Interviews

Putin ikinci Qorbaçov da olmağa hazırdır

Razi Nurullayev

19.04.2012 | 12:33

“Region” Beynəlxalq Analitik Mərkəzin İdarə Heyətinin sədri, AXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Razi Nurullayevin müsahibəsi:

– NATO-nun Çikaqo sammitindən gözləntiləriniz necədir?
– Bu suala əvvəlcə tezislər şəklində, ardınca isə daha ətraflı cavab vermək istərdim.
NATO-nun daha çevik bir qüvvəyə çevrilməsi üçün qərarlar qəbul ediləcək.
NATO daha çevik olacaq.
NATO-nin mobil hərbi qüvvəsi yaradılacaq.
Əfqanıstandan NATO qoşunlarının 2014-cü ilə kimi çıxarılması ilə bağlı konkret vəzifələr müəyyənləşdiriləcək.
“NATO 2020” prioritetlərini müəyyənləşdirəcək və “Ağıllı Müdafiə” sisteminin yaradılmasına yaşıl işıq yandıracaq.

İndi daha ətraflı…

May ayının 20-21-də keçiriləcək NATO-nun Çikaqo zirvə toplantısı sıradan bir tədbir olmayacaq və çox gərgin bir görüşün olacağını gözləyirəm. Çünki, mənə belə gəlir ki, NATO-nun 28 üzv dövləti arasında bir sıra məsələlər üzrə fikir ayrılıqları var. NATO qurucuları və Mərkəzi Avropa, o cümlədən Şərqi Avropa dövlətləri arasında Alyansın gələcəyi ilə bağlı da fərqli fikirlər mövcuddur. Həmçinin, NATO-nun genişləndirilməsi ilə bağlı da qurucu və sonradan qoşulan dövlətlər arasında dartışma gedir. Keçmiş Sovet İmperiyasına daxil olan və ya onun nəzarətində olan Respublikalar, xüsusən də Polşa, Çexiya, Slovakiya və Macarıstan Çikaqo zirvə toplantısında vacib hesab etdikləri məsələlərin həllinə nail olmaq istəyirlər. Güclü koalisiya yaratmaq və Alynas üzvlərinə təsir göstərmək üçün dörd dövlət razılığa gəlib və keçən günlərdə Baltika dövlət başçıları ilə də görüş keçiriblər. Bu görüşdə yalnız Litva dövlət başçısı iştirak etməyib. Hazırda Rumıniya ilə danışıqlar gedir. Mərkəzi və Şərqi Avropa dövlətləri hələ də Rusiyanı təhlükə kimi görməkdədirlər və istəyirlər ki, NATO hərbi cəhətdən daha praktik olsun və operativ hərbi mobil qüvvəyə malik olsun ki, təhlükə zamanı NATO öz üzvlərini qoruya bilsin. Əslində. NATO artıq bu məsələ ilə bağlı strateji qərar qəbul edib. Fərq ondadır ki, bu dövlətlər təhlükə kimi ancaq və ancaq Rusiyanı görməkdədirlər. Oturuşmuş Avropa dövlətləri və ABŞ isə onların bu narahatlıqlarını bölüşmürlər. Ikinci məsələ kimi bu dövlətlər NATO-nun Rusiyanın etirazlarına baxmayaraq Şərqə doğru genişlənməsinin tərəfdarıdırlar.

Bu məsələdə digər bir vacib məqamı da nəzərə almaq lazımdır. ABŞ-ın starteji maraqlarında dəyişiklik əmələ gəlib və Avropa Mərkəzi və Şərqi Avropa dövlətlərinin nəzərincə “sahibsiz” qalıb. Onlar Qərbi Avropalıların onları qorumağa qadir olmadığını düşünməkdədirlər. Polşanın “Rzeczpospolita” qəzetinə sızdırılan məlumatlar da bunu sübut edir. Polşa prezidentinin Milli Təhlükəsizlik Bürosunun başçısı general Stanislav Kozey (Stanisław Koziej) adı çəkilən qəzetə yazdığı məktubda bunu təsdiq edib. “NATO-nun bütün məsələləri yaxşıca nəzərdən keçirilməli və elə həyata keçirilməlidir ki, onlar onun əsas funksiyasını – Alyans üzvlərini qorumaq bacarığını – zəiflətməsin. Bu indi daha vacibdir, çünki, ABŞ özünün strateji maraqlarının ağırlıq qüvvəsini Avropadan Asiyaya və Sakit okean hövzəsi regionuna çevirir”.

Zirvə toplantısının ən ağır məsələlərindən biri 2014-cü ilə kimi NATO qoşunlarının Əfqanıstandan çıxarılmasıdır. Logistika ilə bağlı ciddi çətinliklər var. Pakistan hələ beş ay öncə öz ərazısındən keçən iki qapını NATO-nun üzünə bağlayıb. Başqa yollar isə hələ tapılmalıdır. 72 000 texnika və 150 000 konteyneri çıxarmaq asan məsələ deyil. Amerika mütəxəssislərinin hesablamalarına görə bir gündə 150 konteyner çıxarılarsa, bu üç il çəkər.

– Bu sammit Azərbaycan və ümumilikdə Cənubi Qafqaz regionu üçün hansı perspektivləri vəd edir?

– Məlumdur ki, XXİ-ci əsrin əvvəlləri sürprizlə müşayiət olunur. Rusiya NATO-ya Ulyanovsk şəhərində özünün logistika bazasını yaratmağa icazə verib. NATO Volqa çayının sahillərində, Sosialist İnqilabının lideri Leninin doğulduğu şəhərdə məskən salır. NATO Əfqanıstandan qoşunlarının bir hissəsini bu baza vasitəsilə çıxaracaq. Rusiya yavaş-yavaş yola gəlir və Putin özünün 3-cü müddətini sakitcə başa vurmaq üçün hətta, daha yeniləşmiş və milli şəkildə ikinci Qorbaçov da olmağa hazırdır. Yuxarıda dediyim kimi, artıq ABŞ-da Rusiyanı soyuq müharibə zamanındakı kimi şarlatan və qəssab qismində görməməkdədir. Rusiya siyasəti və vətəndaşları daha sivil və dünyagörüşlü obrazını yaratmağa başlayıblar. Ona görə də ABŞ da starteji maraqlarının ağırlıq qüvvəsini Asiya və Sakit okeanı hövzəsi regionuna yönəldib. Rusiya qismən NATO-ya inteqrasiya edəcək və onun Şərqə doğru genişlənməsinin qarşısını alacaq. NATO Rusiya vasitəsilə Cənubi Qafqaz ölkələri ilə danışıqlar apara və Rusiyanın bütün maraqları nəzərə alına bilər. Əslində, ənənəvi Qərb dövlətləri Rusiya ilə daha tez dil tapa və onunla razılığa da gələ bilərlər. Rusiyanın planlarına ciddi maneçilik törədən Polşa və Baltika dövlətlərdir.

Əminliklə deyə bilərəm ki, Rusiyanın razılığı olmadan heç bir Cənubi Qafqaz dövləti NATO-ya üzv ola bilməyəcək. Rusiya imkan verməz ki, NATO ilə əhatəyə alınsın. NATO Rusiya ilə danışıqlar yoluyla və onu yola gətirməklə Cənubi Qafqaz regionuna da gəlib çıxacaq. NATO Rusiyanı təhlükə kimi görmür. Onun ən təhlükəli qonşusu indi İrandır. Bu baxımdan NATO Cənubi Qafqaz regionu ilə bağlı bu zirvə toplantısında ciddi qərarlar verməyəcək. Amma, NATO bu sammitdə Mobil Hərbi Qüvvələrin yaradılması ilə bağlı qərar qəbul edəcək və bu da gələcəkdə NATO dövlətlərinin, həm də Cənubi Qafqaz regionunda enerji təhlükəsizliyini təmin etmək üçün ciddi rol oynayacaq.

– 2020-ci ilədək NATO güclənəcək, yoxsa…

– “NATO 2020” strateji konsepsiyası 17 may 2010-cu ildə təqdim edilib. NATO qərara alıb ki, hər 10 ildən bir yeni strateji konsepsiya hazırlasın və ya mövcud konsepsiyanı təkmilləşdirsin. Çikaqo sammitində NATO-nun 2020-ci ilə kimi inkişaf konsepsiyası təsdiq ediləcək. Mənə belə gəlir ki, NATO 2020-ci ilə kimi Alyansı daha mobil, daha müasir, daha çevik və daha sadə görmək istəyir. NATO-da qərarvermə mexanizmlərini daha da təkmilləşdirmək niyyətindədir.
NATO-nun Baş Katibi Anders Foq Rasmussenin (Anders Fogh Rasmussen) sözləri ilə desək “Çikaqoda biz spesifik öhdəliklər və tədbirlər paketini bəyənərək növbəti addımlar atacaq və “Ağıllı Müdafiə” (Smart Defence) adlandırdığımız yanaşmaya daha da yaxınlaşacağıq”.

Qeyd etmək istərdim ki, “Ağıllı Müdafiə” konsepsiyası xalqlara imkan verir ki, özlərinin müdafiə xərclərini daha effektiv etmək üçün prioritetlərini düzgün müəyyən etsinlər və müasir silahlara malik olsunlar. NATO, bu baxımdan 2020-ci ilə kimi mövcud olan ən müasir silahlarla təchizatı özünün prioriteti elan edir. Bütün üzv dövlətlər bu konsepsiya çərçivəsində müasir silahlarla təchiz ediləcəklər.

Cənubi Qafqaz ölkələri də NATO ilə əməkdaşlıq etdiyinə görə, “NATO 2020” Azərbaycana da sirayət edəcək. Çünki, NATO İran sərhədlərində daha müasir, güclü və demokratik Azərbaycan görmək istəyir.

Müsahibə milaz saytı tərəfindən hazırlanıb.

Related Articles

Back to top button