Interviews

«Müsavatda müzakirələr uzun çəkdi…»

Razi Nurullayev: «Sülhəddin Əkbər və İbrahim İbrahimli özlərini qurban verdilər»

Müsavat Partiyasında baş verən son proseslər AXCP–Müsavat birləşməsi məsələsini yenidən medianın gündəminə çıxarıb. Bu məsələ hər iki partiyanın seçkili orqanlarında müzakirə olunduğu kimi, partiya kluarlarında da baş mövzu olamaqdadır. Mətbuatda isə hər iki tərəfdə təmsil olunan müxtəlif insanların rəyləri, mövqeləri öyrənilir. «Üç nöqtə» qəzetinin AXCP sədrinin müavini Razi Nurullayevlə müsahibəsi də məhz müxalifət düşərgəsinin AXCP-Müsavat «küncündə» baş verənlərlə bağlıdır:

– Bir müddət öncə Müsavat başqanı İsa Qəmbər təkidlə AXCP-Müsavat birliyini gündəmə gətirdi. İndii isə partiyanın kifayət qədər samballı funksionerləri istefa verir və israr edirlər ki, Müsavat birləşmə təklifindən çəkilib. Sizcə nə baş verir?

– AXCP-nin mövqeyi tam aydın və birmənalıdır ki, biz Müsavat Partiyası ilə bir ad altında birləşməyə hazırıq. Çünki biz hesab edirik ki, bu, cəmiyyətin sifarişidir. Düşünürük ki, əgər biz birləşməsək elektorat və partiyaya rəğbəti olan insanlar bizdən üz döndərə bilər. Artıq cəmiyyətdə belə bir fikir yaranıb ki, liderlər öz iddiaları ucbatından birləşə bilmirlər və bizi də məhrumiyyətlər içərisində yaşamağa vadar edirlər. Biz də bu çağırışları eşidərək AXCP-nin qurultayında qərar verdik ki, birləşək və anoloji qərarı da Müsavat Partiyasından gözləyirdik. Amma əfsuslar olsun ki, Müsavat Partiyasında müzakirələr bir az uzun çəkdi və bu müzakirələr hələ də davam edir. Bununla belə biz ümid edirik ki, onlar birləşməyə qərar verəcəklər. İstefa verənlərə gəlincə, onların əsəbləri artıq tab gətirməyib. Düzdür, mən onların istefa verməsinə təəssüf edirəm. Eyni zamanda ümid edirəm ki, onların istefası birləşmə prosesinə pozitiv təsir göstərəcək.

– Hər halda Sülhəddin Əkbər və İbrahim İbrahimli Müsavatda kifayət qədər sambalı olan ciddi insanlardır. Onların bu qərarı tələsik verməsi inandırıcı görünmür və belə fikir yaradır ki, Müsavat Partiyasının birləşmənin əleyhinə olan qərarı qeyri-rəsmi də olsa ortada olub…

– Mən düşünürəm ki, onların istefa ilə bağlı açıqlamaları ortadadır. Ümid edirəm ki, Müsavat Partiyasının belə bir qərarı olmayıb. Əlbəttə ki, onlar uzun müddətdir siyasətdədirlər, böyük təcrübələri var. Buna görə də yəqin ki, gedən prosesləri analiz edərək qərara gəliblər ki, partiyaların birləşməməsi kimi problem də yarana bilər. Ona görə də bu problemi önləmək üçün obrazlı desək, özlərini qurban veriblər.

– Müsavat qərar versə ki, birləşməyə getmirik, AXCP nə edəcək?

– Biz ümid edirik ki, belə bir qərar olmayacaq. Əgər belə bir qərar olsa da, biz ona hörmətlə yanaşacağıq və yəqin ki, əməkdaşlığın digər variantları üzərində düşünməli olacağıq. Amma mən sizə tam səmimi deyirəm ki, hal-hazırda biz belə bir variantı müzakirə etmirik. Hal-hazırda AXCP daxilində müzakirə etdiyimiz məsələ Müsavatla nə vaxt birləşəcəyimiz və bundan sonrakı addımlarımızdır. Tam məsuliyyətlə deyirəm ki, birləşmə ideyasından çəkilsək, bu, müxalifətdə də, cəmiyyətdə də böyük təlatümlər yaradacaq.

– Baş verən hadisələrdə iqtidarın ssenarisini görürsünüzümü?

– Bunu deyə bilərəm ki, iqtidar müxalifətin bu planını pozmaq üçün kifayət qədər qüvvə sərf edir. Özünə yaxın media vasitəsilə, müəyyən əlaqələri olduğu şəxslər vasitəsilə, piar vasitəsilə bu prosesin qarşısını almaq istəyir.

http://ucnoqta.az/siyaset/23736.html

Related Articles

Back to top button