Interviews

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Razi Nurullayevin “Qafqazinfo”ya müsahibəsi

“Arif Hacılı ilə çox planlar qurmuşuq…” – Müsahibə
15.02.2012 | 11:52


“Partiyada Əli bəyə müəyyən təzyiqlər var. Bəlkə də mən bunu deməməliydim. Təzyiqlər rayon şöbələrindən gəlir, eyni zamanda partiyanın daxilindəndir”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Razi Nurullayevin “Qafqazinfo”ya müsahibəsi

– Mənim üçün maraqlıdı ki, Azərbaycanın ictimai-siyasi həyatına yeni nəsil, yeni adlar necə daxil ola bilər? İndi siyasətdə özündən söz etdirmək çox çətindi. Buna müəyyən qədər nail olmuş gənc siyasətçi kimi Siz nə deyə bilərsiniz?

– Mənə elə gəlir ki, iddialı şəxslər bilik, bacarıq və intelekti ilə buna nail olmalıdırlar. Zamanında bir çox siyasətçilər, SSRİ-nin dağılması ilə həmin dalğanın üzərində siyasətə gəldilər. Məsələn, Nemət Pənahlı adi fəhləlikdən siyasətə gəldi, tanınmış insana çevrildi. O zaman kim səsini daha ucadan çatdıra bilirdisə, kim daha yaxşı qışqırırdısa, kim daha çox emosiya qataraq xalqı inandırmağa çalışırdısa məhz bu insanlar cəmiyyət tərəfindən qəbul olunurdu. Tez bir zamanda siyasi lider səviyyəsinə yüksəlirdi. Burada bir misal çəkmək istiyirəm, Amerika, İngiltərə, Hindistan, Yaponiya kimi ölkələrdə insanların milyarder olması üçün onilliklər tələb olunur. Mark Zuckerberg Facebook sosial şəbəkəsini yaratmaqla 5-6 il ərzində milyarderə çevrildi. Amma buna qədər belə bir şey olmamışdı. Vərəsəlik yolu ilə olmuşdu, amma öz zəhməti ilə milyarder olan insanlar yox idi. Bu təcrübəni Rusiyada gördük. Rusiyada cinayətkar qruplar özəlləşdirmədən istifadə edərək 1-2 il ərzində fəhləlikdən milyarder səviyyəsinə qalxdılar. Bu gün də bu proses Rusiyada baş verməkdədir. Azərbaycanda da siyasi lider olmaq təcrübəsi buna bəzər şəkildə baş vermişdi.

– Yəni zəhmətsiz, həqiqi olmayan liderlər yaranmışdı…

– Liderlərin sayı da çox idi. Amma biz bu gün o liderlərin çoxunun siyasi səhnədən silindiyinin şahidi oluruq. Bir çoxu dürüst adını saxlaya bilmədi, digərləri isə sadəcə bu sahədən getdilər. Daha doğrusu onları yola saldılar. Bu gün Azərbaycan siyasətində barmaqla sayılacaq bir neçə nəfər siyasətçi var, o köhnə qvardiyadan. Bu gün də Azərbaycan xalqının ümidi onlardır. Əsasən Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyasıdır ki, hələ də ən çox üzdə qalan partiyalardır. Mən də bu partiyaların birində, AXCP-də fəaliyyətə başladım və birdən-birə partiyanın sədr müavini təyin olundum. Mənə elə gəlir ki, mənim sahəm çox spesfikdir, beynəlxalq məsələlərlə məşğulam. Bu sahədə Azərbaycan siyasətində özümə rəqib görmürəm. Düzdür, buna qədər də mənim xarici işlər nazirləri dostlarım olub, bir çox ölkələrin prezidentləri ilə, baş nazirləri ilə görüşlərim və yazışmalarım olub. O dövrdə mən sadəcə olaraq vətəndaş cəmiyyətinin təmsilçisi kimi xarici səfərlərə dəvət olunurdum. Son bir ildir ki, mən xaricə səfər etmirəm. Bundan əvvəl isə mənim ayda 3-4 dəfə xaricə intensiv səfərlərim olurdu. Mən öz üzərimdə çalışırdım, işləyirdim və buna nail oldum. Azərbaycan siyasitinə gəldiyim zaman da öz üzərimdə işləməyi davam etdim. İnsan daim axtarmalı, izləməlidi. Eyni zamanda cəmiyyətin nəbzini tutmalı, yalan danışmamalı, insanlarla səmimi olmalı və səmimi mesajlarını çatdırmalıdır. Əfsus ki, Azərbaycan siyasətində bu çatışmayan məsəlidir. Səmimilik və dürüstlük cəmiyyətin sifarişi olsa da, səmimi və dürüst olaraq ayaqda qalmaq çətindir. Bəlkə də mən bunu bacardım.

– Biz “Qafqazinfo”da gənclər təşkilatlarının sədrlərindən, partiyaların gənc fəallarından müsahibələr dərc edirik. Bu uşaqların dünya görüşü, mübarizələri ilə tanışsızmı?

– Mən ilk öncə bundan başlamaq istəyirəm ki, əlbəttə mən bunu “Qafqazinfo” saytı üçün demirəm, siz mənim mövqeyimi bilirsiz, səmimi danışdığımı da bilirsiz. Hətta biz sizinlə yaxın olmadığımız zamanda, məktub yazıb təşəkkür etmişdim ki, siz tanımadığımız adları, bəlkə də adlarını eşidib üzlərini görmədiyimiz insanları səhnəyə çıxarırsız, siz onlara meydan verirsiz. Cəmiyyətdə yeni üzlər meydana çıxmalıdır, onlar da ələnib içindən liderlər yetişməlidir. Hər bir yerdə, hər bir rayonda, hər bir sahə üzrə lider lazımdır. Siz bunu bacardız və mən bu tendensiyanı izləyirəm. Bir çox tanımadığım insanları tanımışam. Elə partiya funksionerləri olub ki, mən onları “Qafqazinfo” vasitəsi ilə tanımışam və müsahibələrini oxumuşam. Görürəm ki, onların içində səmimi siyasətçilər yetişməyə başlayıb və gənclik müstəqilləşib. İki il bundan əvvəl AXCP-də gənclərin sayı az idi, hətta yox səviyyəsində idi. Amma indi ayrı-ayrı rayonlarda gənclər təşkilatlarına üzv olanların sayı yüzlərlədir. Bu gənclərin fəallığından irəli gəlir. Bu o deməkdir ki, yeni gənclik dalğası gəlir. Yeni gənclik iddialarla gəlir və öz üzərində işləyir. Düzdür, indiki müəyyən gənclər qrupları var ki, mən onların etdikləri təbliğatla, mentalitetə zidd bəzi hərəkətlərlə razı deyiləm. Eyni zamanda, mən onları günahlandırmaq da istəməzdim. Məncə bundan sonra Azərbaycan siyasətində yer tutmaq daha çətin olacaq. Yeni gənclik gəlir və onların bacarığı da var.

– Onlar gəlir və bu adamlara yer lazımdı. Küçədə qala bilməzlər axı. Gərək kimlərsə yerindən tərpənə. Demək istəyirəm ki, hazırda az qala 20 ildir müxalifət lideri kimi yer tutan adamlar hakimiyyətə gələ bilmirlərsə, tutduqları yerdən də getməlidirlər ki, gələn gənclik ortalıqda qalmasın. Məsələn, AXCP-də olan bir gənc partiya rəhbərliyində olmaq üçün nə qədər gözləməlidir? Yəni siyasi islahatlar müxalifət daxilində o qədər zəif gedir ki…

– Bu gəncliyin özündən asılıdır. Bəli, bu gün AXCP-nin sədri və lideri Əli Kərimlidir. Mən bilən Əli Kərimli indiyə kimi qurultaylarda alternativsiz namizəd olub və sədr seçilib. Və bu gün də, sabah da qurultay keçirilsə, eyni ssenarinin təkrarlanması istisna edilmir. Burada biz Əli Kərimlinimi günahlandırmalıyıq? Məncə, yox. Belə bir fikir yaranır ki, ya Əli Kərimli orada bir diktatura yaradıb ki, heç kim qorxusundan namizədliyini vermir, ya da özlərini bu yerə layiq görmürlər. Amma bunların heç biri də deyil. Məsələ ondadır ki, bu gün istənilən liderlər öz potensiallarını reallaşdırmaq üçün imkanlara sahib olmayıblar. Deyək ki, 2003-cü ildə İsa Qəmbər potensialını reallaşdırmağa yaxın oldu. İsa bəy öz mövqeyini çox gözəl şəkildə açıqlayır ki, nəyə görə alınmadı. Bizim partiyaya gələndə isə demək istərdim ki, cəmiyyətin özündə bir natarazlıq var, balansın pozulması prosesi var və insanlar özünü reallaşdıra bilmir. Əli Kərimli bu vaxta qədər prezident seçkilərində iştirak etməyib. Biz ona necə deyə bilərik ki, sən bizi müəyyən bir yerə apara bilmədin və yaxud da Əli bəy, sən artıq qocalmısan, yolumuzdan çəkilməlisən. Əli bəy potensialını hələ reallaşdırmayıb.

– Bəs İsa Qəmbər necə?

– Bu gün Azərbaycanda ana müxalifət liderlərindən biri də İsa Qəmbərdir. İsa Qəmbərin kifayət qədər tərəfdarları var. İsa bəy bu günə qədər prezident seçkilərində namizəd olub, öz potensialını reallaşdırmağa yaxın olub. Sadəcə olaraq, Azərbaycan reallıqları İsa Qəmbərin potensialının reallaşmasına imkan yaratmayıb. Və artıq İsa bəy başqanlıqdan gedəcəyini elan edib.

– Gedəcək?

– Mən İsa bəyin müsahibələrini oxumuşam və o, qətiyyətlə gedəcəyini deyib. Mən inanıram ki, gedəcək. Geriyə yol yoxdur və mən inanmıram ki, İsa bəy geriyə addım atsın.

– Bəs atsa necə?

– Atmamalıdır. Atsa, mən düşünməliyəm. Bu məsələ iki ildən artıqdır ki, müzakirə olunur və cəmiyyətdə birmənalı fikir yaranıb ki, İsa bəy gedəcək və sözünün üstündə dayanacaq. Çünki mən belə hesab edirəm ki, iqtidar partiyası da bu məqamı gözləyir. İsa bəy getməsə bəlkə də müxalifətin günahlandırılması baş verə bilər. Amma İsa bəy hətta başqanlıqdan getsə də, onun seçkilərdə iştirak etmək, namizəd olmaq hüququnu kim əlindən ala bilər? İsa bəy müxalifətin liderlərindən biri olaraq qalacaq. Əlbəttə İsa bəy bunu istəsə.

– Məncə namizəd olmaq üçün başqanlıqdan getməmək bəhanəyə çevrilməməlidir. Mən bir Azərbaycan gənci kimi fikirləşirəm ki, bu olkədə nəhayət ki, nümunə ortaya qoyulmalıdır. Bu adamlar niyə getmək istəmirlər?

– Azərbaycanda bir nümunə oldu. Etibar Məmmədov getdi. Amma Etibar Məmmədovun getməsi ilə AMİP güclənmədi, çökdü. Müsavatın içindəkilər düşünür ki, İsa bəyin gedişi ilə Müsavatın da çöküşü ola bilər. Amma başqa qrup insanlar var ki, hansılar ki, namizəd olacaqlar, Müsavatı daha da yüksəldəcəklərini düşünürlər. İsa bəy başqanlıqdan getsə belə Müsavatın brendi, siması olaraq qalacaq. Müsavatdan getsə də Müsavatın işlərinə təsir edə biləcək. İsa bəy də, Əli bəy də yetərincə lider yetişdiriblər. Sadəcə olaraq, partiyalarda çox nəzakətli və qarşılıqlı hörmətə əsaslanan bir atmosfer var. Biz başa düşürük ki, hansı reallıqlarda fəaliyyət göstəririk, sədrimizi başa düşürük, sədrimiz də bizi başa düşür. Lakin siyasi vəziyyət dəyişilməyə doğru gedir və yəqin ki, partiyalarda da vəziyyət dəyişəcək. Bu gün siyasi reallıq odur ki, aramızda qarşılıqlı hörmət var. Siz bayaq Arif Hacılı haqqında dediniz. Arif Hacılı Müsavatın başqanı ola bilər. Məncə, onun bu gün buna haqqı da var. Bu mənim şəxsi fikrimdir, partiyamızın adından danışmıram. Seçkilər Müsavatın şəxsi işidir. Onlar kimi başqan seçsə, AXCP də onunla işləyəcək. Arif Hacılının başqan olmağa haqqı var, Müsavatı yaxşı tanıyır və mənim ona hörmətim var. Onlar məni sevmir, bilirəm ki, onlar tərəfdən mənə qarşı isti münasibət yoxdu. Mən bunun səbəbini bilmirəm. Amma mənim onlara qarşı böyük hörmətim olub. 2004-cü ildə Arif Hacılı ilə ikilikdə çox təmaslı görüşlərimiz olub, Azərbaycanın gələcəyini birlikdə müzakirə etmişik, çox planlar qurmuşuq. Mən o vaxtdan onun işgüzarlığına heyran olmuşam və onun da mənə qarşı hörməti var. Arif Hacılı ilə mənim problemim yoxdu, sadəcə onun ətrafında olan bəziləri elə hesab edir ki, mənim ona qarşı münasibətim başqa cür olub. Amma çox yanlış yoldadırlar. Mən hesab edirəm ki, müxalifətdə əziyyəti olan, məhrumiyyətlərə qatlaşan insanların əməyinə qiymət verilməlidir. Bəzi siyasətçilər var ki, kreslosunda oturub yazmır, pozmur, heç bir işlə məşğul deyil, yalnız müsahibələr verir, öz təbliğatı ilə məşğul olur. Olsun, amma ortaya bir məhsul da qoymaq lazımdır. Arif Hacılı məhsul qoyan siyasətçilərdəndir. Buna görə də, onun gəlməyində mən bir əngəl görmürəm. Amma əlbəttə ki, bu siyasət Müsavatın daxili işidir. Müsavat sıravi bir üzvünü də seçsə biz onu başqan kimi qəbul etməyə hazırıq.

– Əli bəy necə düşünür?

– Əli bəyin necə düşündüyünü onun adından mən deyə bilmərəm. Əli bəy AXCP-nin sədri olduğu üçün partiyanın mövqeyini ortaya qoyub. Bu strategiyanı Əli bəy müəyyənləşdirib. Biz Müsavatın başqan seçimlərinə qarışmırıq.

– Bu yaxınlarda “Qafqazinfo”da belə bir informasiya getdi ki, prezident seçkilərinə Azərbaycan tarixində ilk dəfə erkən hazırlıq başlayıb. Cəbhələşmə gedir, iddialı şəxslər öz mövqeyini ortaya qoyub. Eyni zamanda, cəmiyyətimizin iki böyük nüfuzlu siyasətçisi, Əli Kərimli və İsa Qəmbər arasında da ilkin söhbətlər gedib. Həmin yazıda da qeyd etdiyimiz kimi İsa Qəmbər Əli Kərimlidən son şans istəyib.

– Bu yaxınlarda ictimai rəyin öyrənilməsi ilə bağlı Azadlıq Radiosu bir sorğu keçirmişdi. O sorğuda 47%-lə Əli Kərimli hazırkı prezident İlham Əliyevin rəqibi seçilmişdi. İsa Qəmbər ikinci yerdə idi. Hələlik ictimai rəyin öyrənilməsi üçün başqa bir tədbir keçirilməyib. Ona görə də, bu haqda bir söz demək mümkün deyil. Lakin fakt burasındadır ki, Əli Kərimli bunu həmişə vurğulayıb, keçən il dekabrın 2-də də sizin sayta verdiyi müsahibəsində də demişdi ki, mən prezidentliyə özümü hazır hesab edirəm, qalib gəlməyə də ümidim var. Buna bənzər bir ifadə işlətmirdi. Bununla da dolayısı ilə namizəd olacağını təsdiqləmişdi. Partiyada Əli bəyə müəyyən təzyiqlər var. Bəlkə də mən bunu deməməliydim. Təzyiqlər rayon şöbələrindən gəlir, eyni zaman da partiyanın daxilində də təzyiqlər var ki, Əli bəy namizəd olsun. Bu tip məsələlərdə Əli bəy heç vaxt öz mövqeyini öncədən deməyib. Birinci ətrafındakı insanların fikrini öyrənir. Əli bəy bu günə qədər çox güzəştlər edib, amma bu dəfə namizəd olmaq onun haqqıdır. Amma Əli bəyin namizəd olması, İsa bəyin namizəd olmaması demək deyil.

– Əli bəyin də, İsa bəyin də haqqı var. Haqqı olması ayrı şeydir, xalqın, müxalifətin ümumi mənafeyi naminə vahid mövqe ayrı şey. Hər şeydən əvvəl seçkiyə bir nəfər getməlidir. Burda isə vəziyyət çox gərgindir.

– Açığı bu məsələ ilə bağlı mənim çox narahatçılıqlarım var. Mən də sizin kimi düşünürəm. Əli bəylə, İsa bəy eyni vaxtda namizəd olarsa, bizim seçkilərə getməyimizin mənası yoxdur. Özümüzü aldatmağımıza da ehtiyac yoxdur. Biz xalqın da inamını tamamilə itirəcəyik, beynəlxalq ictimayyətin də. Xalq arasında belə bir fikir yarana bilər ki, liderlər hələ hakimiyyətə gəlmədən vəzifə bölgüsü edə bilmədilər. Mən ümid edirəm ki, vahid namizəd məsələsi həll olunacaq. İctimai Palata var, siyasi qüvvələr var. O vaxta qədər ictimai rəy də formalaşacaq. 2013-cü ilə qədər vahid namizəd məsələsi həll olunacaq. İstənilən halda, biz Azərbaycanda dəyişikliklər görmək istəyirik. Azərbaycanda həm siyasi sahədə, həm də sosial sahədə ciddi islahatlar getsin. Əgər bu islahatları bu gün İlham Əliyevin komandası yerinə yetirəcəksə nə yaxşı. Seçkilər də azad və demokratik keçirilər və xalqın seçdiyi insan prezident olar. Əgər doğurdan da Azərbaycanda demokratik seçki şəraiti yaranarsa, İsa bəy də, Əli bəy də, Lalə xanım da ayrı-ayrılıqda namizəd ola bilərlər. Kim xalqın səsini çox qazanarsa o da seçilər. Amma biz Azərbaycandakı real şəraiti nəzərə alaraq, xalqın inamını itirməmək üçün, xalqın qarşısında verdiyimiz öhdəlikləri yerinə yetirmək üçün qurbanlara getməyə hazır olmalıyıq. Hər bir siyasətçi, kimliyindən aslı olmayaraq, səviyyəsindən asılı olmayaraq qurbanlar verməyi bacarmalıdı, qurban olmağı bacarmalıdı və istənilən halda həmin dəyişikliyə aparan yolda maneələrlə, çətinliklərlə üzləşməyə hazır olmalıdır. Bunlar hamısı var. Amma vahid namizəd məsələsi həll olunmasa indiyə qədər çəkdiyimiz məhrumiyyətlər boşuna getmiş olur. Və mən inanmıram ki, bir daha xalqın inamını qazanmış olaq.

– Tutaq ki, vahid bir namizəd tapıldı. Qarşınızda ölkənin prezidenti var və onun da reytinqi heç də az deyil. Razısız?

– Bəli, bu gün sorğu keçirilərsə, bir tərəfin reytinqində İlham Əliyev olar, digər reytinqdə isə müxalifət liderlərindən biri. Yəni bu faktdır.

– Müxalifət deyir ki, 1998-ci ildə prezident seçkilərini Etibar Məmmədov, 2003-cü ildə İsa Qəmbər qazanıb, 2005-ci ildə isə “Azadlıq” bloku parlament seçkilərini udub. Bu iddialar ortaya atılır, ancaq nəticə ayrı şeydir. Müxalifət nə zaman iddialarını sübut edə bilər?

– Mən sizinlə tamamilə razıyam və hesab edirəm ki, xalq bizdən nəticə gözləyir. Bəzən biz günahlandırırıq ki, xalq ayağa qalxmır, xalq yatıb, bu qədər zülm var və doğurdan da Azərbaycanda dəhşətli dərəcədə sosial ədalətsizlik var. Amma səbəb xalq deyil. Biz xalqı niyə günahlandırıq ki? Mən xalqı günahlandırmağın əlehinəyəm. Xalqımız gözəl xalqdı. Xalqı öz haqqını tələb etməyə vadar edən strategiyamız yerinə oturmayıb.

– Biz hökuməti seçkini saxtalaşdırmaqla ittiham edə bilərik. Tamam. İqtidardır, əlində resurslar var, hakimiyyətdə qalmaq üçün bundan istifadə etməlidir. Dünyanın hər yerində hakimiyyətlər iqtidarı əldən verməməyə çalışır. Ancaq sual budur ki, sən nə etməlisən? Sən ona görə müxalifət liderisən ki, siyasətçisən ki, sən onları meydandan çıxarmağı bacarmalısan. Sən oturursan bizim yanımızda və deyirsən ki, hakimiyyət icazə vermir. Bunu biz də bilirik ki, hakimiyyət icazə vermir. Biz nə vaxta qədər elan edəcəyik ki, seçkilər saxtalaşdırılıb?

– Xalq bununla razılaşmaq istəmir. Bütün insanlar nəticə istəyir. Bizim əlimizdə televiziyamız yoxdur ki, xalqa əsl həqiqətləri göstərək. Azərbaycanda müəyyən zümrə qəzet oxuyur. “Azadlıq” , “Yeni Müsavat” və adını çəkmədiyim müəyyən qəzetləri oxuyan insanlarda siyasi prosesləri izləmək və analiz etmək instinkti yaranır. Və onlar düşünür ki, müxalifət niyə yoxdur? Niyə müxalifət bizim haqqımızı tələb etmir? Deyək ki, Qubanın Xınalıq kəndində bir sosial ədalətsizliklə üzləşən insan, ailə, qrup düşünür ki, mənim bu gün problemim var və müxalifət niyə mənim yanımda yoxdur.

– Məncə yeni taktikalar tapılmalıdır.

– Mən buna qayıdacam. O insanlar ki, bizi yanında görmür, əslində bizim bu imkanlarımız yoxdur. Biz o insanların yanında ola bilərdik, amma bizim o texnikamız, strategiyamız yoxdur. 2005-ci ildə “Yox” Hərəkatı yaradılan zaman Azərbaycanda ilk innovativ ideyaları ortaya qoyanda mən olmuşdum. Mənim bəlkə də bir gündə yüz yerdə adım hallanırdı. Adımla bağlı məqalələr yazılırdı və mən doğurdan da müəyyən innovativ yollar düşünüb tapa bilmişdim. Bəzi dövlətlərdə elə düşünürdülər ki, Azərbaycandakı bütün siyasəti bunlar qurur, amma belə deyildi axı. Xaricdə ictimai rəyi formalaşdıra bilmişdim. Bilmirəm necə alınmışdı. Daxildə də, xarici ölkələrdə də çoxlu təlimlər keçmişdim, böyük kitablar oxumuşdum və s. Üzərimdə ciddi işləyirdim. Mən düşünürəm ki, biz yeni texnologiyalar tapa bilərik. Əsrimiz internet əsridir. İnternetdən istifadə edərək insanlara çıxış əldə edə bilərik. Bizim bəhanələr gətirməyə haqqımız yoxdur.

– Bir dəfə səhv etmirəmsə tələbə olanda Bakıda güclü qar yağmışdı, onda Əbülfəz Elçibəy gözlənilmədən metroya minmişdi. Həmin hadisə ölkənin ictimai siyasi həyatında böyük canlanma yaratmışdı. Məsələn mənə maraqlıdır ki, niyə bu soyuq havalarda, hər yeri buz bağlayanda heç kim evindən çıxmazdı. Ancaq tutaq ki, Əli Kərimli buz üzərində təkbaşına maraqlı bir aksiya keçirə bilərdi.

– Siz ümumiləşdirdiniz, amma bunu cəmləşdirsək AXCP həmin o buzlu günlərdə, şaxtanın altında bizim bir neçə toplantımız keçirildi və bu toplantıya Əli Kərimli rəhbərlik edirdi. Ancaq bütövlükdə mən sizinlə razılaşıram. Amma burda bir psixoloji sindirom var. Azərbaycan siyasətçilərində də, xalqında da psixoloji bir baryer var. Mən ciddi bir siyasətçi olaraq səmimi bir hərəkət etsəm, xalqım bunu qəbul etməz. Bir siyasətçini avtobusdan istifadə edərkən görən vətəndaş düşünür ki, bu özünə gün ağlaya bilməyib, bir maşını da yoxdu, mənə nə köməyi dəyə bilər? Bu ictimai rəydən bütün siyasətçilər qorxur, mən də qorxuram. Amma bunu elə bir şəkildə etmək olar ki, xalq bunu səmimi qəbul etsin.

– Mən hesab edirəm ki, bu gün özünə lider deyən şəxs “McDonalds” yaratmalıdır. Axı necə olur ki, orada insanlar illərdir növbəyə dayanır və zövq alırlar.

– Mənim qızlarım hər gün məni sürüyür ki, onları McDonaldsa aparım. Bu artıq insan psixologiyasını öyrənmək və ona təsir edəcək məqamları tutmaqdır. Biz hələ də siyasətdə insanların bizdən nə istədiklərini, hansı yolla insanların qəlbinə girmək metodunu tapa bilməmişik. Bu problem var.

– Müxalifət illərdir deyir ki, bu il rüşvətxor hakimiyyət gedəcək. Mən neçə ildir İsa Qəmbərin müsahibələrini oxuyuram. Bu insan hər ilin sonunda deyir ki, hakimiyyətin sonudu…

– Bəzi məsələlərdə sizinlə razılaşıram, bəzilərində yox. İstənilən halda vəziyyətdən çıxış yolu tənqidlə olmamalıdı, fərqlər göstərilməlidir. Məsələn, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Yeni Azərbaycan Partiyasından fərqi nədir? Bu gün Azərbaycanda bu çatışmamzlıqlar var, biz gəlsək bunlar olmayacaq. Biz bununla bağlı zaman-zaman proqramlar hazırlamışıq. AXCP-nin ofisi əlindən alınan zaman bir çox sənədlər itdi, o proqramlar kompüterin yaddaşından silindi. Bu gün müxalifətin problemlərindən biri öz fərqliliyini insanlara çatdıra bilməməsidir. Tək insanlara yox, beynəlxalq aləmə də. Ümumiyyətlə, biz deyirik ki, gələndə korrupsiyanın kökünü kəsəcəyik, bunlar sözdür. Amma bunun texnologiyası, proqramı hazır olmalıdır. Deyək ki, İctimai Palata demokratiyaya yumşaq keçidlə bağlı bir sənəd hazırladı. Amma hər bir sahəni əhatə edəcək 10-15 səhifəlik sənəd olmalıdı, bütün incəliklər izah edilməlidir. İzah edilməlidir ki, biz gələndə nə edəcəyik. Bugünkü siyasətimiz nədir. 2005-ci ildə mən bir sənəd hazırladım. Sadəcə olaraq, Azərbaycan siyasətindəki reallıqlar, resursların olmaması, partiyaların daxilində hamının işə can yandırmaması problemləri var. Hər kəs komandalaşıb, öz sahəsi ilə bağlı strategiyalar həyata keçirmək iqtidarında deyil. Hər kəs gözləyir ki, partiyanın sədri varsa, bunu sədr etməlidir. Bəzən partiyada çıxış etmək istəyirsən, amma qorxursan ki, sənə qarşı necə fikir yaranacaq, təzyiqlər artmayacaq ki? Partiya funksionerlərinin fikirlərini açıq söyləmək bacarığı olsa da, bundan çəkinirlər. Əli bəyin bir müsbət xüsusiyyəti var ki, ideyaları dinləyir. Əgər ideya gözəldisə, onun həyata keçməsi üçün çaba göstərir. Bu gün mən AXCP-nin siyasətini həyata keçirən adamam. Amma eyni zamanda partiyada bir Cəbhəçi olmaq instinqti də var. Cəbhəçilik ideoloji bir xəttə çevrilməyə başlayıb. Məncə, bəziləri düşünür ki, Razi hələ tam cəbhəçi deyil. Mən AXCP-ciyəm, partiyaya varlığımla sadiqəm. Amma bəlkə də məndə o cəbhəçi ruhu yoxdur. Mən başqa cür mühitdə böyümüşəm. Mən 8 il rus və ingilis dillərinə sinxron tərcümə ilə məşğul olmuşam, xarici şirkətlərlə işləmişəm, təfəkkürüm dəyişib. Mən istərdim ki, Azərbaycanda, bütün partiyalarımızda yenilik olsun. Amerikalıların üstün cəhəti odur ki, çıxılmaz vəziyyətə düşdükdə, imkansızlıqda da imkan axtarırlar. Amma bizdə fərqlidir. Bizim xalqımızda çətin vəziyyətdən çıxış yolları tapmaq bacarığı inkişaf etdirilməlidir, hətta dərsliklərə salınmalıdır. Təəssüf ki, bu bizim xalqımızda yoxdur.

Elbrus Ərud

Related Articles

Back to top button