English

Türkmənistan Rusiyadan canını qurtarır

31 August, 2009, 23:20

razi-nurullayev

Razi Nurullayev: “NABUCCO layihəsi Türkmənistanın Rusiyadan uzaqlaşmasında əhəmiyyətli rol oynamaqdadır”

“Türkmənistanın hərbi-dəniz qüvvələri bazasının yaradılmasının arxasında İran İslam Respublikası və Avropa dövlətləri dayanır”- Demokratik İslahatlar Uğrunda Cəmiyyətin həmsədri, politoloq Razi Nurullayev “Azadlıq”a açıqlamasında bu fikri səsləndirib. Onun sözlərinə görə, Türkmənistan prezidenti Qurbanqulı Berdıməhəmmədov ölkənin dəniz sərhədinin möhkəmləndirilməsi üçün 30 avqustda bəyan etdiyi hərbi-dəniz qüvvələrinin bazasının yaradılması niyyəti 5 Xəzəryanı ölkədən biri – İran İslam Respublikasından qaynaqlanır: “Türkmənistanın həbri-dəniz donanması yaratmaq istəməsi artıq bir neçə ildir ki, bu ölkənin gündəliyində olan məsələdir. Məlum olduğu kimi bu respublikanın neytrallıq statusu BMT Baş Assambleyasının xüsusi Qətnaməsi ilə rəsmi şəkildə təsdiqlənib və Türkmənistan beynəlxalq nüfuzuna zərbə vurmamaq üçün belə addım atmaqdan hələ ki, çəkinirdi. Ölkə Konstitusiyası, “Türkmənistanın daimi neytrallığı” Qanunu, “Neytral dövlət kimi Türkmənistanın xarici siyasət konsepsiyası”, “Müstəqil, daim neytral Türkmənistanın hərbi doktrinası”na müvafiq olaraq respublika hərbi ittifaq və bloklara daxil olmur, öz ərazisində əcnəbi dövlətlərin hərbi bazalarını yerləşdirmir”.

Politoloq bildirir ki, bu addımın arxasında, Xəzərin statusunun müəyyənləşməsində digər 3 dövlətlə (Azərbaycan, Qazaxıstan və Rusiya) razılığa gələ bilməyən Türkəmistan və İran İslam Respublikasının hərbi gücə söykənməsi konsepsiyası dayanır. Çünki, hərbi gücə malik dövlət danışıqlarda daha inamlı çıxış edə bilir və daha geniş manevrlərə də malik olur: “Bu addımda qəribə heç bir meyl yoxdur və bu Azərbaycan, Qazaxıstan və Rusiya üçlüyünə yönəlib. Demək lazımdır ki, Türkmənistanın bu addımı Azərbaycana qarşı əzələ nümayişi deyil və iki dost, qardaş ölkələr arasında münasibətlərin korlanması və hərbi müstəviyə keçməsi inandırıcı deyil. Bu ittifaq, əsasən, Rusiya Federasiyasına qarşıdır”.

Politoloq fikirlərini onunla əsaslandırır ki, Rusiyanın Türkmənistanla istədiyi dildə danışması və onu cəzbedici Avropa layihələrindən kənar saxlaması Türkmənistanın daxili və xarici maraqlarına ziddir: “Bu ölkə Rusiyanın təzyiqləri ucbatından müstəqil iqtisadi və xarici siyasət yeritmək imkanlarından məhrum olduğundan, yaxın illərdə Rusiyadan az da olsa uzaqlaşmaq niyyətindədir. Bu məsələdə NABUCCO layihəsi də Türkmənistanın Rusiyadan uzaqlaşmasında əhəmiyyətli rol oynamaqdadır. Buna görə də, Türkmənistanın birdən-birə Xəzərdə hərbi-baza yaratması haqda praktik addımlar atacağını deməsi İranla yanaşı Avropa dövlətləri ilə də razılaşdırılıb. Buna görə də Avropa dövlətlərinin Türkmənistanın bu addımına müsbət yanaşacağı və ona bu işdə köməklik göstərməsi də çox gözləniləndir”.

Natiq

http://azadliq.az/?p=24690

Related Articles

Back to top button