Interviews

Razi Nurullayevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş müsahibəsi

AXCP sədrinin müavini Razi Nurullayevin “Olaylar” İnformasiya Agentliyinə geniş müsahibəsi

ATƏT-in Minsk Qrupunun 2010-cu ilə fəaliyyətini necə qiymətləndirirsiniz?

Ortada müsbət nəticə olmayınca, qaçqın və köçkünlər doğma yurd-yuvalarına qayıtmayınca, haqqı pozulmuş yüz minlərlə insanın haqqı bərpa olunmayınca, heç bir kəsin, heç bir qurumun fəaliyyətini müsbət qiymətləndirmək tərəfdarı deyiləm. Minsk Qrupunun ciddi uğurlarındna danışmaq tezdir. Onlar özləri də və təmsil etdikləri dövlətlər də çox gözəl bilirlər ki, Azərbaycanda narazılıq artmaqdadır.

2011-ci il yanvarın 1-dən ATƏT-də sədrlik edən Litvanın xarici işlər naziri Audronyus Ajubalis qurumun jurnalına müsahibəsində də demişdir ki “Dağlıq Qarabağla bağlı çoxlu həyəcan doğuran təhlükəli siqnalların şahidi oluruq və vəziyyət bir neçə səbəbdən narahatlıq yaradır. ATƏT-in Minsk qrupunun həmsədrləri siyasi həll yolu axtarılan danışıqların tempini sürətləndirməlidirlər”. göründüyü kimi, ATƏT rəsmisi də öz qurumunun fəaliyyətindən və inertliyindən narazıdır.

2010-cu il ərzində BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 nömrəli qətnamələrində erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması və qaçqınların öz doğma yerlərinə qaytarılması tələb olunsa da, bu sahədə beynəlxalq ictimaiyyətin səylərinə və çağırışlarına məhəl qoymayan erməni silahlı birləşmələri Azərbaycan rayonlarını işğal etməkdə davam edib. Burada da irəliləyiş əldə olunmayıb.

2010-cu ildə də Ermənsitanın işğalçı dövlət olduğu heç bir qurum və dövlət tərəfindən açıq tekstlə səsləndirilməyib. Yeganə nümunə 1993-cü ilin aprel ayında Pakistanın Kəraçi şəhərində İslam Konfransı Təşkilatının 21-ci konfransında Ermənistanın təcavüzkar dövlət olduğu bəyan edilməsidir. Əlbəttə ki, qardaş Türkiyə dövləti istisnadır.

ATƏT-in 1994-cü il Budapeşt, 1996-ci il Lissabon və 1999-cu il İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində bir sıra mühüm təkliflər irəli sürülmüşdü. 1996-cı ildə ATƏT-in Lissabon Zirvə görüşü zamanı Azərbaycanın mövqeyi Ermənistan istisna olmaqla, dünyanın 53 dövləti tərəfindən müdafiə olunmuşdu. ATƏT-in 2010-cu il dekabr Astana zirvə toplantısında bu qurumun Dağlıq Qrabağla bağlı ciddi addımı yadda qalmasa da, regionda Rusiyanın daha da güclənməsinin önləməsində mühüm rol oynamışdır. Əlbəttə, 11 ildən sonra yeni bir zirvə toplantısının keçirilməsi özü-özlüyündə mühüm addım idi və ATƏT-in münaqişələrin həllinin beynəlxalq hüquq çərçivəsində həll olunmasını da qəbul etdiyi yekun qətnamədə də vurğulaması ən azından geriyə addım kimi sayıla bilməz.

Müsbət cəhət kimi qiymətləndirə biləcəyimiz məqam ABŞ dövlət katibi Hillari Klintonun ATƏT-in dekabrda keçirilən Astana sammitində «Dağlıq Qarabağ münaqişəsi Helsinki prinsipləri və həmsədr ölkələrinin dövlət başçılarının Akvilldə bəyan etdiyi 6 prinsip əsasında həll olunmalıdır» deməsidir. Dağlıq Qarabağ münaqişəsinin həlli problemindən danışan ABŞ dövlət katibi «münaqişənin ATƏT-in Minsk qrupunun müəyyənləşdirdiyi əsas prinsiplər əsasında nizamlanmasına dair səyləri bərpa etmək vacibdir» söyləməsidir. Sitat: «Münaqişənin həlli üçün müəyyən olunmuş prinsiplərdən hər hansı birini seçmək olmaz. Bu, münaqişənin həllinə imkan verməz. Münaqişə bütün prinsiplər əsasında həll olunmalıdır».

Bu, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı ABŞ-ın son və qəti sözü hesab oluna bilər. Dövlət katibi bu fikirləri tərəflərin hərəsinin öz istədiyi kimi tirajlandıra biləcyi iki və ya üçtərəfli görüşdə deyil, ATƏT-in zirvə sammitində «hamının eşidə biləcəyi» yerdə demişdir.

Qeyd etmək lazımdır ki, 1993-2000-ci illər arasında Azərbaycan rəhbərliyi və ATƏT rəhbərliyi və Minsk qrupunun təmsilçiləri ilə 130-dan çox görüş keçirilmişdir. 2001-2010-cu illər ərində isə ATƏT-ə üzv olan ölkələrin liderləri ilə keçirilən görüşləri, aparılan yüzlərlə digər danışıqları da buraya əlavə etsək, Dağlıq Qarabağ münaqişəsini həll etməyi öz üzərinə götürmüş bu beynəlxalq qurumla Azərbaycanın nə qədər sıx işlədiyi ortaya çıxar, amma maraqlısı odur ki, müsbət nəticə yoxdur. Bu artıq 2011-ci ildə bu şəkildə davam edə bilməz.

ATƏT-in Lissabon Zirvə görüşündən sonra Minsk qrupunun həmsədrləri dünyanın üç ən böyük dövləti – Rusiya, ABŞ, Fransa oldu. Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair indiyədək əsaslı olan üç təklif vermişlər. Onların 1997-ci ilin iyununda təqdim etdikləri ilk təklif münaqişənin paket həllini, 1997-ci ilin oktyabrında verdikləri ikinci təklif isə münaqişənin mərhələli həllini nəzərdə tuturdu. 1998-ci ilin noyabrında həmsədrlər yeni, üçüncü təklif – “ümumi dövlət” təklifini verdilər.

Sizcə bu il Dağlıq Qarabağ münaqişəsinin həllində və danışıqlarda dönüş olacaq?

1994-cü ilin may ayının 12-də atəşkəs haqqında razılaşma əldə olunub. Elə bu zamandan Azərbaycan xalqı hər ili dönüş ili kimi görmək istəyir. Amma artıq 17 ildir ki, xalqın arzusu gözündə qalır.

Ümid etmək olar ki, Litvanın ATƏT-də sədrlik edəcəyi dövrdə həlli uzadılmış münaqişələrin nizamlanmasına yanaşma da dəyişəcək. Litvanın XİN A.Ajubalis DA vurğulamışdır ki, ATƏT-in hər bir sədri bu cür problemlərin həlli yollarını təklif etmək istəyir. Əminəm ki, hazırkı sədr daha çevik fəaliyyət göstərəcək, mühüm tərəflərlə məsləhətləşəcək, münaqişəli vəziyyətlərin həlli üçün siyasi, maliyyə və digər alətləri səfərbər edəcəkdir.

Amma, qeyd etməliyəm ki, Ermənistan xoşluqla geri çəkilməyəcək. Əgər, danışıqlar tempi bu vəziyyətdə gedərsə və Ermənistan mövqeyindən çəkilməzsə, 2011-ci il 2010-cu ildən daha sönük keçəcək. Ermənistana ciddi siyasi və iqtisadi təzyiqlər olmayacaqsa, o zaman həll yolu müharibənin başlamasından keçir. Mənə belə gəlir ki, Azərbaycan iqtidarının beynəlxalq aləmlə apardıqları diplomatik danışıqların kökündə müharibəyə onların razılığını almağa çalışması olmalıdır. Bu zaman onlar da fakt qarşısında qalaraq, Ermənistana təzyiqi gücləndirə bilərlər. Digər tərəfdən, Azərbaycan Dağlıq Qarabağda yaşayan erməniləri iqtisadi cəhətdən şirnikləndirə və onlar arasına nifaq das ala bilər. Amma, bu məsələ ciddi müzakirə mövzusudur. Hər halda, iqtisadi gücün və pulun indii=ki qloballaşan dövrdə açmadığı qapının olmadığı görünməkdədir.

Eyni zamanda, dönüşüün yaranması üçün, ölkədə bununla bağlı həmrəylik nümayiş etdirilməlidir. Dövlət başçıları danışıqlarda qəti mövqe sərgiləyən zaman gözləri arxada qalmamalıdır. Xalqın həll variantını qəbul edib-etməməsindən əndişələnməməlidir. Müxalifətin də mövqeyi danışıqlar prosesində nəzərə alınsa bu məsələdə irəliləyiş ola bilər. Bilirsiniz ki, müxalifət iqtidarın Dağlıq Qarabağla bağlı yeritdiyi siyasəti, və Madrid Prinsiplərinə razılıq verməsini dəstəkləməmişdir. Bu sahədə iqtidar və müxalifət arasında münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması barəsində ümumi prinsipial mövqe olsa da, həlli variantlarında və yanaşmalarında kifayət qədər müxtəliflik vardır. Demək olar ki, müxalifətin yanaşması nəzərə alınmır, müzakirə olunmur və danışıqlar prosesi barədə onlar məlumatlandırılmır. Bunun özü də iqtidarın addımlar atmasında onun əl-qolunu bağlayır. İstənilən halda, müxalifət Azərbaycanın mənafeyinə cavab verməyən həll yolunu qəbul etməyəcək. Məhz, bunu da Minsk Qrupu həmsədrləri bilməmiş deyillər və əlbəttə, bu variant həm onlara, həm də Ermənistan tərəfinə sərf edir. 1-cilər vəzifə sahibi olmaqla yanaşı, DQ-la bağlı ən nüfuzlu qruma rəhbərlik edirlər və daima diqqət mərkəzindədirlər, 2-cilər isə münaqişənin indiki status-kvo varinatında qalmasında maraqlıdırlar.

Dönüçün yaranması üçün beynəlxalq danışıqlar və diplomatik gedişlər də gücləndirilməldiir. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına Akvill və Muskoka şəhərlərində irəli sürülmüş təkliflər əsasında balanslaşdırılmış siyasi qərar qəbul etməyin tərəfdarıdırlar. Münaqişənin həlli isə Akvill və Muskoka bəyannaməsində əksini tapan prinsiplərə əsaslanmalıdır. Bu prinsiplər vahid və bölünməz paket halında nəzərdən keçirilməkdədir və əlbətttə, Azərbaycan da bu prinsipləri öz maraqları çərçivəsində rəndələməlidir. Amma, ortada müsbət yanaşma var və bu tendensiyanın Azərbaycanın əleyihinə çevrilməsinə yol vermək olmaz.

Məlumdur ki, 2009-cu il iyulun 10-da “Böyük səkkiz”lərin İtaliyanın Akvill şəhərində keçirilmiş sammitində ABŞ, Rusiya və Fransa prezidentləri Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanatla çıxış ediblər. Prezidentlər Barak Obama, Dmitri Medvedyev və Nikolya Sarkozi həmsədrlərə Azərbaycan və Ermənistan prezidentlərinə baza prinsiplərinə dair son təkliflərin əks olunduğu 2007-ci il noyabrın 29-da açıqlanmış Madrid təklifləri üzrə yeni versiyanı təqdim etməyi tapşırıblar. 2010-cu il 26 iyun tarixində prezidentlər Medvedyev, Obama və Sarkozi Kanadanın Muskoka şəhərində keçirilən “Böyük səkkizliy”in sammiti çərçivəsində Qarabağ münaqişəsi ilə bağlı bəyanat qəbul ediblər. Bəyanatda deyilir ki, münaqişənin tənzimləməsi bir neçə prinsip əsasında olmalıdır. Bu prinsiplər arasında Dağlıq Qarabağ ətrafında olan ərazilərin geri qaytarılması, Qarabağa bölgənin özünün idarəetməsini və təhlükəsizliyini təmin edəcək keçid statusunun verilməsi, Ermənistan və Dağlıq Qarabağ arasında dəhlizin yaradılması, bundan başqa, Dağlıq Qarabağ əhalisinin iradəsini bildirməsi yolu ilə Dağlıq Qarabağın yekun statusunun müəyyən olunması, bütün məcburi köçkünlərin öz torpaqlarına qayıtmaq hüququnun tanınması, sülhməramlı əməliyyatlar da daxil olmaqla təhlükəsizliyə beynəlxalq təminat verilməsi məsələləri var.

Yuxarıda adı çəkilən prinsiplərin Azərbaycanın xeyrinə işləməsi üçün Azərbaycan diplomatiyası son gücünə kimi çalışmamışdır. İlkin görünüşdə, Azərbaycanın lehinə işləyən prinsiplərin Azərbaycanın əleyhinə işləməsi ortaya çıxmışdır. Bu da Dağlıq Qarabağın statusunun referendumla həll olunmasına Azərbaycan tərəfinin razılıq vermiş kimi görünməidir.

Danışıqlar prosesi niyə dalana dirənib? Yeni bir gelişmə yoxdur?

Danışıqların dalana dirənməsində birbaşa günahkar Ermənistandır – onun rəhbərliyidir. Amma, ilk baxışda bu həm də məntiqlidir. Çünki, danışıqların uzanması və hazırkı status-kvo ona sərf edir. Azərbaycana isə, əlbəttə, yox. Bununla bərabər, digər günahkarların da üzə çıxarılmasının tərəfdarıyam. Günahkarlardan biri Rusiyadır. Ermənistan Rusiyanın forpostu rolu oynadığından, Rusiya dövləti ona birbaşa təsir etmir. Digər tərəfdən, Ermənistanı şirnikləndirmək siyasəti də yeridir. Ermənistanın danışıqlarda mövqeyinin sərtləşməsi də bu amillə bağlıdır. Şirnikləndirmə və müdafiə siyasəti Ermənistanla Rusiya hərbi bazası haqqında dövlətlərarası Sazişin fəaliyyət müddətinin 2044-cü ilə kimi uzadılması olmuşdur. Belə çıxır ki, Azərabycan ttorpaqlarını hərbi yolla azad etmək istəsə, və təhlükəsizliyinin qorunması üçün Ermənistanın qəbul olunmuş sərhədlərini aşaraq irəliləsə, o zaman Rusiya qoşunları Azərbaycana qarşı vuruşmalı olacaq. Bu sazişə cavab olaraq, Azərbaycan da qardaş Türkiyə ilə keçən ilin avqust ayında “Strateji əməkdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilə imzalayıb. Amma, bütün bunlar starteji və hərbi cəhəttdən əhəmiyyətli olsa da, DQ münaqişəsinin ədalətli həllinə hələ ki, kömək göstərməməkdədir. Türkiyənin mövqeyi aydın olsa da, digər tərəfdən Kipr məsələsinin Türkiyənin başı üzərində Demokl qılıncına çevrilməsi, Avropa Birliyinə üzvlüyə can atması, Erməni lobbisinin artan təzyiqləri qardaş ölkəni də bir çox hallarda çıxılmaz vəziyyətə qoyur.

Dalana dirənən münaqişənin digər tərəfində nala-mıxa vuran Avropa dövlətləri, NATO və ABŞ dayanır. Düzdür, bu dövlətlərin Rusiyadan fərqli olaraq münaqişənin uzanmasında və hazırkı status-kvonun saxlanmasında heç bir marağı yoxdur. Yeganə məsələ, bu münaqişə ilə bağlı ikili standartlar və dişsizliyin nümayişidir. ABŞ-ın mövqeyi daha aydındır. Bu dövlətin Azərbaycana uzaqlığını nəzərə alsaq və Qafqazlarda da tam möhkəmlənməməsini də nəzərə alsaq, sərgilədiyi mövqedən, hətta, razı da qalmaq olar.

Nəticə etibarı ilə, dalana dirənmə davam edəcək. O vaxta kimi ki, Azərbaycan hərbi yolla bir neçə rayonu azad etməyəcək. Bu tupikdən çıxmaq üçün və digər həll variantlarını da işə salmaq üçün, mənimlə razılaşmayanlar da olsa, hesab edirəm ki, Azərabycan hərbi gücünü istifadə edərək, Ağdam, Fizulu və Cəbrayıl rayonlarını azad etməlidir. Hətta, Dağlıq Qarabağa daxil olmayan zonadan yan keçərək Ermənistanın içərilərinə də addımlaması vacibdir. Bu hal baş verməyincə, üzərini kağızlarda və beyinlərdə toz basmış həll variantlarının və ideyaların üstü açılmayacaq.

Azərbaycan müharibəyə başlayacağı ilə bağlı dəfələrlə bəyanat verib. Sizcə bu nə dərəcədə realdır?

Bu məsələ, yalnız Azərbaycandan asılı deyil. Bəyənatlar bəzən ictimai fikri öyrənmək üçün də edilir. Amma, hal-hazırda həm dünyada, həm də regiona vəziyyət dəyişib. Digər tərəfdən, önümüzdə “gözü çıxmış qardaş” var. Bu Gürcüstandır və əlbəttə, 2008-ci ilin avqust hadisələrini unutmamışıq. Bu prizmadan yanaşanda aydın olur ki, razılıqsız müharibənin başlanması labüd görünmür. Müharibəni başlamaq üçün heç olmazsa, iki dövlətin razılığını almaq gərəkdir. Bunun ən önəmlisi Türkiyə və digəri isə ABŞ-dır. Amma. Düşünürəm ki, Azərbaycan diplomatiyası faydalı işləyə bilərsə. Bu razılığı almaq üçün situasiyanı yetişdirmək olar. Bir də təkrar edirəm: müharibənin başlaması üçün situasiyanı hazırlamaq və onu labüd hala gətirmək gərəkdir. Onu necə etmək isə hökumətin işidir və bu məqamları da qəzet səhifələrində açıqlamağa lüzum görmürəm.

Müharibə başlasa kim qələbə çalacaq?

Bu ritorik bir sualdır. Vətənpərvər bir Azərbaycan Türkü kimi Azərbaycanın qələbə çalmasını istərdim. Amma, bunu ölkələrin hərbi gücünə malik olmasına bələd olan ekspertlər deyə bilər. Müharibə başlanan anda, gərəkli dövlətlərin xeyir-duasını alan ölkə qələbə çala bilər. Bir də qələbənin qazanılması üçün ölkədəki siyasi qüvvələr arasında həmrəylik də lazımdır. Bu həmrəylik olmadan, “hər şey qələbə üçün, hər şey cəbhə üçün” devizi yerinə yetirilmədən mümkün olmaz. Orduda, siyasətdə və sosial həyatda bərabərlik, ədalət bərqərar olmalıdır. Müharibəyə həm varlı övladı, həm məmur övladı, həm də kasıb uşağı cəlb edilməldiir. Buna əməl olunmasza, heç kim özünü aldatmasın.

Minsq Qurupunun tərkibinin dəyişdirilməsi ilə bağlı fikirlər səslənir. Sizcə bu mümkündür? Yeni tərkibdə Türkiyənin yer almasını necə qiymətləndirirsiz?

Minsk qrupunun tərkibinin dəyişdirilməsi heç nəyi həll edə bilməz. Ümumiyyətlə, bu fikri səsləndirmək özü də populzim nişanəsidir. Münaqişəyə baxış və yanaşma dəyişməlidir. Bu isə Minsk Qrupu həmsədrlərinin iqtidarında deyildir. Onlar ölkələrinin göstərişlərini yerinə yetirirlər. Türkiyənin isə həmsədr dövlət olmaq şansı yoxdur. Bu sadəcə biz Azərbaycan Türklərinin arzusudur. Hətta, Türkiyə həmsədr ölkə olsa belə, heç nə dəyişməyəcək. Hətta, həmsədr ölkjə olmaq Türkiyənin milli maraqlarına uyğun deyildir. Ermənistanın artan kaprizlərini ödəmək və özünü tərəfsiz göstərməyə məcbur olacaq Türkiyə qurbanlar verməli olacaq. Ona görə də qardaş ölkənin də bu iddiada bulunması inancında da deyiləm.

Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycandadır. Inanmiram ki, bəzi politoloqların qeyd etdiyi kimi, bu açar Kremldədir. Açar Azərbaycanda həmrəyliyə nail olmaqda, partizan hərəkatının formalaşdırılmasında və ölkədə sosial, iqtisadi və siyasi azadlıqların bərqərar olmasındadır.

Related Articles

Back to top button