Interviews

Razi Nurullayev: “2005-ci ildən bəri davam edən buz sındı və bu sınmaqda davam edəcəkdir”

Müxalifətin birgə aksiyaları gözlənilir.

Aprelin 26-da Azadlıq blokunun Bakı ŞİH yanında piket keçirmişdır. Piket iştirakçılarının sayının 150-200 arasında dəyişdiyi bildirilir, 80 nəfər iştirakçı isə hadisə zamanı həbs edilərək müxtəlif polis bölmələrinə aparılmışlar. Tutulanlar arasında ağbirçək və orta yaşlı qadınlarla bərabər bəzi partiyaların funksionerləri və 3 jurnalist də olmuşdur. AXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Razi Nurullayev də tutulanlar arasında olmuşdur. Belə ki, insident zamanı mətbuat üçün brifinq keçirən R.Nurullayev açıqlamalar verərkən mətbuatın gözü önündən aparılmışdır. Baş verənlərə Razi Nurullayev Deyerler.org-a müsahibəsində aydınlıq gətirmişdir.

– Razi bəy, 26 aprel aksiyasını necə dəyərləndirərdiniz?

– Bu aksiyanı baş tutmuş hesab edirəm. 2005-ci ildən bəri keçirilən ən böyük və uğurlu aksiya idi. İkincisi, bir məsələnin də şahidi olduq ki, hakimiyyətin özündə də müəyyən dərəcədə konstruktiv düşünənlər əmələ gəlməkdədir. Tutulanların yalnız sutkalıq həbsə məruz qalmaları, bölmədə onlarla korrekt davranılması və digər işarələr bunun əlamətidir. Mən bunları uğur hesab edirəm və belə düşünürəm ki, bu müxalifətin artan gücünü, həm də Azərbaycan hökumətinə qarşı artan beynəlxalq təzyiqin nəticəsi kimi qiymətləndirilir. Aksiya etiraza çıxan partiya funksionerlərimiz arasında, müttəfiqlərdə, bütün müxalifətdə və xalq arasında böyük simpatiya yaratdı. Bu aksiya hamıya müəyyən bir motivasiya oldu və bu cür aksiyalara daha çox insanın qatılması üçün zəmin yaratdı. Bir vacib məsələ də budur ki, 2005-ci ildən bəri davam edən buz sındı və bu sınmaqda davam edəcəkdir. Bundan sonra artıq hökumət sərbəst toplaşmaq azadlığı haqqında müəyyən addımlar atacaqdır. Yəni insanlar toplaşmaq istəyəndə onlara arzulanan yerlər veriləcəkdir. Ümid edirəm ki, bu yerlər də mərkəzdən uzaq yerlər olmayacaq. Hər halda bu ətalət qırıldı və həm demokratiya tərəfdarlarının, həm etiraza çıxanları, həm də bütün Azərbaycan xalqını təbrik etmək olar.

– Necə düşünürsünüz, aksiya qoyulan hədəfinə çatdımı?

– Qarşıya iki məqsəd qoyulmuşdu; Sərbəst toplaşmaq azadlığı üçün hökümətə şüarlar səsləndirmək və aksiyanın işıqlandırılmasına nail olmaq. Bu görüntülərdə kifayət qədər oldu və çox geniş yayıldı. 150-dən artıq insanın iştirakı ilə aksiya baş tutdu. Şuarlar səsləndirildi və aksiya 1 saata yaxın davam etdi. Əlbəttə ki, aksiya qarşısına qoyan məqsədə tam çatdı.

– Aksiyanın işıqlandırılmasından söz düşmüşkən, aksiya zamanı siz məhz mətbuat nümayəndələrinə brifinq verirdiniz. Elə bu zaman bütün mətbuatın gözü qarşısında siz dartılaraq aparıldınız və polis bölməsində saxlanıldınız. Aksiyanın bu məqamını necə şərh edərdiniz?

– Əlbəttə ki, bu polis tərəfindən qeyri-korrekt bir davranış idi. Mən heç bir təhlükə törətmədən jurnalistlərə müsahibə verirdim və brifinq keçirirdim. Brifinq keçirmək də hər bir siyasətçinin təbii haqqıdır. Həmin an insanların yenidən oraya toplaşması və hislərin qızışması ehtimalı polisləri qorxutdu ki, yenidən aksiya başlaya bilər. Ona görə də məni də apardılar. Mən bunu qeyri-korrekt addım hesab edirəm. Hesab edirəm ki, bu mənimlə bərabər bir başa orada iştirak edən jurnalistlərin beynəlxalq missiyanın gözü qarşısında haqqının, qanunlarının tapdalanması idi. Bu belə də qələmə alınıb və əcnəbi mətbuatda da belə yayımlanıb. Bundan sonra polis üçün nə isə söz deməyə gərək qalmadı, çünki polis hər kəsin gözü qarşısında məni qanunsuz saxlayaraq bölməyə apardı. 8 saat polis bölməsində saxlanıldım. Daha sonra 20 manat cərimə edilərək azadlığa çıxdım. Bütün bunlar qanun pozuntusu idi.

– Aksiya baş verdiyi anlarda jurnalist Eynulla Fətullayevin məhkəməsi davam edirdi. Elə bu aksiya zamanı da 3 jurnalist saxlanılaraq polis bölməsinə aparılmış, onların peşə vəzifələrinin həyata keçirilməsinin qarşısı alınmışdır. Piket zamanı jurnalistlərə qarşı polisin davranışını və onların bir neçə saat bölmədə saxlanılmasına münasibətinizi necə ifadə edərdiniz?

– Bizim üçün bu qanuni aksiya idi, amma polis belə düşünür ki, bu qanuni aksiya deyildi. Amma jurnalistlərin həbs olunması isə ümumiyyətlə heç bir çərçivəyə sığmır. Jurnalistlər tənqid etsələr də, onlar hətta hər hansı kobud rəftar etsələr də belə, onlar üçüncü hakimiyyətdir və cəmiyyətin güzgüsüdürlər. Ona görə də istənilən halda, hətta jurnalistin günahkar olduğu məqamlarda belə onlar həbsə məruz qalmamalıdırlar. İstənilən halda jurnalist günahkar olduğu halda belə onun saxlanılmasının tərəfdarı deyirəm. Mən bunu çox pis qiymətləndirirəm ki, bu piketdə jurnalistlər də həbs edildilər. Onların əllərindəki avadanlıqların alınması, kameralara zərərlərin yetirilməsi və peşə avadanlıqların onların əllərindən alınmasına edilən cəhdlər yolverilməzdir. Bu Azərbaycanı beynəlxalq imicinə də zərbə vurur. Mən inanmıram ki, jurnalistlərə qarşı bu baş verənlər bir başa verilmiş əmr əsasında həyata keçilirdi. Sadəcə olaraq hüquq-mühafizə orqanlarında o qədər kənar adamlar, buraya aidiyyəti olmayan adamlar işləyir ki, onların nə bu fərqlərdən başları çıxır, nə də ki, deyilən məsələlərə qulaq asırlar. Onlar üçün adi aksiyaçılarla mətbuat nümayəndələrinin heç bir fərqi yoxdur. Bir də aksiyada fəal jurnalistlər var idi. Onların fəallaşması aksiya iştirakçılarını da şövqə gətirirdi. Ona görə də onları tez aradan götürdülər ki, həmin aksiyanın effektivliyi aşağı düşsün. İstənilən halda mən jurnalistlərin həbs edilməsini məqbul saymıram və bu baş verməməlidir.

– Gələcəkdə müxalifətin həmrəy halda belə bir aksiyası gözlənilirmi?

– Əlbəttə, artıq partiyamızın sədri Əli Kərimli Müsavat Partiyasının başqanı İsa Qəmbər və KAXCP sədri Mirmahmud Mirəlioğli ilə görüşüb. Belə bir razılıq əldə olunub ki, sərbəst toplaşmaq azadlığının təmin olunması və birgə aksiyaların keçirilməsi üçün qüvvələr səfərbər olunsun. Yəqin ki, gələcək aksiyalarda bu razılaşma yerinə yetiriləcəkdir, bu addım mümkün olacaqdır.

– Növbəti aksiyalar, piket və mitinqlər haqqında qərarlar varmı?

– Nəzərdə tutulur, amma vaxtı hələ ki, bəlli deyil. Yaxın günlərdə Rəyasət Heyətinin toplantısında bu məsələ müzakirə olunacaq və növbəti aksiyanın piket və ya mitinq formasında keçirilməsi qərara alınacaq. Yəqin ki, may ayında növbəti mitinq keçiriləcək.

Xatırladaq ki, piket zamanı 80 nəfərədək aksiya iştirakçısı saxlanılmışdır. Onlardan bəziləri bir neçə saat sonra azadlığa çıxamış, bəziləri isə cərimə edilərək buraxılmışlar. Hazırda bütün aksiya iştirakçıları azadlıqdadır. /Deyerler.org/

Related Articles

Back to top button