Articles

Çoxsaylı problemlər…və Azərbaycan-Gürcüstan münasibətlərindəki Ermənistan düyünü

Məqalə Reytinq qəzetinin 03 oktyabr 2010-cu il sayında dərc edilib.

Son günlər Ermənistan mətbuatı Gürcüstanın əleyhinə yazılar dərc etməkdədir. Bu yazılarda Gürcüstanın BMT Baş Assamblyasının 65-ci sessiyasının gündəliyinə təqdim etdyi qətnaməyə Gürcüstanın səs verməsi, Gürcüstan xarici işlər naziri Qriqol Vaşadzeninin Rusiyanın Ermənistandakı hərbi bazalarını genişləndirməsini nəzərdə tutan sazişin əleyhinə bəyanatla çıxış etməsi qeyd olunur. Nəzərə alsaq ki, Ermənistan öz mahiyyətinə görə region üçün problemə çevrilmiş və ya daha dəqiq desək, problem kimi yaradılmış ölkədir, Gürcüstanın da bu ölkəylə nə zamansa rinqdə görüşüb, münasibətləri çözməli olacağını proqnoz etmək mümkündür.

Ədalət naminə söyləmək lazımdır ki, Gürcüstan Ermənistanla münasibətlərdə problem yaratmağı heç vaxt istəməyib. Ən azı ona görə ki, onun regionun ən güclü dövləti olan Rusiyayla açıq savaşmaq kimi böyük bir qayğısı var və bu yolda xırda əngəllərin əl-ayağına sarmaşmasını təbii ki, istəmir. Amma nə etməli ki, Ermənistanın da tarixi missiyası, bu gün üzərinə götürdüyü öhtəliyi var.

Əlbəttə ki, birinci Cavaxetiyadan başlamaq lazımdır. Bu bölgə Gürcüstan üçün həqiqi təhlükə olaraq qalır. Ermənistan Milli Neomühafizəkarlar Hərəkatı Cavaxetiyanı «qədimdən ermənilərin məskunlaşdığı ərazi» kimi qələmə verir: «XVIII əsrin sonlarında bu bölgə erməni əhalisinin böyük hissəsini itirib. Onların bir hissəsi başqa yerlərə köçüb, bir hissəsi isə sadəcə məhv edilib».
Xatırladıram ki, hazırda Cavaxetiya erməniləri Gürcüstandan muxtariyyət tələb edir və zaman-zaman bu məsələ ətrafında gərginlik yaşanır. Cavaxetiya erməniləri artıq 10 ildən də çoxdur ki, bu iddıanın rəsmi daşıyıcılarıdır. Onların Gürcüstan ərazisində ikinci “Qarabağ” cəbhəsini açması gözləniləndir və rəsmi Gürcüstan da bunu bilməmiş deyildir. Buna görə də üzdə dostluqdan danışan dövlətlərin müharibə mərhələsinə yuvarlanacaqları bəllidir. Rəsmi Tbilisinin Azərbaycanla yaxın dostluq etməsinin bir səbəbi iqtisadi layihələr və coğrafi asılılıqdırsa, digər səbəbi isə Ermənistana qarşı Azərbaycanla birləşməkdir.

İkinci bir problemi isə ermənilər Gürcüstana bu ölkədə olan kilsələrin ermənilərə məxsus olmasını iddia etməklə yaradıblar. Bir müddət öncə Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandra Nalbandova Gürcüstan ərazisindəki mübahisəli məscidlərin məhz gürcülərə məxsus olduğunu bildirməklə ermənilərin qəzəbinə gəldi. Eçmiəzdin kilsəsi dərhal bəyanat verərək, bu bəyanata qarşı çıxdı. Kilsənin mətbuat xidməti Gürcüstandakı Noraşen və Karmir Avetaran kilsələrinin məhz ermənilərə məxsus oldığını sübut edən «arayış» və «sənədlərlə» çıxış edirdilər. Onlar iddia edirdilər ki, on doqquzuncu əsrin sonlarında Tbilisidə 29 erməni kilsəsinin fəaliyyət göstərdiyini, hal-hazırda onlardan cəmi ikisinin – yuxarıda adları çəkilən Noraşen və Karmir Avetaran qaldığını iddia edərək, yerdə qalan kilsələrin gürcülər tərəfindən məhv edildiyini və ya dəyişikliyə uğradıldığı ittihamıyla çıxış edirdilər.

Əsas problemlərdən biri də Gürcüstanın Azərbaycanla qurduğu münasibətlərə Ermənistanın kobud müdaxilə etməsidir. Hələ Azərbaycanın hazırladığı məlum sənəd BMT Baş Assamblyeasının gündəliyinə salınanda  Ermənistanın Rusiyadakı diasporası  bəyanatla çıxış etdi ki, rəsmi Tbilisi Azərbaycana dəstək verməkdən imtina etsə, Ermənistan da Gürcüstanın irəli sürdüyü qətnaməni dəstəkləyə bilər.

Sentyabrın 7-də isə Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən və məcburi köçkünlərin öz evlərinə qayıtmalarını təsbit edən qətnamə qəbul olundu. Qətnaməyə cəmi iki dövlət səs vermədi: Rusiya və Ermənistan.

Məhz həmin sessiyada Gürcüstanın Azərbaycanın irəli sürdüyü işğal olunmuş ərazilərimizdəki vəziyyətlə bağlı qətnaməni dəstəkləməsini Ermənistan mətbuatı arxadan vurulan zərbə kimi qiymətləndirərək, Gürcüstanla münasibətlərdəki problemləri bir də yada salmağa çalışdılar.

Gürcüstan-Ermənistan münasibətləri konteksində bir daha söyləmək olar ki, nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi çözülməyib, bölgədə sabitlik olmayacaq. Budur, bunun bariz nümunəsi Azərbaycan – Gürcüstan münasitbətlərindəki Ermənistan düyünüdür. Gürcüstan, əlbəttə, bölgədə ikinci bir açıq düşmən qazanmaq istəmir və ona görə də Ermənistanla açıq savaşa qalxmaq onun üçün heç arzuolunan deyil. Lakin Azərbaycan kimi əhəmiyyətli bir ölkəylə münasibətlərdən imtina etmək iqtisadi cəhətdən o qədər güclü olmayan Gürcüstan üçün nə qədər realdır?

Lakin Ermənistan da unudur ki, Rusiyanın for-postu ola-ola Gürcüstandan normal əlaqələr, normal münasibətlər gözləmək ən azı insafsızlıqdır. Elə bir neçə ay bundan əvvəl Rusiyanın bu ölkədəki hərbi bazalarının möhkəmləndirilməsi kimi şərh olunan sazişin bağlanması Gürcüstana qarşı açıq təhlükə kimi qiymətləndirilə bilər. Buna baxmayaraq, Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzenin bu sazişdən narahatçılıq ifadə edən bəyanatına Ermənistan kəskin narazı reaksiya verdi.

Bütün bu narazılıqlar fonunda Gürcüstan xarici işlər naziri Qriqol Vaşadzenini İrəvana səfəri nəzərdə tutulur. Ermənistan mətbuatında yayımlanan şərhlər və xəbərlərə əsaslansaq, Vaşadzenin İrəvanda çoxsaylı suallarla qarşılaşacağını düşünmək olar. O suallarla ki, onları ermənilər özləri yaradıblar.

Əlbəttə ki, bu iki ölkənin münasibətlərini analiz edərkən məsələyə Azərbaycanın mənafeyi baxımından və bölgədə ədalət mizan-tərəzisinin pozulmaması baxımından qiymət verməliyik. Bu konteksdə Azərbaycanla Gürcüstan arasında son dövrdəki yaxınlaşmanı alqışlamaq lazımdır. Bundan əvvəl Azərbaycanda haqlı olaraq irad bildirirdilər ki, Gürcüstan Qarabağ məsələsində Azərbaycanı dəstəkləsə idi, bu problemin çözülməsi daha asan olardı. Zənnimizcə, Gürcüstan da artıq bölgədəki təbii müttəfiqlərindən birinin Azərbaycan olduğunu aydın dərk edib. Belə olan halda bölgədəki mənzərə aydınlaşır: Gürcüstan və Azərbaycan Türkiyə ilə yaxın müttəfiqliyi davam etdirməlidir. Bu müttəfiqlik birbaşa Rusiya və Ermənistana yönəlməsə də, güclü birlik məntiqi nəticəsi verə bilər. Rusiya və Ermənistan bölgədəki qloballaşan dünya istiqamətində qurulan bu birlikdən kənarda qalmamaq üçün ya islah olunmalı, ya da siyasi fiaskoyla barışmalıdırlar. Seçim özlərinindir.

Related Articles

Back to top button