Interviews

“Müxalifət hakimiyyətə qarşı cui-citsu texnologiyası hazırlayır” – Müsahibə

25.04.2011 | 15:58

“2005-ci ildən gözləyirəm ki, bu sual mənə verilsin… Mən deyərdim ki, bu işdə müsavatçıların ciddi rolu oldu. Demək olar ki, onu müsavatçılar dağıtdı”

““Facebook” sosial şəbəkəsi Azərbaycanda siyasi azadlıqların və sərbəst toplaşma azadlığının təmin olunduğu yeganə yerdir”

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin Beynəlxalq məsələlər üzrə müavini Razi Nurullayevin “Qafqazinfo”ya müsahibəsi

– Ölkənin siyasi həyatında yeni mənzərə yaranıb, yeni situasiyalar əmələ gəlib və yeni situasiyalar da yeni yanaşmalar tələb edir. Bu mənzərəni siz necə görürsünüz?
– Mən hazırda Azərbaycanın siyasi mənzərəsini beynəlxalq aləmdə yaranan siyasi mənzərədən fərqləndirmək istəmirəm. İndiyə qədər siyasi mənzərəni ya iqtidar qurmaq istəyirdi öz maraqları altına, ya da müxalifət nədənsə ruhlanaraq başqa yerdə baş verən proseslərin Azərbaycanda yaranmasını arzulayırdı, bunun üçün çalışırdı. Və kənardan doğurdan da aydın şəkildə görünürdü ki, bu sosial sifariş deyil, cəmiyyətdən gəlmir, cəmiyyətdə tərpəniş yoxdur. Ümumiyyətlə, cəmiyyətdə həm iqtidarı, həm də müxalifəti dəstəkləyənlər var. Siyasi proseslərdə iştirak edən insanlar isə siyasi situasiyanı özləri yaratmaq istəyir. Amma indi isə beynəlxalq aləmdə baş verən proseslər Azərbaycana o dərəcədə sirayət elədi ki, artıq Azərbaycan həmin proseslərin içərisində fəaliyyət göstərməlidir. Onun üçün Azərbaycanda bugünkü qədər münbit siyasi şərait hələ ki, olmamışdı. Bu münbit şərait həm müxalifət, həm də iqtidar üçündür. İqtidar üçün münbit şərait ondan ibarətdir ki, doğurdan da onlar artıq demokratikləşməyə doğru qətiyyətlə addım ata bilərlər və bu qiymətləndiriləcək. İqtidar üçün isə münbit siyasi şərait ondan ibarətdir ki, əgər iqtidar indiki siyasi mənzərəni dəyişmək istəmirsə, müxalifət birləşərək özü bu mənzərəni tamamilə dəyişə, köklü dəyişikliklər yarada bilər. Deməzdik ki, bu Azərbaycana ərəb ölkələrində baş verən proseslərdən sonra gəldi. Bilirsiniz ki, noyabr seçkilərindən sonra ilk dəfə olaraq, Azərbaycanda müxalifət depressiyaya uğramadı. Yadınıza salın, hər seçkilərdən sonra müxalifətin özünə gəlməsi üçün bir neçə il sərf olunurdu. Artıq həm Azərbaycanın prezidenti, həm iqtidarın nümayəndələri kinayə ilə deyirdilər ki, Azərbaycanda müxalifət yoxdur. Amma ilk dəfə olaraq Azərbaycanın tarixində, noyabr seçkilərindən sonra müxalifət nəinki depressiyaya uğradı, sanki bunu gözləyirmiş kimi daha da təmərküzləşdi. Və bu proses Azərbaycanda başlayırdı, sadəcə olaraq ərəb inqilabları ilə bir vaxta düşdüyünə görə, daha da güclü bir mərhələyə qədəm qoydu.

-İndi proses hansı mərhələdədir? Elə bil proses nəsə dayanana bənzəyir…
– Müxalifətin mübarizəsi dayanmayıb və Azərbaycandakı siyasi proseslər də hələ ki, davam edir. Çünki, Azərbaycanda, hətta bu gün müxalifət mübarizəni dayandırarsa, siyasi mübarizədən çəkilərsə və müəyyən taym-aut götürərsə, digərləri, – gənclər təşkilatları, qeyri-hökumət təşkilatları, narazı insanlar, narazı kütlələr yenə də həmin azadlıqları tələb edəcəklər, sosial hüquqları tələb edəcəklər.

-Bunları ona görə deyirəm ki, bir çox siyasətçilər, bir çox analitiklər düşünürlər ki, müxalifətin son bir neçə ayda başlamış bu hərəkatı 17 apreldə fiaskoya uğradı. Belə düşüncələr var.
– Xeyr, tamamilə mən bunun əksini düşünürəm. 17 apreldə müxalifət fiaskoya uğramadı, sadəcə olaraq Azərbaycan iqtidarı bir daha sübut etdi ki, o siyasi azadlıqları təmin etmək niyyətində deyil. Hələ iki aprel mitinqində insanlar ayağa qalxdı, tək müxalifətçilər deyildi onlar. Adi insanlar da qoşulmuşdu müxalifətçilərə və bundan xoflanan iqtidar mitinqin əsas təşkilatçılarını həbsə aldı və 17 aprelə demək olar ki, müxalifət mitinqi təşkil edən insanlarsız qaldı. Müxalifət sanki, tərksilah olunmuşdu. Amma, bütün bunlara baxmayaraq, insanlar 2 apreldəki kimi mitinqə axışdı. Sadəcə olaraq, ola bilsin ki, artıq 2 apreldən də müəyyən mənada dərs alan iqtidar indi daha çox hazırlaşmışdı, əlbəttə ki, onun bütün resursları var. Və mitinq başlamazdan öncə insanların bir çoxunu zərərsizləşdirə bildilər. Məlumatınız olsun ki, həmin gün rəsmi olaraq 151 nəfər həbs olunmuşdu. Bu böyük bir hisə deməkdi…

-Yəni, deyirsiniz ki, iqtidar sizdən qorxur…
– Bəli, bu qorxudur. Digər bir məsələ, burada, məsələn, gənclər təşkilatları iki apreldə çox fəal idilər, tələbələr də… Amma, 2 aprellə 17 aprel arasında 3 tələbə artıq universitetdən qovuldu. Bu mənim bildiyimdir. Və bu əlbəttə ki, həmin tələbələrə psixoloji təsir etdi, eyni zamanda valideynlərə. Mənim bir neçə tələbə ilə söhbətim oldu, onlar yenə də mitinqə qatılmaq istəyirlər, amma valideynlərinin psixoloji təzyiqi ilə üzləşirlər. Çünki valideynlər övladlarını universitetlərə qoymaq üçün minlərlə dolar xərcləyiblər və bir çoxları doğurdan da rüşvət hesabına uşaqlarını oxudurlar və onlar əlbəttə ki, bu investisiyaların heçə çıxmasını istəmirlər. Bu da psixoloji təzyiq idi. Amma, bütün bunlara baxmayaraq, biz 17 aprel mitinqini tamamilə baş tutmuş hesab edirik.

– Siz müxalifətdəki müzakirələrin içindəsiniz. Müxalifət nə fikirdədir, tamam yoxsa davam? Növbəti mitinqlər, növbəti aksiyalar, metodlar axtarılır?
– Əlbəttə, ayın 29-u İctimai Palatanın növbəti sessiyasıdır. Həmin sessiyada indiyə qədərkindən daha çox insan iştirak edəcək və daha çox insan üzv olacaq. Sübut olunacaq ki, İctimai Palata 17 apreldə fiaskoya uğramadı, insanlarda daha da böyük stimul yarandı ki, bu təşkilat daha da güclənməlidir. 29 apreldə yəqin ki, növbəti mitinqin vaxtı müəyyən olunacaq. Mitinq taktikasından əl çəkilməyib, amma bunlara rəğmən eyni zamanda digər taktiki gedişlər də müzakirə olunacaq və lokal hadisələrin də baş verməsi gözlənilir.

– Siz çox ümidli görünürsünüz, mən istərdim ki, məsələyə bir az reallıqdan yanaşaq. Şəxsən mənə elə gəlir ki, bu proses qaçdı-tutdu oyunundan kənara çıxmayacaq.
– Mən ona görə ümidliyəm ki, məni ruhlandıran başqa məsələdir. Dünyanın düzəni dəyişir. Bu gün hətta müxalifət olaraq eyni taktika ilə gedilsə də, vəziyyət nokaut halına düşməyəcək. Çünki məhz artıq Azərbaycanda baş verən o siyasi situasiyaları da dünyanın gündəmi müəyyənləşdirəcək. Bu artıq təbii bir prosesdir. Azərbaycan bundan kənara çıxa bilməz. Azərbaycan İrana çevrilə bilməz, Azərbaycan Belarusa çevrilə bilməz. Azərbaycan ATƏT və Avropa Şurası qarşısında kifayət qədər ciddi öhdəliklər götürüb. Azərbaycana olan təzyiqləri siz bu gün görsəydiniz, mənimlə razılaşardınız. Doğurdan da Azərbaycana böyük təzyiqlər var və artıq Azərbaycan ya dəyişməlidir, ya da tamamilə başqa rejimə çevrilməlidir. Amma inanmıram ki, ciddi bir rejimə çevrilə bilər, bu mümkün deyil, onun üçün Azərbaycan dəyişəcək. İqtidar dəyişikliyə gedəcək. Bunun üçün də biz indiyə qədər mitinq taktikasından istifadə edirdik və hesab edirdik ki, hakimiyyət mitinqlərin dalğasından çəkinərək, dəyişikliyə gedəcək. Amma hakimiyyətin etdiyi dəyişikliklər çox xırdadır. Biz köklü dəyişikliklər istəyirik, tamamilə siyasi hüquqların təminatını istəyirik. Biz düşünürük ki, müəyyən bir zarafatlar üzərində qurulan lokal aksiyalar da keçiriləcək. Mən bununla bağlı təklif də hazırlamaq istəyirəm. Bilirsiniz ki, cui-citsu texnologiyası var, bu döyüş növü olsa da dinc mübarizə metodlarından biridir. Sənə qarşı yönələn istənilən qüvvəni həmin qüvvənin özünə qarşı istifadə olunması. Onun üçün də, əgər bu gün hakimiyyət mitinq keçirməyə icazə vermirsə insanların istirahət hüququndan danışırsa, məhz onun müqabilində biz addımlar müəyyənləşdirəcəyik. Artıq belə bir addımın atılmasını Tofiq Yaqublu söyləyib. Məhz müxalifətin kütləvi şəkildə parklarda istirahət etməsi, istirahət hüququndan istifadə etməsi. Minlərlə insan ya Bulvara, ya da hansısa bir parkda istirahət etmək üçün gedir, qəzet oxumağa, toplaşmağa, amma şüar səsləndirmədən. Əgər bunun da qarşısını hakimiyyət alarsa belə çıxacaq ki, indiyə qədər onlar istirahət hüququndan danışırdı, artıq istirahət hüququnu da pozmuş olur. Bu bir təklifdir, indi digər təkliflər də hazırlanır və hakimiyyətin özünün dediyi çərçivədə, onu kifayət qədər çətin vəziyyətə salan təkliflər hazırlanacaq. Onlar artıq inkar edə bilməyəcəklər.

– Müxalifətdə bir şey də problem yaradır ki, birliyi axıra qədər qoruyub saxlamağı bacarmır. Seçkilərdə də bu müşahidə olunur, indi də İctimai Palatadan Azərbaycan Milli İstiqlal Partiyası çıxdı. Bunlar cəmiyyətdəki inamı sarsıtmır?
– Əfsuslar olsun ki, bu sözünüz həqiqətdir. Amma biz onun qarşısını ala bilmirik. Siyasi partiyada fəaliyyət göstərmək, ictimai fəaliyyət göstərmək könüllülük əsasındadır. Yəni burada heç kimə nəyi isə əmr etmək olmur. Biz o zaman ciddi şəkildə müzakirə etdik ki, AMİP müəyyən mənada buradan gedə də bilər. Amma, o zaman biz onları İctimai Palataya qəbul etməsəydik, özü də xüsusən də buraya hər kəs sərbəst şəkildə qoşulurdu. O zaman həm Müsavata, həm AXCP-yə böyük təzyiqlər olacaqdı ki, müxalifətin birliyinə mane olan qüvvələr məhz bunlardır. Onda biz ciddi tənqid olunacaqdıq. Biz onlara imkan yaratdıq, indi də tənqid olunuruq ki, bunu əvvəlcədən niyə görə bilmirsiniz? Onun üçün mən hesab edirəm ki, bu faciə deyil. Əgər biz tarixə baxsaq və ya digər ölkələrdə baş verən hadisələri analiz etsək görərik ki, başqa ölkələrdə də baş verən analoji hadisələrdə müxalifətlər qruplar şəkilində mübarizə aparıblar, parçalanıblar, birləşiblər. Bu təbii prosesdir, bundan qaçmaq olmaz. Azərbaycanda tam olaraq bütöv müxalifətin birliyini yaratmaq mümkün olmayacaq. Heç bu lazım da deyil. Amma bu gün əsas qüvvələr İctimai Palatada toplaşır və mübarizəyə davam edəcəklər. Hesab edirəm ki, AMİP-in İctimai Palatadan getməsi faciə deyil və biz bunu faciə kimi qiymətləndirmirik. Öz işləridir. Əslinə qalanda biz onların heç ciddi dəstəyini də gözləmirdik.

– Onlar iddia edir ki, İctimai Palata yarananda qarşısına qoyduğu hədəflərdən yayınıb, fəaliyyətini mitinqlərlə məhdudlaşdırır…
– Burada həqiqətin yükü kifayət qədərdir, amma məsələ burasındadır ki, AMİP heç bir vaxt deyə bilməz ki, nəyinsə ciddi şəkildə müzakirəsini təklif edib və bundan İP-nin koordinasiya şurası imtina edib.

– Son vaxtlar müxalifətdən qopmalar baş verir. Bunu necə izah edərdiniz?
– Nəyə görə insanlar belə halları faciə kimi dəyərləndirir. Yəni müxalifətə gəlmək, qalmaq barədə, siyasi baxışlarının dəyişməyəcəyi barədə heç kim bir öhdəlik götürüb, müqavilə imzalamır, notariusda onu təsdiq etmir. İnsanlar könüllü gəlib, könüllü gedir. Ola bilsin kimin mübarizəsi, qüdrəti, iradəsi beş ilə çatır, kiminki on ilə, kiminki isə sonsuzdur. Biz mübarizə aparırıq, bu mübarizəyə qoşulanda onlar da bilir ki, burada həbs də var, məhrumiyyətlər də, işdən azad olunma da…

– Sizdə vəziyyət necədir?
– Mən hesab edirəm ki, kifayət qədər iradəm var. Və iradəmdə heç bir dəyişiklik hiss eləmirəm, siyasi düşüncələrimdə heç bir dəyişiklik yoxdur və mən mübarizəyə axıra kimi davam etmək niyyətindəyəm.

– Siz bir neçə il əvvəl “Yox” deyirdiniz… “Yox” hərəkatı cəmiyyətdə kifayət qədər hay küy yaratmışdı. Sonra bir növ o proses dayandı. Bu formada yeni bir taktiki gediş düşünürsünüz?
– Mən təşəkkür edirəm ki, bu sualı mənə verdiniz. Çünki mən 2005-ci ildən gözləyirəm ki, bu sual mənə verilsin. “Yox” hərəkatının 2005-ci ildə Ukraynada yaradılmasını elan etdim. Mətbuat konfransı keçirərək bunu bəyan etdim və dünyanın əksər media qurumlarında məlumatlar çap olundu. Bizim indi açıqlaya bilməyəcəyim müəyyən taktiki gedişlərimiz oldu, müəyyən çalışmalarımız var idi, dünyanın bir çox ölkələrində bizə ciddi dəstək ola biləcək insanlarla əlaqələrimiz var idi. Mən bu təşkilatı dinc mübarizə metodlarından ruhlanaraq yaratmışdım. Və bu Azərbaycanda yaranan ilk təşkilat idi ki, dinc mübarizə metodlarını ortaya gətirdi və biz ciddi şəkildə böyük ədəbiyyatlar tərcümə edib, nəşr etdik. Bu dinc mübarizə nəzəriyyəsinin banisi sayılan Cin Şarpın kitabları idi. “Dinc mübarizənin dinamikası”, “Diktaturadan demokratiyaya doğru” “Dinc mübarizədə hakimiyyət və müxalifət, onun dinamikası” və s. 1200-dən çox səhifəlik kitablar idi. Biz onu tərcümə edib, nəşr etdik. Və mən deyərdim ki, son illər yaradılan gənclər təşkilatları da, dinc mübarizə aparmaq üçün yaradılan digər təşkilatlar da “Yox”un köynəyindən çıxıblar. Sadəcə olaraq, məsələ burasındadır ki, Azərbaycanda müstəqil olmaq çox çətindir. Eyni zamanda, ictimai təşkilat kimi müstəqil olmaq da çox çətin prosesdir. Həm müxalifətdən zərbə alırsan, həm iqtidardan. Ortada mərkəzçi mövqe isə Azərbaycanda qəbul olunmur. Burada ya müxalifət, ya iqtidar olmalısan. Kənara addım atan kimi ya satqın olursan, ya da iqtidarçı. Yəni ki, bu mümkün deyil, iki yoldan birini seçməlisən. “Yox” isə müstəqil bir hərəkat idi. Və “Yox”a bir ay ərzində 2 min nəfər üzv oldu. Biz ciddi media texnologiyalarından istifadə edirdik, internetdən ilk dəfə çox yararlı şəkildə istifadə edən “Yox” hərəkatı olub. Demək olar ki, “Yox” hərəkatını dünyanın ən böyük media şirkətləri də yayımlamağa başladı. Əlbəttə ki, bu, qısqanclıq doğururdu. “Yox”un içərisində həm müxalifətdən, həm iqtidardan kifayət qədər insanlar oldu ki, çəkişmələr yaratdılar. Mənim isə günahım onda oldu ki, kifayət qədər liberal mövqedə dayandım.

– Tam demokratiya…
– Demokratiya yaratdıq və bu demokratiya təşkilatı parçalamağa doğru apardı. Və mən deyərdim ki, müsavatçıların ciddi rolu oldu. Demək olar ki, onu müsavatçılar dağıtdı. Amma onu dağıdanlar hazırda Müsavatda da yoxdur. Müsavatı satıb getdilər. Sonra biz müəyyən addımlar atmaq istədik və atdıq da, ciddi irəliləyişlərə də nail olduq. Artıq beynəlxalq təşkilatlar da “Yox”la hesablaşmağa başlayanda bunun içərisinə viruslar yeridilməyə başladı. O viruslar “Yox” hərəkatını içindən yedi və artıq mənim həyatım üçün ciddi təhlükə yarandı. Ciddi bir yerdən mənə məluma gəldi ki, sənin öldürülməyin haqqında qəti qərar qəbul olunub. Mənim üzərimdən maşın sürmək, qəzaya uğratmaq və yaxud nə isə bir liftin xarab olub düşməsi plan vardı. Həyatıma təhlükə haqqında məlumat gəldi və mən ölkədən getməli oldum. İki ay ölkədən xaricdə gizləndim, Elmlər Akademiyasından qovuldum, elmi işimi davam etdirə bilmədim. Azərbaycan Dillər Universitetində dərs deyirdim, oradan getməli oldum. Və mən ciddi təzyiqlərlə üzləşdim. Getdim və “Yox” hərəkatını yaşatmaq üçün orada qalan sağlam insanlara şərait yaratdım. Zaman-zaman mənə deyilirdi ki, sən olmasan biz bunu idarə edə bilərik, amma alınmadı. Və “Yox” tarixə çevrildi.

– Və “Yox” yox oldu…
– “Yox” demək olar ki, bəli yox oldu. Və bu mənim razılığımla və mənim əməlimlə oldu. Çünki, mən onun yox olmasına göz yumdum. Amma o zaman əgər ciddi şəkildə müxalifət dəstək versəydi, qısqanclıqla yanaşmasaydı, bəlkə də bu gün Azərbaycanın siyasi durumu başqa cür olardı.

– Bəzən belə düşünürlər ki, Azərbaycanda dəyişiklik üçün yeni gənclik meydana çıxmalıdır. Yəni heç bir siyasi qütbü təmsil etməyən gənclik meydana çıxmalıdır.
– Mən bu fikirlə tamamilə razılaşıram. Mən razılaşıram ki, Azərbaycanda müstəqil olan özünün missiyası olan müxalifət və iqtidarı tənqid etməyi bacaran sağlam gənclər təşkilatları olmalıdır və bu gənclər təşkilatları hərəkatlara çevrilərək minlərlə gənci özündə birləşdirməlidir. Azərbaycanın xilası da bundan keçəcək.

– Bu olacaqmı sizcə?
– Mənə elə gəlir ki bu proses hazırda başlamaq ərəfəsindədir. Bu başlayacaq və biz diktatura yaratmamışıq. İstəmirik ki, gənclər gəlib ancaq AXCP-yə və ya başqa partiyalara qoşulsun. Biz istəyirik ki, gənclər təşkilatları təşkilatlansın. Siyasi proseslərdəki məsuliyyəti öz üzərilərinə götürsünlər. Biz müxalifət olaraq ölkədə siyasi proseslərin aşağı düşməsinə imkan vermirik. Bu bizə həbslərlə, məhrumiyyətlərlə başa gəlsə də, biz siyasi proseslərdə iştirak edəcək gənclər üçün münbit şəraitin yaradılması üçün çalışırıq. Artıq o gənclər təşkilatları buna özləri qərar verməlidirlər və biz onu gözləyirik. Onu da qeyd edim ki, mən şəxsən Razi Nurullayev olaraq bu gün Azərbaycanın xaricidə oxuyan gəncliyindən çox narazıyam. Onlar gələndən sonra siyasi partiyalara qatılmaq istəmirlər, xarici şirkətlərdə yüksək maaşa çalışırlar, öz həyatlarını qurmaq istəyirlər.

– Yəni, cəmiyyətin həyatını qurmaq istəmirlər
– Onların buna haqqı yoxdur. Çünki, onlar xaricə təhsil almağa gedən zaman şəxsi ərizə formasında qeyd edirlər ki, mən ona görə oxumaq istəyirəm ki, motivasiyam budur ki, Azərbaycana qayıdacam, demokratik proseslərə töhfə verəcəm və s. Bu şəkildə qeyd etməlidirlər. Azərbaycana qayıdandan sonra isə monitorinq olunmur. Onlar ya gedib hakimiyyətdən vəzifə alırlar, bürokrata çevrilərək manqurtlaşırlar, ya da xarici şirkətdə işə düzəlib öz şəxsi maraqlarını təmin etməklə məşğul olurlar. Bəzən də çıxıb danışırlar ki, Azərbaycanda müxalifət yoxdur biz nə edə bilərik? Altlarında bahalı maşınları, pulları, bağ evləri və s. Mən bunu qəbul edə bilmərəm. Bu gün mənim də imkanım var və mən də xaricdə təhsil almışam və dünyanın 80-dən çox ölkəsində olmuşam. Mənim bəlkə də 350-dən çox təşkilatlardan sertifikatım var, bir neçə dili mükəmməl bilirəm. İndi Azərbaycanda dəb halını alıb insanlar deyir filan-filan dilləri bilirəm, amma 100-200 söz bilmək dili mükəmməl bilmək deyil. Amma mənim mükəmməl bildiyim, o dillərdə məqalə yaza bildiyim dillərdir. Mənə hətta 7 min avroya Fransada iş təklif olunmuşdu. Ondan imtina eləmişəm. İstədiyim yerdə bilik və bacarığıma görə fəaliyyət göstərə bilərəm. Amma düşünürəm ki, mənim Azərbaycanda baş verən siyasi proseslərdən kənarda durmağım məqbul deyil.

– Statistikaya görə Azərbaycanda “Facebook” istifadəçilərinin sayı yüz minlərlədir. “Facebook”a girəndə adam elə gəlir ki, burada ancaq müxalifətçilər toplaşıb. Sanki müxalifət “facebook”da öz qələbəsini təmin edib…
– Biz müxalifət olaraq hesab edirik ki, “Facebook” sosial şəbəkəsi Azərbaycanda siyasi azadlıqların və sərbəst toplaşma azadlığının təmin olunduğu yeganə yerdir. Biz bunu belə qiymətləndiririk və bu cür də fəaliyyət göstəririk. Əlbəttə ki, sosial şəbəkələrdə Azərbaycan müxalifəti 100 faiz qələbə qazanıb. Sadəcə olaraq, “Facebook” səhifələrində də insanlar qorxudulur, statuslar yazmağa qorxurlar. Doğurdan da bu gün “Facebook” da olan rəy fiziki olaraq yaşadığımız cəmiyyətdə olan rəydir. Hesab edirik ki, sərbəst toplaşma azadlığı təmin olunarsa bir neçə mitinqdən sonan biz 10 minlərlə insanı mitinqlərə çağırıb sözümüzü deyə bilərik. Bizim niyyətimiz Azərbaycanda inqilablar etmək deyil, qarşıdurma yaratmaq deyil. Biz konstitusiya haqlarımızdan istifadə edərək dəyişikliklər tələb edirik. Sərbəst imkanlar yaratsınlar. Əgər Azərbaycan xalqı bu gün YAP iqtidarına “hə” deyirsə biz də bilək ki, YAP xalqın dəstəyini qazanıb, biz də başqa metodla mübarizəmizə davam edək.

Elbrus Ərud
Fatimə Kərimli

http://qafqazinfo.az/%E2%80%9CM%C3%9CXALIF%C6%8FT_HAKIMIYY%C6%8FT%C6%8F_QAR%C5%9EI_CUI_CITSU_TEXNOLOGIYASI_HAZIRLAYIR%E2%80%9D___M%C3%9CSAHIB%C6%8F__-9077-xeber.html

Related Articles

Back to top button