InterviewsRazi Nurullayev

Yanukoviç üzünü Rusiyaya tərəf çevirdi

2010-06-02

«Ukrayna prezidentinin Putin qarşısında götürdüyü öhdəliklərdən biri NATO-dan imtina olub»

Razi Nurullayev: «Yanukoviçi yalnız Ukraynanın iqtisadi vəziyyəti düşündürür»

Ukrayna prezidenti Viktor Yanukoviç bu posta seçilən zaman onun Rusiyaya meyl edəcəyi barədə fikirlər səslənsə də, ölkənin NATO-ya üzv olmaq niyyətindən əl çəkməyəcəyi də bildirilirdi. Lakin bu günlərdə Yanukoviçin verdiyi qərar bunun tam əksini göstərdi. Ukrayna rəsmən NATO-ya üzv olmaq niyyətindən imtina etdi. Bu da Yanukoviçin birmənalı olaraq Rusiyaya üz çevirdiyinə işarədir. Iqtisadi böhran nəticəsində xeyli zəifləyən Rusiyanı Qərbdən üstün tutmaq Ukraynaya nə vəd edir?
Politoloq Razi Nurullayevin fikrincə, prezident seçkilərində Rusiyadan birmənalı dəstək görən Yanukoviçin bu ölkədən gözləntiləri var. Ekspertin sözlərinə görə, Ukrayna prezidentinin Rusiyanın baş naziri Putin qarşısında götürdüyü öhdəliklərdən biri NATO-ya inteqrasiyadan imtina etmək olub. Çox güman ki, bununla bağlı Rusiya ilə razılaşma da əldə edilib. Çünki NATO-dan imtina etməklə Ukrayna müəyyən siyasi və iqtisadi dividentləri itirir. Görünür Rusiya bu itkilərin yerini doldurmağa vəd verib: “Yəqin Rusiya hökuməti yüksək səviyyədə söz verib ki, Ukraynanın bu itkilərinin yerini dolduracaqlar. Söhbət Ukraynaya hərbi və iqtisadi yardımlardan gedir. Görünür Yanukoviçə vəd edilib ki, NATO-dan imtina edəcəyi halda Ukrayna iqtisadi cəhətdən uduzmayacaq”.
Ölkənin iqtisadi vəziyyətinin o qədər də yaxşı olmadığını xatırladan ekspertin sözlərinə görə, Yanukoviçi siyasi durumdan çox əhalinin iqtisadi vəziyyəti narahat edir: “Bəzən işini itirən, ac qalan xalqı NATO-ya inteqrasiya düşündürmür. Nəticədə Yanukoviç hakimiyyəti itirmək təhlükəsi ilə üzləşə bilər. Ona görə də onu daha çox iqtisadi vəziyyət düşündürür”.
R.Nurullayev Yanukoviçin belə bir qərar verməzdən əvvəl Avropa ilə müəyyən addımlarını razılaşdırdığını da istisna etmədi: “Ola bilsin Yanukoviç Rusiyanın əli ilə Avropanın siyasi dairələrində bu məsələləri razılaşdırıb. Qərbin buna verəcəyi reaksiyanı əvvəlcədən müəyyənləşdirib. Çünki Avropa dövlətlərinin, eyni zamanda ABŞ-ın Ukraynaya münasibətində hər hansı bir narazılıq gözə çarpmır. Sanki onlar Yanukoviçin belə bir addım atacağını gözləyirdi”.

http://azadliq.info/dunya/1068.html

Related Articles

Back to top button