ArticlesRazi Nurullayev

Yol polisi ləğv olunsun!

09.08.2011 | 07:33

Razi Nurullayev

Onlar qədər rüşvətə qurşanmış ikinci bir qurum tanımıram

Dövlət Yol Polisi Azərbaycanda ən çox rüşvətdə adı hallanan və vətəndaşların haqsız incidlidiyi yerdir. Elə bir sürücü tapmaq çətindir ki, yol polisinə rüşvət verməsin. Bu rüşvət yol qaydaları pozulan və ya pozulduğu güman edilən zaman, yolda əsassız olaraq saxlanma, sürücülük vəsiqəsinin alınması, texniki baxış, sarı işığda keçməni qırmızı işıq kimi qələmə vermə, nömrə dəyişdirmə, yol qəzası, şişirdilmiş balların yazılması və digər hallar zamanı baş verməkdədir.

Bu ilin yanvar ayında başlanan anti-korrupsiya əməliyyatı iki ay təsirli olsa da, əminliklə demək olar ki, proses tam dayanıb və yol polisi iki ayda itirdiklərini də toplamaqla məşğuldur.Digər hallara, yol polisinin sürücüləri qovması, cərimədən artıq pul istəməsi, cərimənin maksimum həddini yazması, ölkə, rayon, şəhər ərazisinə daxil olan hər yad maşından postlarda rüşvət alması daxildir. Dövlət Yol Polisi əməkdaşları rayon ərazisinə daxil olan avtomobillərdən də qanunsuz “haqq” alır. Başqa rayona məxsus dövlət nömrə nişanlı avtomobillərin bir çoxu postlarda saxlanılır və onlardan müxtəlif bəhanələrlə pul alınır.Qəzalar törənən zaman, yol polisi əməkdaşları, “yıxılana balta çalmaq” atalar deyiminə də xilaf çıxmırlar. Qəza törədənlərə mənəvi dayaq durmaq əvəzinə və ya onlara təcili tibbi yardım göstərmək əvəzinə tələm-tələsik onlardan nə qədər “qoparda” biləcəklərini düşünürlər. Elə bir sürücü tapmaq olar ki, yol polislərinin qanunsuz əməllərindən boğaza yığılmasın?

Yol polisinin vəzifəsi sürücülərə kömək etməkdir. Onların qaydaları pozmasını əngəlləməkdir. Yol polisi isə özü sürücüləri müxtəlif vasitələrlə çaşdıraraq, yol hərəkətini pozmağa vadar edir və sürücülərin sinəsinə qırğı kimi qonur. Məsuliyyətlə deyirəm ki, yol polisinin qanunsuz hərəkətləri vətəndaşları və sürücüləri boğaza yığıb. Onların kol-kos dalında gizlənməsi, döngələrdə pusqu qurması, sürücüləri qovması, xidməti maşının içində protokol doldurması, sürücünü xidməti maşının içinə salaraq qapıları avtomatik bağlayaraq, onlara fiziki və psixoloji təzyiq göstərməsi aşkar faktlardır.

Hər gün gözümün qabağında onlarla yol polisinin özbaşınalığı baş verməkdədir. Hər gün maşın sürdüyüm Novxanı, Masazır, Binəqədi yolunda polislər sürücüləri qovur, yolun ortasında “U” yazaraq, qanunsuz yerdən dönür, döngələrdə gizlənir, istədiyi şəkildə xidməti avtomobili idarə edərək qəza vəziyyəti yaradır. Qoy Yol polisinin rəhbərləri təkzib etməsinlər ki, belə hadisələr baş vermir. Yol polisi qədər rüşvətə qurşanmış ikinci bir qurum tanımıram.

Radar

Qanunsuz radarlar və ya kol-kosda gizlədilmiş radarlar hamını boğaza yığıb. Bu radarların patenti də yoxdur. Sürücülərdən toplanan pullar, ciblərə axır. Bu yol polisinin ən böyük qanunsuzluğu və sürücülərə terrorudur. Birmənalı olaraq deyirəm ki, Yol Polisi sürücülərə qarşı terror edir, onları əsəb gərginliyində saxlayır, ciblərinə müdaxilə edir. Radarın funksiyası sürücüləri ehtiyatlı olmağa sövq etməkdir. Yol polisi isə yolu və sürücüləri tənzimləməlidir. Yol polisi sürücüyə yol hərəkətini pozmağa imkan verməməlidir. Görürsə ki, o yol hərəkətini poza bilər, bunun qarşısnı özünü göstərməklə almalıdır. Yoxsa, canavar və tülkü kimi (az miqdarda olan mədəni və belə fəaliyyəti şəxsiyyətinə sığışdırmayan yol polislərini olduğunu da etiraf edirəm və onlar istisnadır) kolun arxasından çıxıb sürücünü qorxutmaq nə paqona, nə də insanlığa yaraşan hərəkətdir.
Radar açıq, görünən və təhlükəli yerlərdə quraşdırılır ki, qəzalar olmasın. Radarın arxasında dayan fəlsəfə bundan ibarətdir.

Etibarnamə 

Etibarnamə yol polisi sistemində sürücülərin cibinə girməkdən başqa bir şey deyil. Ruslar on ildən çoxdur ki, etibarnamə məsələsini ləğv ediblər. Sürücü öz maşınını digərinə xüsusi hazırlanmış blanka qol çəkməklə verə bilər. Proses vətəndaşlar arasında baş verir. Azərbaycanda isə bu böyük bir korrupsiya piramidasına çevrilib. Istənilən notarius kontorlarında növbədir. Minlərlə insan nahaq yerdən vaxt itirir və saysız-hesabsız sənədlərə qol çəkərək kimlərinsə, qanunazidd yolla varlanmasına yardım edir.

Dövlət Yol Polisi deyir ki, etibarnamə olmasa, oğurluq halları çoxala bilər və s. Necə olur ki, Rusiya boyda nəhəng və daha çox kriminal olan ölkədə bu ləğv edilir, Azərbaycanda isə, sanki, vətəndaşların qeydinə qalırlar kimi, mənasız və cəfəng bir səbəbdən yapışaraq bunu etmirlər? Çünki, bu ölkədə korrupsiya və rüşvət həyat tərzinə çevrilib. Qazanılan pullar və Bakının küçələrində şütüyən bahalı maşınlar, ucu-bucağı görünməyən villalar sadə vətəndaşın cibindən oğurlanaraq alınıb, tikilib və sürülür.

Texniki baxış

Bu sistem təmamilə rüşvət və korrupsiya üzərində qurulan bir prosesdir. Mənasız yoxlamalar və rüşvət vermək üçün növbəyə dayanan insan kütləsi. Indiyə kimi, texniki baxışdan qaytarılan maşın olubmu? Yox. Bu sadəcə, sürücülərin cibinə girmək üçün korrupsiya məngənəsidir. Avtomobillərin uçotu və qeydiyyatı sahəsində də sürücülərin başına oyun açılır. Onlardan qanunla nəzərdə tutulmaş məbləğdən əlavə rüşvət tələb edilir. Rüşvət vermək istəməyən sürücülər isə, bürokratik əngəllərlə get-gələ salınır.

Gürcüstan və Ukrayna təcrübəsi

2005-ci ilin iyulunda Ukrayna prezidenti Viktor Yuşenko fərman imzalayaraq 23,000 əməkdaşın çalışdığı Dövlət Yol Polisini ləğv etmişdi. Növbəti dəfə şikayətlərlə tanış olan, Yuşenko belə demişdi: “siz özünüzü biabır edib nüfuzdan salmısınız. Buna görə də qərara gəldim ki, Ukraynada Yol Polisi Xidməti olmayacaq. 24 saat ərzində fərman imzalayacam. Uşaqlar, bəsdir yollarda soyğunçuluq etdiniz. Bəsdir, daha sürücüləri incitdiyiniz”.

Ukraynadan bir il əvvəl isə, Gürcüstan analoji addım atmışdı. Mixail Saakaşvili 36,000 heyəti buraxaraq, yerində mobil patrul xitməti formalaşdırmışdı. Bu xidmət bu gün də effektiv işləməkdədir və Gürcüstandan gələn Azərbaycan sürücüləri onların gözəl işindən ağızdolusu danışırlar.

Yol Polisi birdəfəlik ləğv olunsun

Yüzlərlə qanun qəbul olunsa da, yol polisini sürücülərə xidmət etmək vərdişlərinə vadar etmək mümkün olmayacaq. Çünki, onlar rüşvətlə işləməyi öyrəniblər. Onlar, vətəndaşa xidmət ruhunda tərbiyə olunmayıblar. Bu baxımdan mümkün deyil ki, onlar işlərində dönüş yaratsınlar. “Qozbeli qəbir düzəldər”. Prezidentin fərmanı ilə yol polisi sisteminin ləğv olunmasına çağırıram. Bəzi xırda istisnalar olmaqla, bütün heyətin bir nəfərə kimi azad olunmasını və polis sistemindən kənarlaşıdrılmasını təklif edirəm. Əgər, Azərbaycan iqtidarı korrupsiya və rüşvətlə mübarizəsində səmimidirsə, birinci bu addımı atmalıdır. Çünki, sürücülər o qədər boğaza yığılıblar ki, artıq vətəndaş qarşıdurması da baş verə bilər.

Yeni Yol Patrulu Xidməti yaradılması və bura da yeni insanların işə cəlb olunması məsələni kökündən həll edə bilər. Bu yeni heyət də xüsusi hazırlanmış məktəbdə bir-iki aylıq kursa cəlb olunmalı və vəzifələrinin sürücülərə qan uddurmaq yox, xidmət etmək olduğu anladılmalıdır.

Tezliklə, “YOL POLİSİ LƏĞV EDİLSİN” İctimai Kampaniyası başlayırıq

Yol Polisinin qanunsuz hərəkətlərindən boğaza yığılmış bir vətəndaş kimi “YOL POLİSİ LƏĞV EDİLSİN” İctimai Kampaniyası başlamaq niyyətindəyəm və bütün arzu edənləri bu kampaniyaya qoşulmağa dəvət edirəm. Hədəf Yol Polisi Xidmətinin ləğv olunmasına qədər mübarizə aparmaq və bu kampaniyanı nəinki, Azərbaycanda, bütün dünyada ictimailəşdirməkdir. Qoy, yol polisinin özbaşınalığı və vətəndaşa yox, cibinə xidmət etdiyi, Avropa televiziya kanallarından və qəzetlərindən də nümayiş olunsun.

Related Articles

Back to top button