Interviews

ABŞ-ın daha sərt mövqe ortaya qoyacağı gözlənilir

2010-05-22

Azərbaycan İrana daha çox yaxınlaşarsa…

Razi NurullayevRazi Nurullayev: «Keçmiş məmurların fikirləri Amerikanın rəsmi mövqeyi kimi dəyərləndirilməlidir»

Amerikanın bir qrup keçmiş rəsmisi Bakını Tehranla yaxınlaşmaqda ehtiyatlı olmağa çağırıb. Onlar Iran rejiminin sonuna az qaldığı barədə proqnoz verib. Əvvəllər ABŞ-ın Xarici Siyasət Şurasında çalışmış analitik Lourens Haas bildirib ki, Azərbaycan Iranla həddindən artıq yaxın əlaqələri inkişaf etdirərkən ehtiyatlı olmalıdır. Milli təhlükəsizlik üzrə digər ekspert, Amerika Tərəqqi Mərkəzinin baş əməkdaşı Lourens Korb hesab edir ki, Azərbaycan Iranla, xüsusilə Iran bankları ilə iqtisadi əməkdaşlığa son qoymalıdır.
Qeyd edək ki, ABŞ-da keçmiş məmurların dilindən ölkənin rəsmi mövqeyinin səsləndirilməsi təcrübəsi mövcuddur. Bu dəfə necə, Azərbaycan-Iran münasibətləri ilə bağlı səslənən fikir Amerikanın rəsmi mövqeyi kimi qəbul edilə bilərmi?
Politoloq Razi Nurullayevin sözlərinə görə, ABŞ-ın keçmiş rəsmiləri dövlətlərinin siyasətlərini yaxından izləyirlər. Eyni zamanda dövlətin siyasətinin qurulmasında onlarla daim təmas olunur. Bu şəxslər müəyyən məsləhətləşmələrdə də iştirak edir, ölkənin yeni rəsmilərinə məsləhətlər verirlər. Bu səbəbdən də səslənən fikirlər ABŞ-ın rəsmi mövqeyi kimi dəyərləndirilməlidir. Ekspertin fikrincə, ABŞ-da rəsmilər istisna hallarda dövlətin mövqeyini səsləndirir.
R.Nurullayev belə bir xəbərdarlığın gözlənilən olduğunu da vurğuladı. Buna səbəb isə son zamanlar Azərbaycanın Iranla münasibətləri daha sıx qurmasıdır: “Azərbaycanın Iranla yaxınlaşması Ilham Əliyevin Vaşinqtonda keçirilən nüvə sammitinə dəvət almasından sonra baş verdi. Artıq elə fikirlər səsləndirilir ki, Iran Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Minsk qrupunda həmsədr, yaxud vasitəçi statusunda çıxış edə bilər. Azərbaycan maraqlıdır ki, Iran Dağlıq Qarabağ münaqişəsinin həllində rol oynasın”.
Ekspertin sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında Iran məsələsində ikitərəfli yaxınlaşma var. Bu da ABŞ-ı narahat edir.
R.Nurullayevin fikrincə, Azərbaycan belə bir yaxınlaşmaya getməməli idi: “Iranla yaxınlaşmaq ABŞ-a meydan oxumaq kimi qiymətləndirilir. Onun üçün də bu xəbərdarlığın davamı olacaq. ABŞ-ın ölkəmizə göstərdiyi Azərbaycanın insan hüquq və azadlıqları, azad seçkilərin keçirilməməsində yürütdüyü siyasətdir. Bu səbəbdən də ABŞ-ın daha sərt mövqe ortaya qoyacağı gözlənilir”.

http://azadliq.info/siyaset/834.html

Related Articles

Back to top button