü artıraq və azadlıqlarımızı özümüz təmin edək. Rusiya iqtisadi məsələləri əsas götürüb və Putin çox ağıllı bir siyasət quraraq postsovet ölkələrinə iqtisadi mənfəətlər təklif edir. Əgər Ukrayna Avrasiya İttifaqına qoşularsa, ildə 9-10 milyard civarında gəlir əldə edir. Qiymətlər ucuzlaşır və bunu Ukrayna xalqı öz həyatında hiss etməyə başlayır. Məsələn, Rusiyanın Qazaxıstanla olan gömrük sazişinə görə insanlar sərhədlərdən gömrük haqqı vermədən keçirlər. Mallarını xarici ölkədə yalnız şəxsiyyət vəsiqəsi ilə sata bilirlər. Ona görə “Putin düşünülmüş addım atır” deyirəm ki, o həm Ümumdünya Ticarət Təşkilatına qarşı olacaq bir təşkilat yaradır, həm də iqtisadi gücünü ortaya qoyur. Azərbaycan da bura qoşularsa, vətəndaşlarımız bu dəyişikliyi ciddi şəkildə hiss edəcəklər. Avropada işləyib pul qazanmaq gömrük və viza səbəbindən mümkünsüz hala gəlir. Amma istənilən halda Azərbaycan vətəndaşları öz mallarını Rusiyada və Qazaxıstanda, Ukraynada gömrüksüz satmaq imkanı qazanır ki, bu da insanları daha çox şirnikləndirə bilər. Hesab edirəm ki, insanların ürəyində bir SSRİ nisgili var. Apardığım sorğu nəticəsində də məlum oldu ki, insanlar arasında SSRİ-nin geri qayıtmasını daha çox kasıbçılığa düçar olanlar arzulayırlar. Hesab edirəm ki, Putinin irəli sürdüyü ideya qəbul oluna bilər və onun üçün də ərəb dalğasının postsovet məkanına təsir imkanları zəifləyə bilər. Ümumiyyətlə, Azərbaycanda müxalifətin Liviyadakı kimi tanklarla, BTR-lərlə silahlanıb hakimiyyətin üzərinə getməsi mümkün deyil. Bu cür hadisələr bizə yalnız siyasi cəhətdən təsir edə bilər. Amma insanların daha çox iqtisadi imkanlara köklənməsi nəticəsində Azərbaycanda bu cür hadisələrin qarşısı müəyyən mənada alınır. Bütün bunlara baxmayaraq, ərəb dalğası bizim siyasi şüurumuza təsir edir və biz bu təsiri gələn ildən daha yaxşı hiss edə biləcəyik.

Related Articles

Back to top button