Interviews

Minsk Qrupuna Türkiyə, Ukrayna, Qazaxıstan, Çin, Braziliya, Pakistan və İran da daxil edilsin

Рази Нуруллаев
Razi Nurullayev

AXCP sədrinin xarici əlaqələr üzrə müavini Razi Nurullayevin Olaylar İA-nə müsahibəsi

2011-ci il başa çatmağa sayılı günlər qalıb. Bu il ərzində münaqişənin nizama salınması yönündə həyata keçirilən işləri necə qiymətləndirirsiniz?

Əvvəlcə, onu qeyd etmək istərdim ki, 2011-ci il Dağlıq Qarabağ münaqişəsinin həlli yönümündə heç bir müsbət məqamla yadda qalmadı. Hətta, digər illərə nisbətən bu il münaqişənin həllində və irəli getməsində kilidlənmə müşahidə olundu. Rusiya prezidentinin təşəbbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri arasında bir neçə görüş baş tutdu. Bütün bu görüşlərdə irəliyə bir addım da olsun atılmadı. Əksinə, iyun ayının 24-də Rusiya prezidenti Medvedevin təşəbbüsü ilə baş tutan  Kazan görüşü tərəflər arasında sonrakı görüşlərin keçirilməsinə də əngəl yaratdı. Rusiyanın vasitəçilik missiyası fiaskoya uğramaqla yanaşı, tərəflər arasında gərginliyi daha da artırdı.

2011-ci ili münaqişənin həlli yönümündə aparılan ən uğursuz illərdən biri kimi səciyyələndirsək, məncə yanılmarıq. Fakt odur ki, Ermənistan indiyə qədər tutduğu mövqedə heç bir dəyişiklik etməyib. Onların danışıqlar prosesində göstərdiyi fəaliyyət ondan xəbər verir ki, Ermənistan qondarma DQ Respublikasının müstəqil dövlət kimi tanınmasında israrlıdır.

2011-ci ilin də görüşləri onu göstərdi ki, tərəflər arasında keçirilən görüşlərin hər bir tərəf üçün ayrı-ayrılıqda öz mənası var:

Rusiya üçün tərəflər arasında görüşlərin təşkili, Rusiya və onun prezidenti üçün ona görə lazımdır ki, o regionda lider olduğunu və hələ də “böyük qardaş” rolunu bir daha xatırlatsın. Digər tərəfdən, Rusiya prezidenti özünün beynəlxalq oyunçu rolunu sübut etmək və tərəflərə hədə-qorxu gəlməklə və yaxud beynəlxalq müstəvidə özünü sübut etmək üçün bu vasitəçilik missiyasını yerinə yetirirdi. Medvedev düşünürdü ki, o tarixə DQ münaqişəsini həll edən Rusiya prezidenti kimi düşə bilər. Bu iddia onunla səciyyələndirilir ki, Medvedev hesab edirdi ki, Azərbaycan və Ermənistan 2008-ci il Gürcüstan hadisələrindən yaxşıca dərs alıblar və onlara azacıq təzyiq göstəməklə barış sənədini imzalatmaq olar. Bu cür yanaşma isə, planın əksinə işlədi. Medvedevin bu cür ehtiyatsız açıqlamaları tərəfləri onun vasitəçilik missiyasından imtina etməyə sövq etdi.

Bu görüşlərin keçirilməsinin Azərbaycan üçün maraqlı tərəfi ondadır ki, Azərbaycanın iqtidarı münaqişənin həlli ilə bağlı gərgin işlədiyini gündəmdə saxlayır və əlbəttə, bu daxili auditoriya üçün nəzərdə tutulub. Azərbaycan tərəfi gözəl bilir ki, münaqişənin həlli asan deyil və Ermənistan asanlıqla mövqeyindən əl çəkməyəcək. Azərbaycan bu münbit şəraiti nə daxildə, nə də beynəlxalq aləmdə tam olaraq yarada bilməyib. Əlbəttə, bunun da subyektiv və obyektiv tərəfləri istisna edilmir.

Ermənistan tərəfi üçün bu görüşlərin keçirilməsi beynəlxalq aləm qarşısında öhdəliklərinə və danışıqlarına sədaqətini göstərmək nümunəsidir. Eyni zamanda, danışıqların bu şəkildə davam etməsi ona vaxt qazandırır. O da gözəl bilir ki, status-kvo qaldıqca Azərbaycan DQ-dan daha da uzaqlaşır və bununla yanaşı, o Ermənistanla yaxınlaşır.

Digər həmsədr ölkələr olan Fransa və ABŞ üçün isə əsas məsələ DQ münaqişəsinin həlli variantlarında Rusiyanın inhisarını zəiflətmək və zamanı uzatmaqdır. Onlar üçün əsas məsələ müharibənin heç vaxt başlamamasıdır. Bununla bərabər, onlar tərəfindən də Ermənistana heç bir təzyiq göstərilmir.

2011-ci ildə münaqişənin həllində belə bir tupik vəziyyətin yaranması həm də Azərbaycanın Madrid prinsiplərinə çox asanlıqla razılaşması oldu. Azərbaycan tərəfinin zəif xarici siyasəti ondadır ki, onlar düşünürlər ki, beynəlxalq aləmin irəli sürdüyü layihələrə tez “hə” demək ona müsbət imic qazandırmaqla yanaşı, həm də Ermənistanın cığal, Azərbaycanın isə üzüyola olması anlamına gələcək. Lakin, bunun prinsipial əhəmiyyəti varmı? Münaqişələrin həllində davamsızlıq və üzüyolalıq, həmin tərəf üçün mövqelərinin itirilməsi ilə nəticələnir. Yumşaq tərəfdən həmişə daha çox qoparmağa çalışırlar.

Bir misal: Kiprlə bağlı Kofi Anan planı referenduma çıxarıldı. Türkiyə tərəfi hay-küylə, sevinc hissi və təşəkkürlə bu plana “hə” dedi. Yunan Kipri isə “yox” dedi. Nəticə isə bu oldu: Yunanları AB-yə qəbul etdilər. Türklərə isə Yunan Kirpi ilə barışın və şərtlərini qəbul edin dedilər. Buna görə də, münaqişənin həllində “yumşaq və üzüyola” tərəflər həmişə uduzurlar.

Yekun olaraq, demək istərdim ki, 2011-ci il münaqişənin həlli üçün itirilən bir oldu.

Ötən günlərdə ATƏT Xarici İşlər Nazirlərinin iclasında münaqişənin nizama salınması ilə bağlı bəyanat qəbul olundu. Bu bəyanata münasibətiniz?

Vilnüsdə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 18-ci toplantısında, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin başçıları – Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Hilları Klinton və Fransanın Avropa işləri üzrə naziri Jan Leonetti, eləcə də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan birgə bəyanatda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının vacibliyini bir daha təsdiq ediblər. Bu cür yanaşmalar və analoji bəyanatları eşitməkdən yorulmuşuq və açığını desəm, artıq bu məni də qıcıqlandırmağa başlayıb. Mən bunu bir protokol nəzakəti kimi qəbul edirəm.

Başa düşmədiyim bir məqam var: Azərbaycan hansı alətləri və mümkün variantları əsas götürərək, sülh yolu ilə həlli mümkün sayır? Razıyam ki, münaqişə sülh yolu ilə nizamlanmalıdır. Müharibə hələ heç kimə xöşbəxtlik və firavanlıq gətirməyib. Lakin, Azərbaycanın da irəli sürdüyü istisnalar və şərtlər də nəzərdən keçirilməlidir. Hər dəfə eyni mətnə əsaslanan sülh bəyənatları artıq xalqımızda qıcıq hissləri yaradır. Münaqişə ölü nöqtədən bir addım irəli getmirsə, belə bəyanatları səsləndirməyin nə önəmi var? Ən azından, belə bəyanatlara Azərbaycanın qoşulması istisnalarla daha məqbul olmazmı?

Fransanın Avropa işləri naziri Jan Leonetti Vilnüsdə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 18-ci toplantısında çıxışında da Azərbaycanın mövqeyindən daha kəsgin bir mövqe sərgiləyib: J. Leonetti qeyd edib ki, “Fransa ATƏT-in Minsk Qrupunun birgə sədridir, vasitəçilərin səyləri və Rusiya, ABŞ və Fransa prezidentlərinin cəhdlərinə, Dovildə onların birgə bəyanatına baxmayaraq, 2011-ci ildə münaqişənin nizama salınmasında aktivlik və irəliləyişə nail olunmayıb”.

Bu faktın özü də sübut edir ki, Azərbaycan mövqeyini sərtləşdirə bilər. Münaqişənin bu qədər uzanması daxildə də ciddi narahatçılıq hissi yaradır və mənə belə gəlir ki, bu DQ-ın itirilməsi ilə də nəticələnə bilər. Amma, Azərbaycan xalqı bununla barışa bilərmi? Əlbəttə, bu mümkün deyil. Ona görə də, Azərbaycan iqtidarı DQ münaqişəsinin həlli ilə bağlı geniş ictimai dinləmələr keçirməlidir və bu bütün Azərbaycanı əhatə edərsə, xalqın da düşncəsi ortaya çıxar. Bu elə məsələdir ki, Azərbaycan iqtidarı təkbaşına bu qərarı verməkdə səlahiyyətli deyil.  Eyni zamanda, DQ-ın həm iqtidar, həm də müxalifət üçün də siyasi dividendlər üçün rol oynaması məqbul hesab edilə bilməz.

ABŞ, Fransa eyni zamanda Rusiya da münaqişənin sülh yolu ilə tənzimlənməsinin tərəfdarı olduqlarını bəyan edirlər. Ancaq bununla bağlı konkret addımlar atılmır. Torpaqlarımız hələ də düşmən işğalındadır. Sizcə Ermənistanın tutduğu yoldan döndərmək üçün nə kimi addımlar atılmalıdır?

Əfsuslar ki, Ermənistanı işğal etdiyi torpaqlardan geri çəkilməyə məcbur edəcək addımlar üçün konkret bir resept yoxdur. Düşünmürəm ki, Ermənistan asanlıqla torpaqları azad etməyə razılaşsın. İşğalçı ölkə bu addımı məcbur olaraq ata bilər. Demək ki, Ermənistanı sülh sazışı imzalamağa, torpaqlardan geri çəkilməyə məcbur etmək lazımdır. Bunu Azərbaycan təkbaşına edə bilməz. Ermənistanı məcbur etmək üçün Rusiya, ABŞ və Fransa səy göstərməlidir. Buna isə Azərbaycan iqtidarı nail olmalıdır. Hansı şərtlərlə, hansı vədlərlə, və s. bu artıq Azərbaycan hakimiyyətinin problemidir. Çünki, səlahiyyət onların əlindədir. Neft faktorundan istifadə edərək bunu bacarmadıq. Neftdən sonra hansı bir amilin ortada olduğunu indi düşünə bilmirəm. Lakin, Azərbaycan iqtidarı bu üç dövlətə sözünü birbaşa və qətiyyətlə deməlidir. Bu cəsarəti əldə etmək üçün, şəffaf və azad ölkə olmaq gərəkdir.

Sonuncu tezisimi bir az genişləndirmək istərdim.

Ölkəmizin daha azad və demokratik olmaq üçün ciddi potensialı var. Ermənistan azad və demokratik ölkə deyildir. Orada bir rejim hökm sürməkdədir. Azərbaycan beynəlxalq hesabatlarda islahatçı, demokratiyaya doğru ciddi addım atan və Avro-Atlantik təsisatlara inteqrasiya edən ölkə kimi qələmə verilərsə, o zaman heç çəkinmədən və cəsarətlə yuxarıda adını çəkdiyim ölkələrə mövqeyini qəti şəkildə qəbul etdirə bilər. Azərbaycan demokratiya və azadlıqlar barədə öz ünvanına artıq söz eşitmək istəməmək acısından öz haqqlı mövqeyini də sona qədər demək iqtidarında olmur.

ATƏT-in Minsk Qrupunda formatın genişləndirilməsi istiqamətində də bir sıra təkliflər        səslənir. Ötən günlərdə belə bir təkliflə Türkmənistan çıxış etdi. Ümumilikdə formatın genişləndirilməsi münaqişənin nizama salınmasında nə kimi rol oynaya bilər?

Formatın genişləndirilməsinə çox isti yanaşıram. Türkmənistanın mövqeyi də ədalətli mövqedir. Məncə, format 10 dövlət və ya quruma qədər genişləndirilə bilər. Yaxşı olardı ki, Fransanı həmsədr dövlət kimi Avropa Birliyi əvəz etsin. Bu zaman format əlavə 26 dövlət qazanmış olardı. Bu formata Türkiyənin, Ukraynanın, Qazaxıstanın, Çinin, Braziliyanın, Pakistanın və hətta İranın da cəlb olunmasının tərəfdarıyam. Mənə belə gəlir ki, Minks Qrupu çərçivəsində məsələlər qayaya rast gəlib. Qrupa yeni nəfəs, yeni ideyalar və yeni yanaşmalar lazımdır. Su da bir yerdə çox qalanda iylənir. Ya suyu dəyişməlisən, ya da onu təzələməlisən. Suyun təzələnməsinə böyük ehtiyac var.

Formatın genişlənməsi münaqişənin həlli üçün səyləri çox intensivləşdirə bilərdi.

Münaqişənin müharibə variantı ilə həlli mümkündür?

Müharibə ilə həll variantı indiki halda mümkün görünmür. Azərbaycan tərəfi belə addımlar atmaqda heç də sərbəst deyil. Müharibə uzun hazırlıq və razılaşdırmalar tələb edən prosesdir. Müasir dövrümüzdə müharibələrin də formatı dəyişib. Mülki vətəndaşların öldürülməsi böyük beynəlxalq qınaq yaratmaqla yanaşı, Qaaqa məhkəməsinə də yol açır. Müharibə riskli məsələdir. Azərbaycan müharibəyə başlayarsa, müxtəlif tipli hazırlıqlara da malik olmalıdır. Türkiyə ilə razılaşdırılmayan müharibə Azərbaycanın xeyrinə qurtara bilməz. Müharibə olarsa, Azərbaycan Ermənistanla yanaşı Rusiya ilə də savaşmalı olacaq. Müharibənin olması Azərbaycan iqtisadiyyatının tənəzzülü, sərmayələrin çəkilməsi, regional layihələrin varlığının təhlükəyə atılması, ölkəmizin beynəlxalq müstəvidə təcrid olunması, turist axınının dayanması, qəbul edilmiş proqramların dayandırılması deməkdir.

Lakin:

Bu Azərbaycanla yanaşı sərmayə qoyan ölkələr üçün də bir təhlükədir. Bax bunu Azərbaycan iqtidarı ölkəmiz üçün istifadə etməlidir. Bu gün neftlə yanaşı, Azərbaycanın digər önəmləri də önə çıxıb. Bax bu müstəvidə onları Azərbaycanı müdafiə etməyə, Ermənistana isə təzyiqləri gücləndirməyə sövq etmək olar.

Related Articles

Back to top button