Fazil Mustafanın çıxışına sual dolu cavablar və yaxud şəxsi qərəz siyasətə necə daxil edilir

Posted by on 21 April, 2012
This post was filed in Köşə and has no comments yet

0

Razi Nurullayev

Fazil Mustafa “siyasi partiyalar haqqında” qanun parlamentdə müzakirə olunan zaman deyib ki, daha doğrusu, demək istəyib ki, “AXCP-yə dövlət büdcəsindən vəsait verilməsin, Müsavata verilsin”. Belə bir yanaşma partiya başqanına, millət vəkilinə rəva görülərmi? Bu yanaşma Fazil Mustafanın Əli Kərimliyə şəxsi zəmində bəslədiyi qərəzdən irəli gəlir. Fazil bəy, millət vəkilləri şəxsi zəmində düşünüb qərar qəbul edəcəklərsə, onda bu dövlətin və millətin gələcəyi ola bilərmi? Siz ölkəni məhvəmi aparmaq istəyirsiniz? Yoxsa, ictimai rəyimi çaşdırmaq istəyirsiniz?

Buna yol verə bilmərik. Azərbaycanın siyasi müstəqillyinin qazanılmasında aparıcı rola malik AXCP bu gün də özünü millət və dövlət qarşısında məsuliyyətli sayır. Elə ona görə də mübarizə aparır ki, dövləti qanunlar idarə etsin, şəxsi zəmində və şəxslər üzərində qurulan siyasət yox.

Necə yəni, “Azadlıq” qəzetinə ayrılan puldan AXCP də yararlanır? “Azadllıq” qəzetinin iş şəraitindən xəbəriniz varmı? AXCP-nin çəkdiyi məhrumiyyətləri kimsə çəkə bilərmi? Qərargah yox, 9 milyonluq əhalimizin içində özündə cəsarət tapıb AXCP-yə ofis üçün kirayə verən çox, amma onlara bu imkanı tanıyan yox. Əli Kərimli qədər təhqirlərə, təzyiqlərə, məhrumiyyətlərə məruz qalan da yox. Amma, günahsız. Əli Kərimli nə istəyir? Var-dövlətmi, vəzifəmi, bahalı villamı, milyonlarmı? Xeyr! İstəsəydi, bunlara nail olardı. AXCP-də çoxları var ki, istəsəydi bütün bunlara nail olardı. Mühacirət edib sakit və dəbdəbəli həyat yaşayardı. Amma, edə bilmirlər, çünki, onlar, Əli Kərimli öndə olmaqla xalqına və millətinə öhdəlik borcludurlar. Vəd etdikləri daha yaxşı həyat öhdəliyi.
Deyirsiz ki, Müsavata dövlət vəsait ayırsın, AXCP-yə yox. Bu nə məntiqdir, Fazil bəy? Axı, mən də sizin güclü məntiqə malik olduğunuz haqqında mübahisələrə girişmişəm. Niyə məntiqinizi alt-üst edirsiniz? Niyə siyasəti şəxsi hisslərinizə qurban verirsiniz? Bizim arzumuzdur ki, Müsavat güclü olsun, qanunla təsbit olunan varı-dövləti başından aşsın, problemsiz siyasət aparsın, uca olsun və nəhayət, arzularına çatsın. Müsavat bizim müttəfiqimizdir.Biz Müsavat Partiyası ilə bir ruh, iki bədənik!

Fazil bəy, AXCP-də rəhbər vəzifədə olsam da, hesabatımı Əli Kərimliyə versəm də, o mənə xüsusi olaraq deməyib ki, niyə Fazil Mustafanın bəzi fikirlərini təqdir edrisən, onu müdafiə edirsən və hətta “radikal” müxalifətlə bir yerdə görmək istəyirsən… Amma, bilin ki, sizin fikirlərinizə şərh verdiyimə və bir sıra hallarda müdafiə etdiyimə görə həm rəhbərlikdə təmsil olunan, həm də sıravi cəbhəçilərin qınağı ilə üzləşmişəm və bu gün də üzləşməkdəyəm. Onların haqlı olduğu qənaətində deyiləm, lakin, bilin ki, sizin şərh etdiyim bu fikriniz məni çox məyus edib. Sizin Əli Kərimlidən xoşunuz gəlməyə də bilər, şəxsi işinizdir. Amma, sayın Fazil bəy, bilin ki, 8 aprel mitinqində Əli bəy Kərimlinin çıxışına 10,000 adam əl çalmış və onu alqışlamışdı. Fazil bəy, siz Əli Kərimlini qəbul etmək zorunda deyilsiniz, amma, 10,000-ləri, 100,000-ləri nəzərə almağınız labüddür. Ümid edirəm ki, bir daha şəxsi zəmində fikir bildirməyəcək və mütləq şəkildə yuxarıda sadaladığım faktları nəzərə alacaqsınız.

Əfsuslar ki, Azərbaycanda hazırkı şəraidə normal siyasətlə məşğul olmaq mümkün deyil. Siyasətdə çox saylı siyasəti bilməyən adamlar var. Ədəbiyyatda ədəbiyyatı bilməyənlər var. Biznesdə biznesi bilməyənlər var. Iqtidarda məmurluğu və məmur olaraq xalqa xidməti şəxsi zəmində varlanmaq kimi həyata keçirənlər var. Cəmiyyət ələnməyib. Hər şey şəxsi zəmində baş verməkdədir. Hər kəs çalışır ki, şəxsi düşüncəsini başqasına qəbul etdirsin. Belə adamların yeri siyasət deyil. Həmin tip insanlar “bolşevik” partiyası yaradıb ora cəmləşsələr yaxşı olar. Amma, sizin parlamentdəki dünənki çıxışınız “bolşevizm” tərəfdarlarının əlinə oynayır və sizi də onlarla bir cərgəyə qoymaq təhlükəsi yaradır.

0
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

Leave a Comment