ArticlesInterviewsRazi Nurullayev

AXCP və Müsavatsız zirvə toplantısı olmaz

Razi Nurullayev, AXCP sədrinin Xarici Əlaqələr üzrə müavini

“Heç kimə sirr deyil ki, müxalifətin birliyi, təmərküzləşməsi və yumruq kimi birləşməsi, tək ölkədə yaşayan vətəndaşların deyil, həm də xaricdə yaşayan milyonlarla soydaşlarımızın arzusudur. Sadə vətəndaşları ən çox düşündürən məsələ hansı formada olur-olsun müxalifətin birləşərək dəyişikliklərə nail olmasıdır”.

Bunu “Qafqazinfo”ya açıqlamasında AXCP sədrinin müavini Razi Nurullayev deyib. Müxalifət partiyaları arasındakı hazırkı münasibətlərdən danışan sədr müavini bildirib ki, sadə vətəndaşlar və seçicilər müxalifətdən bu yanaşmanı gözləyən zaman, ayrı-ayrı siyasətçilər və partiyalar daha çox parçalanma meylləri və mövcud güclü strukturları zəiflətmək siyasəti yürüdürlər: “Bu gün real güc “İctimai Palata”dır. Onu həm xalq, həm beynəlxalq aləm qəbul edib, həm də iqtidar onun fəaliyyətindən əndişələnib. Palata real güc kimi ortaya çıxıb və demək olar ki, ölkənin də siyasi gündəmini o müəyyən edir. Lakin, əfsuslar ki, bu gücə sevinənlər olduğu kimi, sevinməyənlər də var. Təbii ki, İctimai Palatada da müəyyən qüsurlar olur, subyektiv yanaşmalar da olur, dözümsüzlük də bu quruma yad deyil. Əlbəttə, iş olan yerdə çatışmazlıqların olması təbii prosesdir. Yaxşı olardı ki, İctimai Palataya daxil olmayan qüvvələrlə də bir əməkdaşlıq formatı düşünülsün”.

Subyektiv yanaşmaların nədən ibarət olmasına gəldikdə, R. Nurullayev deyib ki, müxalifətdə olan bəzi insanlarla və partiyalarla bağlı İctimai Palata üzvləri arasında birmənalı fikirlər yoxdur: “Bəzi siyasətçilərə və partiyalara qarşı ciddi subyektiv yanaşma görünür. Buna səbəb isə, onlara qarşı inamın olmamasıdır. Əksəriyyət zəhmətlə qurulan İctimai Palatanın intriqa, boşboğazlıq, şəxsi ədavət və şəxsi zəmində istifadə olunan bir məkana çevrilməsinə qarşıdır. Müxalifət də Allahların cəza verdiyi Sizif şahın taleyini yaşamaq istəmir. Hər dəfə dağın başına dırmaşdırdığımız daşı kimsə aşağı yuvarlayır. Təzədən yenə də daşı yuxarı dırmandırırıq. Amma, daha nə Sizifin səbri qalıb, nə də daşın. Daş bir dəfə də aşağı yuvarlansa, altında əzilib sıradan çıxanlar çox olacaq. Daş dağın başına çatanda görürük ki, kimsə artıq orada dayanıb. Yuxarıdan aşağıya zərbə endirir. Çox vaxt da bu kimi məsələlərə göz yumulub. Belə düşünmüşük ki, yuxarıda dayanan daşı yuxarı çəkəcək. Məhz, buna görə də, hamının daşı aşağıdan yuxarıya yuvarlaması ən məqbul yoldur”.

Müxalifətin Zirvə Toplantısı ilə bağlı məsələni cavablandıran AXCP yetgilisi “AXCP və Müsavat olmadan zirvə toplantısı olmur” deyib: “Tədbirlərə istənilən ad qoyula bilər. Amma, əsas nəticədir. Məncə, bu toplantıda heç bir nəticəyə nail olunmayıb. Bununla bərabər, bütün partiyaların İctimai Palatada iştirakının tərəfdarıyam. Onların iştirakı ilə bağlı digər formatlar da düşünülərsə, tətbiq olunarsa, cəmiyyətin xeyrinədir”

Related Articles

Back to top button