Interviews

Avropa Birliyinin fəallığı Azərbaycana nə vəd edir?

2010-05-19

Razi Nurullayev: «Avropa Birliyi Cənubi Qafqaz respublikaları ilə daha ciddi əməkdaşlıq münasibətləri qurub inkişaf etdirmək fikrindədir»

Sabah Avropa Parlamentinin növbəti plenar iclasında Avropa Birliyinin Cənubi Qafqaz strategiyası müzakirə olunacaq. Məruzədə AB-nin Azərbaycan, Ermənistan və Gürcüstanla “Şərq Tərəfdaşlığı” proqramı və Avropa Qonşuluq Siyasəti proqramı çərçivəsində əməkdaşlıq, təhlükəsizlik və münaqişələrin dinc yolla həlli, üç ölkənin insan haqları və qanunun aliliyi yolunda nail olduqları, eləcə də iqtisadi və sosial inkişaf məsələləri əksini tapacaq. Iclasın yekununda AB-nin Cənubi Qafqaz strategiyasına dair qətnaməsinin qəbulu gözlənilir. Göründüyü kimi, son dövrlər Avropa qurumları Cənubi Qafqazla bağlı fəallıq nümayiş etdirir. Bəs bu fəallaşma Azərbaycana, ümumilikdə Cənubi Qafqaza nə vəd edir?
Politoloq Razi Nurullayevin fikrincə, seçkilər yaxınlaşdıqca ATƏT-in, Avropa Şurasının, Avropa Parlament Assambeyasının Azərbaycana diqqəti artır. Son bir ay ərzində ATƏT Azərbaycanda seçki məsələsinə həsr olunmuş iki tədbir keçirib.
Ekspertin bildirdiyinə görə, dünya ictimaiyyəti seçkilərin azad və şəffaf keçirilməsi istiqamətində Azərbaycandan addımlar gözləyir. Yaxın aylarda bu proses daha da sürətlənəcək və Azərbaycana müəyyən məsələlərlə bağlı təzyiqlər güclənəcək: “Seçki komissiyalarının tərkibinin dəyişdirilməsi, namizədlərin qeydə alınmasında depozitin bərpa olunması gündəmə gələcək. Azərbaycan hakimiyyətinə bununla bağlı təzyiqlər olacaq”. “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycan, Gürcüstan və Ermənistanın Avropa Birliyinə assosiativ üzvlüyü məsələsinin gündəmə gəldiyini deyən politoloq artıq konkret şərtlərin hazır olduğunu da bildirdi: “Bu şərtlərin həyata keçirilməsi məcburi xarakter daşıyacaq. Inanıram ki, yaxın aylarda bu məsələlər müsbət həllini tapacaq və Azərbaycan hakimiyyəti Avropa Birliyi, eyni zamanda beynəlxalq institutlarının tələblərinə uyğun adekvat addımlar atmağa məcbur olacaq. Əks halda Azərbaycanın həmin qurumlardan təcrid olunması və çoxtərəfli əlaqələrin korlanması prosesi baş verə bilər”.
Ekspertin sözlərinə görə, bu il demokratik düşərgə üçün çox önəmli bir ildir: “Bir çox məsələlərdə əvvəlki illərdən fərqli olaraq daha çox irəli gedib beynəlxalq dəstəyi almağa nail ola biləcəyik”.

http://azadliq.info/siyaset/710.html

Related Articles

Back to top button