Interviews

Bin Ladenin ölümü təsadüf idimi?

Azadlıq qəzeti, Çərşənbə axşamı, 03 May 2011

Razi Nurullayev: «Növbəti mərhələdə ABŞ dünyada demokratiyanı daha aktiv dəstəkləyəcək»

Hazırda bütün dünya mətbuatının gündəmini bir nömrəli terrorçu Üsamə Bin Ladenin ölümü ilə bağlı yayılan xəbərlər zəbt edib. Bir sıra ekspertlər bunun dünyada cərəyan edən hadisələrin fonunda təsadüfi olmadığını düşünür. Ən azı onu demək kifayətdir ki, terrorçunun ölümü barədə xəbər çıxan kimi dünya birjaları çöküş yaşayıblar.
AXCP sədrinin müavini Razi Nurullayev vurğuladı ki, Bin Ladenin ölümü həqiqətən də bütün dünyada rezonans yaradıb. Bu barədə xəbər verildikdən sonra məşhur sosial şəbəkə olan Twitter-də dörd min qısa mesajın yazıldığını deyən R.Nurullayev qeyd etdi ki, baş verən proseslərdə ABŞ-ın güddüyü bir neçə məqsəd var: “Bu addımla ABŞ dünyada lider ölkə olduğunu bir daha bəyan etmiş oldu. Əslində bunu ABŞ-ın bir nömrəli məqsədi saymaq olar. Digər tərəfdən, daha bir nəticə Obama administrasiyası baxımından vacibdir. Çünki bu nailiyyət məhz onun hakimiyyətdə olduğu dövrdə baş verdi. Bu isə hazırkı prezidentin reytinqini artırır”.
Eyni zamanda bundan sonra ABŞ-ın xarici siyasətində bir sıra korrektələrin olacağını düşünən R.Nurullayev vurğuladı ki, növbəti mərhələdə ABŞ-ın dünyada demokratiyanın inkişafına daha aktiv dəstək verməsini gözləmək olar: “ABŞ demokratiyaya dəstəyi sürətləndirəcək. Çünki buna qədər ABŞ-ın diktatura rejimləri ilə aktiv əməkdaşlığı onun başının üzərində Üsamə Bin Laden təhlükəsini həmişə saxlayırdı. Bir sözlə, demokratiyanın yayılmasında ABŞ-ın daha koordinasiyalı addımlarını seyr edəcəyik”.

Sülhəddin Əkbər: «Bu axtarışın sonda konkret nəticə verməsi gözlənilən idi»

Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər isə bildirdi ki, ABŞ təxminən on il idi ki, Bin Ladeni axtarırdı. Və bu axtarışın sonda konkret nəticə verməsi gözlənilən idi. Baş verən olaydan bir sıra ekspertlərin fərqli nəticə çıxardığını deyən S.Əkbər vurğuladı ki, Bin Ladenin ölümü terrorla mübarizədə mühüm addımdır: “ABŞ hazırda terror təşkilatından əks cavab gözləntisindədir. Ona görə bütün dünyada ABŞ səfirlikləri yüksək qorumaya keçib. Amma bu olay Barak Obamanın xarizmasını artıracaq. Lakin bu reytinqin növbəti seçkiyə qədər qalacağını dəqiq söyləmək çətindir”.

Xəyal

Related Articles

Back to top button