Interviews

Faktaraşdırıcı missiyadan nə gözləyək?

Razi Nurullayev: «Missiyanın hesabatı keçən dəfəkindən bir neçə dəfə kəskin olacaq»

Bir neçə gündür ki, ATƏT-in Minsk qruppu həmsədrlərinin də təmsil olunduğu faktaraşdırıcı missiya öz işinə başlayıb. Xatırladaq ki, missiya Azərbaycanın təşəbbüsü ilə işğal edilmiş ərazilərdəki vəziyyətlə tanış olmaq üçün həyata keçirilir. Missiyanın tərkibinə ATƏT-in Minsk qrupunun həmsədrlərindən başqa BMT Alt Komitəsinin bir neçə nümayəndəsi daxildir. Politoloq Razi Nurullayevlə müsahibəmizdə faktaraşdırıcı missiyanın fəaliyyəti, eyni zamanda son günlər Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən bəzi hadisələrlə bağlı danışmışıq:

– Bu dəfəki missiyadan nə gözləyirsiniz?

– Belə bir geniş tərkibli missiya ilk olaraq 2005-ci ildə keçirilib. O vaxtdan bəri növbəti missiyadır ki, geniş tərkibdə bir neçə gün ərzində Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətin öyrənilməsi ilə məşğul olacaq. Adından göründüyü kimi, Azərbaycan tərəfindən qaldırılan bir çox problemlərin yerində araşdırılmasıyla məşğul olacaqlar.

– Azərbaycan əsasən, hansı məsələlərin araşdırılmasında maraqlıdır?

– Azərbaycan tərəfi işğal olunmuş ərazilərdə evlərin ermənilər tərəfindən söküldüyünü, yandırıldığını bildirib. Digər məsələlər isə həmin ərazilərdəki meşələrin kutləvi qırılması, ağac məmulatlarının Ermənistana daşınması, işğal olunan ərazilərdən terrorçular üçün platsdarm kimi istfadə olunması və eyni zamanda həmin torpaqlarda narkotika daşınması üçün istifadə olunmasıdır. Bundan başqa bəzi yerlərdə, məsələn, Kəlbəcərdə qızıl istehsalı, ümumiyyətlə işğal olunmuş Azərbaycan əroazilərindən qızıl, dəmir, filiz yataqlarının çıxarılması, onların Ermənistana daşınması da bizim qaldırdığımız məsələlər sırasındadır. Azərbaycan ərazisinin üzərində beynəlxalq prinsiplərə zidd olaraq bir çox ölkələrin biznes strukturlarının fəaliyyət göstərməsi də, hansıki qanunvericiliklə bu dövlətlər tərəfindən dəstəklənə bilməz, Azərbaycanın tələbiylə araşdırmaçı missiyanın gündəliyinə salınıb. Eyni zamanda son illər Ermənistan Azərbaycanın sərhəd bölgələrindəki əkin sahələrində törətdiyi yanğınlar missiyanın diqqətinə çatdırılıb. Digər bir məsələ isə, işğal oldunan ərazilərdən Azərbaycan ərazisinə daxil olan suların, çayların qarşısının kəsilməsiylə bağlıdır. Bildiyiniz kimi, həmin suların qarşısı bəndlərlə kəsilir. Buna görə də, həmin bölgələrdə əkin-biçinlə məşğul olan insanlar su problemi ilə üzləşirlər. Digər bir məsələ də Azərbaycanın işğal olunan ərazilərinin ermənilər tərəfindən məskunlaşdırılmasıdır. Cenevrə konvensiyasına görə, münaqişəli ərazilərdə işğalçı tərəfin məskunlaşma aparması qeyri-qanunidir. Mənim bildiyimə görə, bu məsələlər faktaraşdırıcı missiyanın gündəliyinə salınıb. Azərbaycan tərəfindən mədəni irsimizin dağıdılması məsələsi də qaldırılıb. Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəz Qarayev də Avropa Şurasına müraciət ünvanlayıb ki, bu məsələni araşdıran missiya göndərilsin. Zənnimcə, bu məsələ də rəsmi olaraq  gündəliyinə salınmasa da, missiyanın nəzərindən yayınmayacaq. İki il bundan öncə Azərbaycan işğal olunan ərazilərindən aparılan sərvətlərinin miqdarını 80 milyard dollar həcmində müəyyənləşdirib. İndi bu məbləğ, təxminən, 110-120 milyard dollar həcmində qiymətləndirilir. Həmin ərazilərə baxış keçirilən zaman bu məsələyə də aydınlıq gətiriləcək.

– Sizcə, bu missiyanın hesabatı nə dərəcədə həqiqəti əks etdirə biləcək?

– Məsələ burasındadır ki, faktaraşdırıcı missiyanın üzvləri özbaşına deyillər. Dağlıq Qarabağda da müşahidə aparmaq üçün istədikləri yerə getməkdə də azad deyillər. Yəni Ermənistan tərəfi müxtəlif bəhanələrlə onları əhəmiyyətli faktların aşkarlana biləcəyi yerlərə getməkdən yayındırmağa çalışacaqlar. Bundan başqa da bir neçə səbəb var ki, missiyaya öz işinə görməkdə maneçilik törədəcək. Bunlardan biri odur ki, həmin ərazilərin əksər hissəsi minalanıb. O yerlərdə ki, araşdırmaçı missiyanın üzvləri Ermənistan üçün arzuolunmayan faktları görə bilərlər, ermənilər yalandan həmin yerlərin minalandığını iddia edərək, oraya getməyin təhlükəli olduğunu bildirəcəklər. Beləliklə də çox ciddi faktlar faktaraşdırıcı missiyanın gözündən qaçacaq. Lakin həmin faktlar Azərbaycan tərəfindən peyk vasitəsilə çəkilib. Zənn edirəm ki, həmin görüntülər faktaraşdırıcı missiyaya təqdim edilib və missiya müvafiq məlumatlarla bilgiləndirilib. Əgər belədirsə, ermənilərin bəzi faktları gizlətməsi sadəcə olaraq mümkün olmayacaq. Ən azından həmsədrlər təkidlə həmin ərazilərə getmək istəyə bilərlər. Əgər ermənilər bu istəyi yerinə yetirməsə, onlarda şübhə yaranacaq ki, deməli Azərbaycanın təqdim etdiyi faktlar düzgündür. Düşünürəm ki, budəfəki hesabat ötən dəfəkindən bir neçə dəfə kəskin və daha obyektiv olacaq. Bununla belə bu hesabat həqiqəti tamamilə özündə əks etdirə bilməyəcək. 30-40 faiz həcmində obyektivliyi göstərə biləcək.

– 2005-ci ildə faktaraşdırıcı missiya Azərbaycanın göstərdiyi faktların həqiqət olduğunu üzə çıxarmış, Ermənistan işğal olunmuş ərazilərdə  məskunlaşmanı dayandırmağı tövsiyyə etmişdilər. Lakin bunun heç bir nəticəsi olmadı. Bu baxımdan bu dəfəki missiyanın münaqişənin həlli üçün əhəmiyyətini necə dəyərləndirmək olar?

– Məsələ burasındadır ki, adətən Azərbaycanın irəli sürdüyü faktlar Ermənistan tərəfindən təkzib edilir. Beynəlxalq təşkilatlara və böyük dövlətlərə fərqli sənədlər təqdim olunur. Ona görə də bu missiyanın əhəmiyyəti böyükdür. Bu cür hesabat və məruzələr adətən praktiki deyil, diplomatik nəticələrə hesablanmış addımlardır. Azərbaycan da münaqişənin həlli istiqamətində bu cür addımlar atmaqla dəlil və sübutlarının, əlindəki beynəlxalq sənədlərin sayını artırmaq məqsədi güdür. Zənnimcə, bu dəfəki missiyanın hazırladığı hesabat Azərbaycanın əlində tutarlı fakt olacaq.

http://ucnoqta.az/siyaset/20282.html

07 oktyabr 2010

Related Articles

Back to top button