ArticlesInterviews

Somali: siyasi fəlakətdən təbii fəlakətə doğru… – mövqe

İnsanlar kimi ölkələrin də bəxti üzünə gülməyəni, talesizi olurmuş.

Artıq bir aydan bəri BMT-nin aclıq həyəcanı verərək, dünyanın gündəminə gətirdiyi Somali haqqında məlumatları araşdıranda birmənalı olaraq düşünürsən ki, bu ölkə yaradanın qəzəbinə gəlib.

Azərbaycan qədər əhaliyə malik (9.3 milyon) olan Somali 1991-ci ildə prezident Siad Barre devriləndən sonra ölkə vətəndaş müharibəsinə sürüklənib və elə o vaxtdan da orada vəzifələrini effektiv yerinə yetirən mərkəzi hakimiyyət yoxdur. O vaxtdan bəri aclıq və xəstələliklə üz-üzə qalan Somalidə 1 milyon insan həlak olub.

Siad Barre 1970-ci iildə sosialist dövləti yaradıldığını elan edir və SSRİ-yə yaxınlaşmaq üçün cığır açır. 1977-ci ildə Sovet ordusunun yardımı ilə Somali Efiopiyanın Odagen bölgəsini tutmağa cəhd edir. Və elə buradaca Sovetlərin bilərəkdən və ya bilməyərəkdən yaratdıqları siyasi ziddiyyətlər ortaya çıxır.

Efiopiyanın Kuba tərəfindən müdafiə olunması və sovetlərdən yardım görmələri Somalini məğlubiyyətə düçar edir. Sovetlər, marksistlərin üstünlük təşkil etdiyi Efiopiyaya hərbi kömək göstərirdi. Ümumiyyətlə, Somalidəki siyasi problemlərin kökünə gedəndə xarabalıqlar arasında Sovet imperiyasının tör-töküntüləri tez-tez gözə dəyir.

Prezident Barre 1991-ci ildə devriləndən sonra, rəqib klanlar razılaşa bilməyərək, ölkəni xaosa və dağıntılara yuvarlayırlar. 2000-ci ildə klan rəhbərləri Abdulqasım Salat Hassanı Cibutidə keçirilən konfransda prezident təyin edirlər. Bu keçid hökuməti vuruşan tərəfləri barışdırmalı idi. Amma o, bu missiyanın öhdəsindən gələ bilmir.

2004-cü ildə Keniyada uzun-uzadı danışıqlardan sonra döyüşən tərəflər və siyasətçilər yeni parlamentin yaradılması haqqında saziş imzalayırlar. Parlament isə sonralar yeni prezident təyin edəcəkdi.

Zəif olan administrasiya 1991-ci ildən 14-cü dəfə cəhd göstərərək, tərəfləri barışdırmağa çalışsa da, nəticə əldə olunmur.

Somaliyə, tərəddüdsüz demək olar ki, ən böyük tarixi zərbə onsuz da zəif administrasiyaya qarşı 2006-cı ildə baş verən islamçıların qiyamı olub. İslamçılar Somalinin paytaxt da daxil olmaqla cənubunu ələ keçirirlər. Efiopiya ordusunun köməkliyi ilə 2006-ci ilin sonunda keçid hökuməti islamçıları sıxışdırıb, paytaxtda nəzarəti əlinə ala bilir.

İslam qiyamçıları, Al-Şabab daxil olmaqla, özlərinin əl-Qaidə ilə işbirliyində olduqlarını elan edirlər. 2008-ci ilin sonuna doğru onlar Cənubi Somalinin əsas hissəsinə nəzarəti ələ keçirirlər.

2009-cu ilin yanvarında Efiopiya qoşunlarını Somalidən geri çəkir. Yanvarın sonlarında Somali parlamenti qonşu Cibutidə toplaşır və 149 yeni üzv and içir. 149 parlament üzvünün əsas hissəsi – əsas müxalifət hərəkatı olan Somalinin Yenidən Azad Olunması Alyansının nümayəndələri olur.

Parlament keçid federal hökumətin mandatını daha iki ilə uzadır və islamçı Şeyx Şərif Şeyx Əhmədi yeni prezident təyin edir.

Hərbi gücünü möhkəmlədə bilməyən yeni prezidentin mövqeləri 2009-ci ilin may ayına daha da zəifləyir və İslam qiyamçıları, paytaxt Moqadişuya hücum edirlər. Prezident Əhməd xaricdən kömək istəyir.

Hazırda, özünün əl-Qaidə ilə bağlılığını elan edən Al-Şabab qrupu paytaxt Moqadişunun xeyli hissəsinə nəzarət edir.

Politoloq Razi Nurullayev isə Somalidəki siyasi fəlakətin başqa səbəblərini də sayır: “Somali problemlər həll olunmadan tələm-tələsik yaradılan bir dövlət olub. Yarısı köhnə Britaniya protektoratından və yarısı İtaliya müstəmləkəsindən ibarət olan Somalinin iki hissəsi 1960-cı ildə birləşdirilib və Somali dövləti yaranıb.

Amma əfsuslar ki, qonşu dövlətlər olan Efiopiya, Kenya və Cibuti ilə ərazi mübahisələri həll olunmayıb. Bu dövlətlərin ərazisində somalilərin kompakt yaşadığı ərazilər var və Somali həmin ərazilərə iddialıdır. Qonşularla uzun sürən çəkişmələr isə ölkəni zəiflədir”.

R.Nurullayev bildirir ki, Somali hal-hazırda idarəolunmaz bir hala gəlib və sivil dünya üçün həqiqi mənada problemə çevrilib. “Ölkədə uzun müddət hakimiyyətsizliyin hökm sürməsi Somalidə piratçılığın çiçəklənməsinə səbəb olub və beynəlxalq dəniz daşımalarına təhlükə yaradıb. Problem o qədər böyüyüb ki, NATO onlarla mübarizəni öz üzərinə götürüb”.

2011-ci ildə, somalilərin bəxti də onlardan üz döndərib. Quraqlıq nəticəsində əmələ gələn aclıq ölkəni ağuşuna alıb və artıq 20 000-dən çox uşaq aclıqdan ölüb. 6 ildir ki davam edən quraqlıq, milyonlarla insanın həyatını tükdən asılı edib, on minlərlə insan yemək dalınca Keniya və Efiopiyaya qaçmalı olub.

R.Nurullayev bir maraqlı fakt kimi, 1991-ci ildə Siad Barre rejiminin yıxılmasından sonra, Somalinin şimal-qərb hissəsi birtərəfli qaydada özünü Somaliland Müstəqil Respublikası elan etməsini göstərir. Beynəlxalq birlik tərəfindən tanınmayan qondarma respublika, nisbi stabilliyə malikdir və bu çox təəccüblüdür”.

Nəhayət, politoloq çıxış yolu kimi Türkiyənin Somalidə problemlərin həlli üçün vasitəçiliyi öz üzərinə götürməsi cəhdlərini alqışlayır. “1991-ci ildən didişmə məkanına çevrilən ölkə İslam dövlətidir. Milyonlarla müsəlman ölüm təhlükəsi ilə üzləşib. Düzdür, Türkiyə və Azərbaycan Somaliyə yardım ayırıb. Amma, yardımla iş bitmir.

Somalidə dövlətçiliyin bərpası və vətəndaş müharibəsinin sona çatması üçün Türkiyə missiyaya daşımalıdır. Əks halda, Somalidə baş verən hadisələr İslam radikalizminə gətirib çıxara bilər və bu zaman Türkiyənin Somaliyə təzyiq imkanları heçə enəcək.

İranın isə hadisələrə nüfuzu güclənəcək. Yadınızdadırsa, İran prezidenti 2010-cu ildə Somalidə baş verən ekstremizm və radikallıqda ABŞ-ı birbaşa günahlandırmışdı. Onun sözlərinə görə, Somalidə radikalları ABŞ maliyyələşdirir”.

Beləliklə, bu yazıda Somalinin daxilində gedən siyasi çəkişmələrin, qonşu davalarının yalnız bir hissəsini təqdim edə bildik. Siyasi fəlakətdən təbii fəlakətə yuvarlanmış Somali haqqında qənaətimiz isə ondan ibarətdir ki, didişmənin, daimi düşmənçiliyin məntiqi sonluğu fiziki süquta yuvarlanmaqdır. Bütün dünya dinləri, o cümlədən İslam birlik, mehribançılıq olmayan yerdə dirilik, bərəkət də olmadığını buyurur. Bizim gözümüzün qarşısında buna bənzər daha bir təcrübə də var.

Qeyd edək ki, Azərbaycan Somaliyə yardım qismində 100 min dollar maliyyə ayırıb.

Qızılgül Abdinova
Gün.Az 

URL: http://www.gun.az/world/10922

Related Articles

Back to top button