Interviews

«19 iyun mitinqi heç bir halda təxirə salınmayacaq»

2010-06-15

Razi Nurullayev: «Bu mitinq əvvəlki aksiyalardan daha izdihamlı olacaq»

«ATƏT hökumətlə apardığı danışıqlar barədə siyasi partiyalara ətraflı məlumat verməlidir»

“Azadlıq” blokunun 19 iyun mitinqi heç bir halda təxirə salınmayacaq. Bunu, AXCP sədrinin müavini Razi Nurullayev deyir. Onun sözlərinə görə, blok qarşıdakı aksiyanın daha izdihamlı olması ilə bağlı hazırlıq işlərini davam etdirir: “AXCP Rəyasət Heyətinin sonuncu iclasında da mitinqlə bağlı ciddi müzakirələr aparıldı. Mitinq istənilən halda keçiriləcək. Hesab etmirik ki, hər hansı məqam aksiyanın təxirə salınmasına səbəb ola bilər. Ciddi hazırlıqlar gedir.
Bu mitinq əvvəlki aksiyalardan daha izdihamlı olacaq. Eyni zamanda daha mütəşəkkil və səmərəli olması ilə yadda qalacaq. Beynəlxalq təşkilatlardan da ciddi irəliləyişlər gözləyirik. Hesab edirik ki, ATƏT bu istiqamətdə hökumətlə apardığı danışıqlar barədə siyasi partiyalara ətraflı məlumat verməlidir. Sərbəst toplaşmaq azadlığı haqqında qanunun icrası və Bakı Şəhər Icra Hakimiyyətinin aksiya ilə bağlı hansı yerləri müəyyənləşdirməsi nəzərə çatdırılmalıdır. Biz gözləyirik ki, ATƏT səylərini daha da artırsın. ATƏT-in apardığı işi bəyənirik və dəstəkləyirik. Ümid edirik ki, 19 iyun mitinqinə bu qurumun köməkliyi ilə icazə ala biləcəyik”.
“Azadlıq” blokunun demək olar ki, bütün aksiyalarında həbslərlə yanaşı, zorakılığa yol verilir. Bunun qarşısını almaq üçün blok hansı işləri görür? R.Nurullayevin sözlərinə görə, bu istiqamətdə beynəlxalq qurumlarla mütəmadi olaraq müzakirə aparırlar: “Aksiyada baş verən hər bir şey – döyülmələr, həbslər, xəbərdarlıqlar haqqında operativ olaraq bütün beynəlxalq qurumları məlumatlandırırıq. Ən geci bir saat ərzində onlar baş verənlərdən tam xəbərdar olurlar. Mitinqin yeri, yaradılan şərait barədə məlumatı isə əvvəldən veririk. Onlarla daimi yazışmalarımız və telefon söhbətlərimiz olur. Beynəlxalq təşkilatlar zorakılıq faktları ilə də çox ciddi maraqlanırlar. Və bütün pozuntuları öz hesabatlarına daxil edirlər. Təbii ki, biz onlardan daha artığını gözləyirik. Amma məsələ ondadır ki, bu qurumlar öz mandatlarından kənara çıxa bilmirlər. Məsələn, ATƏT, Avropa Birliyinin Azərbaycan nümayəndəliyi monitorinq aparır, eyni zamanda ABŞ və Britaniya səfirlikləri məlumat toplayırlar. Bu fəaliyyətlərin hamısı bizim xeyrimizədir. Çünki, aksiyalarda baş verən bütün pozuntular bu qurumların hesabatlarında əksini tapır və sərt tənqid olunur. Zamanı gəldiyində də Azərbaycan hökumətindən hesab sorulur”.

http://azadliq.info/aktual/1434.html

Related Articles

Back to top button