Articles

Medvedevin səfərinin yaratdığı tarazlıq Azərbaycanın ziyanına işləyəcək

Rusiya prezidenti Dmitri Medvedev Azərbaycana səfər etdi və doğrusu, yadda qaldı. 1-ci yadda qaldığı məsələ Ermənistanla bağladığı hərbi müqavilənin dəyərini aşağılaması ilə oldu. Rusiya prezidenti dedi ki, bu müqavilə elə də əhəmiyyət daşımır. 2-ci yadda qaldığı məsələ ARDNŞ ilə “Qazprom” arasında Rusiya holdinqinin 2011-2012-ci illərdə Azərbaycandan satın aldığı mavi yanacağın həcminin artırılmasını nəzərdə tutan əlavə saziş imzalanması ilə bağlı oldu. 3-cü yaddaşlarda qaldığı məsələ isə dövlət sərhədi haqqında müqavilə və Samur transsərhəd çayının su resurslarının rasional istifadəsi və mühafizəsinə dair hökumətlərarası saziş imzalanması ilə oldu. D. Medvedev yenə güldü, zarafat etdi, Azərbaycanı “dost” adlandırdı, hətta yuxarıda qeyd etdiyimiz kimi Gümrüdə Rusiya hərbi kontingentinin xidmət müddətini 2044-cü ilə kimi uzatmaq üçün imzaladığı müqavilənin də əhəmiytli bir şey olmadığını söylədi. Lakin, həm də dedi ki, bu müqavilə Qafqazda müharibələrin qarşısının alınması və sabitlik yaratmaq üçündür. Əlavə də etdi: “Axı, biz də Qafqazlıyıq”. Bax bu sözün üstündə bir az dayanaq. Rusiya prezidenti demək istədi ki, Qafqaz müstəqil ola bilməz. Rusiya da Qafqazdır və Rusiyasız atılan hər bir addım, Rusiyadan izazə almadan atılan hər bir təşəbbüs Rusiyanın silahına tuş gələcək. Rusiya və onun prezidenti danışıqlarda səmimi deyildi. O heç vaxt səmimi deyil və Azərbaycanın başının altına “yastıq qoyaraq” sakitləşdirdi. Azərbaycanın bu görüşlərdə uduşunun nə olduğunu, doğrusu, mən heç cür başa düşə bilmədim. Biz onlardan nə qopardıq? Quru sözlər, yağlı vədlər, amma əməli olaraq D.Medvedev Azərbaycana özü ilə nə gətirmişdi? Heç nə. Amma, çox şeylər apardı. 4 ədəd bahalı, tarixi əhəmiyyət kəsb edən ikonalar, Rusiyanı daha da varlaşdıracaq qaz müqaviləsi, Azərbaycandan Rusiya ərazisinə daxil olan Samur su hövzəsindən daha rasional istifadə. Biz nə aldıq? Heç nə. Biz “Rusiya ayı”sını daha da qəzəbləndirməmək və sonrakı bəd əməllərindən çəkindirmək üçün yenə də susduq, güzəştlərə getdik və hirsimizi, hikkəmizi və siyasətimzii gizlətməli olduq.

Azərbaycan prezidenti və Azərbaycan iqtidarı Rusiya ilə bağlı məsələləri çox ciddi düşünməlidir. Rusiya aldıqca gözü doymur və Rusiya ilə iqtidarın “tarazlıq” siyasəti Azərbaycana baha başa gəlir. Buna dözməyə məcburuqmu? Bəlkə də ona görə, məcburuq ki, Azərbaycan hələ də müstəqilliyinin tam olmasına əmin deyil. Onun müstəqilliyinin əlindən alınması “demokl qılıncı” kimi başı üzərindən asılı qalıb. Gürcüstanla müzakirəsi aparılan konfederativ birlik ideyası da Azərbaycanı xilas edə bilməz. Bu Rusiyanı daha da qəzəbləndirəcək və Qarabağla bağlı növbəti bədnam addımını atacaq.

Bizə güclü hücuma meylli müdafiəçi lazımdır, başımıza qalxan tutan zorlu qol lazımdır. Bu güc qardaş Türkiyədir. Bu güc qardaş Pakistandır. Adını çəkdiyim bu iki güc Azərbaycanı qorumaq üçün qılınc çəkə bilən, ölməyə hazır olan ölkələrdir. Lakin, indiki şəraitdə onların da çoxlu problemləri və zəif nöqtələri bəlli olduğundan bizə tam qarant ola bilməzlər. Ona görə də, bizim tam demokratikləşməyə ehtiyacımız var. Azərbaycan demokratik yolda ciddi addımlar atmalı, ABŞ və Avropa Birliyi ölkələri ilə münasibətləri daha da yaxşılaşdırmalıdır. Avropa Birliyi ilə assosiativ üzvlük müqaviləsindən irəli gələn şərtlərə tez əməl etməlidir. Yoxsa, Rusiya bizi küncə sıxmaqda davam edəcək. Hər sıxdıqda da daha da ruhlanacaq və iştahası da artacaq. Tarixdən də bəllidir ki, Rusiyanın iştahasının sonu yoxdur.

Related Articles

Back to top button