Interviews

Bu, Avropa islamofoblarının Avropada ilk terrorudur?

Bir neçə gün öncə Anders Breyvik adlı bir Norveç vətəndaşı paytaxt Osloda 60-dan çox insanın ölümünə səbə olan terror aktı törətdi. Bu hadisəni ilk əvvəllər müsəlmaların üstünə atmağa çalışsalar da, sonradan terroristin xristian olduğu üzə çıxdı. Bu hadisə dünyada geniş səs-küyə səbəb oldu və “İslam terrorizmi” ifadəsinə birmənalı yanaşmanı “silkələdi”.Mövzu ilə bağlı AXCP sədrinin xarici əlaqələr üzrə müavini, politoloq Razi Nurullayev “Deyerler.org“a açıqlama verib: “İslamofobiya Avropada və bütün dünyada mövcud olub və 11 sentyabr hadisələrindən sonra daha da artdı. Amma Norveçdə baş verən hadisələr bu sahədə dünyanın düzənini dəyişdi. Artıq İslamı birmənalı olaraq terrorda günahlanırmaq və dinin rolunu qabartmaq mümkün olmayacaq. Çünki Anders Breyvik Norveç vətəndaşıdır və onun 1500 səhifəlik manifestindən görünür ki, Avropada İslama qarşı olan münasibət xristianların özünü də İslama qarşı qoymağa yönəlib. Böyük Britaniyada “Səlib Yürüşü Cəngavərləri” adlı bir hərəkat yaranmışdı. Güman olunur ki, Breyvik də o hərəkatın üzvü olub. Amma terrorçu olan şəxsin özünün xristian olması və 1500 səhifəlik manifestində İslama və türklərə qarşı nifrət yağdırması Avropanı və ABŞ-ı düşünməyə vadar edəcək ki, onlar hansısa boşluq buraxıblar və dövlətlər səviyəsində İslam dininə olan münasibət daha böyük fəlakətlərə gətirib çıxara bilər.

Düşünürəm ki, Avropa Birliyinin Türkiyəyə qarşı münasibəti də burada rol oynamaqdadır. Avropalılar da düşünür ki, demək ki, biz müsəlnanları qəbul edə bilmərik, müsəlmalar bizə düşməndir. Bu baxımdan Avropa ölkələri də, ABŞ da başa düşməlidirlər ki, terrorçunun dini və etiqadı olmur, terrorçu elə terrorçudur. Bu, xristian da ola bilər, buddist də ola bilər, müsəlman da ola bilər. Ona görə də İslam dininə birmənalı olaraq terror damğası vurmaq həmin ölkələrə müsbət heç nə vermədi”.

/Deyerler.org/

Related Articles

Back to top button