Interviews

Avropa Birliyi demokratiyanı neftdən üstün tutdu

2010-05-22

«Artıq birmənalı olaraq seçkilərin Avropa standartlarına cavab verib-vermədiyi gündəmdə olacaq»

Razi Nurullayev: «Avropa Birliyi Azərbaycana yaxınlaşdıqca, ölkə rəhbərliyi demokratik dəyişikliklərə getməyə məcbur olacaq»

Avropa Parlamentinin növbəti plenar iclasında Avropa Birliyinin Cənubi Qafqaz strategiyası müzakirə olunub və qətnamə qəbul edilib. Qətnamədə bildirilir ki, Azərbaycan, Ermənistan və Gürcüstan 2004-cü ildən Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa Ittifaqı ilə tərəfdaşlıq etsələr də, bölgə ilə bağlı kompleks strategiya mövcud deyil.
Avropalı parlamentarilər hesab edir ki, Avropa Ittifaqının Cənubi Qafqaz siyasətində əsas səylər üç istiqamətə yönəlməlidir – münaqişələrin nizamlanması, demokratiya və insan haqlarının qorunmasına dəstək, qanunun aliliyi və iqtisadi əməkdaşlıq, sosial inkişaf. Qətnamədə bildirilir ki, dondurulmuş münaqişələrin mövcudluğu iqtisadi və sosial inkişaf qarşısında ən böyük maneədir.
Göründüyü kimi, qəbul edilən qətnamədə insan haqları və demokratiya iqtisadi əməkdaşlıqdan önə durur. Bu da Avropa Birliyinin demokratiyanı iqtisadi maraqlardan üstün tutduğunu göstərir. Belə olan halda yaxın gələcəkdə bu qurumun insan haqları və demokratiyaya dair Cənubi Qafqaz respublikaları, xüsusilə də Azərbaycanla bağlı hansı addımları gözləniləndir?
AXCP sədrinin müavini, politoloq Razi Nurullayevin fikrincə, qəbul edilən qətnamənin ən böyük üstünlüyü ondan ibarətdir ki, bu proqram Cənub Qafqaz respublikaları üçün fərqli yanaşmalar nəzərdə tutur. Yəni hər bir ölkə ilə bağlı ayrı-ayrılıqda problemlər araşdırılacaq və onların həlli üçün hökumətlərlə müqavilələr imzalanacaq. Ekspertin sözlərinə görə, artıq əvvəlkilərindən fərqli olaraq bu razılaşmalar məcburi xarakter daşıyacaq. Azərbaycan üzərinə götürdüyü öhdəliyi məcburi olaraq yerinə yetirməlidir: “Avropa Birliyi istəyir ki, Cənubi Qafqaz respublikalarını, o cümlədən Azərbaycanı Avropa standartlarına yaxınlaşdırsın. Demokratiya təmin olunmadan, azad və demokratik seçki keçirilmədən iqtisadi yüksəlişə nail olmaq olmaz. Eyni zamanda bu dəyərlər gözlənilmədən Azərbaycanda Avropa standartlarının oturuşması da mümkün deyil. Məhz  bunun üçün Avropa Birliyinin qarşısında demokratiya və fundamental insan haqları məsələsi birinci yerdə dayanır”.
Ekspert Azərbaycanın nicat yolunun Avropa Birliyinə assosiativ üzvlüyündən keçdiyini də vurğuladı: “Indi söhbət ”Şərq tərəfdaşlığı” çərçivəsində razılaşdırılacaq həmin müddəaların yerinə yetirilməsindən gedir. Avropa Birliyi Azərbaycan üçün öz prioritetlərini açıqlayır. Azərbaycan tərəfinin də bunu qəbul etməsi lazımdır. Ola bilsin ki, Azərbaycan o prinsiplərin qəbul olunmasını gecikdirsin. Bu da ölkədə insan hüquqları və azadlıqlarının təmin olunmasının müəyyən qədər gecikməsinə gətirib çıxaracaq”.
Ekspertin sözlərinə görə, Azərbaycan hökuməti belə bir addıma gedəcəyi halda beynəlxalq ictimaiyyət, o cümlədən Avropa Birliyi dövlətləri tərəfindən yüksək səviyyədə qınanacaq. Ancaq Avropa Birliyi Azərbaycana yaxınlaşdıqca, ölkə rəhbərliyi demokratik dəyişikliklərə getməyə məcbur olacaq.
R.Nurullayev həm builki seçkilərdə, həm də 2013-ci ilin prezident seçkilərində məhz bu dəyərlərin özünü göstərəcəyini də vurğuladı. Artıq birmənalı olaraq seçkilərin Avropa standartlarına cavab verib-vermədiyi gündəmdə olacaq. Azərbaycan bununla bağlı hesabat verməli olacaq.

http://azadliq.info/adsiz_bolme/799.html

Related Articles

Back to top button