Articles

İctimai Palatanı sökənlər

04.07.2011 | 15:22

Razi Nurullayev

AXCP sədrinin müavini

Ön söz

Çoxdan İctimai Palata ilə bağlı məsələləri analiz etmək istəyirdim. Bu hissim dostumuz Elxan Şükürlünün Qafqazinfo-da yazdığı “Alternativ Axtarışında” məqaləsindən və hörmətli Pənah Hüseynin “Yeni Müsavat” qəzetinə verdiyi müsahibəsindən sonra daha da dərinləşdi. Hörmətli Pənah Hüseyn müsahibəsində “mən “İctimai Palatanın mövcudluğunun İsa Qəmbərdən və Əli Kərimlidən, AXCP və Müsavatdan asılılığının dərəcəsi mümkün qədər azaldılmalıdır və aradan qaldırılmalıdır” fikrini dilimə gətirəndə hansı coşqun etiraz və hiddətlə qarşılaşacağımı yaxşı başa düşürəm” demişdi. Bu deyimi, AXCP yetgilisi olaraq, etiraz və hiddətlə qarşılamadım. Əksinə, hadisələri analiz etmək üçün mənə bir siyasi müstəvi açdı.

İP-ya baxış

Həqiqətdir ki, İctimai Palata (İP), əsasən, Müsavat və AXCP-nin social bazası üzərində yaranıb. Lakin, çalışmışıq ki, bu çox da biruzə verilməsin. İP-nın Kordinasiya Şurasında çoxluq ictimai təşkilatların rəhbərləri tərəfindədir. Siyasilər isə barmaqla sayılır. Palataya üzv olmaq, sözünü demək üçün əsaslı surətdə heç kimə maneələr yaradılmayıb. Bütün üzvlər üçün bərabər şəkildə söz demək üçün şərait yaradılıb. Indiyə kimi üzvlük üçün müraciət edən heç kimin səs almayaraq kənarda saxlandığının şahidi olmamışıq. Üzvlər Kordinasiya Şurasında müzakirə olunsa da, kiməsə veto qoyulmayıb. Əgər kimsə, düşünürsə ki, kənardan müraciət edib keçmək mümkün deyil, qoy müraciət etsinlər və belə bir presedent yaratsınlar ki, sonra da asanlıqla Palatanı tənqid etsinlər.

Əksinə, İP-da ifrat demokratiya bəzən anarxiya da yaradır. Anarxiya nəticəsində iclasları idarə etmək problemə çevrilir. Yerdən atmaca, lüzumsuz çıxışlar və parçalanma meyylləri yaratma və s. Əfsuslar ki, bu həm də elə Müsavat və AXCP yetgililərindən qaynaqlanır. Onları həm də vaxtında neytrallşadırmaq lazımdır ki, sonrakı dövrlərdə sağalmaz yaraya çevrilməsinlər. Siyasi statusumu nəzərə alaraq, əfsuslar ki, daha açıq yaza bilmirəm. Amma, işin içində olanlar gözəl bilir. İctimai Palata doğru bildiyini etməlidir, qara-güruhun əlində əsirə çevrilməməli və önünə baxıb, hədəf doğru irəliləməsi zərurətdir. Mənasız və məntiqsiz qışqıranlar isə səslərini batıracaqlar.

Fraksiya

Hörmətli Pənah bəy deyir ki, “İctimai Palatanın mövcudluğunun İsa Qəmbərdən və Əli Kərimlidən, AXCP və Müsavatdan asılılığının dərəcəsi mümkün qədər azaldılmalıdır və aradan qaldırılmalıdır”. Qaldırılsın. Problem yoxdur. Qoy çiynimizdə yeni liderlər yaransın. Amma, unutmayaq ki, liderləri zorla yetişdirmək, uzun müddət çiyində gəzdirmək olmaz. Onları çiyindən atan zaman gərək özləri ayaqüztə dayanmağı bacarsınlar. Bacarmayanlar, yenidən gəldikləri yerə yuvarlanacaqlar. Digər tərəfdən, belə çıxır ki, AXCP və Müsavat özünü zəiflətməli və imkan verməlidir ki, digər qüvvələr də böyüyüb ona çatsın. Axı həyat həqiqətləri və reallıqları başqadır. Biz siyasi partiya təmsilçiləri dini qurum deyilik. Missioner deyilik və Tereza Ana da olmaq imkanlarımız və reallıqlarımız yoxdur. Siyasətin bir adı var: siyasət. Bilirsiniz bu nəyə bənzəyir? Bir şirkət gözəl texnologiyalar əldə edib, rəhbərliyi top menecerə havələ edib, onilliklər boyunca zəhmət çəkərək müəyyən nüfuza malik olub və indi ona deyirlər ki, rəqib şirkət çox güclənib və sizin ona gücünüz çatmayacaq, sizə kömək üçün başqa analoji şirkətlər bazara daxil olmaq istəyir ki, rəqibinzlə mübarizə aparsın. Amma, şərtimiz var ki, bu şirkətləri siz maliyyələşdirəsiniz və özünüzün də fəaliyyətinizi dondurasınız ki, onlar inkişaf etsin. Sizin bərabərinizə çatanda, siz də başlayarsınız. Uduş nədir burada? Qazanılmış təcrübəni, resursları dondurub, məhv olaq? Biz həmişə deyirik ki, başqa millətlər önə çıxan nümayəndəsinə kömək olur ki, daha da qabağa getsin, biz isə önə gedənimizi arxaya çəkib öz günümüzə salmaq istəyirik. Belə çıxır ki, qonşu qonşunun bahalı maşınını görüb, demir ki, mən də çalışım, işləyim və belə maşın alım. Gecəyə salıb, gedib onun maşının sındırır və sevincək əlini əlinə ovuşdurur. Kiməsə demək ki, gücünü bizimlə paylaş, biznesmenə biznesini mənimlə paylaş anlamına gəlir. Gəlirini mənimlə bölüş anlamına gəlir. Siyasətimizdə belə siyastəçilər və təşkilatlar çoxluq təşkil edir. Əfsuslar…

Niyə də bu qüvvələr yığılıb bir fraksiya yaratmasınlar… proqressiv və öncül düşünmək daha faydalı deyilmi? Niyə bu təşkilatlar 9 milyonluq xalqla işləməsinlər? Əksər mövcud sosial bazadan yararlanmaq istəyir. Axı o sosial baza yorulmadan, bezmədən 1988-ci ildən üzü bəri irəliləyir və illər ərzində onlarla yeni partiyanın, ictimai təşkilatın bazasını təşkil ediblər. AXCP və Müsavat bir ata anaya bənzəyir. Övladlarını evləndirib, ərə verib, amma yenə də ata ana evindən əl çəkmirlər. Öz həyatlarını qurmaq istəmirlər. Nədən 9 milyonluq sosial baza ilə qaynayıb qarışmayasınız? Bu barədə daha səlis bir az sonra…

Təmizlənmə

İctimai Palata yaranan zaman bir xeyli intriqabaz ora daxil ola bildi. Onların işi söz-söhbət yaratmaq, şit-şit danışmaq, heç bir dəyəri olmayan təklif və sənədlər hazırlayıb tribunadan yelləmək, yerindən danışmaq və digər mənasız fəaliyyət idi. Onların mənasız və məntiqsiz fəaliyyəti nəticəsində İP-nın iclasları da uzanırdı. İP-da çoxları böyük-böyük danışır, lider kimi hərəkət edir, və görünür ki, onlar təmərküzləşmə və birləşmə yox, daha çox öz şəxsiyyətlərinin təbliği ilə məşğul olmağı üstün tuturlar. Zaman-zaman Azərbaycan müxalifətinin zəifliyi onda olub ki, bir dəfə keçdiyi doğanağdan ikinci dəfə də keçməyi göz önünə alıb. Səbəbi də, qınaq obyekti olmamaq, məcburən üzərinə yapışdırılan “dağıdıcılıq” damğasından uzaq durmaq. Amma, bəsdir. Qətiyyətli olmaq zamanıdır. Onlarla üzv var ki, onların getməyini sürətləndirmək lazımdır. Proses artıq başlayıb və ona kömək etmək lazımdır.

Xalqla işləmək

Belə təəssürat yaranır ki, çoxları mövcud qüvvələrin hesabına lider olmaq istəyir. Tam siyasiləşmiş bəlli narazı bir qrup var və onlar da, əsasən, adını çəkdiyim AXCP və Müsavatın, qalanları isə, ADP, KXCP, AMİP, Ümid və Liberal partiyalarının ətrafında cəmləşiblər. Kim partiya yaratmaq istəyirsə, liderlik ortaya qoymaq istəyirsə, yuxarıda adı çəkilən qurumlardan pay qopartmaq iddiasındadır. Amma xalqın 9 milyonluq gücü boş qalıb, bunun 500 000-nini YAP özəlləşdirib. Deyək ki, 50-60 min də AXCP və Müsavatın rəsmi tərəfdarları. Yerdə qalır: 8 milyondan artıq xalqın nümayəndəsi. Bunun 4 milyondan artıq hissəsi seçicidir. Niyə bu xalqla işləyən yoxdur? Nədən bu milyonlar seyrçi mövqeyi tutub?

Azərbaycan siyasəti hal-hazırda elə durumdadır ki, siyasət qanunları ilə mübarizə aparmaq mümkün olmur. Ciddi seçim etmək də müşkül məsələdir. Hamıya tam inanmaq da qüvvəmiz xaricindədir. Belə bir şəraitdə inanmadığımız metodlara, güvənmədiyimiz işlərə girişə bilmərik. Ortada olan gücü susdurub, yeni güclərin yaranmasına sərmayə də qoymaq bizlik deyil. Çünki, o güclərin sonra kimə və nəyə qulluq edəcəyindən də bədgümanıq.

Bəli, liderlik uğrunda mübarizə gedir: Əli Kərimli və İsa Qəmbər müxalifət liderləri kimi tanınırlar və əksər beynəlxalq təşkilatlar da Azərbaycana gələn zaman onlarla görüşür. Əlbəttə, digər siyasətçilər və partiyaların da bu sıraya qoşulmaq istəyi var və bunu alqışlayırıq. Amma, gücünüzlə buna nail olun. Niyə Əli Kərimli və İsa Qəmbər güclərini paylaşmalıdır? Nə xeyri olacaq? Nə qədər eyni dəyərləri bölüşən lider iddia ortaya qoyarsa, bir o qədər parçalanma genişlənəcək və beynəlxalq ictimaiyyət də seçim etməkdə çətinlik çəkərək anlaşılmazlıq burulğanında hərəkət edəcək. Hər iki partiya Azərbaycan siyasəti üçün 1988-ci ildən donor rolunu oynamaqdadır. İmkan verin, bildikləri kimi siyasətlərini yürütsünlər. Yox, əgər xalqı arxasınca aparacaq yeni qüvvə varsa, və göstərsin ki, xalqı arxasınca aparır, o zaman biz də ona kömək edərik. Hədəf siyasi sistemdə dəyişiklik yaratmaqdır. Liderlik, prezidentlik, deputatlıq və digər vəzifələr xalqın seçimi olmalıdır və olacaq da.

Bir misal çəkmək istəyirəm: bir kişinin tənbəl övladı olur, atasının pulunu sağa-sola xərcləyir. Atası deyir ki, pul qazanmaq çətindir. Pulu dağıtma. Oğlu deyir ki, asandır. Gedib anasından 10 tümən alıb gəlir və atasına deyir ki, qazandım. Atası atıb ocağa yandırır. Oğlunun heç tükü də tərpənmir. Hadisələr eyni məzmunda bir neçə dəfə təkrarlanır. Oğlu bu dəfə doğurdan da çalışır və üst-üstə bir tümən dəyərində qəpiklər qazanır. Atası onu yanar ocağa atan zaman əlini yanar oda soxub qəpikləri çıxarır. Atası deyir ki, bax özün qazanmısan. Hazırkı vəziyyət bu nağıldakı hadisələrə bənzəyir. Ictimai Palatanın yüzlərlə üzvünün iştirakı ilə keçirilən toplantılarda hamı ürəkdolusu, pafoslu və lider kimi danışır. Hesab edir ki, zala toplaşan insanları o gətirib və liderliyi də bölüşməlidir. Amma, bu belə deyil axı. İnanıram ki, adını çəkdiyim müxalifət liderləri statuslarını, güclərini, nüfuzlarını bərabər şəkildə bölüşərdilər, əgər inamları olsaydı.

Nəticə budur ki, siyasətə yeni fəallar, yeni funksionerlər, yeni ziyalılar, yeni gənclər gətirmək vacibdir. Bu dediyim insanlar Azərbaycanın dörd bir yanına səpələnib. Doğrudur, deyə bilərsiniz ki, niyə AXCP və Müsavat o milyonları ətrafına yığmır? Unutmaq lazım deyil ki, 2003-cü ilin payızına kimi yüzminlər küçələrə yığılırdı. Amma, artan siyasi təzyiqlər və buraxılan bəzi səhvlər bu iki partiyanı əvvəlki gücündən məhrum etdi. Bilirsinizmi, mövcud təzyiqlər altında, ofis olmadan, maliyyə resursları olmadan, toplaşmağa məkan olmadan gücü də saxlamaq mümkün olmur.

İnamsızlıq, xalq niyə bizə qoşulmur?

Etiraf etmək bəzən müsbətə işləyir. Düzdür, xalqı səfərbər etmək çox çətinləşib. Səbəbi isə artan təzyiqlər, aparılan anti-təbliğat, televiziyalara çıxışın olmaması və qəzetlərin oxunma tirajının az olmasıdır. Internet və sosial şəbəkələr vasitəsilə xalqın içinə çıxmaq yolu tutulub. Bu da yetərli deyil. Xalqla ünsiyyətimiz çox zəifləyib. Xalq bəlkə də keçmişi də yadından çıxarıb. Keçmiş müsbətləri, mənfiləri, yaxşılıqları və s. yaddan çıxarıb. Daha doğrusu, yaddaşında dondurub. Amma qan yaddaşı qalır. Bu qan yaddaşı oyanacaq. Amma, o oyanana kimi də gözləmək səbrimiz qalmayıb. Ölkədə və dünyada necə bir hadisə baş verməlidir ki, bu qan yaddaşını 1988-ci ildəki kimi silkələsin və oyatsın. Xalqın içinə çıxmaq lazımdır. Xalqın içində xalqla söhbətləşmək faydalı ola bilər. Canlı söhbət. Xalqın canlı söhbətə ehtiyacı yaranıb. O ürəyindən keçənləri demək istəyir, siyasətçilərin əlindən tutub dərdini onlara anlatmaq istəyir, onlardan kömək diləmək ürəyindən keçir. AXCP və Müsavat partiyalarının liderləri bölgələrdə görüş keçirmək istəsə bunun qarşısı aınacaq. Amma, yenə də cəhd etmək vacibdir. Lakin, bəs digər partiyalar, digər ictimai xadimlər? Onlar niyə xalqın içinə çıxmır? Niyə tərəfdarlarını, yeni nəfəsi xalqın içindən toplamaq istəmir?

Xalqın içinə getmək lazımdır. Xalq gözləyir. Nələr etmək lazımdır, xalq niyə inanmsızlığa düçar olub, bu vəziyyət nə qədər davam edəcək və s. haqqında növbəti yazımda aydınlıq gətirəcəm.

Related Articles

Back to top button