Interviews

“Bu Azərbaycanı qorxutmağa yönəlib” – Açıqlama

28.09.2011 | 20:21

Rusiya çox gözəl başa düşür ki, müharibə başlayacağı halda Qafqazlara nəzarəti tamamilə itirə bilər

“Lavrovun açıqlaması azərbaycana qarşı təhdid kimi qəbul edilə bilər”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrovun BMT tribunasından səsləndirdiyi fikirləri şərh edərkən politoloq Razi Nurullayev deyib. O bildirib ki, Rusiya Qafqazlarda hər hansı bir iqtisadi, siyasi və hərbi məsələnin Kremlin razılığı olmadan baş verməsinə hirslənir və bəzən əsəblərini cilovlaya bilməyərək diplomatiyadan kənar ifadələr işlədir. “Hesab edirəm ki, Lavrovun da BMT-də belə bir fikir səsləndirməsi diplomatiyadan kənar məsələdir və birbaşa tərəfləri, o cümlədən Azərbaycanı qorxutmağa yönəlib. Çünki Rusiya çox gözəl başa düşür ki, müharibə başlayacağı halda Qafqazlara nəzarəti tamamilə itirə bilər. Azərbaycan müharibəyə başlayarsa, bu Rusiyanın Qafqazlardakı siyasəti ilə barışmamaq, o cümlədən torpaqlarını işğaldan azad etmək üçün müstəqil siyasət aparmaq və Rusiyaya meydan oxumaq anlamına gəlir. Belə bir halda, müharibənin kimin xeyrinə qurtarmasından asılı olmayaraq Rusiyanın Azərbaycana siyasi təzyiqləri heçə enir”.
R.Nurullayev hesab edir ki, Rusiya Qafqalarda jandarma rolunu oynamağa çalışır: “Rusiya Qafqazlarda jandarma rolunu oynamaq iddiasına 16 əsrdən başlayaraq düşüb və bu iddiasını mərhələ-mərhələ həyata keçirməyə başlayıb. Bu tarixi faktdır. 2008-ci ilin Gürcüstanda baş verən avqust hadisələri buna əyani sübut idi və bu hadisə bir daha göstərdi ki, Qafqaz ölkələri Rusiya ilə məsləhətləşmədən, onun iddiasına və roluna qarşı çıxaraq belə bir addım atarsa, Rusiya ciddi şəkildə qeyzlənə bilər. Amma, Azərbaycan Avropa üçün enerji mənbəyi və enerji təhlükəsiuzliyi baxımından önəmli ölkədir. Buna görə də, Azərbaycan ümid edə bilər ki, Avropa Birliyi və ABŞ onu Rusiyadan qoruya bilər. bunun üçünm isə Azərbaycanın daha qətiyyətli qərbyönümlü siyasət yürütməsi vacibdir”.
“Azərbaycanın öz ərazisində hərbi əməliyyatlar keçirməsinə Rusiya müdaxilə edərsə Azərbaycan da Rusiyanın Çeçenistan və digər ərazilərdə həyata keçirdiyi hərbi əməliyyatlara müdaxilə də bilərmi”, sualına R.Nurullayev belə cavab verdi ki, Rusiya daha böyük dövlətdir. “Azərbaycanın öz ərazisində belə bir problemi olduğu şəraitdə, qonşularla – həm İranla müəyyən gərginliyin olduğu dövrdə, Ermənistanla müharibə vəziyyətində olduğu bir şəraitdə, inanmıram ki, rəsmi Bakı belə addımlar atsın. Amma, belə bir müdaxilə, müxtəlif təşkilatlar vasitəsi ilə, gizli yollarla ola bilər, lakin heç vaxt dövlət siyasəti ola bilməz. Eyni zamanda, hesab etmirəm ki, Azərbaycan Dağlıq Qarabağda hərbi əməliyyatlara başlayan zaman Rusiya, birbaşa olaraq qoşunlarını Qarabağa yeritməklə cavab vermək iddiasına düşər. Gürcüstandan fəqrli olaraq, Rusiya və Azərbaycan arasında müəyyən razılıqlar və dostluq münasibətləri var. Digər tərəfdən, Rusiyanın birbaşa müdaxiləsi, münaqişəyə Türkiyənin, ABŞ-ın və Avropa Birliyi dövlətlərinin də cəlb olunması ilə nəticələnə bilər. Belə senarini isə, Azərbaycanın Avropa Birliyinin enerji təhlükəsizliyində aldığı rolla əlaqədar əsaslandıra bilərrəm. Lakin, deməliyəm ki, rəsmi Bakının müharibə edərək torpaqları azad etməsini və qonşu dövlətlərə meydan oxuması kimi addım ata biləcəyini istisna edirəm. Azərbaycan, hal-hazırda regional və dünyəvi təsirə malik olan addımların atılmasında heş də müstəqil deyil. Belə addım atmağa qalxarsa, bu ölkəmiz üçün əsl fəlakətə çevrilə bilər. Bu baxımdan, belə addımlar Rusiya və Türkiyə ilə qismən də olsa razılaşdırılmalıdır və belə razılaşma olarsa, bu məsələdə heç bir problem görmürəm. Siyasət və diplomatiyanı hərtərfəli aparmaq vacibdir”.

“Oxucu.info”

Related Articles

Back to top button