ArticlesInterviews

İnteqrasiya

Рази Нуруллаев
Razi Nurullayev

16.12.2011. Nə Gürcüstan, nə Ermənistan, nə də Azərbaycanın yaxın illərdə Avropa Birliyinə rəsmi üzv ola bilmək imkanları yoxdur. Lakin, məsələ rəsmi üzvlükdə deyil, Şərq Tərəfdaşlığı proqramı çərçivəsində də üzv olmaya-olmaya da üzvlüyün verdiyi imkanlar qədər yararlana bilərlər. Bura sadələşdirilmiş viza, azad ticarət, sərmayələr, asan miqrasiya və s. məsələlər daxildir. Bu gün artıq inamla demək olar ki, Avropa Birliyi Cənubi Qafqaz ölkələri üçün qapılarını taybatay açıb və sidq ürəklə onları ailəsi içərisində görmək istəyir. Amma, bu ailənin öz qaydaları var. Hansı ölkə bu qaydalara tez əməl edərsə, və şərtlərə də özünü uyğunlaşdırarsa, o dövlət həmin qapıdan erkən daxil olacaq.

Bu gün inteqrasiya məsələlərində Gürcüstan daha effektivdir. Lakin, Avropa Birliyi Cənubi Qafqazın üç dövləti – Azərbaycan, Gürcüstan və Ermənistanın Avropaya eyni səylərlə və eyni xətlə inteqrasiya etmələrini istəyir. Əlbəttə ki, Gürcüstanın Azərbaycan və Ermənistandan daha əvvəl AB-yə inteqrasiya potensialı demokratik sahələrdə daha çox irəli getməsi, eləcə də fundamental azadlıqlara daha çox hörmət etməsi, onu Azərbaycan və Ermənistandan iki-üç addım irəlidə qoyub.

Ermənistan yol ayrıcındadır və Rusiyanın şərtlərindən kənara çıxa bilmir və yaxın illərdə də çıxa bilməyəcəkdir. Ona görə də Ermənistanın inteqrasiya prosesi daha ağır gedə bilər. O, azad və müstəqil qərar verməkdə sərbəst deyil.

Azərbaycan isə bu məsələlərdə daha müstəqil olsa da, təzadlı məqam ondadır ki, o, öz qayda-qanunları ilə, ənənələri və s. Avropanın qəbul etməyəcəyi şərtlərlə inteqrasiya etmək istəyir. Azərbaycan Avropaya öz qaydalarını diqtə edir. Amma, görürük ki, AB səbrlidir və hələ də dözür. Sonunda isə, AB Azərbaycanın inadını qıracaq və o, şərtləri təbii prosesin axarı kimi qəbul etməyə məcbur olacaq. Bu çox yaxınlarda baş verəcək. Artıq Azərbaycan geri çəkilərkən kürəyini möhkəm bir fundamentə dirəyib və geri çəkilmək üçün yer yoxdur. O fundamenti qoyan isə Azərbaycan xalqının və onun təmsiliçilərindən olan demokratik müxalifətin iradəsidir. Irəli gedərkən isə, hər tərəfə yollar bağlanıb, bir AB-nin qapısı açıqdır. Başqa səmtə gedən yollar isə avtoritarizmə, diktaturaya və təhlükəyə aparmaqdadır. Seçim yoxdur.

Artıq Azərbaycan da bu öhdəliklərindən yan qaça bilmir. Proses yavaş getsə də Azərbaycanda bu proses gedir və AB Azərbaycanı Avropaya yaxınlaşdırmaqla məşğuldur. Düzdü, biz bunu siyasi anlamda hiss olunacaq dərəcədə görə bilməsək də prosesin getdiyindən şübhəm yoxdur. Yəqin ki, yaxın bir neçə ay ərzində Azərbaycan AB-yə daha sürətlə inteqrasiya etmək məcburiyyətində qalacaq. Əgər bu baş verməsə, istər-istəməz Azərbaycan özünü indiki səviyyədə təmin etməyə və saxlamağa malik ola bilməyəcək.

Azərbaycanın AB-yə inteqrasiyasından başqa digər yolu yoxdur.

Xristian klubu kimi qəbul edilən AB-də müsəlman Azərbaycanının olması mümkündür. AB dövlətləri müsəlman dövləti olan Türkiyəni AB-də görməkdənsə, Azərbaycanı görməyə daha tolerant yanaşırlar. Bunu bir neçə faktorla əlaqədardır. Türkiyənin əhalisi 70 milyona yaxınlaşır. Qardaş ölkədə doğuşların statistikasında da artım müşahidə olunur. Avropa dövlətləri gizlətmirlər ki, Türkiyə AB-yə üzv olarsa, bir neçə ildən sonra Avropa tamamı ilə türkləşə bilər. Demoqrafik düşüncədən çıxış edərək bu addımları atırlar. Azərbaycanın isə əhalisi azdır, kifayət qədər enerji ehtiyatları var, və Avropaya lazımlı ölkədir. Buna görə də, Azərbaycan Türkiyədən daha tez AB-yə qəbul oluna bilər. Bu da, yuxarıda sadaladığımız üstünlüklərdən əlavə, məhz Birliyin xristian klubu olması məfhumunu dağıtmaq və Türkiyənin bu istiqamətdə səylərini zəiflətmək, Türkiyənin “Ora ancaq xristianların klubu olduğu üçün müsəlman dövlətini qəbul olunmaz” tezisini heçə çıxarmaq üçün də şərtləndirilə bilər. Əminəm ki, AB-nin siyasətində Azərbaycanın quruma üzvlük məsələsi var. Onlar nə zamansa Azərbaycanı birliyə üzv qəbul etmək istəyəcəklər. Amma Türkiyə üçün bunu yaxın onilliklərdə təsəvvür edə bilmirəm.

Related Articles

Back to top button