Interviews

Lavrovun əminliyi hardandır?

image

Razi Nurullayev: «Rusiya XIN başçısı diplomatik yanlışlığa yol verib»

Vəfa Quluzadə: «Azərbaycan hərbi əməliyyatlara başlasa, Rusiya ilə müharibə etməli olacaq»
Rusiya xarici işlər naziri Sergey Lavrov növbəti dəfə Azərbaycan tərəfinin müharibə bəyanatlarına münasibət bildirib. Bu bəyanatları cəfəngiyyat adlandıran Rusiya xarici siyasət idarəsinin başçısı regionda heç bir dövlətin hərbi əməliyyatları planlaşdırmadığını deyib. Gürcüstanın başına gələnləri yada salan Lavrov Azərbaycan və Ermənistan prezidentlərinin Medvedevin iştirakı ilə keçirdiyi görüşü xatırladıb və hər üç prezidentin imzaladığın sənədə görə güc tətbiqinin yolverilməz olduğunu bildirib.
Xatırladaq ki, dəfələrlə Azərbaycan rəsmiləri müxtəlif səviyyələrdə müharibə bəyanatları verib və danışıqların nəticə verməyəcəyi təqdirdə hərbi varianta əl atılacağını bildirib. Eyni zamanda Lavrov artıq neçənci dəfədir ki, əminliklə Azərbaycanın müharibəyə başlamayacağını deyir. Bəs bu əminlik nədən irəli gəlir?
Politoloq Razi Nurullayevin fikrincə, Sergey Lavrov müəyyən diplomatik yanlışlığa yol verib. Çünki hazırkı vəziyyətdə Gürcüstanla Azərbaycanı müqayisə etmək doğru olmazdı: “Iki ölkənin vəziyyəti tamamilə fərqlidir. Azərbaycan istənilən halda öz ərazisini müharibə yolu ilə azad etməyə hazır olmalıdır. Artıq diplomatik səylər heç bir nəticə vermir”.
Ekspertin sözlərinə görə, hərbi əməliyyatlar başlayacağı təqdirdə Rusiyanın müdaxiləsi ağır nəticələrə səbəb ola bilər. Çünki Rusiya Azərbaycana qarşı müharibəyə başlasa, o zaman Türkiyə də münaqişəyə cəlb olunacaq.
Politoloq Vəfa Quluzadə isə Lavrovun əminliyinin əsassız olmadığını deyir: “Əgər Azərbaycan hərbi əməliyyatlara başlasa, Rusiya ilə müharibə etməli olacaq. Lavrov çox gözəl bilir ki, Azərbaycan rəhbərliyi də bunu başa düşür. Ona görə əminliklə deyir ki, Azərbaycanla Ermənistan arasında müharibə olmayacaq”.
Ekspert müharibənin bu həddə çatacağı təqdirdə Azərbaycanın vəziyyətinin Gürcüstandan ağır olacağını da qeyd etdi. Buna səbəb isə ölkəmizin Qərbdən lazım olan dəstəyi almamasıdır: “Gürcüstan Rusiyanın addımları ilə barışmaq istəmirdi. Qərbin təzyiqi olmasaydı, ruslar Tiflisi də alacaqdılar. Amma Azərbaycan Gürcüstan deyil. Azərbaycanın 20 faiz torpağı işğal altındadır. Heç bir Qərb dövləti bizi müdafiə etmir, Ermənistanı təcavüzdə suçlamır. Ruslar erməni adı altında təcavüzü davam etdirsələr, Qərb yenə də səsini çıxarmayacaq”.
Ekspertin fikrincə, Azərbaycan rəhbərliyi Ermənistana qarşı müharibə edəcəyinə hazır olduğunu deyir. Lakin burda Rusiya faktoru nəzərə alınmır: “Heç yerdə qeyd olunmur ki, Azərbaycan torpaqlarını işğal edən Rusiyadır. Ermənistan baltanın başıdır. Saplağı Rusiyanın əlindədir. Bunu hamı yaxşı bilməlidir. Ona görə də Lavrov belə əminliklə danışır”.

http://azadliq.info/siyaset/3179.html

Related Articles

Back to top button