InterviewsRazi Nurullayev

Azərbaycanın adının Zimbabveylə birgə çəkilməsi ən böyük zərbələrdən biridir

Razi Nurullayev, AXCP sədrinin Xarici Əlaqələr üzrə müavini

“Belə bir bəyanatdan sonra Azərbaycan hakimiyyətinin hansı addım atacağının ciddi bir önəmi də yoxdur. Artıq belə bir bəyanat onu özündə ehtiva edir ki, Azərbaycanda insanlar öz siyasi baxışlarına görə, həbsxanalara salınıblar. Azərbaycanın adının Zimbabveylə birgə çəkilməsi hesab edirəm ki, ölkə üçün son illərdə dəymiş ən böyük zərbələrdən biridir. Zimbabve demokratiyası olmayan, iqtisadi çətinliklər içərisində üzən və demokratiyadan xəbərsiz bir ölkə kimi dəyərləndirilir”.

Bunu AXCP sədrinin müavini Razi Nurullayev ABŞ dövlət katibi Hillari Klintonun son açıqlamasına münasibət bildirərkən deyib. Xatırladaq ki, Klinton Beynəlxalq İnsan Hüquqları günündə verdiyi bəyanatda belə demişdi: “Azərbaycandan tutmuş Zimbabveyə qədər siyasi məhbuslar öz ideyalarını, fikirlərini ifadə etdiklərinə, müdafiə etdiklərinə görə hələ də həbsxanalarda saxlanır. Bu gün biz bütün hökumətlərə müraciət edərək siyasi məhbusları dərhal və qeyd-şərtsiz azadlığa buraxmağa çağırırıq”.

AXCP sədrinin müavini bildirib ki, bütün Qərb dövlətlərinin Zimbabveyə qarşı münasibəti birmənalıdır, bu da çox mənfidir. H.Klintonun belə bir çıxışı Azərbaycan hakimiyyətinə açıq bir mesaj verir ki, Vaşinqton Bakını demokratik ölkə hesab etmir: “Klintonun bu mesajını Azərbaycanın iqtidar partiyasına, hakimiyyətinə bir çağırış kimi dəyərləndirirəm. Və hesab edirəm ki, ABŞ və artıq bütün dünya da bilir ki, Azərbaycanda insan hüquqları pozulur. ABŞ da bu pozuntunu dilə gətirir”.

YAP millət vəkili Aydın Mirzəzadə isə Xəbər.info-ya açıqlamasında deyib ki, Hilari Klintonun insan hüquqları günündə siyasi məhbuslarla bağlı verdiyi məlumatı tamamilə yanlışdır: “Onun  köməkçiləri bu sahədə çox bərbad işləyirlər və dövlət katibinə yanlış məlumatlar verirlər”.

Əmir Camal

Xəbər.info

Qısa bağlantı: : http://xeber.info/?p=10127

Related Articles

Back to top button