Articles

Milyardlar ölkəsi və kənd həyatının üzüntüləri

30.01.2012. Dostlarım bilir ki, daha çox beynəlxalq və xarici siyasət, regional və beynəlxalq araşdırmalarla bağlı fikirlərimi yazır və bölüşürəm. Amma, hərdən elə səhnələrlə üzləşirəm ki, onları yazıb bölüşməsəm, kislata turşusu kimi içimi yandırar.

Azərbaycan kəndlərində yaşayan insanlar bəlkə də, cəhənnəmlərini bu dünyada yaşayırlar. Nə iş yeri var, nə pul var, nə də sosial infrastruktur. Çoxu ianə ilə yaşayırlar. Bir çoxları isə ailələrində olan yaşlıların qocalıq müavinəti göz dikiblər. Yeganə qazanc yerləri budur. Hər bir ailənin ya Bakıda, ya da  Rusiyada bir ailə üzvü var. O da imkan olandan olana ailə üzvlərinə yardım edir. Istər deputat ol, istər yüksək çinli məmur. Əksəriyyətinin kəndlərdə kasıb yaşayan qohum-əqrəbası var.

Hələ ki, Azərbaycan kəndlərinin çoxunda qaz yoxdur. Amma, düzdür qazlaşdırma gedir. Su mənbəyi aran rayonlarında  bulanıq axan Kür və Araz çayları. Dağ rayonlarında isə ya artezian quyuları, ya da hər kəsin şəxsi hesabına yaratdığı su mənbələridir.  Kəndlərdə yollar yox dərəcəsindədir. Yeni məhlələrə isə umimiyyətlə yol yoxdur. Kəndlərə getmək üçün ya “CİP”, ya da ən azından Niva avtomobilin olmalıdır.

Palçıq dizdən, soyuq qılınc kimi kəsir, işıqlar tez-tez sönür, pulla alınan odun qurtarmasın deyə, gündə bir iki dəfə soba qalanır. Hər evdə körpə uşaq, hər evdə qoca, hər evdə xəstə insanlar.

Azərbaycan kəndləri bərbadır. Hətta, bəzi Azərbaycan kəndlərində yaşamaq üçün minimal şəraitlər yox dərəcəsindədir.

Millətimə yazığım gəlir. Inkar etmək olmaz ki, kəndlərin inkişafı üçün işlər görülmür. Qazlaşdırma müsbət haldır. Elektrik enerjisinin verilməsi sabitləşib. Amma, kənddə rahat yaşamaq üçün bəs deyil bunlar. Kənd əhalisinin normal yaşaması və kəndlərdən şəhərə olan axının qarşısının alınması üçün KƏNDLƏRİN İNKİŞAFI İLƏ BAĞLI ayrıca DÖVLƏT PROQRAMININ HAZIRLANMASI TƏLƏBƏ ÇEVRİLİB.

Kənd əhalisi Azərbaycan televiziyalarını seyr edir. Hər gün yeni parkları, göz oxşayan binaları, bahalı butikləri, alış-veriş mərkəzlərini, bahalı maşınları və bahalı restoranları görür. Ancaq hansı kənd əhalisinin o xidmətlərə, cəh-cəlala əli çatır?

Şəhər və kənd arasında olan bu ayrı-seçkilik və sosial ədalətsizliyin aradan qaldırılması zəruridir. Hərçənd, paytaxt şəhərin elə məhlələri var ki, ucqar dağ kəndlərində olan şəraitsizlikdən daha da betərdir.

Buna baxmayaraq, dövlət büdcəsindən yüz milyonların ayrıldığı bəllidir. Nəticələr ürəkaçan deyil.

Düşünmək vaxtı deyilmi? Xərclənən pulların səmərələliyini yoxlamaq zamanı çatmayıbmı?

 

Related Articles

Back to top button